Prokurorluq sistemində çalışan Məhəmməd Hacıyev davaya meylli birisi kimi ad çıxarıb
Cəmiyyətdə özünü apara bilməyən məmur uşaqlarının sayı xeylidir. Qeyd edək ki, prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin bir çoxunda bu məsələyə toxunub və cəmiyyətdə özünü apara bilməyən məmur övladlarına xəbərdarlıq edib. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, ölkə başçısının xəbərdarlığına baxmayaraq, hələ də bəzi məmurların övladları qanundan kənar işlərlə məşğul olurlar.
Məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin
oğlu Məhəmməd Hacıyev də cəmiyyətdə özünü normal apara bilmir. Prokurorluq
orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının
qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir.
Məlumatlı mənbənin bildirdiyinə görə, Məhəmməd Hacıyev sırf karyera naminə
prokurorluq orqanında çalışır: «Belə ki, icra başçısının oğlu vaxtının böyük
hissəsini özü kimi imkanlı dostları ilə birlikdə şəhərin elit məkanlarında
keçirir. Məmur oğlu davaya meyllidir. İndiyə qədər onun iştirakı ilə paytaxtın
məşhur restoranlarında bir neçə dəfə kütləvi dava baş verib. Məsələn, bir müddət
əvvəl Bakının ən məşhur restoranlarından biri olan «Şirvanşah» restoranında
Vilyam Hacıyevin oğlu ofsiantları döyüb. O ofsiantı təhqirlə çağırdığı üçün
qalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısının oğlu və
iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar».
Araşdırmalar nəticəsində o da məlum olub ki, icra hakiminin oğlu həm də bahalı
maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına
10-PP-369 dövlət nömrə nişanlı «Bentley», «Land Rover», 90 AA 369 dövlət nömrə
nişanlı «Mercedes S class», həmçinin son model «Mercedes Galendevagen»
daxildir.
Sonda icra başçısı Vilyam Hacıyevə və oğluna bir sual vermək istəyirik: görəsən,
İmişli camaatının dizə qədər palçığa batdığı bir vaxtda, Teymur Əliyev küçəsindəki
25 milyonluq villada yaşamaq çətin deyilmi? (xalqxeber)