Xıdır Nəbi bayramı - milli adətlərimiz

 

Elimizin inancına görə, fevralın 1-dən Kiçik Çillə başlayır. Bu o deməkdir ki, bəzi bölgələrdə Xıdır Nəbi bayramına tədarük görülür. Yüzillər boyu fevralın 6-10-da bölgələrimizdə Xıdır Nəbi bayramı keçirilib.

Bəs Xıdır kimdir? Neçənci əsrdə yaşayıb? Nə üçün folklorda bu qədər çoxşaxəli əks olunub?

Qeyd edək ki, Xıdır Nəbi bayramının başlıca iştirakçısı olan Xıdır və ya Xızır əski türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır Yer, Su, Umay kimi bir vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir. Xızır və onunlabağlı inanclarorta əsrlərdən başlayaraq istər türk, istərsə də Avropa və digər xalqların elmi tədqiqatçılarının diqqət mərkəzində olmuşdur.

Xıdır Nəbi bayramının mifik rəmzi olan Xıdır, yaxud Xızır barədə İslam qaynaqlarında müxtəlif mülahizələr söylənir. Bəzi mənbələrə görə, hətta Xızırın məzarının bir neçə yerdə olması, yaxud onun əbədiyaşar şəxsiyyəti haqqında fikirlərə də rast gəlmək mümkündür. Bu obraz xalq tərəfindən sevilmiş və onun haqqında müxtəlif əfsanələr, rəvayətlər dolaşmışdır.

Adətə görə, Xıdır Nəbi mərasimi hər evdə, hər ailədə qeyd olunmalı, Xıdırın şərəfinə məclis qurulmalı, süfrələr açılmalıdır.Əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb-gedəcək, baharın gəlişini yubadacaqdır. Mərasimin əsas atributlarından biri qovutdur, buğda qovrulub qovut çəkilir və süfrəyə qoyulur. Erkən etiqadlara görə, Xıdır əlini qovuta çəkir, bununla da Yer üzünə özü ilə bolluq, bərəkət, xoşbəxtlik gətirir. Xıdır Nəbi mərasiminin əsas amalı insanların qışdan salamat çıxmasını, üzləşdikləri çətinliklərə sinə gərməsini, yazın gəlişini gözləməsini əks etdirməkdir.

Xıdır Nəbi mərasimləri ilə bağlı folklor mətnləri xalq arasında bugünümüzədək qorunub saxlanılıb. Məsələn:

Xıdır, Xıdır xıd gətir,

Dar-dərədən od gətir.

Mən Xıdırın nəyiyəm,

Bircə belə dayıyam,

Ayağının nalıyam,

Başının torbasıyam.

Xıdıra Xıdır deyəllər,

Xıdıra çıraq qoyallar,

Xıdır Nəbi, Xıdır İlyas,

Bitdi çiçək, oldu yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam...

İnanca görə, Xızırın gəldiyi Xızır yolunu görənlərin bütün arzu-istəkləri həyata keçər. Qədim adətə görə, Xıdır Nəbi bayramı günü heç kim işləməməli, əziyyət çəkməməlidir. İnanca görə, hər evdə ailə başçısı sübh tezdən yüksək bir yerdə qoyulmuş un və ya qovut üzərində "iz” görərsə, deməli, gecə Xızır gəlib və mübarək izini həmin una, qovuta çəkmişdir. Beləliklə də, özü ilə xeyir, bərəkət, xoşbəxtlik gətirmişdir. Həmin undan, qovutdan bir qədər götürüb səpin vaxtı buğdaya qarışdırıb səpmək üçün saxlayardılar ki, Xızırın xeyir-duası ilə torpaq bərəkətli olsun. Bu bayram gecəsində otların üzərinə düşmüş şehdən xəmir yoğrulardı ki, bu da bolluq-bərəkətə yozulardı.

Mənbələr göstərir ki, vaxtilə Azərbaycana gəlmiş əcnəbi səyyahlar, o cümlədən XIII əsrdə italiyalı Marko Polo, XVIII əsrdə alman Adam Oleari Xıdır Nəbi bayramının mərasimlərini seyr etmiş və öz yazılarında bəzi ayin və adətləri də təsvir etmişlər. Marko Poloya görə, bu bayram türklərin "Bəyaz” adı altında keçirdiyi bayramdır. Bayram adətlərindən danışarkən göstərmişdir ki, bayram axşamı bir sıra inanc və ayinicra olunurdu. Məsələn, yerə ağ süfrə sərilir, onun üzərinə un səpilir, səhərisi isə həmin süfrədəki unun üzərində Xızırın, yaxud Bozatın nalının izi axtarılır, izin olduğunu yəqinləşdirdikdən sonra isə həmin süfrənin üstündəki undan çörək, yaxud kömbə bişirib hamıya paylayardılar.

Günümüzdə bu bayram Naxçıvan bölgəsində daha təmtəraqlı qeyd olunur. AMEA Naxçıvan Bölməsinin tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov bizimlə söhbətində bildirib ki, Xıdır Nəbi bayramı bəzən həftənin dördüncü gününə təsadüf edildiyindən bunu dinlə əlaqələndirirlər: "Ancaq onu deyə bilərik ki, bu tamamilə yanlış bir fikirdir. Maraqlı cəhət bundan ibarətdir ki, bayram məhz fevralda, qışın ən sərt vaxtında keçirilir. Çünki qışın ən çətin dövründə insanların qış üçün tədarük gördükləri ərzaq, yem, yanacaq ehtiyatının azaldığı vaxt Xızır Peyğəmbərin çağırılması, onun yardımına böyük ehtiyacla bağlıdır. Tədqiqat materiallarına əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan istilik hamisi Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, İslamdan öncə formalaşmış əski türk inancıdır. Naxçıvan bölgəsində bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-sahmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır (ə.s.) gəlməz. Xızır (ə.s) gəlmədiyi ev, ailə isə dərd-bəladan qurtulmaz”.

Alim deyib ki, bayramda qovurmaq üçün buğda, küncüd təmizlənir: "Bir çox kəndlərdə (Kükü, Teyvaz, Qıvraq, Şahtaxtı) Günəşi çağırmaq anlamında, Günəşin, yazın rənginə uyğun olaraq yumurtalar qırmızı rəngə boyanılır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə Günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər. Bildirmək istərdim ki, Naxçıvan bölgəsində Günəşi çağırmaq anlamında Qodu mərasimi (Novruz bayramı ərəfəsində) keçirilir. Qovrulmuş buğdadan qovut hazırlanır, yəni qovurğa kir-kirədə (dəstərdə) çəkilir və yaxud həvəngdəstədə döyülür. Qovutu quru yemək çətin olduğundan ona bir az şərbət və ya doşab əlavə edib ovurlar. Qovurğa ilə yanaşı, bayram günü badam, noxud, günəbaxan tumu da qovrulur, hazırlanan qarışığa iydə, kişmiş, mövüc və başqa çərəzlər də qatılır. Plov süzülür, xəşil bişirilir, müxtəlif şirniyyat növləri hazırlanır və süfrəyə düzülür. Evdə olan adamların sayına görə plovun yanına şam qoyulur. Çox təəssüf ki, hazırda bu adətlərin bir qismi icra olunmur.

Bundan başqa, qovut çəkməklə yanaşı, bəzi kəndlərdə bayram gecəsi xəşil bişirib, yük yığılmış taxtın altına qoyurlar. Çəkilmiş qovutdan da taxtın altına qoymaq adəti var. İnanca görə, Xızır Peyğəmbər gecə gəlib xəşilə barmağın, qovuta isə əlini basacaqdır. Xızırın (ə.s) atının ayaq izinin qovuta düşdüyünə inanılır. Səhər xəşilin, qovutun üzərində müəyyən iz olsa, bunu Xızırın əlinin, barmağının və ya atının ayaq izi hesab edirlər. İnama görə, belə qovut şəfaverici xüsusiyyətlərə malik olur. Deyirlər ki, bu il həmin evə uğur gələcək, bolluq, bərəkət olacaq, ev yiyələrinin arzuları həyata keçəcəkdir. Digər bir inama görə, bayram günü xəşil bişirilib qalağın üstünə qoyulur. Əgər qəcələ (qarğa) gəlib xəşildən bir dimdik götürüb uçub getsə, həmin evin qızı bu il özgə kəndə, əksinə, yerə salarsa, öz kəndinə ərə gedəcəkdir. Başqa bir inacda da deyilir ki, xəmirin içinə muncuq qoyulub kökə bişirilir, həmin muncuq kimin payının içindən çıxarsa, demək, həmin insan tezliklə istəyinə çatacaqdır”.

Onun sözlərinə görə, bu bayram hamıdan çox uşaqların sevincinə səbəb olur: "Hava qaralan kimi, onlar qapılara gedib, torba, papaq atır, Xıdırın payını yığırlar. Torbalara müxtəlif növ şirniyyat, çərəzlər qoyub uşaqları yola salırlar. Demək olar ki, Xıdır Nəbi bayramı çətinliklərdən qurtarmaq, darda qalanlara kömək, bərabərlik anlamında keçirilən əsl milli bayramdır”.

Etnoqraf alim bildirib ki, Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə Xıdır payı aparmaq adəti geniş yayılmışdır: "Qovurğa, küncüd, qovut, noxud, mərcimək və sair çərəzlərdən xonça tuturlar. Onu da qeyd edək ki, Cəhri, Payız, Gülşənabad kəndlərində bunun əksinə olaraq nişanlı oğlanlara qız evindən pay aparırlar. Payda bəyə isti köynək, yun corab da qoyulardı. Bir məsələdə vurğulanmalıdır ki, günümüzdə də nişanlı qızlara Xıdır payı aparmaq adəti mövcuddur. Toplanmış etnoqrafik materiallardan məlum olur ki, muxtar respublikanın bir sıra kəndlərində (Qıvraq, Kükü, Yuxarı Qışlaq) Xıdır bayramı günü xına yaxmaq adəti mövcuddur. Qızlar, gəlinlər bütün barmaqlarına, oğlanlar isə çeçələ barmaqlarına xına yaxarlar. Hazırlanmış xınadan bir qab pay götürüb (Xıdır payı) bayıra qoyurlar ki, Xızır gəlib əlinə yaxsın. Mənbələrə əsaslanaraq demək olar ki, xına çox qədim dövrlərdə Azərbaycan türklərində və digər türk xalqlarında şadlıq, sıxıntıdan, yasdan çıxmaq rəmzidir. Bölgəmizdə də həmin günü xınanın qoyulması sərt qışın, ağır günlərin artıq arxada qaldığı, qarşıdan xoş günlərin, istiliyin gəldiyi anlamını verir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300