Milli Şura bəyanat yaydı: "Saxta seçki tamaşasıdır”

 

Təşkilat deyir ki, MSK-nın elan etdiyi nəticələr Azərbaycan xalqının iradəsini əks etdirmir

 

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) 7 fevralda keçirilmiş növbədənkənar Prezident seçkilərini "saxta seçki tamaşası” adlandırıb.

 

Təşkilat bəyan edib ki, bəlli olan nəticəni səsvermə nəticəsi kimi elan etmək və rəsmiləşdirmək məqsədi ilə həyata keçirilən bu seçkilər minimum demokratik standartlara cavab verməyib.

 

Bu barədə Milli Şuranın fevralın 8-də yaydığı bəyanatda bildirilib.

 

Milli Şura dünənki seçkinin xalqın iradəsini əks etdirmədiyini, kütləvi inamsızlıq və boykot şəraitində keçdiyini qeyd edib:

 

"Seçkidə inzibati resurslar hesabına cəlb edilmiş az sayda insanlar öz azad iradələri ilə deyil, məcbur edilərək iştirak ediblər. Əldə olunan məlumatlar da təsdiq edir ki, təhsil müəssisələrindən tutmuş, dövlət orqanlarında çalışanlara, özəl sektorda işləyən ən müxtəlif təbəqələrdən olan şəxslərə qədər çox sayda insana səsvermə məntəqələrinə getmək üçün inzibati resurslardan istifadə edilərək təzyiq göstərilib. Buna baxmayaraq yenə də seçici fəallığını təmin edə bilməyən rejim cəmiyyət və müxalifətin birgə boykot etdiyi seçki tamaşasında kütləvi iştirak görüntüsü yaratmaq üçün xüsusi hazırlanmış mütəşəkkil dəstələrin "karusel” qaydasında təkrar-təkrar müxtəlif məntəqlərdə səsverməsini təşkil edərək guya insanların seçkidə iştirakı görüntüsünü yaratmağa çalışıb və bununla da öz saxtakar mahiyyətini nümayiş etdirib. Aydındır ki, belə bir kütləvi boykot və saxtakarlıq şəraitində keçirilən seçkinin nəticələrinə əsaslanaraq MSK-nın elan etdiyi nəticələr Azərbaycan xalqının iradəsini və seçimini əks etdirə bilməz”.

 

"İstənilən seçki nəticəsinin legitimliyi seçki prosesində maraqlı tərəflərin iştirak və sərbəst rəqabət imkanlarına sahib olmasına, bütün tərəflər üçün ədalətli yarış şərtlərinə bağlıdır. Ancaq 7 fevralda keçirilən saxta prezident seçkisi namizədlər arasında heç bir rəqabət olmadan, maraqlı tərəflərin seçki yarışına qatılmasına imkan verilmədən, fəaliyyət azadlıqları zorakı qadağalarla məhdudlaşdırılaraq keçirilib. Mill Şura, AXCP və Müsavat Partiyasının boykot qərarı verilərkən eyni zamanda Azərbaycan xalqının da belə bir seçki prosesinədə iştirak etmək istəməməsi və nəticələri öncədən bilinən bu seçki oyununa inamsızlığı da nəzərə alınmışdı”, – deyə bəyanatda qeyd olunub.

 

Bəyanatda seçkinin alternativsiz keçirildiyi və təyin olunmuş namizədlərin "seçki debatları” zamanı belə İlham Əliyevi tərifləyərək özlərini hətta formal rəqiblər kimi belə göstərə bilmədiyi vurğulanıb: "Onlar bu prosesdə İlham Əliyevin rəqibi kimi deyil, daha çox onun təbliğatçısı, vəkili kimi davranaraq hakimiyyətin minimum rəqabətə belə nə qədər dözümsüz olduğunu, siyasi rəqabətdən qorxduğunu öz çıxışları ilə büruzə verdilər. Bu, onu göstərir ki, 7 fevral seçkisində Azərbaycan xalqının alternativ siyasəti seçmək imkanı olmayıb. Hətta hakimiyyətin təyin etdiyi bu namizədlərin İlham Əliyevi tərifləməsi ATƏT müşahidə missiyasının aralıq hesabatında da öz əksini tapıb”.

 

Milli Şura həmçinin 7 fevralda Konstitusiya və qanunların, beynəlxalq öhdəliklərin kobud şəkildə pozularaq Azərbaycan xalqı növbəti dəfə seçki yolu ilə öz hakimiyyətini dəyişmək hüququndan və imkanlarınfan məhrum edildiyini bildirib: "Biz Azərbaycan xalqına müraciət edərək onun iradəsini saxtalaşdıran, səsini oğurlayan, milli iradəsini tapdayıb saxta seçki yolu ilə dövlət hakimiyyətini qəsb edən İlham Əliyevin qanunsuz, qeyri legitim hakimiyyətinə qarşı etiraz etməyə və demokratik seçkilər uğrunda mütəşəkkil mübarizəyə qoşulmağa çağırırıq”.

 

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçirilib.

 

Seçkiyə 7 namizəd qatılıb.

 

Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edib.

 

Mərkəzi Seçki Komissiyası fevralın 8-də seçkinin ilkin nəticələrini elan edib.

 

MSK sədri Məzahir Pənahov bildirib ki, ilkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə Prezident seçkilərində liderlik edir.

 

"Fuad Əliyev – 24 min 799 səs (0,53 faiz); Qüdrət Həsənquliyev – 81 min 799 səs (1,76 faiz); Elşad Musayev- 31 min 33 səs (0,67 faiz); Fazil Mustafa – 92 min 980 səs (2 faiz); Razi Nurullayev- 37 min 386 səs (0,80 faiz); Zahid Oruc-101 min 851 səs (2,19 faiz)”.

 

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

 

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300