Onun vəkili Penitensiar Xidmətə müraciət ünvanlayıb
Raqif Kərimli: "Məcburuq ki...”
Nemət Kərimli: "Görüş cəhdlərim alınmadı”
Həbsdəki müsavatçı gənc Sirac Kərimlinin əməliyyat olunması barədə xəbər vermişdik. Vicdan məhbusunun səhhəti günü-gündən yaxşılaşır. Ancaq S.Kərimliyə yaxınları ilə görüşə icazə verilmir.
Bu barədə müsavat.com-a onun atası Raqif Kərimli məlumat verdi: "Oktyabrın 17-də zəng etmişdi. Səhhəti yaxşılaşmağa doğru gedir. Təmiz hava alması üçün gəzdiriblər. Anası və həyat yoldaşı yanına getmişdilər. Lakin görüşə icazə verməyiblər. Deyiblər ki, görüş vaxtı ayın 25-dədir. Amma lazım olan şeyləri götürüblər. Məcburuq ki, görüş vaxtında gedək”.
Müsavatçı gəncin vəkili Nemət Kərimli də görüş cəhdlərinin səmərə vermədiyini qeyd etdi: "Oktyabrın 17-də Siracın anası və həyat yoldaşı yanına gedib. Görüşə icazə verməyiblər. 25-də görüş günləridir. Yalnız o zaman görüş imkanları olacaq. Mənim də görüş cəhdlərim alınmadı. Bununla bağlı Penitensiar Xidmətə müraciət ünvanlamışıq. Nəticəsini gözləyirik”.
Xatırladaq ki, Sirac Kərimli ötən il iyulun 17-də həbs olunub. Müsavatçı gəncin həbsindən bir həftə sonra qardaşı Fərəc Kərimli də həbs olunub.
Hər iki qardaş Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə ittiham olunublar. F.Kərimli 6 il yarım, S.Kərimli isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Cavanşir ABBASLI
MUSAVAT.COM