100 milyondan çox insanı qətlə yetirən Qərb Türkiyəni soyqırımda ittiham edə bilərmi?

 

Qərb tarixçiləri əcdadlarının törətdiyi genosid haqqında yazırlar ki...

Aprelin 23-ü axşam saatlarından etibarən dünyanın xəbər məkanında dominantlıq edən əsas mövzu ABŞ prezidenti Co Baydenin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng vurması ilə bağlı idi: Co Bayden Türkiyə prezidentinə bildirib ki, sabah-aprelin 24-də edəcəyi müraciətdə o, "erməni genosidi" ifadəsini işlədəcək. "Bloomberg” və "Reuters” agentliklərinin yaydığı bu xəbər "CNN”-dən tutmuş "Aljazeera”yə qədər, bütün beynəlxalq səviyyəli media mərkəzləri tərəfindən tirajlandı.

Qərb mətbuatı yazır ki, Donald Trampla isti münasibətdə olan Rəcəb Tayyib Ərdoğanın Co Baydenlə söhbəti soyuq duş effekti yaradıb.

Aydındır ki, ABŞ-ın qondarma erməni genosidini tanıması Ankara ilə Vaşinqton arasındakı ziddiyyətləri daha da dərinləşdirəcək. NATO-da parçalanma meyllərinə təkan verəcək. Türkiyənin Rusiya və Çinlə münasibətlərinin daha da dərinləşməsinə səbəb olacaq. Bu isə Qərbə yaxşı bir şey vəd etmir.

O da məlumdur ki, ermənilər hələ bir ay öncədən bəyan edirdilər ki, Co Bayden erməni soyqırımını tanıyacaq. O da sirr deyil ki, prezident seçkisi dönəmində Co Bayden prezident olacağı təqdirdə qondarma erməni soyqırımını tanıyacağını bəyan etmişdi. 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin həmmüəlliflərindən də biri odur.



O da yaddaşlardadır ki, prezident seçkisi dönəmində Co Bayden Rəcəb Tayyib Ərdoğanı iqtidardan devirmək üçün Türkiyə müxalifətinə dəstək verəcəyini bildirdi. Ondan daha öncə prezident Barak Obama Avropa Birliyindəki müttəfiqləri ilə ittifaqa girərək hərbçilərin əli ilə Türkiyədə dövlət çevrilişinə cəhd göstərdi. 2016-cı il 15 iyul tarixində baş verən bu cəhd baş tutmadı. Bu cəhddən sonra Türkiyə ilə Qərb arasındakı münasibətlər sürətlə pisləşməyə başladı. O da sirr deyil ki, indiyə qədər Türkiyədə dəfələrlə hərbi çevrilişlər olub və bütün çevrilişlərin də arxasında Amerika dayanıb. Zatən, heç amerikalılar da bunu inkar etmirlər.

Bəs Qərb Ərdoğandan niyə narazıdır? Çünki o, Türkiyənin maraqlarından çıxış edir. Məsələn, Türkiyə ikinci Qarabağ savaşında Azərbaycana dəstək verdi. Bu dəstəyin hesabına Azərbaycan möhtəşəm qələbə qazandı. Qərb isə Azərbaycan torpaqlarının işğalına göz yumurdu, danışıqlar prosesini uzatmaqla ermənilərə dəstək verirdi. Yəni, Türkiyənin müstəqil siyasət yeritməsi Qərbə sərf etmir. Çünki onlar öz maraqlarını güdürlər. Ona görə də bütün mümkün vasitələrlə Türkiyənin üzərinə yeriyirlər.

Tarixə nəzər salsaq görərik ki, qondarma erməni soyqırımı məsələsi də Qərbin əlində Türkiyəyə qarşı təzyiq vasitələrindən biri olub. "Yeni Müsavat” olaraq bu barədə dəfələrlə yazmışıq. Qərbin Türkiyəni genosiddə ittiham etməsi serial qətillər törədən qatı cinayətkarın məsum birisini qaniçən adlandırması kimi bir şeydir. Bu fikir hansı mənbələrə istinadən söyləmişik? Elə Qərb mənbələrinə istinadən faktları ortaya qoyacağıq.

0x0-8.jpg (34 KB)

Oradan başlayaq ki, yunan dilindən gələn "genosid" sözü dilimizə soyqırım kimi tərcümə olunur. Bu ifadə polyak əsilli yəhudi hüquqşünas Raphael Lemkin tərəfindən ortaya atılıb. BMT genosidlə bağlı qanunu 1948-ci ildə qəbul edib. Normalda qanunun geriyə gücü olmur. Ancaq Qərbə lazım olanda belə şeylərə önəm verməmək də olar. Beləliklə, Qərb öz çıxarları naminə 1948-ci ildə qəbul olunmuş qanuna əsasən 1915-ci ildə baş verən hadisəni mühakimə edir. Bu isə o deməkdir ki, bu qanun sərhəd tanımır.

15419-1541932205.jpg (258 KB)

Qərbin tarixi qan-qada ilə doludur. I və II Dünya müharibələrinə Qərb imza atıb. Bu müharibələrdə 100 milyondan çox insan ölüb. Amma biz daha dərinlərə gedəcəyik.

Aborigen xalqların tarixini öyrənən tarixçilərin dediklərinə nəzər salaq. Tarixçi Jeffrey Ostler, David Stannard, Russell Thornton, Vine Deloria, Jr.

Russell Means və Ward Churchill Qərb Yarımkürəsində (Qrinviçdən qərbdə yerləşən bütün coğrafi ərazilərin ümumiləşdirilimiş adı) baş verən soyqırımları 1948-ci ildə BMT-nin genosidlə bağlı qanununa uyğun olduğunu yazırlar.

Bəzi tarixçilər deyir ki, Amerika qitəsində aborigen xalqların kökünün kəsilməsi Avropadan gələn insanların özləri ilə gətirdikləri xəstəliklərlə bağlıdır. Əsasən həmin xəstəliklər aborigenlərin axırına çıxıb. Bu iddiaya cavab verən siyasət alimi Guenter Lewy yazır ki, əgər biz qırılan aborigenlərin 90 faizini xəstəliklərin ayağına yazsaq belə, yenə də yerdə qalanların pis rəftar və zorakılıqla öldürüldüyünü etiraf etməliyik.



Amerika tarixçisi Erin McKenna yazır ki, 1900-cü ildə ABŞ-da olan aborigen xalqların sayı 80 faiz azalmışdı. Bəzi yerlərdə isə bu göstərici 98 faizə çatmışdı.

Qərb tarixçiləri yazır ki, son 500 ildə Avropa işğalçılarının Qərb Yarımkürəsinə müdaxiləsi dəhşətli nəticələrə gətirib çıxardı. Belə ki, Amerika qitəsində 1491-ci ildə 145 milyon insan yaşayırdı. 1691-ci ildə isə, yəni 200 il sonra Amerika qitəsindəki aborigenlərin sayı 90-95 faiz aşağı düşdü. Bu isə 130 milyon insanın ölümü deməkdir.

Düzdür, bəzi tarixçilər bu fikirləri bölüşmürlər. Daha çox tarixçi o fikirdədir ki, Amerika qitəsində ölənlərin sayı 50 milyondan çox deyil. Ölənlərin 50-100 milyon nəfər arasında olduğunu deyən tarixçilər də var. Yuxarıda qeyd etdiyimiz kimi, bəzi tarixçilər isə aborigenlər arasında ölənlərin sayının 100 milyon nəfərdən çox olduğunu yazırlar.

Londondakı Kollec Universitetinin coğrafiyaşünasları deyir ki, avropalı işğalçılar Amerika qitəsində o qədər insan öldürdülər ki, bu, iqlim dəyişikliyinə səbəb oldu. Yer kürəsində havalar soyudu, yəni havanın temperaturu aşağı düşdü. Bu düşüncədə olan professor Mark Maslin yazır ki, Amerika qitəsindəki insanların qırılması avropalılara bütün dünyada dominant mövqe qazandırdı. Bu həm də sənaye inqilabına təkan verdi. Bu isə öz növbəsində avropalıların daha sonralar da dominant mövqeyini qoruyub saxlamasına gətirib çıxardı.



Konkret olaraq ABŞ tarixindəki bir məqama da toxunaq. Amerika tarixçiləri yazır ki, indiki ABŞ ərazisinə avropalılar gələndə orada 2.1-18 milyon aborigen yaşayırdı. Gördüyünüz kimi, hesablamada ciddi fərqlər var. Ancaq dəqiq olan statistika da məlumdur. Məsələn, 1800-cü ildə ABŞ-da yaşayan aborigenlərin sayı 600 min nəfər olub, 1890-cı ildə isə onların sayı 250 minə enib. Bu tendensiya ABŞ-da daha öncələrdə yaşanan aborigen qırğınının miqyasını təsəvvür etmək üçün tutarlı müqayisə imkanı yaradır.

Bu məsələ ilə bağlı daha konkret statistik materiallar varmı? Var. Kaliforniyada yaşayan aborigenlərin sayı XIX əsrin əvvəli ilə sonu arasında necə olub? Tarix bu suala konkret cavab verir. Əsrin əvvəlində 200 min nəfərdən çox olan aborigenlərin sayında 90 faizdən çox azalma baş verib. Əsrin sonunda Kaliforniyada aborigenlərin sayı cəmi 15 min nəfər olub.

Özü də avropalılar təkcə Amerika qitəsində aborigen xalqları qırmayıblar. Afrika, Asiya, Avstraliya kimi qitələrdə də avropalıların törətdiyi bu kimi kütləvi qətillər haqqında dəfələrlə yazılıb. Okeanlarda olan adalardakı aborigenlərin taleyi isə daha pis olub. Çünki onların qaçıb gizlənməyə də elə bir ərazisi olmayıb.

Ona da diqqət etmək gərəkir ki, bütün bunları yazan Qərb alimlərinin özləridir. Ortada bu məsələ ilə bağlı onlarla sanballı kitab var. Yəni, kimsə kiməsə şər-böhtan atmır. Sadəcə, namuslu alimlər tarixi həqiqətləri etiraf edirlər. Elə Qərb sivilizasiyası bu kimi etirafları ilə böyükdür. Ancaq bu etirafların dövlət səviyyəsində təsdiqi varmı? Yoxdur. Məsələn, Amerika qitəsində mövcud olan heç bir dövlət yerli aborigenlərin avropalılar tərəfindən məqsədli şəkildə qırılmasını genosid kimi qəbul etməyib. Halbuki bu, çoxdan olmalıydı.



Xüsusən, özünü Dünya Demokratiyasının avanqard dövləti kimi təqdim edən ABŞ-ın bunu etməməsi başadüşülən deyil. Hələ orası da var ki, ABŞ dövləti bir sıra xarici ölkələrdə də kütləvi qırğınlar törədib. XXI əsrdə də qaradərili vətəndaşlarına qarşı diskriminasiya siyasəti yeridən ABŞ-ın Filippin, Koreya, Vyetnam, İraq... kimi ölkələrdə törətdiyi cinayətlər də tarixin yaddaşındadır. 1945-ci ildə ABŞ Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə atom bombası atdı. Təkcə Xirosimada 200 minə yaxın adam öldü, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam dünyasını dəyişdi.

Tarixi həqiqət belədir ki, Avropa xalqları-xüsusən ingilislər, fransızlar, ispanlar, portuqaliyalılar, hollandlar, belçikalılar, italyanlar... demək olar ki, bütün Avropa xalqları tarixin bu və ya digər dönəmində genosid kimi dəyərləndirilə biləcək cinayətlər törədiblər. Məhz elə bu səbəbdən də Qərb dövlətlərinin Türkiyəni genosid kimi bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdə ittiham etməyə nə mənəvi, nə də ki, hüquqi haqqı yoxdur.

Elbəyi Həsənli, Sürix

(musavat.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300