Müsavat Partiyası ölkənin bir sıra rayonlarında əhalinin hakimiyyətə qarşı keçirdiyi etiraz aksiyalarından sonra həyata keçirilən həbsləri pisləyən bəyanat qəbul edib. Bəyanatda deyilir:

Azərbaycan hakimiyyətinin yarıtmaz iqtisadi siyasəti nəticəsində manatın təkrar devalvasiyasından sonra əhalinin sosial vəziyyəti daha da pisləşib. Yaranmış iqtisadi böhranın aradan qaldırılması üçün heç bir əməli tədbir görməyən hakimiyyətin əməllərinə xalqın etirazları spontan şəkildə artmaqdadır.

Ucar, Lənkəran, Siyəzən, Füzuli, Ağcabədi, Ağsu və digər rayonlarda əhalinin etiraz aksiyaları keçirməsi faktları barədə məlumatlar mətbuatda və sosial şəbəkələrdə geniş yayılıb.

Müsavat Partiyası bu aksiyalarda irəli sürülən tələblərin haqlı olduğunu bəyan edir.

Etiraz aksiyaları və sonrakı dövrdə bu aksiyada iştirak edənlərin qanunazidd şəkildə gecə evlərində vəhşicəsinə döyülərək polis bölmələrinə aparılması, onlara müxtəlif müddətə həbs cəzalarının verilməsi, bir çoxları haqqında cinayət işinin qaldırılması, əslində bu etirazların mahiyyətinin dəyişdirilmısinə və əhalidə xof yaradılmasına cəhd kimi qiymətləndirilməlidir.

Müsavat Partiyasının başqanı Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılaraq ona xəbərdarlıq edilməsi, partiyanın Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyevə 30 sutka həbs cəzası verilməsi, Siyəzən rayon təşkilatının sədr müavini Aydın Səfərli və onun qardaşı Təbib Səfərlinin həbs edilməsi Müsavat Partiyasına qarşı hakimiyyətin təzyiq siyasətinin davamıdır.

Son günlər Müsavat Partiyasının bəzi rayon təşkilatlarının rəhbərliyinə daxil olan şəxslərin rayon polis şöbələrinə, rayon prokurorluğuna çağırılaraq, bəzi hallarda isə evlərinə və ya iş yerlərinə gedilərək onlara xəbərdarlıq edilməsi halları qeydə alınıb. Çağırılanlar arasında Müsavat Partiyası başqanının müşavirləri – Hidayət İsmayıl və Azər İsmayıl, partiya Məclisinin üzvləri – Əlipənah Rzalı və Rüfət Baxışbəyli, partiyanın Quba rayon təşkilatının sədri Yaşar İsrafilov, Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli, Mingəçevir şəhər təşkilatının sədri Nurəddin Rüstəmli, partiyanın Qaradağ rayon təşkilatının üzvü Elşad Soltanov və başqaları olub.  Görüşlərdə guya rayonlarda etiraz aksiyalarına çağırış haqqında vərəqələrin yayılması və bu işin Müsavat Partiyası tərəfindən təşkil olunduğu haqqında hüquq-mühafizə orqanlarında məlumatlar olduğu bildirilsə də, heç bir rayonda çağırış vərəqi təqdim edilməyib.

Müsavat Partiyası bir daha bəyan edir ki, keçirilən son aksiyalar Müsavat və digər müxalifət partiyaları tərəfindən təşkil edilməyib. Bu aksiyalar dözülməz sosial vəziyyətdə yaşayan əhalinin haqlı etirazlarının təzahürüdür.

Müsavat Partiyası iqtisadi tələblərlə keçirilən etiraz aksiyalarının aşırı qüvvə tətbiq etməklə dağıdılmasını, bu aksiylarda iştirak edənlərin həbs olunması və onlarla qeyri-insani rəftar edilməsi hallarını, bu məqsədlə Daxili İşlər Nazirliyinin Daxili Qoşun Qüvvələrindən istifadəsini qətiyyətlə pisləyir, Müsavat Partiyası və digər siyasi partiya fəallarının hüquq-mühafizə orqanlarına çağırılmasının qanunazidd hərəkət olduğunu bəyan edərək, bu qanunsuz hərəkətlərə son qoyulmasını tələb edir.

Müsavat Partiyası xalqın etiraz səsinin haqlı olduğu qənaətindədir, kütləvi etiraz tədbirlərinin keçirilməsini insanların konstitusion hüququ hesab edir, son etiraz aksiyaları nəticəsində həbs olunanların dərhal azad edilməsini, aksiya iştirakçılarına açılan cinayət işlərinin dayandırılmasını, aksiyalar zamanı əhaliyə qarşı zor tətbiq edən vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300