Allahın adı ilə! Adətən "Allah qoysa”, "Allah deyən olsa”, "Allah istəsə”, "Allahın iradəsi olsa” mənalarında xeyir-dua və dilək təbiri kimi deyilən: "inşallah”, həm də (əslində) Qurani-Kərimin göstərişlərindəndir:

وَ لا تَقُولَنَّ لِشَيْ‏ءٍ إِنِّي فاعِلٌذلِكَ غَداً إِلاَّ أَنْ‏يَشاءَ اللَّهُ‏ وَ اذْكُرْ رَبَّكَإِذا نَسيتَ وَ قُلْعَسى‏ أَنْ يَهْدِيَنِ رَبِّيلِأَقْرَبَ مِنْ هذا رَشَداً

 

"Və heç bir şey barəsində: "Mən onu sabah edəcəyəm!” – demə! Ancaq: "İnşallah (əgər Allah istəsə; Allah qoysa) edəcəyəm!” – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada sal…” ("Kəhf” surəsi-23-24) "İnşallah” demək Allahın qüdrəti və iradəsinə etiqadın göstəricisidir. Qurani-Kərimə əsasən İlahi övliya(lar) həmişə sözlərində Allah-Taalanın iradəsini nəzərdə tutarlar. Yəqub peyğəmbər övladlarına: "İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!” dedi” (Yusuf surəsi-99) Xizr peyğəmbər Musa peyğəmbərə "(Musa) dedi: "İnşallah, səbirli olduğumu görəcəksən”. (Kəhf surəsi-69) Şueyb peyğəmbər Musaya dedi: "…İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!” (Qəsəs surəsi-27) İsmail peyğəmbər də atasına "O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!” (Saffat surəsi-102)

Əlbəttə "inşallah”, "əuzu billah” və digər zikrlər məhz sözlə (dildə) deyil, həm də əqidə prinsipinə çevrilməli və insan həyatının bütün sahələrində özünü biruzə verməlidir. (Nur təfsiri, 7-ci cild)

İmam sadiq (ə.s) buyurub: "Yazılarınızda da "inşallah”-ı unutmayın”. Bir gün imam (ə.s) bir (məsələyə dair) məktub yazılmağını əmr verdi. Məktubu "inşallah”-sız olduğunu gördükdə buyurdu:

 

أَمَرَأَبُو عَبْدِ اللَّهِ علیهالسلام بِكِتَابٍ فِي حَاجَةٍ فَكُتِبَثُمَّ عُرِضَ عَلَيْهِ وَلَمْ يَكُنْ فِيهِ اسْتِثْنَاءٌفَقَالَ كَيْفَ‏ رَجَوْتُمْ‏ أَنْيَتِمَّ هَذَا وَ لَيْسَفِيهِ اسْتِثْنَاءٌ انْظُرُوا كُلَّ مَوْضِعٍ لَايَكُونُ فِيهِ اسْتِثْنَاءٌ فَاسْتَثْنُوافِيهِ.

 

Necə (düşünürsüz?!) ümid edirsiniz ki, bu iş baş tutacaq!? (Usuli-kafi, 2-ci cild, səh: 673)

Rəvayətə görə Hz. Peyğəmbər (s) qəbiristanlığa daxil olanda qəbiristan əhlini salamladıqdan sonra buyurarmış:

 

كَانَرَسُولُ اللَّهِ صلی اللهعلیه و آله وسلم إِذَا مَرَّ بِالْقُبُورِقَالَ السَّلَامُ عَلَيْكُمْ مِنْ دِيَارِ قَوْمٍمُؤْمِنِينَ وَ إِنَّا إِنْ‏شَاءَ اللَّهُ‏ بِكُمْ‏ لَاحِقُونَ‏.

 

"Əgər Allah istəsə” (inşallah) biz də sizə qovuşacıq.” (Mən la yəhzuruhul-fəqih, 1-ci cild, səh: 179)

Usuli-Kafi kitabının üçüncü cildində "qəbirlərin ziyarəti” – باب زیارة القبور – adlı bir bab var. Həmin babdakı nəql olunan hədislərdə imam Sadiqdən (ə.s) soruşurlar ki, qəbiristanlıq əhlini necə salamlayaq?

 

…قُلْتُلِأَبِي عَبْدِ اللَّهِ علیهالسلام كَيْفَ التَّسْلِيمُ عَلَىأَهْلِ الْقُبُورِ؟ فَقَالَ نَعَمْ تَقُولُ-السَّلَامُ عَلَى أَهْلِ الدِّيَارِمِنَ الْمُسْلِمِينَ وَ الْمُؤْمِنِينَ أَنْتُمْلَنَا فَرَطٌ وَ نَحْنُإِنْ شَاءَ اللَّهُ‏ بِكُمْ‏لَاحِقُون

 

İmam qəbiristan əhlini salamlamağın tərzini onlara öyrətdikdən sonra "…və inşallah biz də sizə qovuşacıq”- cümləsinin deyilməsini də vurğulayır.

Doğrusu, bu hədisləri oxuyandan sonra adam heyrətdən "inşallah” sözünü harada ifadə edəcəyini bilmir. Söz deyəndə, qərara gələndə Allah unudulmamalı və heç vaxt özümüzü Allahdan müstəqil bilməməliyik (saymamalıyıq). Kiçik də olsa gələcək işlərdən mütləq şəkildə xəbər verməməliyik. Öz imkanlarımıza söykənməməliyik. Çünki, öz imkanlarımız müqəddimə (başlanğıc) hesab olunur. Müqəddimə həyata keçdikdə işin mütləq həyata keçməsi zəruri deyil. Yəni baş tutmaya da bilər. Yəqinimiz olan şeylərdə də "inşallah” deməliyik. İnsan hər an Allaha ehtiyaclıdır. Bu üzdən hər işdə özünü Allahın iradəsindən asılı görməlidir. (Nur təfsiri, 7-ci cild.)

Teologiya (İlahiyyat) fənnində də "İnşallah”-dan söz açılır. Amma tamamilə ayrı aspektdən. Belə ki, bəzi ilahiyyat kitablarında belə bir mövzu var ki, insan "inşallah mən Allaha iman gətirmişəm” cümləsini ifadə edə bilər yoxsa yox? Bu suala müxtəlif məzhəblər fərqli cavablar vermişlər. Məsələn bəzi firqələrə görə şəkk-şübhə doğuran yerlərdə (inanclardan söhbət gedir) "inşallah” demək olmaz. Bəzi firqələr "təbərrük” (təbərrük: dini termindir (istilahdır). Dindarlara görə, xoşbəxtlik, uğur gətirən və İlahi ikrama və inama nail olmaq anlamına gəlir) niyyəti ilə deyilməsinin faydalı olduğunu bildirirlər.

Fəlsəfə fənnində də belə bir fəlsəfi nəzəriyyə mövcuddur:"لا مؤثر فی الوجودالا الله” Yəni Allahdan başqa heç bir müəssir (təsir edən) yoxdur. Bu nəzəriyyəni izah etmək üçün tövhid barədə qısa məlumat verməyi zəruri bilirəm; Tövhid islamda Allahın bir olduğunu, Onun şəriki olmadığını nəzərdə tutur ki, bu da öz ifadəsini islamın "Allahdan başqa (ibadətə layiq) məbud yoxdur” (la ilahə illəllah) şəhadət kəlməsində tapır. Tövhid Allahın birliyi, tək və şəriksiz olması haqqında əqidə düşüncəsidir. Bu düşüncə Allahı Onun zatına münasibətdə bir tutmağı (Tohidullah fi zatihi), Onun atributlarına-sifətlərinə münasibətdə bir tutmağı (tohidullah fi sifatihi), Onun etdiklərinə münasibətdə bir tutmağı (tohidullah fi əfalihi) və Ona ibadətə münasibətdə bir tutmağı (tohidullah fi ibadətihi) tələb edir. Bu o deməkdir ki, Allah Özlüyündə birdir, Mütləq Varlıqdır (Vacibul-vucud), Onun zati sifətlərində bənzəri yoxdur, elmdə və qüdrətdə oxşarı yoxdur, kamillikdə misli yoxdur. Allahdan başqasına heç bir vəchlə ibadət edilməməlidir. Allah əzəlidir, vardır və olacaqdır. Ondan qabaq heç nə olmamışdır. Ondan sonra da heç nə olmayacaqdır. O hər şeyi biləndir, hər şeyi eşidəndir, hər şeyi görəndir, gözəgörünməzdir, hər şeyə qadirdir, ehtiyacsızdır, daima diridir. O, şəhadət və qeyb dünyasında bütün mövcudatın yaradıcısıdır, kainatı yoxluqdan xəlq etmişdir.

"Allahdan başqa müəssir yoxdur” dedikdə Allahın etdiklərinə münasibətdə bir tutduğumuz əqidə düşüncəsidir. Bu düşüncə hər kəsdə eyni səviyyədə deyil. Bu düşüncənin gücləndirilməsi üçün "İnşallah” demək ən yaxşı vasitədir. Deməli "İnşallah” demək və işlərimizi Allahın iradəsi ilə əlaqələndirmək həm əqidə prinsiplərindən qaynaqlanır, həm də əqidə düşüncələrinə misilsiz təsirlər qoyur və müsbət nəticələr əldə olunur. Sabah (və gələcəkdə) görəcəyimiz hər bir işi Allahın iradəsilə əlaqələndirməliyik. Çünki, həyata keçəcək hər bir iş Allahın izni və istəyi ilə həyata keçir. O elə bir iqtidar sahibidir ki, iradəsi və izni olmadan heç kimsə heç bir işi yerinə yetirə bilməz. O aləmlərin (insanlar və digər mövcudat) maliki və sahibidir. Hər kəs əlindəki hər hansı bir nemətə malik olubsa əslində bunu Allah tərəfindən olduğunu bilməlidir. Əgər Allahın iradəsi olmadan heç kəs heç nə edə bilməzsə, deməli, Allahdan başqa heç kəs (işində) müstəqil deyil. Bunu ifadə edəcək onlarca Quran ayəsi var; "(Ey möminlər! Sizin kafirlərə məxsus olan) hər hansı bir xurma ağacını kəsməyiniz, yaxud (toxunmayıb) onu kökü üstündə salamat qoymağınız Allahın iznilədir…” (Həşr surəsi-5); "Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz…” (Təğabun surəsi-11); "Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar…” (Əraf surəsi-58); "Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma)…” (Yunus surəsi-100); "Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik…” (Nisa surəsi-64).

Deməli, insan Allaha təslim olmalı və bütün işlərdə Allaha təvəkkül etməlidir. İşləri Allahın iradəsiylə əlaqələndirmək əslində təvəkkülün göstəricisidir. "…işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et!…” (Ali-İmran surəsi-159) "…Bütün (qüvvət və) qüdrət Allaha məxsusdur…” (Bəqərə surəsi-165)

Deməli, "inşallah” məfhumu buna işarədir ki, insan özünü müstəqil saymamalı və əsla Allahdan ehtiyacsız görməməlidir. Ayədəki "Mən onu sabah edəcəyəm!” – demə!” ifadəsi əslində təkcə demək deyil, hər bir işi (məsələn hər hansısa bir qərara gələndə) Allahın iradəsinə əlaqələndirmək lazımdır.

Qurani-kərimdə altı yerdə (Bəqərə-70; Yusuf-99; Kəhf-69; Qəsəs-27; Saffat-102; Fəth-27) yer alan amma təfsir kitablarında əsasən "Kəhf” surəsinin iyirmi üç və iyirmi dördüncü ayələrinin şərhində izah olunan "İnşallah” dinin ədəb qaydalarından, dindar ədəb-ərkanının göstəricisidir və "Tövhidi-əfali” kimi əqidə prinsipinin güclənməsində misilsiz vasitəçilik edir.

(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). (İnsan surəsi-30 və Təkvir surəsi-29) وَ ما تَشاؤُنَ‏ إِلاَّأَنْ‏ يَشاءَ اللَّهُ‏ Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)

İmamlardan nəql olunan hədislərdə buyurulur ki, imamlar bu ayənin: "(İnşallah deməyi) unutduğun zaman Rəbbini yada sal…” təfsir edərkən buyurublar: insan "inşallah” demədiyini xatırladıqda onu dilə gətirməlidir. Hətta üstündən bir gün, bir ay və ya bir il keçsə belə! وَ اذْكُرْرَبَّكَ إِذا نَسِيتَ‏ الاستثناءثم تذكرت فقل انشاء الله، و ان‏كان‏ بعد يوم‏ أوشهر أو سنة (Təsnim təfsiri, Bəqərə surəsi, 70-ci ayənin təfsirində) Həmçinin imam Baqir (ə.s) və imam Sadiqdən (ə.s) nəql olunan hədisə görə insan and içəndə də inşallah deməlidir. Əgər insan and içərkən "inşallah” deməyi unudarsa, xatırladığı zaman (inşallah) deməlidir. عَنْ أَبِيجَعْفَرٍ وَ أَبِي عَبْدِاللَّهِ ع‏ فِي قَوْلِاللَّهِ‏ وَ اذْكُرْ رَبَّكَإِذا نَسِيتَ‏ قَالا إِذَا حَلَفَ‏الرَّجُلُ‏ فَنَسِيَ‏ أَنْ يَسْتَثْنِيَ فَلْيَسْتَثْنِإِذَا ذَكَرَ (Biharul-ənvar, 101-ci cild, səh: 229)

Sonda bir önəmli məsələni də nəzərinizə çatdırmaq istəyirəm ki, bəzi dindarlar "inşallah”-ı deyəndə ifrata varırlar. Məs: Saat neçədir?, Siz filankəssiniz?-suallarına: "İnşallah saat 10-dur” və "Bəli, işallah mən filankəsəm” cavab vermək, olduqca gülüncdür, (belə hallarda "inşallah”) öz anlamını və həqiqi yerini (formasını, şəkilini) itirmiş olur və yuxarıda qeyd etdiyimiz dini maariflə heç bir əlaqəsi qalmır.


Şəhriyar Əliyev- ilahiyyatçı alim

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300