Sabiq baş nazir: "Hakimiyyətin indiki vəziyyətdən çıxış yollarından biri, siyasi müxalifəti , o cümlədən onun hakimiyyət qollarında təmsil olunmasına getmək yolu ilə, gücləndirməkdən keçir” 

 


AXP sədri, sabiq baş nazir Pənah Hüseyn musavat.com-a geniş müsahibə verib. O, bu müsahibədə ölkə gündəminə dair fikirlərini oxucularla bölüşür. 

- Pənah bəy, sizin son dövrdə "Yeni Müsavat” qəzetində dərc olunan  bir sıra müsahibələrinizdə müxalifətin nə üçün kütləvi  aksiyalara başlamaması barədə suallara cavab olaraq əhalinin  spontan aksiyalarının gözlənildiyini demişdiniz. Son iki gündə ölkənin dörd rayonunda baş verən etiraz çıxışlarını həmin aksiyaların artıq başlanması kimi dəyərləndirmək olarmı?

-  Açıq söyləyək ki, əhalinin belə tezliklə, bu miqyasda,  formada və  şüarlarla     aksiyalarının başlanmasında  ən azı zahirən gözlənilməz məqamlar  ümumiyyətlə yoxdur, desəm, doğru sayılmaz. Baxın, ölkənin  bir - birindən fərqli guşələrində yerləşən 4 rayonda yüzlərlə adam birdən birə toplanır, demək olar ki, eyni  tələblərlə - bahalığa, işsizliyə,  bank – kredit talançılığına  və hakimiyyətin bu fəlakət qarşısında fəaliyyətsizliyinə  etiraz  və tədbir görülməsi tələbləri ilə eyni ünvana - icra hakimiyyətlərinə yönəlir. Sanki  bir mərkəzdə hazırlanmış və idarə olunan kimi...

- O zaman yuxarıda dediklərinizdən  belə çıxır ki, təşkilatçı müxalifət deyilsə, hansısa qaranlıq güclər bu vəziyyətdən yararlanmağa çalışır? 

- Əvvəla onu deyim ki, iqtidarın və təəssüf ki, dövlətin bu çətinliklərlə üzləşməsinin səbəblərindən biri elə həmin iqtidarın özünün  müxalifətsiz cəmiyyət yaratmaq, müxalifəti sıradan çıxarmaq , yox etmək kursunun  nəticəsidir. İqtidar müxalifəti yox etməyinə edə bilməyib, lakin onu ciddi şəkildə zəiflədə  bilib. Biz əslində öz nümunəmizdə "zəif müxalifəti olan dövlət zəifləyir”, qanunauyğunluğunun əyani  təsdiqi təcrübəsini müşahidə edirik və nə qədər paradoksal görünsə də hakimiyyətin  indiki vəziyyətdən çıxış yollarından biri siyasi müxalifəti, o cümlədən onu hakimiyyət qollarında  təmsil olunmasına getmək yolu ilə gücləndirməkdən keçir. Əgər güclü müxalifət olsaydı  dövlətin milyard manatlarla vəsaitini oğurlayıb talan etmək olmazdı. Mövcud böhranı Azərbaycanda dərinləşdirən də məhz bu analoqsuz oğurluq və talançılıqdır. Sualınıza gəldikdə isə həqiqətən zahiri müşahidələr belə versiyalara əsas kimi görünə bilər. Bakıda, bu hadisələr ə aid   informasiyalar gəldikdən sonra ilkin  təhlilləri zamanı xalq etirazları başlandı deyənlərlə yanaşı və onlardan az olmayaraq, hadisələrin arxasında görünməyən dirijor və ya dirijorları varmı sualları da eşidildi. Bəziləri əsaslandırmağa başladılar ki,  hazırda hakimiyyətdaxili  hesablaşmalardan öz malları və canları üçün qorxu keçirən şəxslər və ya dairələr  aranı qatmaq istəyir.  Digərləri sübut etməyə, inandırmağa  çalışır ki, bunlar hakimiyyətin təxribatıdır,  hakimiyyət  özü vəziyyəti süni şəkildə qızışdırmaq , bu yolla bir növ buxar buraxmaq,  yaxud   repressiyalar üçün bəhanə əldə edib pereventiv zərbələr vurmaq yolu ilə qorxu, xof mühiti yaradıb vəziyyət nəzarətdə saxlamaq istəyir və s. Əslində isə biz sosial böhran dövrlərinin  klassik və təbii kütlə reaksiyalarını, xalq etirazlarını müşahidə edirik və əlbəttə ki, yenə təbii olaraq bunlar ən tez bir zamanda  idarə olunan, tənzimlənən siyasi məcrasını  tapacaqdır. Yəni ya öz yeni liderlərini və təşkilati formasını yaradacaqdır, ya -  ən çox ehtimalı olan da budur - mövcud siyasi müxalifətin idarəçiliyi ilə davam edəcəkdir, yaxud da bunların hansısa şəkildə sintezi baş verəcək. Nəzərə almaq lazımdır ki, kəskin sosial böhranlar zamanı kimlərinsə öz maraq və mənafeləri üçün istifadə etməyə yönəlik  hərəkət və halları səbəb yox, nəticədir. Əlbəttə ki, bu amil prosesə təsir edir onu dəyişikliklərə uğradır, lakin davamlı proseslərin gedişi üçün həlledici deyil. Demək istəyirəm ki, bu hadisələri kimin təşkil etməsi, kimlərin bunlardan öz maraqları üçün yararlanmaq istəməsi, əlbəttə ki, əhəmiyyətsiz deyil, bəzən hətta çox əhəmiyyətlidir, lakin prosesin mövcudluğu baxımından ikinci dərəcəlidir. 

 "Diqqət etsəniz  hüquq – mühafizə orqanları hadisə baş verəndən dərhal sonra bunu Müsavat və AXCP partiyalarının tədbiri kimi qələmə verməyə çalışırlar, lakin nə qədər ciddi – cəhdlə çalışsalar da ağlabatan  sübutlar, dəlillər ortaya qoya bilmirlər”


- O halda ,bu aksiyaların AXCP və Müsavat fəalları və dini ekstremist dairələr tərəfindən təşkil  olunması barədə Respublika Prokurorluğunun və DİN- in  rəsmi məlumatları nə məqsəd daşıyır? 

- Nə etsinlər? Desinlər ki,  yaranmış vəziyyət o hala gəlib ki, dözümlü Azərbaycan xalqı daha dözə bilmir, daha dözmək istəmir , hakimiyyətin  siyasətindən narazılıq  o dərəcədə  artıb ki,  bu siyasətə qarşı  səsini qaldırıb fəal formada etiraza başlayıb? Bu, artıq hüquq mühafizə orqanlarının işi deyil.  Bilirsiniz, siyasi müxalifətin bu tipli kütləvi aksiyaları hazırlamaq   fəaliyyətini   konspirasiya  etməsi mümkün deyil axı. Diqqət etsəniz  hüquq – mühafizə orqanları hadisə baş verəndən dərhal sonra bunu Müsavat və AXCP partiyalarının tədbiri kimi qələmə verməyə çalışırlar, lakin nə qədər ciddi – cəhdlə çalışsalar da ağlabatan  sübutlar, dəlillər ortaya qoya bilmirlər. Bu aksiyalarda əlbəttə istisna deyil ki, orda yaşayan həmin partiyaların və ya siyasi  - dini kəsimə məxsus şəxsləri də iştirak etsin, görünür ki, iştirak da ediblər. Lakin bu halda da  onlar orda mənsub olduqları qüvvələrin nümayəndəsi, təmsilçisi kimi yox, həmin əhalinin bir fərdi kimi iştirak ediblər.

- Pənah bəy demək istəyirsiniz ki, siyasi müxalifətin mərkəzləşdirilmiş şəkildə bu proseslərdə təsiri, iştirakı, müdaxiləsi olmayacaq?

-  Görünən budur ki, siyasi müxalifət yuxarıda dediyim kimi, ən azı, müəyyən dövr üçün proseslərə birbaşa müdaxilə etməmək taktikasını müəyyənləşdirərkən ondan çıxış edirdi ki,   bir halda, hakimiyyət bu gün real problemlərlə və xalqla üzbəüz qalmışdır,  müxalifətin vaxtından əvvəl meydana girməsi hakimiyyətə imkan verər ki, xalqın öz yaşam haqları uğrunda mübarizə məsələsini siyasilərin hakimiyyət uğrunda mübarizəsi kimi qələmə versin, bir növ mübarizəni hakimiyyət - cəmiyyət müstəvisindən hakimiyyət – müxalifət müstəvisinə keçirsin, belə təqdim etsin. Buna yol vermək olmaz və  odur ki, imkan vermək lazımdır proses təbii axarı ilə davam etsin. Mən özüm belə mülahizələrə  heç də birmənalı  yanaşmıram. Ancaq açığı, buna qarşı da daha inandırıcı və məntiqi opponentlik edə də bilmirəm və ya istəyirsiniz belə qəbul edin ki, , etmək istəmirəm. Lakin hakimiyyətin aksiyalara münasibətdə bunu müxalifət və radikal islamçılar təşkil edir  əks - təbliğatı  indiki vəziyyətdə bu etirazların daha sürətlə mütəşəkkil siyasi prosesə çevrilməsinə  təkan verir. Məncə ən yaxın günlərdə bunun təzahürləri görünəcək. 

- Belə çıxır ki, hakimiyyət özü – öz əleyhinə işləyir?

- Əvvəla hakimiyyətin idarəçilik böhranı ortadır. Mən sizə bunu göstərən bir neçə faktı sadalayım. Mətbuatda, fiziki şəxslərə xaricdən 10 min manatlıq rüsumsuz mal gətirmə hüququ verən,  elə sizin ekspertlərin də İlham Əliyevin gömrük inqilabı adlandırdığı keçən ilki oktyabr fərmanı nə oldu?  Heç icraya yönəlməmiş dünən ləğv edildi.  Heç bir ay deyil spirtli içkilərin nəğdsiz satışı barədə qərar verilmişdi, yanvarın birindən icra edilməli idi, iki gün əvvəl ləğv edildi. Manatın dekabr devalvasiyasından sonra valyuta dəyişmə məntəqələri qarşısına  polis qoyuldu ki, müəyyən olunmuş rəsmi məzənnə çərçivəsi keçilməsin, sonra elan edildi ki, banklar mübadilə kursunu  özləri sərbəst  müəyyən edəcəklər, bir gün sonra  başqa bir sərəncam gəldi ki, rəsmi məzənnədən 4 faizlik kənara çıxma qaydası müəyyən edilir və s. Yəni idarəçiliyin beyni pozulub. Belə vəziyyətdə düzgün strategiya və taktika necə müəyyən edilsin? Ancaq bir məsələ də var ki, "nə edirsən et, zərərinə işləyir”, halı  sistem böhranının əlaməti olub, bu cür mərhələlərdə hakimiyyətlər üçün ən dəhşətli  vəziyyətdir.   

"Məsələ burasındadır ki, hətta neftin qiyməti belə sürətlə ucuzlaşmasaydı belə Azərbaycanda böhran labüd idi” 


- Müxalifət kütləvi etirazları kütlələrin öz öhdəsinə buraxmaqla, özünü kənarda saxlamaqla  onun üçün əlverişli olan fürsəti əldən buraxmazmı?

- Mən əvvəl də bir neçə dəfə demişəm. Yenə sizin üçün təkrar edim. Azərbaycan müxalifəti , əvvəla fürsətcil deyil. İkincisi, mən hər halda o cür düşünənlərdənəm ki, bu fürsət, əgər bunun altında indiki iqtisadi, sosial çətinliklər və onun iqtidar qarşısında qoyduğu problemlər, çağırışları nəzərdə tutursunuzsa, bu dəfə heç yerə gedən deyil, kardinal dəyişikliklər, o cümlədən birinci növbədə siyasi dəyişikliklər baş verməyənə qədər günbəgün artacaqdır və dərinləşəcəkdir. Sadəcə bir çoxlarını, məni də narahat edən  və düşündürən odur ki, iqtidar nəyəsə ümid edib, "əvvəllər ötüb keçib, bu dəfə də  bəlkə də keçdi”,  xəyalı ilə bu böhranın daha da dərinləşdiyini fərqində olmaya bilər. Lakin bu dəfə  proses məntiqi sonluğuna qədər davam edəcəkdir. Əsas  vəzifə bu böhrandan mümkün qədər daha tez və daha az zərərlə çıxmaqdır. Bu isə siyasi müxalifətin proseslərə müdaxiləsini zəruri  edir. Bilmək istəyirsinizsə, bu şəraitdə müxalifətin missiyası və milli borcu da bunu tələb edir.  Yəni  bu gün siyasi müxalifət  həmin problemlərin həlli üçün məsuliyyəti bölüşə bilər - yeri gəlmişkən mənim hakimiyyətə "məsuliyyəti bölək”, -  təklifim bunun ifadə edirdi - ya da kütləvi xalq etirazlarının başında duraraq, onu siyasi inqilaba çevirə bilər. 

- Demək istəyirsiniz ki, indiki  siyasi  status – kvonun saxlanması mümkün deyilmi?

- Mümkün deyil. Nə etrazçılara divan tutulması, nə təqib, nə  həbslərlə bunun qarşısını almaq olmaz. Bu dəyişikliyi şərtləndirən dərin səbəblər var. Bizdə  bu gün Azərbaycanda baş verən hadisələri daha çox  regional və dünya böhranı, daha konkret neftin qiymətinin ucuzlaşması kontekstində  təhlil  aparıb ümumiləşdirmələr edib nəticələr çıxarırlar. Bu əlbəttə ki, yanlış deyil, lakin yalnız qismən doğrudur. Məsələ burasındadır ki, hətta neftin qiyməti belə sürətlə ucuzlaşmasaydı belə Azərbaycanda böhran labüd idi. Bu böhranın dərin  səbəbi siyasi və iqtisadi güc ayrılığının olmamasındadır.  Yəni Azərbaycan cəmiyyəti bundan sonrakı inkişafı  iqtisadi və siyasi gücün və üstqurum olaraq iqtisadi və siyasi hakimiyyətin ayrılmasını tələb edir  ki, sonra da bu güclər arasındakı sağlam rəqabət ölkənin demokratik siyasi və rəqabət qabiliyyətli iqtisadi inkişafını və sosial rifahı təmin etsin. Korrupsiyaya və qeyri  - qanuni monopoliyanı  korrupsioner və monopolistlər vasitəsilə aradan qaldırmaq olarmı? Hakimiyyətin, mən bilə- bilə hökumət demirəm, ilin yekunlarına həsr olunmuş müşavirəsinin elə şəklinə baxanda ilk ağla gələn budur. Bundan böyük absurd olarmı? Bizdə indi cəmiyyətə bu absurdu sırımaq istəyirlər. Diqqət edin, gömrükdə monopoliyalara və korrupsiyaya qarşı müharibə elan edilib, qanun, fərman, sərəncamlar qəbul edilib. Ölkəyə mal gətirmək və çıxarmaq asanlaşıb, yoxsa çətinləşib? Çətinləşib. Alınan bac - xərac azalıb, yoxsa artıb? Artıb. Mal bolluğu yaranıb yoxsa qıtlıq əmələ gəlib? Qıtlıq əmələ gəlib. Digər sahələrdə də elə. Maliyyə "islahatları” o imiş ki dolların qara bazarı yaradılsın! Struktur islahatları nə imiş, iş yerlərinin bağlamaq və kütləvi işsizlik? Odur ki, vəziyyətdən çıxmaq idealda  indiki iqtidarın  hakimiyyətdən birdəfəlik və bütünlüklə getməsini tələb edir. Lakin bu,  siyasi inqilab vasitəsi ilə mümkündür ki, bu da fəsadlarla, sarsıntılarla müşayiət oluna bilər. Odur ki, müəyyən dövrdə  güclü ictimai təzyiq faktoru və adekvat mexanizmlər yaratmaqla siyasi islahatlardan ibarət keçid modeli daha arzuolunandır. Faktiki olaraq biz  siyasi inqilab və  siyasi islahatlar işarələri  yazılmış yolayrıcındayıq. Bundan nə özümüz vahiməyə düşməliyik, nə də digərlərini vahiməyə salmalı deyilik. Ən azı ona görə ki, bunun işə bir faydası yoxdur. Soyuq başlar və cəsarətli ürəklər birləşib bu vəziyyətdən çıxmağı bacarmalıdır və mən şəxsən inanıram ki, bacaracaqlar. İndi ən müxtəlif ideyalar, təkliflər, təşəbbüslər ortaya atılır ki bu cəmiyyətimizin yaşamaq potensialının göstəricisidir. Yeri gəlmişkən bu təşəbbüslərdən biri də ictimai siyasi qüvvələrin yanvarın 24- də toplanıb vəziyyəti müzakirə etmək və hansısa və çıxış yolları istiqamətində birgə  qərarlara gəlməyə cəhd etməkdir. (musavat.com)
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300