Bu gün futbol üzrə Konfederasiyalar kubokunun finalıdır. Bu kubok həmişə dünya çempionatından bir il öncə keçirilir və təşkilatçı ölkədə hazırlıqların hansı səviyyədə getməsi üçün faydalı sınaq rolunu oynayır.

Müşahidəçilərin rəyinə görə, Rusiya 2018-ci il dünya çempionatını keçirmək üçün hər cür imkana malikdir. Lakin Qərb mətbuatının yazdığına əsasən, DÇ-2018 Rusiya üçün daha çox külli miqdarda yeyinti, korrupsiya, həmçinin stadionların tikintisində qul əməyindən istifadə olunması kimi faktlarla yadda qalır.

ABŞ dövlət katibi Reks Tillerson bu yaxınlarda Rusiyada Şimali Koreya tərəfindən yaradılan əmək düşərgələrinin mövcud olduğunu bəyan edib. Dövlət katibinin sözlərinə görə, bu düşərgələrdə Şimali Koreya rejimi tərəfindən göndərilən minlərlə insan çalışır. Onların maaşları isə xüsusi nəzarətçilər tərəfindən alınaraq Pxenyana göndərilir.

"Rusiya hökuməti KXDR ilə bağladığı ikitərəfli sazişlərlə öz ərazisində bu cür əmək düşərgələrinin yaradılmasına razılıq verib”, - Dövlət departamentinin bəyanatında deyilir. Sənəddə bu tip işçilərin zorla gündə 20 saat çalışdırıldığı, onların yalnız gündəlik minimum yemək ehtiyaclarının ödənildiyi göstərilib.

"Şimali Koreya hökuməti bu cür məcburi əmək sazişlərindən yüz milyonlarla dollar pul qazanır. Məsul dövlətlər bu cür biabırçılığın davam etməsinə yol verməməlidilər. Biz xüsusi sazişlər çərçivəsində Şimali Koreyadan işçi qəbul edən istənilən ölkəni bu insanları evlərinə geri qaytarmağa çağırırıq”,- sənəddə deyilir.

Dövlət Departamentinin məruzəsində KXDR-in hər il Rusiyaya 20 mindən çox vətəndaşını göndərdyi qeyd olunur. Bundan başqa 30 min şimali koreyalı rəsmən Rusiyada olduqca ağır işlərdə məcburi əməyə cəlb olunub.

Rusiya və Şimali Koreya arasında 2016-cı ilin fevralında imzalanan müqavilə isə işçilərin köləlik vəziyyətini daha da ağırlaşdırıb. Saziş iki ölkə arasında qeyri-qanuni miqrantların qarşılıqlı olaraq geri qaytarılması haqqındadır. Hər halda Rusiyadan kiminsə Şimali Koreyaya qaçaraq orada miqrant olaraq yaşayacağını düşünmək belə, mümkün deyil.

Bu saziş Rusiyaya gələn şimali koreyalı kölələrin çalışdıqları yerlərdən qaçaraq öz vətənlərinə geri dönməməsinin qarşısının alınması üçündür. Həmin sazişə görə, Pxenyan rejiminin əlindən qaçıb qurtulmağa çalışan, hətta qaçqın statusuna malik insanlar da zorla geri qaytarılmalıdır. Həmin insanları isə orada hansı müsibətlərin gözlədiyini təxmin etmək o qədər də çətin deyil.

"Şimali Koreya hakimiyyəti insan alverinin qurbanı olan bu insanları dərhal həbs edir, işgəncələrə məruz qoyur, çox vaxt isə ümumiyyətlə edam edirlər”,- Dövlət Departamentinin sənədində vurğulanır.

Beynəlxalq ekspertlər Rusiyanın bu sazişlə, habelə ondan irəli gələn üzərinə götürdüyü öhdəliklərlə insan hüquqları ilə bağlı bir çox sənədin müddəalarını tapdaladığını qeyd edirlər. Avropa insan haqları konvensiyasına görə, edam cəzası ilə təhdid olunan insanların vətənlərinə göndərilməsi qəti qadağandır.

BMT-nin KXDR-də insan haqları üzrə məruzəçisi Marzuki Darusman da Rusiyanı Şimali Koreya ilə imzaladığı qarşılıqlı ekstradisiya haqqında müqavilədən vaz keçməyə çağırıb.

2016-cı ilin noyabrında ictimaiyyət içində "korrupsiya quyu”su olaraq tanınan "Zenit Arena”nın tikinti meydanında KXDR vətəndaşının meyidi tapılıb. 47 yaşlı koreyalı Sankt Peterburqda "Te Som” adlı tikinti şirkətində çalışırmış. Onun ölümünün səbəbləri rəsmi dairələr tərəfindən ustalıqla gizlədilib.

Marzuki Daursmanın məruzələrində Şimali Koreya fəhlələrinə Rusiya tərəfindən 120-150 dollar ödənildiyi bildirilir. Bu cür qeyri-qanuni yollarla işçi göndərməklə Şimali Koreya xarici valyutaya olan tələbatını təmin edir.

BMT-nin son hesabatlarına əsasən, Pxenyanın dünyanın dörd bir tərəfinə göndərdiyi kölə statuslu fəhlələri ona ildə 1,2-1,5 milyard dollar civarında gəlir gətirir.

Məsələ FİFA-nın da gündəminə düşüb. Bu ilin mayında Şimali Avropanın 4 ölkəsinin (İslandiya, Danimarka, Norveç və İsveç) futbol federasiyalarının prezidentləri FİFA prezidenti Covanni İnfantinoya məktub göndərərək Rusiyada stadionların tikintisi zamanı qul əməyindən istifadə olunması ilə bağlı məsələnin araşdırılmasını tələb ediblər.

İnfantino cavab məktubunda həqiqətən 2016-cı ilin noyabrında stadionların təftişi zamanı şimali koreyalı fəhlələrə rast gəlindiyini təsdiqləyib. Məktubda bununla əlaqədar Rusiya tərəfinə müvafiq tədbirlərin görülməsi ilə bağlı xəbərdarlığın edildiyi də yazılıb.

Lakin onsuz da Rusiyanın DÇ-2018-i hansı yollarla əldə etməsi ilə bağlı şübhələri üzərindən ata bilməyən FİFA-nın bu məsələyə ötəri yanaşması bir çox ölkələrin qəzəbinə səbəb olub. Tillersonun son bəyanatları da məsələnin gələcəkdə olduğu yerdə buraxılmayacağının göstəricisidir.//musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300