Azərbaycanın bir neçə dərslik müəllifi – Təvəkkül Əliyev, Pərviz Ağalarov , Faiq Babayev və Kamran Əsədov fənn müəllimlərinin müzakirəsinə çıxarılan dərsliklər və buna fikir bildirən həmkarlarına müraciət hazırlayıblar.
Uluyol.info yanicag.az-a istinadən həmin müraciəti təqdim edir.
"Azərbaycan Respublikası Təhsil Nazirliyinin ekspert qrupları tərəfindən qiymətləndirilərək, məqbul sayılan dərsliklərin pedaqoji ictimaiyyətin, xüsusilə fənn müəllimlərinin müzakirəsinə çıxartması təqdirəlayiq haldır. Bir neçə ay davam edən bu müzakirə zamanı təqdim etdiyimiz dərslik layihələri ("Azərbaycan tarixi” və "Ümumi tarix”) ilə bağlı yüzlərlə rəy və təkliflər bildirilmişdir. Müsbət rəylər bizi ruhlandırsa da, iradlar daha diqqətli olmağa sövq etmiş, təkliflər isə layihənin daha təkmil şəkildə ortaya çıxarılmasına imkan yaratmışdır. Tarixçi həmkarlarımız layihə ilə bağlı geniş rəy hazırlayıb müəlliflərə göndərmişlər. Göstərilən irad və qüsurlar müəlliflər tərəfindən diqqətlə nəzərdən keçirilmişdir. Onların bir qismini dərsliyin təkmilləşməsinə xidmət etdiyinə görə çapa qədər aradan qaldırmaq qərara alınmışdır. Təbii ki, opponentlərimizin rəyində müəlliflərin razılaşmadıqları iradlar da olmuşdur. Belə subyektiv səpkili iradların çoxu rəsmi opponent rəylərindən fərqli olaraq kütləvi informasiya vasitələrində səsləndirilmişdir. Son günlər mətbuatda yayılan, iraddan daha çox ittihamı xatırladan rəylərdən birini buna nümunə göstərmək istəyirik.
AMEA Tarix institutunun əməkdaşı Güntəkin xanım Nəcəfli Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılmış X sinif üçün "Azərbaycan tarixi” dərslik layihəsi haqqında rəyində Musa Kalankatlının tariximizin mürəkkəb bir dövrü haqqında, demək olar ki, yeganə mənbə olan "Alban tarixi” əsərini şübhə altına alır və qeyd edir ki, "o, bizə orijinal şəkildə deyil, erməni kilsəsi tərəfindən saxtalaşdırılmış variantda gəlib çatıb”. Əgər belədirsə, niyə ölkəmizdə bu əsərin dönə-dönə çap olunmasına (1993, 2007), Azərbaycan tarixinə dair qaynaqlar toplusuna daxil edilməsinə, vaxtaşırı məqalə və monoqrafiyalarda ədəbiyyat siyahısına salınmasına yol verilir? Bəs tarixçi alimlərin vəzifəsi belə əsərlərin şərhini verib, oradakı həqiqəti və saxtakarlığı üzə çıxartmaq deyilmi? Bu əsərlə, onunla bağlı tədqiqatlarla tanış olmadan, mənaları haqqında fərziyyə belə söyləmədən necə demək olar ki, "işxan” və "qavar” terminləri ermənicədir, erməni dilindən götürülüb və Azərbaycan dilçiliyinə tamamilə ziddir?
Hamıya, o cümlədən ermənilərin özlərinə də aydındır ki,
erməni dilində olan toponimlərin, adların, termin və anlayışların 80 faizə
yaxını türk və fars mənşəlidir. Belə isə "Albaniya tarixi”ndəki işxan və
qavarın erməni mənşəli olduğunu hansı əsasla söyləmək olar? Əsərdə hun
hökmdarı, Atropaten hakimləri "işxan” adlandırılır. Bu, türk dilində olan bir
anlayışdır (baxmayaraq ki, ermənilərdə belə ad və familiyalar var). Türk-tatar
dillərində oğlan uşaqlarına verilən adlar – İşbay, İşbak (İşpak), İşbars,
İşbatır, İşbulat, İşsultan bunu aydın göstərir. Məşhur alim N.A.Baskakov
"yaxın”, "dost” sözü ilə "xan” sözünün birləşməsi olan "İşxan” ifadəsinin
yaranmasından bəhs etmişdir.
"Qavar” sözünün də erməni dilinə hər hansı bir aidiyyatı yoxdur. Bu "kəvər”,
"köbər” ifadələrini əks etdirən anlayış olaraq, Albaniyada yer, ərazi mənasında
işlədilmişdi. Xəzər tayfalarından biri "kabar” adlanırdı. İranda indi də "Kəvar”
adında ostan mərkəzi olan şəhər var. İran körfəzi ətrafında, Səudiyyə Ərəbistanında
yerləşən "Qavar” adlı ərazi dünyada ən zəngin neft və qaz yataqlarından
biridir. İndi "Ermənistan” adlandırılan Qərbi Azərbaycan torpaqlarında, Göyçə
gölünün qərb tərəfində IX əsrdən 1830-cu ilədək fasiləsiz olaraq Azərbaycan
türklərinin yaşadığı Qavar (Kəvər) kəndi olmuşdur. İrəvan xanlığının işğalından
sonra, 1830-cu ildə bura ermənilər köçürülmüş, ərazi Qavar Nor-Bayazet
adlanmışdır. Sonralar bu ad dəfələrlə dəyişmişdir: 1850-ci ildə Novo-Bayazet,
1936-cı ildə yenidən Nor-Bayazet, 1959-cu ildə Kamo. 1995-ci ilin sonundan isə
erməni vandalları digər toponimlərimiz (Qarqar, Arsax, Göyəm və b.) kimi Qavar
adını da özününküləşdirmişlər. Buradakı IX-XIV əsrlərə aid böyük qəbiristanlığın
ortasında rus işğalından sonra – 1848-ci ildə kilsə də tikilmişdir.
Hörmətli alimimiz Güntəkin xanım dərslik layihəsində mənbə kimi Musa Kalankatlının "Alban tarixi” əsərindən verilən bu parçanı təxribat və tariximizə ləkə sayır: Alban tarixçisinə görə alban hökmdarı Urnayr "böyük müharibələrdə (sələflərinin) şanlı adına varis çıxaraq, Ermənistanın içərilərində qələbə bayrağı sancan rəşadətli ər” idi. Bu gün də igid oğullarımız zəbt olunmuş torpaqlarımızı işğaldan azad etmək, Ermənistanın içərilərində qələbə bayrağını sancmaq əzmindədirlər. Layihə müəllifləri tariximizə ləkə deyil, şərəf verən həmin sözləri özlərindən yox, hörmətli, məşhur alimlərimizin redaktorluğu ilə çıxan əsərlərdən iqtibas gətirmişlər. Ümumiyyətlə, hazırkı dərslik layihəsinə daxil edilmiş mövzular işlənərkən Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinin tədqiqinə həsr olunmuş, xüsusilə Tarix institutunun kollektivi tərəfindən ərsəyə gətirilmiş elmi tədqiqat əsərlərindən, mənbə materiallarından, yeddi cildlik Azərbaycan tarixinin I-III cildlərindən istifadə olunmuşdur. Güntəkin xanım mənbədə verilən "Ermənistan” kəlməsinə etiraz edir. Halbuki, rəylərdə bizə tez-tez nümunə göstərilən, 2001-ci ildə nəşr olunmuş və uzun illər məktəblərdə tədris edilmiş 7-ci sinif Azərbaycan tarixi dərsliyində dəfələrlə "Ermənistan hökmdarı”, "Ermənistan ərazisi”, "Ermənistanın bölüşdürülməsi” ifadəsi (bax, səh. 21, 22, 23) işlədilmiş, Vardan Mamikonyanın başçılıq etdiyi erməni dəstələrinin uğurlu yürüşlərindən bəhs edilibmiş (bax, səh. 27-28), Yusif ibn Əbu Sacın "Ermənistan ərazisini ələ keçirməsi” (s. 113), Salarilərin "qərbdə Ermənistan” da daxil olmaqla (səh. 115) geniş əraziləri əhatə edən bir dövlətə çevrilməsi vurğulanmışdır. Amma nədənsə, rəyçi xanım dərsliklərimizin inkişafı yolundakı bir mərhələnin parçası olan bu fikirlərdə "ləkə”, "təxribat” axtarmamışdır.
Layihə müəllifi kimi bizə ünvanlanan, dərsliklərimizin təkmilləşməsinə yönələn xoş niyyətli bütün təklif və iradlardan bəhrələnəcəyinizi düşünür, hörmətli həmkarlarımıza rəy hazırlayarkən çəkdikləri zəhmətə görə minnətdarlığımızı bildiririk”.