Faiq Ələkbərli: "Azərbaycanda dini plüralizmin ən bariz təminatçısı onun dövlət bayrağıdır"

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyasıyla əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) ölkədəki dini plüralizm və onun daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı ilə bağlı "OLAYLAR"-a müsahibəsi

- Faiq bəy, bir qayda olaraq demokratik cəmiyyətlərin əsas göstəricilərindən biri də ölkədə plüralizmin təmin olunmasıdır.Bu baxımdan Azərbaycanda dini plüralizmin durumunu necə dəyərləndirərdiniz və bu necə təmin edilir?

-Bu gün Şimali Azərbaycanda səmavi dinlərə (iudaizm, xristianlıq, islam), eyni zamanda qeyri-səmavi dini inanclara (hinduizm, buddizm, konfusilik, yoqa, krişna) sitayişlə bağlı əsasən heç bir problem yoxdur. İnsanlar rahat şəkildə tapındıqları dini inancları həyata keçirə bilərlər. Heç bir kimsə öz dini inancına görə digər dini inanca bağlı olan birinə qətiyyən zərər vermir. Yəni Azərbaycan insanları əsasən dini inanclar məsələsində dözümlü münasibət ortaya qoyurlar. Bu həm Azərbaycan vətəndaşlarının biri-birilərinə olan münasibətlərində, həm də Azərbaycanaxaricdən gəlmiş insanlara olan münasibətlərdə öz əksini tapır. Hər bir kəs Azərbaycan vətəndaşı olub olmamasından asılı olmayaraq dini ayinlərini icra etməkdə sərbəstdir.

Şübhəsiz, Azərbaycanda dini plüralizmin, yəni müxtəlif inanclara dözümlülüyün kökündə Azərbaycan xalqının əsrlərdən üzü bəri gələn ənənələridayanır.Hər halda tarixən Dərbəndən Kəngər Körfəzinə, Bakıdan Kərkükə, Təbrizdən Naxçıvana qədər ərazilərdə məskunlaşmış Azərbaycan türkləri bir çox dinlərlə təmasda olmuşdur. Azərbaycan türkləri milli dinləri olan Gök Tanrıçılıq dinindən tutumuş,İslam dininə tapınana qədər də digər dinlərlə, o cümlədən budduizm, zərdüştlük, xristianlıq, manilik və başqa dini inanclarla az ya çox dərəcədə təmasda olmuşlar. Hesab edirik ki, tarixən həmin dinlərlə bu və ya digər formada tanışlığın nəticəsi olaraq bu gün Azərbaycan xalqı arasında dini dözümlülük özünün ən yüksək şəkildə ifadəsini tapmaqdadır. Yəni Azərbaycan xalqının dini dözümlülüyü bir tərəfdən tarixən müxtəlif dinlərlə tanışlıqdan, digər tərəfdən isə Türk milli-mənəvi dəyərlərinə sahiblikdən irəli gəlir.Hər halda Azərbaycan xalqının nüvəsini təşkil edən və dövlət bayrağımızın simvollarından biri olan Türk kimliyi dini dözümlülüyün də bir ifadəsidir.Çünki Azərbaycan bayrağındakı mavi-göy rəng yalnız Türk etnik kimliyimizi deyil, eyni zamanda Gök Tanrıçılıq ənənələrimizin də yaşadılmasıdır. Demək istədiyimiz odur ki, Türkçülüyü-Tanrıçılığı bildirən göy-mavi rənglə İslamlığımızı ifadə edən yaşıl və müasirliyimizi ortaya qoyan qırmızı rənglər əslində bir-birini tamamlamaqdır. Bu anlamda Azərbaycan bayrağı milli kimliyin, mədəni kimliyin və dini kimliyin ifadəsi kimi Azərbaycan xalqının nə qədər ali hisslərə malik olmasının bariz örnəyidir. Ona görə də deyə bilərik ki. Azərbaycan bayrağındakı boyaların vəhdəti həm də dini dözümlüyümüzün təminatı və qarantıdır. Başqa sözlə, belə bir müqəddəs bayrağa sahib olan millətin milli və dini dözümlülüyü gerçəkliyin özüdür.

- Azərbaycanda dini plüralizmin təmin olunduğunu hansı faktlarla əsaslandırmaq olar?

- Az öncə qeyd etdiyimiz kimi, Azərbaycanda dini plüralizmin ən bariz təminatçısı onun dövlət bayrağıdır. Ancaq Azərbaycanda dini plüralizmin təmin olunmasını ortaya qoyacaq digər örnəklər də vardır. Məsələn, Azərbaycanda bütün səmavi,ya da qeyri-səmavi dinlərə aid kilsələr, sinaqoqlar, məscidlər və başqaları fəaliyyət göstərirlər. Üstəlik, Azərbaycan xalqının yüzdə 96 faizi müsəlman olmasına baxmayaraq, dövlət tərəfindəın bütün dinlərə qayğı göstərilir. Yəni Azərbaycan dövləti bütün dinlərin ölkəmizdə qanun çərçivəsində fəaliyyət göstərmələri üçün şərait yaradıb. Bu istiqamətdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mövcud olduğu 16 il ərzində mühüm işlər görməsini də qeyd etməliyik. Azərbaycan dövləti tərəfindən iudaizmə, xristianlığa aid sinaqoq və kilsələrin tikilməsinə,yaxudbərpasına daima yardım göstərilib.Hətta, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsinə baxmayaraq, bu gün ermənilərə aid kilsə Bakıda fəaliyyət göstərməkdədir. Azərbaycan dövləti tərəfindən Erməni kilsəsi təmirolunubvə istifadəyə verilib. Yəni Ermənistan düşmən dövlət olsa da, Azərbaycan dövləti buna baxmayaraq öz ölkəsində yaşayan erməni vətəndaşlarının dini inanclarına hörmətlə yanaşır. Halbuki Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, o cümlədən Şuşadakı məscidi yerlə-yeksan edib, yaxud başqa xoşagəlməz məqsədlər üçün istifadə edib. Ancaq Azərbaycan xalqı müharibə şəraitində olmasına baxmayaraq, dini məsələlərdə dözümlülüyünü qoruyub saxlaya bilib. Bununla yanaşı, Azərbaycan xalqının işğal altında olan torpaqlarına və oradakı məscidlərinə sahib çıxacağı gün uzaqda deyildir. Çoz uzaqda olmayan bir zamanda Şuşamızda, Ağdamımızda yenidən azan səsləri yüksələcək.

- Digər ölkələrlə müqayisədə ölkəmizdə bu sahədə vəziyyət qənaətbəxş sayıla bilərmi?

- Mənə elə gəlir ki, xüsusilə qonşu ölkələrlə (Ermənsitan, Gürcüstan, İran və b.) müqayisədə Azərbaycanda dini dözümlülük daha yüksək səviyyədədir. Məsələn, Ermənistanda İslam dininə aid məscidlərin yalnız adı vardır. Biz buna nümunə kimi İrəvanda olan Məscidi göstərə bilərik. Ermənistan dövləti İrəvandakı məscidə yalnız öz siyası maraqlarını həyata keçirmək üçün toxunmur. Bununla da onlar Ermənistanda "dini dözümlülüyün" olmasını ortaya qoymaq istəyirlər. Halbuki Ermənistanda müsəlman tapmaq belə çox çətindir. Burada müstəsna hallarda İrandan gələn 3-5 nəfər "müsəlman" olur. Bu cür "müsəlmanlar"ın isə İslam dininə bağlılığından söhbət belə gedə bilməz. Hesab edirəm ki, İran və Gürcüstanda dini dözümlülük Azərbaycanla müqayisədə istənilən səviyyədə deyildir. Məsələn, bir çox hallarda Gürcüstanda bu və ya digər formada müsəlmanların sıxışdırılması, sünni-şiə dini ayrıseçkliyi özünü büruzə verir. Özəlliklə, Azərbaycan türklərinin dini inancları ilə bağlı Gürcüstanda müəyyən problemlərin olması heç kəsə sirr deyil. Halbuki Azərbaycanda xristianlıq və ona aid təriqətlərlə bağlı qanuna zidd olmadığı halda, heç bir problem ortaya çıxmayıb. Ümumilikdə, Azərbaycanda xüsusilə adını çəkdiyimiz qonşu dövlətlərlə müqayisədə daha çox dini dözümlülüyün olması şübhəsizdir. Azərbaycan dövləti qanuna zidd olmadığı təqdirdə bütün dinlərə və onlara aid təriqətlərə dözümlü yanaşır.Azərbaycan dövləti kimi onun vətəndaşları da dini dözümlülük məsələsində özlərini sözün həqiqi mənasında yaxşı şəkildə ifadə edirlər.

-Bu gün Azərbaycanda keçirilən çoxsaylı mədəni, dini tədbirlər dini plüralizmin göstərici sayıla bilərmi?

- Son illərdə Azərbaycanda milli-dini məsələlərə həsr olunmuş beynəlxalq forumların, konfransların, konqreslərin, simpoziumların həyata keçirilməsi bir ənənənə halına gəlib. Xüsusilə, dinlə bağlı beynəlxalq tədbirlərin həyata keçirilməsi, bu zaman Azərbaycandakı dini dözümlülüyün gerçək tərəflərinin bariz şəkildə ortaya qoyulması təqdirəlayiqdir. Xüsusilə, bu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan edilməsi müsbət haldır. Əslində İslam həmrəyliyi ili daha çox müsəlman xalqlarının bir-biri ilə qaynayıb qarışmasına yönəldilib. Yəni burada digər dinləri bir kənara qoymaq deyil, daha çox müsəlman xalqları arasındakı münasibətlərin inkişafı ön plana çəkilir. Bu anlamda Azərbaycanda İslam həmrəyliyi oyunlarının həyata keçirilməsi Azərbaycan xalqı ilə digər müsəlman xalqları arasındakı münasibətlərin inkişafına da öz müsbət təsirini göstərəcək. Bütün bunlarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi tədbirləri də alqışlamaq lazımdır.Bu komitə İslam dininin əsil mahiyyətinin xalqa daha yaxından çatdırılmasında mühüm rol oynamaqdadır. Eyni zamanda Komitənin bölgələrdə həyata keçirdiyi tədbirlərdə dini dəyərlərimizin doğru mənimsənilməsində müstəsna rol oynayır.

-Bütün bunlar həm də Azərbaycanın multikultural bir ölkə olduğu demək deyilmi?

- Bu gün Azərbaycanda multikulturalizm anlayışı bir çox hallarda yerində işlədilmir və anlaşılmır. Əslində Azərbaycan xalqının mədəniyyətinin nüvəsində Türk mədəniyyəti, adət-ənənələri dayanır. Əgər kimsə bunu qəbul etmirsə, bu başqa məsələdir. Amma gerçəklik odur ki, Azərbaycan xalqı tarixən türk mədəniyyətinin mərkəzi olub, bu gün də Türk dünyasının bir parçası olmağa davam edir. Ancaq bu o demək deyil ki, Azərbaycan xalqının mədəniyyətinin formalaşmasında digər xalqlar və onların mədəniyyətləri heç bir rol oynamayıb. Xüsusilə, bugünkü Azərbaycan mədəniyyətinin mövcudluğunda Türk mədəniyyətindən sonra İran və İslam mədəniyyətinin də müəyyən təsiri olub. Hər halda Azərbaycan alimlərindən, şairlərindən bir qisminin fars dilində, ərəb dilində əsərlər yaratması faktdır. Son əsrlərdə isə Azərbaycan alimləri arasında rus, ingilis və başqa dillərdə də əsərlər yazanlar olub. Demək istədiyimiz odur ki, Azərbaycan mədəniyyətinin əsasında öncə türk mədəniyyəti dayanır. Eyni zamanda ona digər mədəniyyətlərin, o cümlədən İran, İslam və Avropa-Rus mədəniyyətinin də təsirləri olub. Bu gün Azərbaycanda multikulturalizmdən bəhs edərkəın, ilk növbədə milli mədəniyyətin dərki, daha sonra digər mədəniyyətlərlə tanışlıq ön planda tutulmalıdır. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan xalqının milli varlığı onun milli-dini sərvətləri, o cümlədən onun dili, mədəniyyəti, tarixi, musiqisi və s dir. Bu anlamda Azərbaycan multikulrualizmi dedikdə, ilk növbədə milli-dini dəyərlərimizi və ondan irəli gələn milli-dini dözümlülüyümüzü ifadə etməliyik.Atalarımız demişkən, "əvvəlcə evin içi, sonra çölü".

-Ümumiyyətlə, Azərbaycan multikulturalizm ənənələrinə görə, nümunə ölkə rolunu oynaya bilərmi?

- Təbii ki, biz Azərbaycandakı multikulturalizm ənənələrini doğru şəkildə təbliğ edə bilsək, böyük uğurlar əldəedəbilərik. Bunun üçün sistemli işləmək, parakəndəliyi aradan qaldırmaq lazımdır. Öncə, Azərbaycan multikulturalizmi anlayışını, yuxarıda da dediyimiz kimi doğru, dolğun bir şəkilə salmalı, daha sonra onun gerçək tərəfini ifadə etməliyik. Başqa sözlə, biz minillərdən gələn praktiki ənənəni nəzəri şəkildə ifadə etsək daha doğru olar. Yoxsa, bəzən elə görünür ki, biz yeni bir nəzəriyyə yaradıb onu praktikaya çevirmək istəyirik. Halbuki burada yalnız bir iş olmaldır: minillərdən gələn xoşgörü ənənəmizi nəzəri şəkildə də sistemli bir hala gətirərək, onu dünyaya çatdırmaq. Əgər biz bu işi, yəni milli mədəniyyətimizdən qaynaqlanan çoxmədəniyyətli yaşama tərzini doğru ifadə etsək, o zaman dünyada öz sözümüzü deyə bilərik.

-Bəs ölkədəki plüralizmdən, multikultural ənənələrdən sui-istifadə hallarına yol verilirmi?

-Şübhəsiz, bəzi hallarda plüralizm və multikultural məsələlərdən istifadə edərək, milli dəyərlərə barmaqarası baxanlar da tapılır. Belələri, bu anlayışlardan istifadə edərəkmilli dəyərlərə qarşı hücumlara keçir, hər cür milli-dini dəyərləri mühafizəkarlıq, geriçilik kimi qiymətləndirirlər. Hesab edirəm ki, bir millətin varlığı ilk növbədə, onun milli və dini dəyərləridir. Hər bir millətin bilməli olduğu üç əsas dəyər vardır: Milli kimlik, Dini kimlik və Dövlət-Vətən kimliyi! Məncə, Milli kimliyini, Dini kimliyini və Vətən-Dövlət kimliyini yetərincə dərk etməyən vətəndaş üçün plüralizm və multikulturalizmin heş bir anlamı yoxdur. Çünki insan bu üç kimliyini dərk etdiyi halda digər xalqın təmsilçisinin dəyərlərinə də hörmətlə yanaşır. Öz dəyərlərini bilməyən, öz dəyərlərinə hörmət etməyən bir kimsənin, digər xalqın dəyərlərinə hörməti nə ola bilər ki!? Ona görə də, ilk növbədə, millət, din və vətən-dövlət dəyərlərini mənimsəməli, daha sonra da digər xalqların uyğun dəyərlərinə hörmət etməliyik. Özəllikllə, torpaqları iğşal altında olan bir xalqın milli-dini və vətən dəyərlərini öndə tutması hər şeydən vacibdir. Çünki işğal altında olan hər bir şeyimizi yalnız bu üç dəyəri mənimsəməklə geri qaytaracağıq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300