Prezidentin Dövlət Reklam Agentliyi yaradılması haqqında fərmanı ilə Bakı meriyası milyonların dövr etdiyi reklam bazarına nəzarəti itirmiş oldu; oliqarxiyanın hakimiyyətdən səlahiyyətsizləşdirilərək uzaqlaşdırılması prosesində növbə merə çatıb...
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov daha bir gəlirli sahəyə nəzarəti itirib. Məlum olduğu kimi, iyunun 20-də prezident İlham Əliyev Dövlət Reklam Agentliyi yaradılması haqqında fərman imzalayıb. Fərmanda deyilir ki, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Prezident Administrasiyası publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin
səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini 15 gün müddətində
hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
Publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək,
açıq məkanda reklam yerləşdirilməsi "Reklam haqqında” Qanunla müəyyən edilmiş
qaydada davam etdiriləcək.
Prezidentin sərəncamı ilə Aydın İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin
olunub.
İllərdir ki, BŞİH-in strukturunda Reklam və İnformasiya İdarəsi adlı bir qurum
fəaliyyət göstərir. Reklam və İnformasiya İdarəsi qanunvericiliklə küçə reklam
daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin verilməsini
təmin edir, şəhər ərazisində olan torpaqlarda, binalarda və digər obyektlərdə
yerləşdirilən küçə reklamına görə reklam yayıcıları ilə müqavilələr bağlayır,
küçə reklam daşıyıcılarının uçotunu aparır, dövlət və qeyri-dövlət, bayram,
işgüzar, idman və digər tədbirlərin təşkilində iştirak edir, idarənin maliyyə-təsərrüfat
fəaliyyəti və görülən işlərin tərkibi, kəmiyyəti, keyfiyyəti barədə statistik
hesabatlar hazırlayır, təhlil edir, təkliflər verir. Bu quru statistik məlumatların
arxasında isə gerçək olan hər ay milyonlar qazanılan reklam bazarı idi ki, BŞİH
illərdir bu gəlirli sahənin şəriksiz sahibi hesab olunurdu.
Bəzi məlumatlara görə, ölkədə reklam bazarının illik dövriyyəsi 100-150 milyon
manata yaxındır. Bu məbləğin yarıdan çoxu isə məhz çoxlarının adi lövhə kimi
gördüyü Bakının küçə reklamının - billboardların payına düşür. Bəzi mənbələr
iddia edir ki, Abutalıbovun rəhbərlik etdiyi meriya bu reklam biznesindən rəsmi
olaraq illik 50 milyon manatdan çox gəlir əldə edir. Mediada illərdir
Abutalıbovun tənqid hədəfinə çevrilməsinin əsas səbəblərindən biri də bu gəlirli
sahəyə nəzarət, daha doğrusu, nəzarətsizlik idi. İddialar var ki, mer və onun
yaxın adamları böyük bir meqapolisə çevrilmiş Bakının reklam bazarında illərdir
şəriksiz səlahiyyət sahibi olmaqla yanaşı, qurumun hesabına yığılan gəlirləri də
büdcədən yayındıra biliblər.
İnternet resurslarında Hesablama Palatasının illik hesabatlarında meriyanın reklam işlərində "əskiklər”(əlbəttə ki, cüzi məbləğ göstərilməklə) üzə çıxarması barədə məlumatlar var. Amma bu, sadəcə, reklam adlı biznesdən gələn gəlirin miqyası baxımından "dənizdə bir damladır”. Təsadüfi deyil ki, BŞİH reklam bazarından olan gəlirlərini ictimaiyyət üçün heç vaxt açıqlamayıb. Böyük ehtimalla bu pullar neft gəlirlərinin ölkəyə axdığı vaxtda korrupsiya "yemi”nə çevrilib. İndi isə hökumət hər bir manatın hesabatını aparmaqda maraqlıdır və bu proses təkcə BŞİH rəhbərliyi üçün deyil, digər dövlət strukturları rəhbərləri üçün də yaxşı gələcək vəd etmir.
Yada salaq ki, xeyli müddətdir ki, Abutalıbov da sabiq nəqliyyat naziri Ziya Məmmədov
nümunəsində olduğu kimi, nəzarət sahələrini itirməkdədir. Əvvəl nəqliyyat və
yolların təmir-tikintisindən uzaqlaşdırılan mer bir müddət əvvəl parkinqlərə nəzarəti
də itirdi. Bununla da Abutalıbov bir çox ciddi gəlir qaynaqlarından faktiki məhrum
edilib. Ekspertlərdən biri "Yeni Müsavat”a deyib ki, Abutalıbov Bakıdakı pul
axın xətlərini elə qarışdırıb ki, onları ancaq bu cür açmaq olar. Yəni hazırda
Bakının icra başçısının əlindən alınan sahələr onun "ərəb saçı”na döndərdiyi
biznes sahələrinin sağlamlaşdırılması sürəcidir.
Merin işdən uzaqlaşdırılacağı barədə çoxsaylı xəbərlər, iddialar hər zaman olub
və indiyədək də var. Çünki bu adam məmur kimi də, insan kimi də heç də normal
biri deyil. Bakı kimi bir mühüm şəhərə kimsə belə bir simanı yaraşdırmır və
buna görə də media dəfələrlə H. Abutalıbovu "işdən çıxardıb”. Amma görünən
budur ki, arzulananlar gerçək olur: BŞİH rəhbəri də oliqarxiyanın hakimiyyətdən
səlahiyyətsizləşdirilərək uzaqlaşdırılması prosesindən gec-tez yaxa qurtara
bilməyəcək. Məlumatlar var ki, Prezident Administrasiyasına və dövlət başçısına
ən çox narazılıq edilən qurumlardan biri də BŞİH barədədir. Bu da iqtidarla
Abutalıbovun yolayrıcı kimi izah edilir.
Aydındır ki, reklam biznesinin bir dövlət agentliyində cəmləşməsi ilə hökumət
illərdir ciddi nəzarətdən yayınmış milyonları yenidən büdcəyə yönləndirməyə
nail olacaq. Bu kimi qərarlar isə BŞİH rəhbərinin hakimiyyətdə etimad limitinin
itirməsini sübut edir. Bu proses heç də uzun çəkmir...//musavat.com