Məlum olduğu kimi, qədim Borçalı ərazisi və müxtəlif zaman kəsiklərində Gürcüstan idarəçiliyinin toponim dəyişdirmə siyasətinin nəticəsi olaraq Kvemo-Kartli adlandırılan bölgədə qeyri-rəsmi məlumatlara görə, 500 minə yaxın soydaşımız yaşayır.

(Qeyd: 27 iyun 2005-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasısındakı deputatı Rafael Hüseynov Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti və sosial problemləri barədə sənəd yaymış və burada Azərbaycan mənşəli toponimlərin bərpası zərurətini də vurğulamışdı. Sənəd Assambleyada müzakirəyə çıxarılmamış və tövsiyə sənədi olaraq 11 deputat tərəfindən imzalanmışdı).

Bolnisi (Bolus, yaxud Çörük Qəmərli), Marneuli (Sarvan), Dmanisi (Başkeçid), Qardabani (Qarayazı, Qaratəpə) kimi şəhərləri azərbaycanlıların daha sıx məskunlaşdığı ərazilər kimi qeyd etmək olar.

İldən-ilə sosial rifah halının kəskin aşağı düşməsi, işsizlik səviyyəsinin artması, bəzən yerli idarəçilikdə yaradılan əngəllər soydaşlarımızı yaşadığı əraziləri tərk məcburiyyətində qoyub.

Bundan əlavə, soydaşlarımızın yaşadığı dağ kəndləri vardır ki, su və yol problemi illərdir ki, həll edilmir.

Marneuli rayonunun bir neçə kəndində içməli su yoxdur. Sakinlər su gətirmək üçün bəzən 2 km-ə qədər yolu qət etməli olurlar. Yolların bərbad olduğu kəndlərə içməli suyun gətirilməsi xeyli çətin olduğundan insanlar müxtəlif kanal və arxların suyundan istifadə edir ki, bu da sağlamlıq üçün böyük təhlükədir.

Zalqa rayonunda da eyni vəziyyət hökm sürür.

Qızılhacılı, Gödəkli, Tecis kəndlərinə gedən yol da bərbad vəziyyətdədir.

Bundan əlavə, bir neçə il öncə Ermənistanla 300 metr məsafədə yerləşən Yırğançay kəndində içməli su, təbii qaz, eyni zamanda yol probleminin olduğu barədə məlumatlar daxil olmuşdu.

Bununla bağlı dəfələrlə müvafiq qurumlara edilən müraciətlərə baxmayaraq, problem həllini tapmır.

Heç kəsə sirr deyil ki, Azərbaycan-Gürcüstan siyasi münasibətləri ən yüksək səviyyədə, qarşılıqlı hörmət və ehtiram prisinsipləri üzərində qurulub. Bu gün ermənilərin çoxluq təşkil etdiyi Samsxe-Cavaxeti bölgəsindən fərqli olaraq, borçalılılar Gürcüstanın ərazi bötüvlüyü çərçivəsində yaşamağı və fəaliyyət göstərməyi üstün tutur. Ermənilərdən fərqli olaraq, soydaşlarımız separatizm meyllərinə köklənmir.

Lakin buna baxmayaraq, müəyyən zamanlarda müxtəlif partiya və blokların rəhbərlik etdiyi qonşu dövlətimiz heç də orada yaşayan soydaşlarımıza qarşı balanslı siyasət yürütməyib.

Gürcüstanda yaşayan azərbaycanlıların ən böyük problemi işsizlikdir.

Dəfələrlə ictimai-siyasi şəxslərin, fikir adamlarının səsləndirdiyi gürcü dili problemi hələ də azərbaycanlının gürcü cəmiyyətinə inteqrasiya olunmasını ləngidən başlıca amildir. Belə olan halda da, sözsüz ki, iş problemi ortaya çıxır.

Bəzən soydaşlarımızın gürcü dilini öyrənməyə təşəbbüs göstərməməsi, bəzən yerli hökumət orqanlarının bu işə laqeydliyi vəziyyəti daha da acınacaqlı duruma gətirib çıxarır.

Hətta bir neçə il öncəyə kimi Borçalıdakı məktəblərə və dövlət strukturlarına ancaq gürcülər təyin edilirdi. Müəyyən postlarda çalışan azərbaycanlılar testdən keçirilir və gürcü dilini bilməyənlər işdən xaric olunurdu.

Bundan əlavə, rəhbər vəzifələrə təyin edilən gürcülərin Azərbaycan dilində bilməməsi xeyli çətinliklər yaradırdı. Lakin mövcud vəziyyətə baxmayaraq, azərbaycanlılar son illərdə Gürcüstan siyasətində, ictimai-sosial həyatında təmsil olunmağa, müəyyən mövqe tutmağa başladılar.

Təxminən 2 həftə öncə azərbaycanlı gənc Zaur Darğallının Kvemo-Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadzenin müavini təyin olunması sevindirici xəbərlərdən biri idi. Həmçinin ötən ilin oktyabrında da baş tutan parlament seçkilərində 4 soydaşımızın deputat mandatı qazanması qürurverici duyğular yaşatdı desək, yanılmarıq.

Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faizinin səslərini toplayaraq deputat mandatı qazandılar.

Ölkənin əsas ana müxalifəti sayılan Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov isə proporsional siyahı üzrə mandat əldə etdi.

Bütün yaşanan problemlərə, edilən ayrı-seçkiliyə, göstərilən laqeydliyə baxmayaraq, ümid edirik ki, azərbaycanlılar Gürcüstan hökumətindən layiq olduğu münasibəti görəcək.

 

Kamran Ədalət, axar.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300