Elxan Şahinoğlu: "Nə vaxta qədər ki, beynəlxalq aləmdə ”sənin terrorçun, mənim terrorçum" prinsipi işləyəcək..."

Zaman-zaman dünya üçün təhlükəli olan terror təşkilatları və terrorçulara bəzi ölkələrin dəstək verdikləri, hətta onları yaratdıqları barədə iddialar səslənir. Hər hansı bir terror təşkilatı peyda olan kimi gözlər bəzi ölkələrin üzərinə dikilir.


Belə iddialar səslənir ki, dünyanın öndə gedən dövlətləri öz məqsədlərini həyata keçirmək üçün terror qrupları yaradır, onların siyasətinə əks gedən ölkələri onların əli ilə "cəzalandırır”. Məsələn, vaxtilə "əl-Qaidə”ni Amerikanın yaratdığı barədə çoxsaylı fikirlər var idi, indinin özündə də bu cür iddialar səslənməkdədir. Hazırda dünya üçün bir nömrəli problemə çevrilən İŞİD-in Qərb ölkələri tərəfindən yaradılması haqqında fikirlərə də tez-tez rast gəlməkdəyik. Bu terror təşkilatına qarşı aparılan qətiyyətsiz mübarizənin də məhz bu səbəbdən qaynaqlandığı vurğulanır. Qardaş Türkiyə üçün başağrısına çevrilən PKK-nin isə mövcudluğunda Rusiya kimi dövlətlərin adı çəkilir. Terrora dəstək verən bəzi dövlətlərə zaman-zaman edilən təzyiqlərin də şahidi olmuşuq. Son olaraq, Qətər bu cür təzyiqlərə məruz qaldı və hazırda bu ölkənin blokadası davam edir.


Politoloq Elxan Şahinoğlu terrorçulara verilən dəstəyi gizlətməyin mümkünsüz olduğunu bildirdi:"Müxtəlif zaman kəsiklərində terrorçu təşkilatları müxtəlif dövlətlər dəstəkləyiblər. Məsələn, bu sırada müxtəlif illərdə Şimali Koreya, Pakistan, İran və bir qrup Afrika ölkələrinin adları çəkilib. İndi isə Qətər hədəfə gəlib. Terrorçu təşkilatlara dəstəyi gizlətmək mümkün olmur, bu nə zamansa faş olur.

Terrorçulara gizli dəstəyə görə həmin dövlətlər əziyyət çəkirlər, onlara qarşı sanksiyalar həyata keçirilir ki, bu həmin dövlətləri zəiflədir. Ancaq iddialara qalsa, Amerika və Avropa ölkələrinin bir qismini də terrorçulara dəstək verən dövlətlər siyahısına salmaq olar. Məsələn, Amerikanın İrana qarşı əsas iddiası odur ki, Tehran ”Hizbullah" və "Həməs” təşkilatına maliyyə və silah dəstəyi verir. Bu iki qruplaşma İsraili hədəf alıb. Ona görə də Vaşinqton müttəfiqi İsrailin düşmənlərini özünün düşmənləri sayır və "Hizbullah”la "Həməs”i terrorçu təşkilat hesab edir. Ancaq məsələ burasındadır ki, Amerikanın terrorçu saydığı bu iki təşkilatı Türkiyə və Rusiya terrorçu saymır. Rusiya Suriya ərazisində terrorçu İŞİD-ə qarşı mübarizədə "Hizbullah”ın imkanlarından istifadə edir, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə "Həməs” liderlərini zaman-zaman Ankarada qəbul edərək onlarla geniş fikir mübadiləsi aparır. Doğrusu, bu hal mənə Fələstin Azadlıq Təşkilatının durumunu xatırladır. 20-30 il əvvəl Amerika və bir sıra Avropa dövləti Fələstin Azadlıq Təşkilatını və onun əfsanəvi lideri Yəsir Ərəfatı terrorçu adlandırırdılar. Halbuki Ərəfat xalqının və dövlətinin azadlığı uğrunda mübarizə aparır, Fələstinin müstəqilliyinə çalışırdı. Bəli, bu zaman İsrail rəsmiləri, diplomatları və hərbçiləri hədəf halına gəlirdilər. Ancaq İsrailin özü BMT qətnamələrinə rəğmən, Fələstinin müstəqilliyinə razılaşmırdı. İllər keçdikdən sonra Qərbin Ərəfata münasibəti dəyişdi və böyük saraylarda onu qəbul etməyə başladılar. Nəticədə "terrorçu” adlandırılan Ərəfat vətəninə qayıtdı və Fələstinin ilkin mərhələdə muxtariyyətinə nail oldu".

Image result for Politoloq Elxan Şahinoğlu

Politoloq terrorçular üzərində qələbə çalmağın çətinliyinə də toxundu:"”Terrorçu kimdir" sualına cavabda ikili standartlar mövcuddur. Məsələn, Amerika və Avropa Birliyinin aparıcı dövlətləri bir tərəfdən PKK-nı terrorçu təşkilat sayırlar, digər tərəfdən terrorçu adlandırdıqları təşkilata dəstək verirlər. PKK-çılar Almaniyada özlərini çox rahat hiss edirlər. Türkiyə Almaniya hökumətinə PKK-çılarla bağlı 4 minə yaxın raport verib, birinə də baxılmayıb. Terrorçular Almaniyada, Hollandiyada, Belçikada və digər dövlətlərdə yığdıqları xəracı PKK-nın Kandil dağındakı bazasına göndərir, onlar da həmin pulla silah və partlayıcı qurğular alaraq Türkiyədə qətliamlar və partlayışlar törədirlər. Başqa bir fakt. Bir qrup terrorçu İstanbulda Sabançı mərkəzinə hücum edərək, şirkətin rəhbərlərindən birini qətlə yetirmişdilər. Bundan sonra qatillərdən biri Belçikaya qaçdı. Türkiyə Brüsseldən həmin terrorçunu təhvil verməyi tələb etdi. Bunun əvəzinə terrorçu üzərində məhkəmə keçirildi və bir az sonra həmin şəxs ev həbsindən yoxa çıxdı. Açıq-aşkar Belçikanın hakim dairələri Türkiyənin ekstradisiya tələbini yerinə yetirməmək üçün terrorçu qatilin qaçmasına şərait yaratdılar. Və ya başqa fakt. İŞİD terrorçuları Parisdə dərgiyə hücum edərək bir neçə jurnalisti qətlə yetirdi. Buna cavab olaraq Fransa hakimiyyəti dünya liderlərini Parisdə etiraz nümayişinə dəvət etdi. Xeyli dövlət başçısı həmin etiraz nümayişinə qatıldı. Bundan bir neçə gün sonra PKK İstanbulda dəhşətli partlayış törətdi, onlarla vətəndaş qətlə yetirildi. Avropadan səs belə çıxmadı. Bunun özü də terrorçulara münasibətdə ikili standartlardan xəbər verir. Nə vaxta qədər ki, beynəlxalq aləmdə "sənin terrorçun, mənim terrorçum” prinsipi işləyəcək, terrorçular üzərində qələbə çalmaq çətin olacaq".


Cavanşir ABBASLI, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300