Natiq Cəfərli:
"Stimullaşdırıcı addımlar atılmalıdır ki, xarici investorlar dövlət əmlakının
özəlləşdirilməsində daha aktiv iştirak etsinlər”
Ötən ilin avqust ayından indiyədək dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı
35 hərrac keçirilib. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini
Rafiq Cəlilov deyib. Onun sözlərinə görə, bu hərraclarda 1100-dən çox əmlak hərraca
çıxarılıb ki, bunlardan səhiyyə, turizm, ictimai iaşə və digər sahələrdə böyük
obyektlər investisiya müsabiqəsinə çıxarılır. Rafiq Cəlilov yerli və xarici
sahibkarları bu obyektlərə investisiya qoymağa çağırıb.
O, bildirib ki, bu obyektlərə investisiya qoyan sahibkarlarla güzəştlər barədə danışıqlara hazırdırlar. Sahibkarları bu obyektlərə investisiya qoymağa və məhsul istehsal etməyə çağıran Əmlak Məsələləri Komitəsinin rəsmisi sözügedən sahələrə maraq göstərilmədiyinə də işarə edib. Maraqlıdır, sahibkarlar niyə bu obyektlərə investisiya yatırmır?
İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ümumiyyətlə, iqtisadi aktivlik çox aşağı düşüb və investisiya mühiti ürəkaçan deyil:"Yəni iş adamları hiss edirlər ki, qoyulan vəsaitlərin geri götürülməsi və ümumiyyətlə, gəlir götürmək getdikcə daha çətin olacaq. Çünki əhalinin alıcılıq qabiliyyəti aşağı düşür. Bu da biznes sahələrinə mənfi təsir göstərir. İkinci məsələ qiymətlə bağlıdır. Hərraclarda olan qiymətlər çox zaman daha yuxarı hədlərə çatır ki, bu da iş adamlarının marağının daha da azalmasına səbəb olur. Əslində dövlət əmlakının özəlləşdirilməsi məsələsi o zaman effekt verir ki, ölkədə iqtisadi canlanma var və xarici investorlar üçün də münbit şərait var. Rəqabətli mühit yaranır və getdikcə xarici investorların dövlət əmlakına marağı artır. Bu özəlləşdirmədən dövlət büdcəsi daha çox gəlir götürür.
İndiyədək aparılan özəlləşdirmədən
ümumi büdcəyə daxil olan vəsaitin həcminin kfayət qədər kiçik olduğu ortaya
çıxır və belə məlum olur ki, bu özəlləşdirmə proqramları həm investorların
marağının kifayət qədər aşağı olmasını sübut edir, həm də dövlət büdcəsi bundan
istənilən səviyyədə vəsait əldə edə bilmir. Ona görə də özəlləşdirmənin indiki
mərhələsində daha vacib olan məsələ iqtisadi aktivliyin artırılması ilə bağlı
yolların tapılmasıdır. Şirnikləndirici, stimullaşdırıcı addımlar atılmalıdır
ki, xarici investorlar dövlət əmlakının özəlləşdirilməsində onlar daha
aktiv iştirak etsinlər. Bu həm ölkəyə əlavə valyuta gətirilməsinə, həm də
yeni texnologiyanın, yanaşmanın, yeni idarəetmə fəlsəfəsinin yaranmasına səbəb
olacaq ki, bunun da iqtisadiyyata çox müsbət təsiri olacaq. İndiki şəraitdə nə
yerli, nə də xarici investorlar bu tip özəlləşdirmə proqramlarına ciddi maraq
göstərmirlər”.
"Vergi yükü kifayət qədər ağırdır”
Ekspert əlavə edib ki, əslində müstəqillikdən üzübəri iş adamları dövlət
orqanlarının onların işinə müdaxilə etməsindən şikayətləniblər:"Bu müdaxilə artdıqca onların
əlavə xərcləri də artır. Eyni zamanda dövlət məmurları üçün rüşvət imkanları da
yaranır. Amma etiraf etmək lazımdır ki, son zamanlar yoxlamalarda kifayət
qədər azalmalar var. Yəni artıq dövlət orqanları da anlayırlar ki, çox ciddi şəkildə
iş adamlarına basqı qurmaqla iqtisadi irəliləyişə nail olmaq mümkün olmayacaq.
Bu məsələdə az da olsa, irəliləyiş var. Söhbət ondan gedir ki, Azərbaycanda
vergi yükü, iş şəraiti kifayət qədər ağırdır. Bir neçə ay bundan öncə Vergi Məcəlləsinə
bir gecədə 201 dəyişiklik olub. Dünyanın heç bir ölkəsində vergi qaydalarının
bu qədər birdən-birə sürətlə və böyük həcmlə dəyişməsi görünməz bir haldır.
Bu iş adamlarına pis bir mesajdır. Tez-tez oyun qaydalarının dəyişməsi, vergi həcmləri və yükünün artması iş adamlarını çəkindirən əsas amillərdən biridir. Rüşvət, korrupsiya məsələləri də rol oynayır ki, bu Azərbaycanın xroniki xəstəliyidir. Əsas problem iqtisadi aktivliyin zəifliyi, insanların alıcılıq qabiliyyətinin aşağı düşməsidir ki, iş adamları bu səbəblərə görə investisiya layihələrinə və ümumiyyətlə, biznes aktivliyinə maraq göstərmirlər”.
Alçina Amilqızı
Cebhe.info