Abdulla Əfəndizadə Azərbaycan məhkəmələrindəki qanunsuzluq və süründürməçilikdən narazıdır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUP DK) adı qarışan qovğa haqda yazmışdıq. Dubay Əmirliyində bank sektorunda çalışan Qırğızıstan Respublikasının vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. İşdə AQUP DK-nın vəzifəli şəxsinin adı da keçir.

Merim Beishekeyeva 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı bir çox dövlət qurumlarına müraciət edib. Ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana, AQUP DK-nın sədrinə müraciətlər ünvanlayıb. Yerli və xarici KİV-ə də başına gələnlər haqda müraciətlər yollayıb. AQUP DK-ya qəbula gedib, amma onu qəbul etməyiblər.

Merim Beishekeyevanın nümayəndəsi Abdulla Əfəndizadə deyir ki, hazırda iş üzrə bir neçə iddia qaldırıblar. Azərbaycan məhkəmələrində həmin iddialar üzrə proseslər olduqca ləng və qanun pozuntularına yol verilməklə aparılır. A.Əfəndizadə deyir ki, 1 saylı İnzibati İqtisad Məhkəməsinə azyaşlı Ceyla Bağırovanın adına Azərbaycanda 2012-ci ildə verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılması, ləğv olunması, azyaşlıya 2016-cı ildə verilmiş şəxsiyyət vəsiqəsinin fəaliyyətsiz sayılmasına dair iddia veriblər. Nümayəndə deyib ki, anasından Dubayda oğurlanaraq Türkiyə üzərindən Azərbaycana gətirilən azyaşlı C.Bağırova Amerika vətəndaşıdır. Bunu təsdiq edən ABŞ-da verilmiş sənədlər də var.

Məsələn 2012-ci il 16 noyabrda Nyu-York şəhərində AM seriyalı doğum şəhadətnaməsi, 13 dekabr 2012-ci ildə isə P USA seriyalı 488048595 nömrəli pasport verilib. Nümayəndə deyir ki, bu sənədlər var ikən Azərbaycanda Ceyla Bağırovanın adına verilmiş sənədlər qanunsuzdur.

A.Əfəndizadə 1 saylı İnzibati İqtisad məhkəməsinin sədri Rəşid Rzayevə və hakim Museyib Bayramova ərizə ilə müraciət edərək süründürməçiliyə və qarşı tərəfə tərəfkeşlik etməməyə çağırıb. Nümayəndənin sözlərinə görə, belə bir ərizə yazmasının səbəbi var. Çünki 1 iyun 2017-ci ilə təyin olunmuş məhkəmə prosesindən əvvəl uşağın anasının razılığı olmadan Bakıya gətirən D.Bağırov ona zəng edib və prosesin təxirə salınacağını, məhkəmənin özünün xeyrinə qərar verəcəyini deyib. Məhkəmə həmin gün müşavirəyə gedib və qərarı iyunun 5-də elan edəcəyini bildirib.

Ə.Əfəndizadə hesab edir ki, məhkəmənin D.Bağırovun dediyi kimi təxirə salınması təsadüfi deyil. Nümayəndə qeyd edir ki, Ceyla Bağırovanın adına sənədlərin alınması ilə bağlı araşdırma aparıb, aydın olub ki, qanunsuzluqda əli olan Davud Bağırovun DK-də məsul vəzifədə çalışmış bacısı Cəmilə Bağırovadır.

Nazirlər Kabinetinin qərarına görə, Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı Qaydası təsdiqlənib. Həmin qaydanın 1.14 maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqda şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Həmin şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Merim Beshekiyeva və Davud Bağırov Cəmilə Bağırovaya belə bir etibarnamə verməyiblər.

Həmin qaydanın 2.3. maddəsinə əsasən doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində qeydiyyat şöbəsinə müraciət olunmalıdır. Əks halda doğum haqda şəhadətnamə məhkəmə qaydasında alınmalıdır. Ceyla Bağırova 2 noyabr 2012-ci ildə Nyu-Yorkda anadan olub. Azərbaycanda isə qanunsuz olaraq onun adına doğum şəhadətnaməsi valideynlərindən heç birinin etibarnaməsi olmadan, 1 aylıq müddət xeyli ötəndən sonra alınıb. Həm də şəhadətnamə qanunda göstərildiyinin ziddinə olaraq məhkəmə qaydasında verilməyib – müddət ötdüyündən şəhadətnamə mütləq şəkildə məhkəmə qaydasında alınmalıdır. A.Əfəndizadə deyir ki, Azərbaycan məhkəmələri qanunun birmənalı şəkildə tələb etdiyi qaydaların pozuntusunu təsdiqləmək üçün aylarla vaxt uzadır. Həmin qaydanın 2.5.7. maddəsinə əsasən isə yeni doğulan uşağa şəhadətnamənin verilməsi valideynlərdən biri, yaxud hər ikisi əcnəbi, və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd tələb olunur. Merim Beshekiyeva belə bir sənədi Azərbaycanın müvafiq orqanlarına təqdim etməyib.

A.Əfəndizadə hesab edir ki, Cəmilə Bağırovanın Dubayda oğurlanmış Ceylanın Bakıya gətirilməsində də rolu var. Çünki D.Bağırov həyat yoldaşına şər atıb istintaqa cəlb etdirəndən bir neçə saat sonra Cəmilə Bağırova və anası Ramidə Əhmədova 2 oktyabr 2015-ci ildə Azərbaycandan Dubaya gediblər. Növbəti gün – 3 oktyabr 2015-ci ildə səhər 8:30-da Dubay polisi D.Bağırovun şikayətinin əsassızlığına görə M.Beihkiyevanı azad edir. Və o dərhal övladını axtarmağa başlayır. Həmin gün günorta 12:16-da İstanbul reysi ilə D.Bağırov anası, bacısı və Ceyla Bağırova ilə birgə Dubaydan qaçırlar və sonradan Bakıya gəliblər. A.Əfəndizadə deyir ki, Ceyla Bağırovanın anası Merim Beishekiyevaya qaytarılması haqda Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərar da var. D.Bağırov isə həmin qərarı icra etməkdən yayınır.

Nümayəndə qeyd edir ki, Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovla 2011-ci ildə ailə həyatı qurub. Birgə nikahdan 2 noyabr 2012-ci il təvəllüdlü qızları Ceyla Bağırova anadan olub. ABŞ-ın Nyu-York şəhərində doğulan C.Bağırovaya bu dövlətin vətəndaşlığı verilib. Sonradan ailədə D.Bağırovun hərəkətləri üzündən problem yaranıb. Merim Beishekeyeva D.Bağırovun onu incitdiyindən, ailəyə baxmadığından 14 iyul 2015-ci ildə Dubay İbtidai Şəriət Məhkəməsinə "nikahın pozulması, azyaşlı Ceyla Davud qızı Bağırovanın anasının himayəsində qalması, alimentin tutulmasına” haqda iddia təqdim edib. Məhkəmənin gedişatı zamanı D.Bağırov polisə yalan, böhtan xarakterli məlumatlar verib. Həyat yoldaşının pozğun həyat tərzi yaşadığını, narkotiklərdən istifadə etdiyini, spirtli içki aludəçisi, fahişəliklə məşğul olduğunu bildirib.

Nümayəndə deyir ki, D.Bağırovun polisə verdiyi məlumatla əlaqədar M. Beishekeyeva 2015-ci il oktyabrın 1-də axşam 7-də saxlanıb, 8-9 saat ərzində onu dindiriblər. Onun narkotik aslılığı, spirtli içki aludəçisi, zöhrəvi xəstəliklərinin olub-olmamasını aydınlaşdırmaq üçün 4 ekspertiza təyin edilib. Ekspertizaların nəticəsi M. Beishekeyeva haqda şikayətdə göstərilən iddiaların əsassızlığını ortaya qoyub. Nümayəndə deyir ki, Merim Beishekeyeva ali təhsildir, 3 xarici dili yüksək səviyyədə bilir, əvvəllər bank sistemində məsul vəzifələrdə çalışan gənc xanımdır. Nümayəndə bildirir ki, M.Beishekeyeva dindirmələrlə əlaqədar saxlanıldığı müddətdə D.Bağırov özünün yaxın tanışı Zarina Jakşenbayeva ilə onun yaşadığı mənzilə girib, oradan bütün sənədləri, azyaşlı qızı Ceyla Bağırovanı oğurlayıb. Bu fakt Dubay məhkəməsinin qərarında da öz təsdiqini tapıb. Uşağı 3 oktyabr 2015-ci ildə Dubaydan Türkiyəyə aparıb, oradan isə Bakıya gətirib. Nümayəndə deyir ki, müvəkkili bütün bu olaylara D.Bağırovun bacısı AQUP DK-ın əməkdaşı Cəmilə Davud qızı Bağırovanın rəhbərlik etdiyi qənaətindədir.

Nümayəndə iş üzrə azyaşlı oğurlanmazdan əvvəl Merim Beishekeyeva Dubay məhkəməsinə müraciət edib və D.Bağırovla nigahlarının pozulmasını tələb edib. Həmin iddia üzrə hazırlıq iclasında tərəflərə vətəndaşları olduqları ölkələrdə məhkəmələrə müraciət etmək hüquqları izah edilib. Lakin iddiaçı və cavabdeh iddiaya Dubay məhkəməsində baxılmasını istəyiblər. Dubay məhkəməsində proses keçirildiyi vaxtda D.Bağırov Azərbaycanda Səbayel Rayon Məhkəməsinə Merim Beishekeyevaya qarşı oxşar iddia verib. Səbayel Rayon Məhkəməsi iddianı təmin edib. Dubay Əmirliyinin birinci instansiya məhkəməsi isə Merim Beishekeyevanın iddiasını təmin edərək nikahı pozulmuş hesab etməklə azyaşlı Ceyla Bağırovanın anasının himayəsində qalmasını, uşağın ona qaytarılmasını və aliment ödənilməsini qət edib. Sonradan BƏƏ Ali Məhkəməsi öz qərarı ilə bu qətnaməni qüvvədə saxlayıb. Həmin qərardan sonra D.Bağırov Dubaya getməyib.

M.Beishekeyeva övladı oğurlanandan sonra saxta sənədlər düzəldilməklə Azərbaycana gətirildiyini də dövlət qurumlarına müraciətində qeyd edib. M. Beishekeyeva 5 fevral 2017-ci ildə anası ilə birlikdə Azərbaycana gəlib. 8 fevral 2017-ci ilə qədər dəfələrlə azyaşlı qızı Ceyla Bağırova ilə görüşməyə cəhd edib. Davud Bağırov Azərbaycanda çox nadir halda, çox qısa müddətə gəlib-getdiyindən onu tapa bilməyiblər. Övladının Davudun anası Ramidə Əhmədova və bacısı AQUPK-də uşaq hüquqlarının müdafiəsi üzrə məsul vəzifədə işləyən Cəmilə Bağırovanın yanında ola biləcəyini təxmin etdiyindən onların ünvanlarına gediblər. Onlara zəng vurub qızı ilə heç olmasa onların iştirakı ilə 10-15 dəqiqə görüş istəyib. Uşağa gətirdikləri hədiyyələri təqdim etmələrinə şərait yaradılmasına yalvarsalar da keçmiş qaynanası və baldızı ona rəhm etməyiblər.

Nümayəndə deyir ki, bunun əvəzində müştərisinin ünvanına hədələr yağdırılıb. Cəmilə Bağırova komitə sədri Hicran Hüseynova ilə çox yaxşı münasibəti olduğunu onun diqqətinə çatdırmaqla, yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deməklə hüquqlarını çox qabardacağı təqdirdə Bakıdan gedəndə gömrükdə və Sərhəd Xidmətində onun çantasından, cibindən narkotik tapıla biləcəyi ilə hədələyib. Nümayəndə Merim Beishekeyevanın övladının sənədlərin saxtalaşdırılması ilə bağlı apardıqları araşdırmalarının nəticələrindən də danışıb. Deyib ki, Cəmilə Bağırova öz səlahiyyətlərindən sui-istifadə edərək 12 dekabr 2012-ci ildə Səbayel Rayon Qeydiyyat Şöbəsinin razılığı ilə azyaşlı Ceyla Bağırovaya AZ-II № 970077, 1479-cu nömrə ilə 12 dekabr 2012-ci il tarixi ilə qeydiyyatdan keçmiş doğum şəhadətnaməsi alınıb.

Şəhadətnamə alınarkən Merim Beishekeyeva qızı ilə Amerikada, Davud Bağırov isə Dubayda olublar. Merim Beishekeyeva uşağı dünyaya gətirənə qədər D.Bağırovla Bakıdan 2012-ci ilin sentyabrında çıxıblar, aylar sonra -2013-cü ilin aprelində Bakıya gəliblər. Nümayəndə sual edir: "Merim Beishekeyeva və Davud Bağırov Azərbaycanda olmadıqları halda həmin doğum şəhadətnaməsini necə verilib və ya alınıb?”

E.MƏMMƏDƏLİYEV

P.S Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300