Rusiyada Züqanov, Bakıda Tükanov... bunlar adam olmadı...

97 il əvvəl Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi faktı və Azərbaycanda solçuların hələ də bunu işğal kimi qəbul etməməsi mövzusunda KXCP sədri Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edirik.

- Mirmahmud bəy, publisist Həmid Herişçi bəyan edib ki, 28 aprel işğal tarixi deyil. Onun fikrincə, həmin ərəfədə Türkiyə Azərbaycanı satıb. Sizin bu iddialara cavabınız nədir?

- Həmid Herisçinin atası, rəhmətlik Qafar Kəndli bu məsələləri daha gözəl bilirdi, nəinki Həmidin özü. Həmidin fikirləri Azərbaycana düşmən fikirlərdir və o fikirləri bölüşmək olmaz.

İkincisi, kommunist partiyasının soyadına Tükanov deyilən sədri var. Bilin ki, onun soyadı Tükanov deyil, Tükənovdur. Bu adam hələ soyadını düzəldib başa çatdıra bilmir, amma elə hey danışır. Rusiyada Züqanov, burada da Tükənov. Vəssalam. Kim nə istəyirsə, danışır.

Üçüncüsü və ən mühümü, 1991-ci ilin 18 oktyabrında qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında birmənalı yazılıb ki, 1920-ci ilin 28 apreli işğal aktıdır. Bu, bizim konstitusiyamızda təsbit edilib. İndi kim başqa cür danışırsa, gedib Rusiyaya qoşulsun, öz işləri ilə məşğul olsun. Bir dövr Azərbaycanda özündən müştəbeh alimlər vardı və yazırdılar ki, Azərbaycan 28 apreldə Rusiyaya ilhaq edilməyib, könüllü şəkildə birləşdirilib.

Kifayət qədər belə yalan kitablar yazdılar, alim oldular, elmi adlar aldılar, professor oldular, amma heç adam olmadılar. Dünyasını dəyişib getdilər. Hazırda dünyada rus dilində danışanların sayı azalır, amma bizdə rusdilli məktəblərin sayı çoxalır.

Əlbəttə, Azərbaycan mediasının tərkib hissəsi olan qəzet və saytlara demək olmaz ki, siz filankəsdən müsahibə almayın. Amma düşməndən də çox müsahibə almazlar. Bir sıra şəxslər kimliyindən asılı olmayaraq, əgər bu millətin, dövlətin, bayrağın və müstəqilliyin əleyhinədirsə, onlara bu torpaqda yaşamaq və hava almaq haramdır. Ayibdir, vallah. Bəziləri bir qədər də irəli gedərək deyirlər ki, Azərbaycanda rus dilinə ikinci status vermək lazımdır. Belə adamların dilini kəsmək lazımdır ki, otursunlar yerlərində, Azərbaycanın müstəqilliyinə əl uzatmasınlar və başlarından böyük danışmasınlar.

- Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənovdan misal çəkdiniz. Tükənov son açıqlamasında deyib ki, əgər 28 aprel tarixi olmasaydı, indi sağ partiya rəhbərlərinin çoxu rayonlarda mal-qara otarırdı. Başqa sözlə, 28 aprelin nəticəsində onlar ali savad ala biliblər...

- Bu adam nə danışdığını bilmir, ona əhəmiyyət vermək də lazım deyil. O, hesab edir ki, nəsə danışır, qiymətli fikirlər deyir. Bəyəm xoruz olmayanda səhər açılmırdı ki, SSRİ olmasaydı, Azərbaycanda da təhsil olmayacaqdı? Bu adam soyadını, danışdığını bilmir. O, Allahına şükür eləsin ki, hələ onun Azərbaycanda danışmasına imkan yaradırlar. Baxın, bu adam ötən həftə açıqlamasında deyib ki, aprelin 22-də yeyib-içəcəyik, şənlənəcəyik və hələ Lenin sağlığına da badə qaldıracağıq. Təsəvvür edin ki, bu adam "sağlıq”la "şərəf”in fərqini bilmir. Məncə, onun danışığına ciddi fikir verməyə dəyməz. Bu adamda bizim dildə danışan gerizəkalımızın biridir.

- Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov isə bəyan edir ki, 28 aprel Azərbaycanın şanlı tarixidir və bu inkar edilməz faktdır...

- Azərbaycanda bir neçə kommunist partiyası var. Məncə, onlar ilk olaraq gedib öz partiyalarının möhürünü rəhmətə gedən sədrlərinin həyat yoldaşından almalıdırlar. Bundan sonra isə gəlib danışsınlar və biz də onların ağzına möhür vuraq.

- Sizcə, 28 aprel tarixi öz obyektiv qiymətini alıbmı?

- Yox, almayıb. Əgər bu tarixi hadisə öz obyektiv qiymətini alsaydı, biz söhbətimiz zamanı özünə hörmət etməyən, amma bizim hörmət etdiyimiz adları çəkməzdik. Bu gün sadəcə təhlükə, təzyiq var. Məncə, bu tarix mütləq qiymətini tapmalıdır. Əgər bu gün Türkiyə və Azərbaycan şahinləri birgə təlim keçirlərsə və buna dözməyən Rusiya Xəzərdə donanma təlimlərinə başlayıbsa, deməli, 28 aprel təhlükəsi tam sovuşmayıb. Biz hesab edirik ki, Azərbaycan hökuməti, parlamenti, siyasi və ictimai qurumları ayıq-sayıq olmalıdır. Biz millətçi demokratlar olaraq sayığıq.

- Nəyə görə, son dövrlər bizdə 28 aprel tarixini dəstəkləyənlərin sayı artmağa başlayıb?

- Vahid komanda var və işləyir. Təsəvvür edin ki, Kreml Jirinovskini danışdırır, bəzi sözləri onun dili ilə deyir, bizim adamlarda düşünür ki, Jirinovski qeyri-ciddi adamdır. Hesab edirəm ki, bizim mövqeyimiz birmənalı olmalıdır. Başqa sözlə, biz Azərbaycanda dövlətçiliyin qorunması, möhkəmləndirilməsi, müstəqilliyimizin daimi olması üçün əlimizdən gələn addımları atmalıyıq.

NEMƏT, teleqraf.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300