"BMT Baş Assambleyasının 8
dekabr 2016-cı il tarixli A/RES/71/125 qətnaməsi ilə 26 aprel Çernobıl Fəlakətinin
Anım Günü elan olunub. 26 aprel 1986-cı ildə baş vermiş Çernobıl nüvə fəlakəti
insanlıq tarixində ən dəhşətli fəlakətlərdən biridir. Çernobıl qəzasından 30
ildən artıq müddətin keçməsinə baxmayaraq onun doğurduğu radioaktiv, humanitar,
ekoloji, sosial-iqtisadi fəsadlar hələ də qalmaqdadır”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyevin Çernobıl Fəlakətinin Anım Günü
(International Chernobil Disaster Remembrance Day) ilə əlaqədar şərhində
deyilir.
H. Hacıyev qeyd edib ki, bu fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycandan
7000 nəfərdən artıq insan iştirak edib. Onun sözlərinə görə, Çernobıl qəzası
baş verən dövrdə Azərbaycan qəzadan bilavasitə əziyyət çəkən 7000-dən artıq şəxsin
müvəqqəti olaraq ölkə ərazisində yerləşdirilməsi, təminatı, reabilitasiyası və
müalicəsini təşkil edib: "Hazırda Azərbaycanda 5000 nəfərə yaxın Çernobıl əlili
var. Ötən müddət ərzində 2000 nəfərdən artıq Çernobıl əlili vəfat edib. Dəhşətlisi
odur ki, hətta Çernobıl əlillərinin övladları da əksər hallarda radioaktiv
şüalanmanın fəsadları və nəticələrindən əziyyət çəkirlər.
Azərbaycan hökuməti yürütdüyü sosial xarakterli siyasət əsasında Çernobıl əlillərinə
daim qayğı göstərir və onların sosial problemləri aradan qaldırır. Çernobıl Fəlakətinin
Anım Günü münasibətilə bu faciədən bilavasitə əziyyət çəkmiş Belarus, Ukrayna və
Rusiya ilə həmrəyliyimizi bildirərək, beynəlxalq ictimaiyyətin diqqətini
Çernobıl AES-in texnologiyasına əsasən 1976-cı ildə tikilmiş Ermənistan ərazisindəki
Metsomor atom elektrik stansiyasının (AES) doğurduğu təhlükəyə cəlb etmək istərdik.
Metsamor AES bu gün Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən yeganə
stansiyadır. Tikildiyi dövrdən etibarən stansiyada ciddi və köklü təmir işləri
aparılmayıb. Metsamor AES xüsusi fəallığı ilə seçilən aktiv seysmik zonada yerləşir.
Ermənistanın bu AES-i texniki təhlükəsizlik tələblərinə uyğun olaraq saxlamaq və
istismar etmək üçün maddi resursları çatışmır, tələb olunan ehtiyat hissələr
vaxtında dəyişdirilmir. Stansiyanın istismarının tələblərə uyğun təmin edilməsi
üçün Ermənistanda kadr potensialı çatışmır və SSRİ dövründə təlim görmüş mütəxəssislərin
əksəriyyəti ölkəndən miqrasiya ediblər”.
H. Hacıyevin sözlərinə görə, 11 sentyabr hadisələrindən
sonra təyyarələrin bu və ya digər səbəbdən AES-lərlə toqquşması zamanı yeni təhlükəsizlik
standartları tətbiq edilsə də, Metsamorun AES-in bu tələblərə cavab verməsi
ciddi sual altındadır:"Bundan
əlavə, Metsamorun fiziki mühafizəsi lazımı qaydada təşkil olunmur. Metsamor
stansiyası nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün baza rolunu oynayır və dəfələrlə
digər ölkələrin ərazisində Metsamordan çıxarılmış radioaktiv maddələr
saxlanılıb. Texnologiyanın köhnə olması və stansiyanın fəaliyyətində texniki təhlükəsizlik
qaydalarına lazımınca riayət olunmaması Ermənistan və region üçün ciddi ətraf
mühit problemləri yaradır, su hövzələrini və transregional çayları radioaktiv
çirklənməyə məruz qoyur. Həmçinin stansiyanın fəaliyyəti qeyri-şəffaf xarakter
daşıyır və orada davamlı şəkildə baş verən texniki nasazlıqlar və qəzalar
haqqında ictimaiyyətə məlumat verilmir. "National Geographic” tərəfindən
Metsamor mövcud AES-lər arasında ən təhlükəli AES kimi qiymətləndirilib. Bu
kimi köklü və ciddi problemlərin olduğu halda, Ermənistanın mənəvi və texniki
baxımdan öz resurslarını tükətmiş Metsamor atom elektrik stansiyasının
istismarını davam etdirməsi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətsiz
davranışın növbəti nümunəsidir. Ermənistan Çernobıl faciəsinin nəticələrindən dərs
çıxarmaq əvəzinə bu addımı ilə Xəzər, Qara və Aralıq dənizi hövzələri boyunca
milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur. Bolqarıstan və
Slovakiya ərazisində eyni texnologiya ilə fəaliyyət göstərən AES-lərin fəaliyyəti
Avropa İttifaqının dəstəyi ilə dayandırılıb. Avropa İttifaqı və digər təsisatlar
tərəfindən Ermənistana Metsamor AES-in dayandırılması üçün dəstək təklif edilsə
də Ermənistan bundan imtina edir”.
H. Hacıyev qeyd edib ki, Ermənistan Respublikasının bu siyasəti Nüvə
Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında
imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və
ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə
qarşı Beynəlxalq Konvensiya, AEBA-nın "Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə
Davranış Məcəlləsi” və "Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları”,
habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların
çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı
qətnamələri, həmçinin Sərhədyanı ərazilər kontekstində Ətraf mühitə təsirin
qiymətləndirilməsi üzrə konvensiyanı (UN Espoo Convention) ciddi şəkildə
pozulmasıdır: ”Fürsətdən istifadə edərək əsasən BMT və onun müvafiq
strukturları, o cümlədən AEBA başda olmaqla aidiyyəti beynəlxalq təsisatları,
region dövlətlərini, ətraf mühit sahəsində ixtisaslaşan vətəndaş cəmiyyəti təşkilatlarını,
beynəlxalq kütləvi informasiya vasitələrini, Ermənistan ictimaiyyətində olan
sağlam düşüncəli insanları regionu Çernobıl kimi nüvə təhlükəsi ilə üzbəüz
qoyan Metsamor AES-in dayandırılması istiqamətində səylərin artırılmasına
çağırırıq”.