Ayrı-seçkiliyə qarşı çıxan bizi ölkə daxilində iki yerə bölüblər: AzTv-dəki Azərbaycan və bizim yaşadığımız Azərbaycan

 


Hamı AzTv-dəki Azərbaycanda yaşamaq istəyir. 

Oranın həsrətini  çəkir, "kaşki orda yaşayardıq" deyirlər. Anlamıram, nəyinizə lazımdı bu? Gül kimi ölkəmiz var. AzTv-nin Azərbaycanında yaşasanız, Koroğlu və bəzi metro stansiyalarının çıxışlarında taksi sürücülərinin qışqırığına həsrət qalacaqsınız. Halbuki adam özünü ulduz kimi  hiss edir ordan keçəndə. Və ya keçidlərdə limon, salfet satanların olmasının nəyi pisdir? Hələ keçidlərdə tərəzi qoyub, insanların çəkisini çəkənləri demirəm. Bunların hamısı vətəndaşa xidmətin verdiyi sevgidən irəli gəlir. Lap çox qabağa getsəz, başıaşağı-sakit görünən bəzi qızlarımızın xoşlarına gəlməyən hal olanda "qaqalar" kimi əl-qolla danışmasını, təhqirə keçib "konsert" verməyini görməyəcəksiz. 

Mən hələ adamı tapdalayan xalaları, söz atan dayıları demirəm. Avtobusdan düşəndə sürücüyə, restoranda ofisianta təşəkkür etməyi "yersiz" bilmək kimi kreativ fikirlərimiz də var. Bizim güclü mübarizliyimiz də var. Öz fikrini qarşı tərəfə nə olursa olsun, həqiqət kimi qəbul etdirmək üçün dəridən qabıqdan çıxmağımız nəyə desəniz dəyər. 

Milli-mənəvi dəyərləri əldə bayraq tutub, ictimai nəqliyyatda yer üstündə davaya çıxmağımız, ailə tərbiyəsini söhbətə qatıb rəngarəngliyi artırmağımız, gəncləri mədəniyyətsizlikdə günahlandırmağımız mentalitetə verdiyimiz dəyərin bariz nümunəsidir. Yer üstündə düşən davaların haqlı nəticəsi budur ki, xalalar həmişə oturmaq üçün yer tapmalıdılar. Onların ayaqüstə yol getməsi milli-mənəvi dəyərlərimizə ağır zərbədir. Böyüklər kiçikləri anlamasalar da, olar. Əsas  odur ki, xalalara ictimai nəqliyyatda oturmağa yer verilsin. 

AzTv-nin Azərbaycanında maraq aşağı səviyyədədir. Məsələn, orda avtobuslardan sakit istifadə edirlər. Halbuki bizim avtobuslarda hər cür ekstrim hallar görmək olur. Fərqlilik olsun deyə avtobus gedəndə qapısını açıq qoyuruq, 2-3 adamda qapıdan sallanır. Başqa sərnişinlər də onlara maraqla baxır, cəsarətlərinə heyran olurlar. Və ya avtobusun "perekos" getməyi var. Bizim Yaradanı unutmamağımız  üçün əla şəraitdir. Avtobusdan düşənə qədər Allaha dua edirik ki, avtobus aşmasın. Utanmasaq,  bizə bu şəraitləri yaradanları alqışlayarıq. Çünki onların sayəsində yolboyu mənalı dəqiqələr yaşayırıq.

Dayanacaqlarda siqaret kötüklərinin yerlə bir olması da fərqli zövqümüzdən irəli gəlir. Təsəvvür edin ki, siqaret çəkəndən sonra kötüyünü aparıb zibil qutusuna atırsan. Necə də sıxıcı həyat olar! Ondansa, kötüyü yerə at, həm sən fərqliliyini sübut etmiş ol, həm də yerdə ağ-ağ bəzəklər yaransın.

Günümüz o qədər xoş keçir ki, ən önəmli oyuncağımız puldur. Dövlət vətəndaşına, vətəndaş öz vətəndaşına maraq olsun deyə pul fırladır. Arada "balamın canı üçün", "balamın ölmüşünə" sözlərini də oyun inandırıcı keçsin deyə işlədirik. Yoxsa, nəyimizə lazımdır pul?! Böyük-böyük dövlətlərin yekə-yekə əmiləri pula görə bir-birilərini qırırlar. Ayıb olsun onlara. Bizim ölkədə pul qulumuz, köləmizdir.

Düşünürəm ki, mentalitetin və mənəvi dəyərlərin nə demək olduğunu  bilmək istəyən bizim ölkədə mütləq yaşamalıdır. Örnək ola biləcək nümunələrimiz çoxdur, amma sadalamıram. AzTv-dəki Azərbaycan və başqa ölkə insanları birdən bizdən oğurlayarlar.

Sözümün canı odur ki, biz belə daha yaxşıyıq, macəra doluyuq. AzTv-nin Azərbaycanı AzTv-nin olsun. Birdə  Almaniya və ABŞ-ın. Adrenalin olsun deyə biraz qiymətləri qaldırdıq, amma dar günə yığılan pullarımızın "şot"una etiraz zad eləməyi özümüzə sığışdırmırıq. Ədalət, dürüstlük içində itib batırıq.

ABŞ-a da öna görə sanksiya tətbiq etmək istəyirik ki, bekarıq. Dedik,  biraz onlarda adam olsunlar. Bizdən nümunə götürüb vətəndaşlarına mədəniyyət falan öyrətsinlər. Sonra keçəcik Çinə. Balaca-balaca göbələk kimi tökülüşüblər, bir xeyirləri də yoxdur. Hələ Almaniyanı demirəm. Utanmırlar insanlarını acından qırırlar.

Nəysə, bizə AzTv-nin Azərbaycanı lazım deyil. Bunu AzTv-yə də çatdırmaq lazımdır ki, özlərini boşuna yormasınlar. Bizə ordan imtina edəcək qədər xoşbəxt həyat yaşadırlar.(pia.az)

Gülşən ŞƏRİF

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300