Tehranın fəlakət bölgəsinə laqeyd münasibəti qəzəblə qarşılandı; deputat: "Bu dəfə də sel Azərbaycanın ürəyini dağladı”; Aqil Səmədbəyli: "Əbülfəz Elçibəyin yeri görünür”


İran hökumətinin Azərbaycan şəhərlərində baş verən daşqınlarla bağlı lazımi tədbirlər görməməsi, eyni zamanda ölkənin rəsmi mətbuat orqanlarında hadisələrin düzgün işıqlandırılmaması parlamentdəki azərbaycanlı millət vəkillərini, Türk Farnskiyası üzvlərini qəzəbləndirib.

Təbrizin millət vəkili, Türkdilli Bölgələr Fraksiyasının rəhbəri Məsud Pezeşkiyan hadisə ilə bağlı başsağlığı mesajı ünvanlayaraq bildirib ki, təbii fəlakətlər məsələsində önləyici tədbirlər almaq, kontrol etmək və hadisəni nəzarətdə saxlamaq olduqca önəmlidir. "Ümid edirəm ki, məsullar təbii fəlakətin daha çox ziyan verməsinin qarşısını alacaq və bu barədə ictimaiyyəti məlumatlandıracaqlar. Bir sel hadisəsinin bu qədər insanın ölümünə səbəb olması ilə razılaşmaq çox çətindir”- millət vəkili vurğulayıb.

Urmiyənin millət vəkili Nadiq Qazipur isə mövzu ilə bağlı parlamentdə çıxış edib. O baş verən hadisəyə görə ölkədə matəm elan olunmadığı üçün öz narazılığını bildirib.

Şəbistərin millət vəkili Məsumə Ağapur da dövlət yetkililərini sərt tənqid edərək onların bölgəyə baxışlarının dəyişməsini tələb edib. "Ötən il də Şəbistər bölgəsində oxşar təbii fəlakət baş verdi, hadisə nəticəsində çoxları evsiz qaldı, bir çox əkinçi isə müflis oldu. Lakin hadisədən 10 ay keçməsinə baxmayaraq hələ də təbii fəlakətdən zərərçəkənlərə heç bir yardım edilməyib. Keşkə Şərqi Azərbaycan Vilayəti də məsulların gözündə Xuzistan, Xorasan və ya Rəşt kimi olardı. Onlara ən kiçik təbii fəlakət zamanı yetəri qədər yardım edilir və lazımi tədbirlər alınır, lakin Şərqi Azərbaycan sankı bir istisnadır...”- deyə millət vəkili qeyd edib.


Qoşaçayın millət vəkili Cahanbəxş Mohebbi Niya İran Teleradio Şirkətini sərt tənqid edərək deyib:"Ötən gün hadisə ilə bağlı iki ekspert danışırdı. Onlar elə söhbət edirdi ki, sankı günahkar hadisə nəticəsində həyatını itirənlərdir. Xeyir, bu belə deyil. Əsas məsələ yanlış idarəçilik məsələsidir. Ötən yayda Çitçiyanın yanında dedim ki, bölgədəki çayların vəziyyəti heç yaxşı deyil. Əgər müəyyən tədbirlər alınmasa yazda daşqınlarla üzləşəcəyik. Elə dediyim kimi də oldu”- deyə Mohebbi Niya əlavə edib.


Urmiyənin millət vəkili Hadi Bahaduri də baş verən təbii fəlakətlə bağlı məsulların fəaliyyətini tənqid edib. "Təəssüflər olsun ki, bu dəfə də sel Azərbaycanın ürəyini dağladı. Onlarla insan həyatını itirdi, bir neçə nəfər hələ də itkindir. Sel-daşqın suları Urmiyə, Sulduz, Azərşəhr, Üşnəviyyə, Əcəbşer və Təbriz şəhərlərini bürüdü, bölgə əhalisinə çoxlu ziyan dəydi. Mən təbii fəlakətdən zərər çəkən bütün ailələrə başsağlığı verir və Böhran Müdiriyyəti Təşkilatından var gücü ilə bölgə əhalisinə yardım etməyi gözləyirəm. Milli Hidrometeorologiya Təşkilatı isə hava şəraitinə dair vaxtında proqnoz verib və hərkəsi məlumatlandırmalı idi. Bu şəkildə itkilərin və dəyən ziyanın həcmini azaltmaq mümkün olardı. Baş verən hadisənin Teleradio Şirkəti və kütləvi informasiya vasitələrində daha geniş şəkildə işıqlandırılmasını gözləyirəm”- deyə millət vəkili yaydığı mətndə qeyd edib.


İran Böhran Mərkəzinin rəisi isə dövlət televiziyasındakı çıxışında yalan açıqlama yayaraq sadəcə "şəhər kənarına gəzintiyə çıxanların” öldüyünü iddia edib. Həmçinin İran qəzetlərinin əksəriyyəti hadisə ilə bağlı xəbərləri təhrif etməyə çalışıblar. Onlar bölgəni bürüyən təbii fəlakətlə bağlı xəbərləri "sel gəldi tamaşaçıları apardı”, "Seyr etməyə qurban gedənlər” və s. kimi başlıqlar altında yayıblar. GünAz TV-nin məlumatına görə, İran Tibbi Ekspertiza Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsi Azərbaycan və Kürdistan şəhərlərində daşqınlarda ölənlərdən 32-nin adını açıqlayıb. Ölənlərin sayının 48 nəfər olduğu bildirilir, lakin itkin düşənlərin sayı dəqiq deyil. Fəlakət bölgəsinə Bakı və Ankaranın yardım etməsi də zəruri sayılır. Lakin İranın yardım üçün müraciət etməməsi bu istiqamətdə addımların atılmasına imkan vermir.


BAB Rəyasət Heyətinin sədri Aqil Səmədbəyli "Yeni Müsavat”a bildirdi ki, təbii fəlakət nəticəsində Azərbaycanın Güneyindəki soydaşlarımız ağır duruma düşüblər:"Bu təbii fəlakət İran rejiminin bizə nə qədər yad olduğunu bir daha göstərdi. Əslində bu da ibrət almalı bir məsələdir. Millətimizin gözünün açılması baxımından yaxşı haldır. Bizim təbiətə üsyan etmə haqqımız yoxdur, ancaq bizim təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına məsul olub, məsuliyyətsizlik edənlərə qarşı üsyan etmək haqqımız var”. İran rejiminin bizə yad olduğunu deyən A.Səmədbəyli Azərbaycan Respublikasının rəhbərliyinin 50 milyonluq Azərbaycanın böyük bir parçasına kömək əlini uzatmasını zəruri saydı: "Əməl hər şeydən önəmlidir. Sadəcə, nitq söyləməklə iş bitmir. Millətimizin, Azərbaycanımızın başı sağ olsun! Ölənlərə rəhmət, yaralılara şəfa diləyirəm. Tarix hər şeyi bir yerə həkk edir. Zaman en ədalətli hakimdir. Yenə də Əbülfəz Elçibəyin yeri görünür”.

 

Cavid TURAN, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300