Son vaxtlar Azərbaycan Respublikasının Dövlət Dəniz
Administrasiyasının (ARDDA) rəhbərliyinin adı müxtəlif qalmaqallı situasiyalar,
qanun pozuntuları və digər neqativ hallarla bağlı ölkə mətbuatında dərc olunan
materiallarda tez-tez hallandırılır. Məsələn, bir müddət əvvəl Qəmbər Səfərov
adlı vətəndaşa məxsus "Yunıy moryak” adlı gəminin oğurlanması ilə bağlı
yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, bu məsələ ətrafında ciddi qanun
pozuntularına yol vermiş tərəf, məhz ARDDA-nın rəisi Qüdrət Qurbanov olmuşdur.
Hətta məhkəmə sənədlərində də təsdiq edilmişdi ki, Dəniz Administrasiyası heç
bir hüquqi əsas olmadan və müvafiq sənəd təqdim edilmədən qanunsuz olaraq, gəminin
qeydiyyatını rəsmiləşdirib və başqa birinə mülkiyyət hüququ barədə sənəd verib.
Bu gün isə, artıq Qüdrət Qurbanovun bir başa vəzifə borclarının icrasında yol
verdiyi müxtəlif özbaşınalıqlardan ziyan çəkən dənizçilər dilə gəliblər. Belə
ki, müxtəlif instansiyalara, o cümlədən redaksiyamıza təqdim olunan
açıqlamalardan belə qənaətə gəlmək olur ki, bu gün Dövlət Dəniz
Administrasiyasında formalaşdırılmış rüşvət və korrupsiya şəbəkəsi bu qurumun
xidmətlərindən istifadə etməli olan insanların səbir kasasını doldurub. Hətta
bir müddət əvvəl KİV-də yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, yaranmış vəziyyətdən
son dərəcə narazı və narahat olan dənizçilər, artıq birbaşa ölkə rəhbərliyinə
müraciət etməyə hazırlaşırlar. Bu xüsusda dənizçiləri ən çox narahat edən məqamlardan
birinin isə, ARDDA-da son vaxtlar əsil alver predmetinə çevrilmiş sertifikat və
diplomların verilməsi prosedurları ilə bağlı olduğu qeyd olunur. Dənizçilərin
sözlərinə görə, yük gəmilərində, tankerlərdə ağır iş şəraitində çalışan bu
insanlar hər dəfə dənizə çıxmamışdan əvvəl Dövlət Dəniz Administrasiyasına
qazanclarının müəyyən bir hissəsini rüşvət olaraq vermək məcburiyyəti
qarşısında qalırlar.
Bu xüsusda DİA.AZ-a açıqlama verən mənbə deyir: "...Bu rüşvəti verməyə məcburuq.
Çünki başqa cür dənizə çıxmaq imkanımız olmur. Belə ki, dənizə çıxmaq üçün hər
bir matros, bosman və digər dənizçilər müxtəlif sertifikatlar təqdim etməlidirlər.
Xəzərdə və yaxud dünya sularında üzməsindən, həmçinin çalışdığı gəminin ölçülərindən
asılı olaraq hər bir dənizçiyə 7-8 sertifikat verilir. Bu sertifikatları verən
qurum da məhz Dövlət Dəniz Administrasiyasıdır. Burada isə, həmin
sertifikatları sadəcə olaraq satırlar. Belə ki, sertifikatlara görə ödənilən
dövlət rüsumundan başqa, hər bir dənizçi Administrasiyanın rəisi Qüdrət
Qurbanov tərəfindən müəyyən edilmiş əməkdaşlara bir sertifikata görə 150 manat əlavə
pul ödəməli olur. Tələb olunan məbləğ verilmədikdə isə, təbii ki, dənizçi
sertifikatları ala bilmir və bu səbədən də dənizə çıxa bilmir...”
Qeyd edək ki, aldığımız məlumatlarda ARDDA-da törədilən müxtəlif
maxinasiyalarla bağlı ən çox adları çəkilən məmurlar rəis müavini Ehtiram müəllim
və maliyyə şöbəsinin müdiri Etibar müəllimdir. Həmçinin təqdim edilən
açıqlamalarda Dövlət Dəniz Administrasiyasında müxtəlif diplomların da "açıq
satışa” çıxarıldı vurğulanır. Bildirilir ki, qurumun rəhbərliyi tərəfindən matros
diplomu 3000 manata, bosman diplomu isə 5000 manata təklif olunur...
Ulu Yol Xəbər portalı » Cəmiyyət » Qüdrət Qurbanovun “sertifikat bazarı” - İDDİA
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/