1937-ci il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür.

"1937" layihəsində repressiya qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacağıq.

"12493 nömrəli istintaq işi”

1937-ci il martın 17-də Azərbaycan SSR XDİK idarəsi rəisinə dilçilik və Ədəbiyyat institutunun elmi işçisi Əli Nazim Mahmud oğlu Mahmudzadə haqqında arayış təqdim edilmişdi. Arayışda yazılırdı:

"12493 nömrəli istintaq işi üzrə mühakimə olunan müttəhimlərin ifadələrindən aydın olmuşdur ki, Əli Nazim Bakı şəhərindəki əksinqilabi millətçi təşkilatın üzvüdür. Göstərilənlərə əsasən Əli Nazim həbs olunmalı və Azərbaycan SSR CM-nin 72/73-cü maddələri üzrə cinayət məsuliyyətinə alınmalıdır”.

1937-ci il martın 18-də Tənqidçi və ədəbiyyatşünas, AYB-nin üzvü Əli Nazim həbs olunur. Əli Nazimə qarşı tərtib olunmuş ittihamnamədə deyilirdi: "Verdiyi ifadələrdə o, əksinqilabi, pantürkist, millətçi mövqedə durduğunu boynuna almışdır.”

Bəs "12493 nömrəli istintaq işi”nin güdazına gedən Əli Nazim kim idi?

Mahmudzadə Ələkbər Mahmud oğlu (Əli Nazim 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. 1925-ci ildə Bakıda Pedaqoji Texnikumu bitirib Leninqrad İnstitutuna daxil olur. Moskva Kommunist Akademiyasında aspirant, elmi işçi, SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi, Azərbaycan Elmi-Tədqiqat İnstitutu Ədəbiyyat şöbəsinin müdiri və Ali Pedaqoji İnstitutda kafedra müdiri vəzifələrində çalışmışdır. Orta məktəbin yuxarı sinif şagirdləri üçün ədəbiyyat müntəxəbatının ilk müəlliflərindəndir.

Repressiyadan əvvəl "Ədəbiyyat ensiklopediyası”nın redaktoru, Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin və əbədi mətbuat orqanı redaksiya heyətinin üzvü olub.

"Əksinqilabçı”

"Pantürkist”

"Millətçi”

Digər repressiya qurbanları kimi, Əli Nazimin də faciəsi həbsindən çox-çox əvvəl başlayıb. Hər an ətrafındakıları satmağa hazır olan, cavidləri, cavadları, müşfiqləri güdaza verən Yazıçılar İttifaqı, Əli Nazimi də hədəf seçmişdi.

"Kommunist” qəzetinin 12 sentyabr 1936-cı il tarixli sayında Ş.Abasov (?) "Yazıçıların sıralarını saflaşdıralım” adlı məqaləsində yazırdı:

"Əli Nazim Azərbaycanda özünün 10 illik "ədəbi fəaliyyəti” müddətində saysız-hesabsız səhvlər buraxmışdır. O, pereverzevçi, qrupbaz olmuş, Türkiyədə "Türk yurdu” jurnalında pantürkist, kontrrevolyusion məqalə çap etdirmiş, ədəbi tənqid silahına sarılaraq, onunla istədiyi hədəfi nişan almışdır. O, dəfələrlə tövbə etmiş və səhvlərini düzəltməyə söz vermişdirsə də, lakin bir nəticə çıxarmamışdır.”

Məqalə çap olunandan üç gün sonra AYİ iclası keçirilir. İclasda Beriyanın "Sosializm düşmənlərinin külünü göyə sovurmalı” adlı məqaləsi müzakirə edilir və müzakirədən çıxarılan nəticə kimi müəyyən yazıçılara qarşı tədbirlər görülməsi qərara alınır. 1937-ci ildə güllələnən Hənəfi Zeynallı və Əli Nazim Yazıçılar ittifaqından xaric olunur. "Kommunist” qəzetinin yazdıqlarına inansaq həmin iclasda sonradan repressiyaya məruz qalan Məmməd Kazım Ələkbərli, Ruhulla Axundov, Seyfulla Şamilov və repressiya dalğasından xilas olmağı bacaran Səməd Vurğun və Süleyman Rüstəm Əli Nazimin əleyhinə çıxış edib.

16 istintaq

"Üç nömrəli metod”

və Əli Nazimin etirafları

Əli Nazim ilk dörd istintaqda səbr və mətanət göstərərək özünü müdafiə etməyə, haqlı olduğunu sübut etməyə çalışır. Bunu ilk istintaqa verdiyi ifadədən də hiss etmək mümkündür.

"Müstəntiq:1927-ci ildə siz İstanbulda pantürkist "Türk yurdu” jurnalında bir sıra antisovet məzmunlu məqalə çap etdirmisiniz. Bunu etiraf edirsinizmi?

Əli Nazim:Məqalə Azərbaycan ədəbiyyatının ümumi türk ədəbiyyatı qollarından biri olmasının təsdiqi ilə başlayır. Mənim yazımda ədəbiyyat tarixi sinfi mübarizədən ayrı verilir. Ümumiyyətlə, bu, antimarksist məqalədir. 1918-ci ilin mart hadisələri qara qüvvələr tərəfindən təşkil olunmuş erməni-türk qırğını kimi səciyyələndirilmişdir. Bu – Azərbaycanda birinci sosialist inqilabının ünvanına böhtandır. 1927-ci ilədək mənim pantürkist görüşlərim var idi”.

Əli Nazim ciddi-cəhdlə heç kəsi satmamağa çalışır. Maraqlıdır ki, Yazıçılar İttifaqında əleyhinə çıxış edən Ruhulla Axundovu da müdafiə edir. İkinci istintaqda müstəntiqin Ruhulla Axundovla bağlı verdiyi suala cavabı çox konkret olur. "Nüfuzlu adam kimi Ruhulla Axundovla hesablaşırdım...”

Dördüncü istintaqdan sonra Əli Nazimə "üç nömrəli metod” (müxtəlif işgəncələr) tətbiq edilir. Növbəti istintaqlarda Əli Nazim işgəncələrə dözmədiyi üçün müstəntiqi qane edən ifadələr verməyə başlayır. İradəsi sındırılan Əli Nazim Ruhulla Axundov, Hənəfi Zeynallı və Bəkir Çobanzadənin əleyhinə ifadələr verir.

Ziya Bünyadov yazır: "Adətən, 12493 nömrəli istintaq işi üzrə ittiham olunan müttəhimlər altı-səkkiz, ən çox on dəfə dindirilirdilər. Lakin Əli Nazim Mahmudzadə on altı dəfə dindirilmişdir. Görünür, Əli Nazim istintaqda "daha üzüyola” olmuşdur, çünki "üç nömrəli metod”un elə birinci dəfə tətbiqindən sonra o, davam gətirə bilməmişdir”.

1937-ci il avqust ayının 28-də həbsdə olan Əli Nazimin bütün kitabxanası müsadirə edilir və yandırılır. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Soveti Hərbi Kollegiyası Səyyar Sessiyasının hazırlıq iclasının protokolu tərtib edilir və Əli Nazimin işinə müdafiəçisiz, ittihamçısız və şahidlərsiz baxılmasına qərar verilir. Oktyabrın 13-də isə cəmi 15 dəqiqə çəkən iclasda (iclas 13:25-də başlayıb, 13:40-da başa çatıb) Əli Nazim Mahmudzadə 10 il müddətinə həbs cəzasına məhkum edilir.

Bəraət

1956-cı il iyunun 19-da Əli Nazimin oğlu Ramin Mahmudzadə SSRİ DTK-nə ərizə verərək atasının işinə yenidən baxılmasını xahiş edir. Cinayət işində Əli Nazim üçün 21 may 1956-cı il tarixdə yazılmış, Mehdi Hüseyn, Süleyman Rəhimov, Süleyman Rüstəm (1936-cı ildə Əli Nazimin əleyhinə çıxış etməsini xatırlatmaq yerinə düşər), Məmməd Arif, Mir Cəlal Paşayev, Əli Vəliyev, İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadə tərəfindən imzalanmış xasiyyətnamə var.

Cinayət işinə daxil edilmiş arayışların birində Əli Nazimə istintaq prosesində cəza tədbirləri tətbiq edilməsi ilə əlaqədar müttəhimin şikayəti barədə məlumat da yer alır. Artıq bu arayış Əli Nazimə "üç nömrəli metod” tətbiq edildiyini sübut edir.

SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının 19 sentyabr 1957-ci il tarixli qərarına görə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 1937-ci il oktyabrın 13-də çıxardığı hökm ləğv olunur və Əli Nazimin cinayət işi xətm olunur.

Amma Əli Nazim artıq həyatda deyildi. Çünki o, işgəncələr və saxlanma şəraitinin ağırlığı səbəbindən 1941-ci il avqustun 23-də həbsxanada vəfat etmişdi.(kulis)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300