Mart ayında erməni silahlı bölmələri atəşkəs rejimini 3 964 dəfə pozub.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən, D-44 toplarından, iriçaplı pulemyotlardan, 60, 82, 120 millimetrlik minaatanlardan və qumbaraatanlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Düşmən bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl,
Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa
rayonlarında yerləşən mövqelərini atəşə tutub. Erməni tərəfi cəbhədə vəziyyəti
növbəti dəfə məqsədyönlü şəkildə gərginləşdirməyə cəhd edərək təxribatlara əl
atıb. Cavab tədbirləri nəticəsində düşmən susdurulub, cəbhə boyu əməliyyat şəraiti
Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.
Mart ayında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı
qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə
gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə
cavab zərbəsi endirilib. Düşmən canlı qüvvə sarıdan xeyli itki verib. Eyni
zamanda, cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya
qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd
göstərib. Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv
edilib və o, geri çəkilməyə məcbur olub.
Ötən ay Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi də dəqiq
atəşlə məhv edilib. Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan
artilleriya atəşi nəticəsində isə düşmən 5 nəfərədək itki verib.
Cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar
həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus
"X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin
Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv
edilib.
Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə
tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak
olub.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan
SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla
Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin
20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam,
Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən
işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan
arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup
ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT)
Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə
yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş
Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik
institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı
BMT">BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul
edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT">BMT Baş
Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri
mövcuddur.