"Bayramqabağı arabanın icarəsini qaldırdılar. Deyir, 10 manat ver, sür… Ya da sabahdan bazara girmə…”.

İlqar Xasıyev müharibə veteranıdır. Bazarda arabayla müştərilərin yükünü daşıyır. İlaxır çərşənbə günü – martın 14-də səhər, bazara işə gələndə bayram ovqatı puç olub gedib. Necə puç olmasın ki arabanın icarəhaqqı 5 manatdan 10 manata qaldırılıb…

"Bazarda araba inhisarı var”

O deyir ki, "Bakı, Nizami rayonu, Naxçıvanski küçəsi, 50” ünvanında yerləşən və "8-ci kilometr bazarı” kimi tanınan bazarda "araba inhisarı” var. Burada arabalar qırmızı rənglənib nömrələnir ki, kənardan bazara girən başqa arabalar bilinsin. Buna bazarın giriş qapılarında da nəzarət var. Bazarın sahibinin arabalarından başqa heç kəs əraziyə araba ilə daxil ola bilməz. Ona görə də arabaçılar "inhisardakı” arabaları sürməyə məcbur qalırlar:

"İki il əvvəl 3 manat, ötən il 5 manat gündəlik icarəpulu ödədiyimiz arabalara görə indi 10 manat tələb olunur. Yükünü daşıdığımız müştərilər bizə 50 qəpikdən çox pul vermirlərsə, belə çıxır ki, indən belə arabanı elə icarəpulunu ödəmək üçün sürəcəyik. Üstəlik, burda bir bazardan o birinə arabayla giriş də 1 manatdır. Məsələn, gündə on dəfə bu bazardan o birinə arabayla keçsəm, hər dəfəsində 1 manat ödəməliyəm. Özümüzə qəpik-quruş da qalmır”.

"Bazarın sahibi deyir, karsan, korsan, əlilsən...”

İkiqat icarəhaqqıyla razılaşmayan arabaçılara isə bazarın qapısı göstərilir: "Get, başqa iş tap…”.

Bazar rəhbərliyi hələ bir müddət əvvəl icarəhaqqını qaldıracağı ilə bağlı arabaçıları xəbərdarlıq edibmiş. Arabaçılar xəbərdarlıqdan təşvişə düşərək, prezidentə, xanımına, əraziyə nəzarət edən polis şöbəsinə, Nizami Rayon İcra Hakimiyyətinə şikayət məktubu göndərsələr də, hələ cavab almayıblar. İlqar Xasıyev deyir:

"Müharibə veteranı var, əlil var, qaçqın var… Səhər saat 5-dən bazara girib gecə çıxırıq. Bazarın sahibi deyir, karsan, korsan, özün bilərsən, bura əlillər cəmiyyəti deyil, işləyirsənsə, qoyulan icarəhaqqını da ödəməlisən”.

"Qarışa bilmərik”

Nizami Rayon İcra Hakimiyyətindən "Qaynar xətt”ə bildirilib ki, belə bazarlar özəl sektora aid olduğundan, məsələyə qarışa bilməzlər: "Bazar bir sahibkarındır, icarəhaqqını da o müəyyənləşdirir. Bir icra hakimiyyəti sahibkarın işinə müdaxilə edə bilməz, axı… Bazar da onun, araba da onun, biz kiminsə malına qiymət qoya bilmərik”. Bir sözlə, qurumun cavabından belə çıxır ki, arabaçılar sahibkarla dil tapıb dolansınlar.

AzadlıqRadiosu müxbirinin arabaçıların dərdini bazar rəhbərliyinə çatdırmaq cəhdi baş tutmayıb. Məsələ burasındadır ki, bazarın indiki sahibinin kim olduğunu heç burada çalışanlar da bilmirlər.

MTN izi

Bu bazar haqqında hazırda həbsdə olan keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində maraqlı bilgilər ortaya çıxıb. Sən demə, bu məşhur meyvə-tərəvəz bazarı elə məşhur generalların yaxınlarına məxsusuymuş. Söhbət keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovadan və nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarovun qızı Aidə Qasımovadan gedir. Bazarın səhmləri hərəyə 50 faiz olmaqla, adları çəkilən xanımlar arasında bölüşdürülüb. 2015-ci ilin oktyabrında keçmiş MTN ətrafında baş verən hadisələrdən sonra həbs olunan və hazırda Bakı Hərbi Məhkəməsində mühakimə edilən Akif Çovdarova verilmiş ittihamlar arasında bu bazarın qanunsuz ələ keçirilməsi də var. İttihama görə, bazarı 2005-ci ilin dekabrında ovaxtkı sahibi, «Maral-Veqa» MMC-nin təsisçisi Cəfər Səfərovun əlindən zorla alıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300