Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün orta
ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu
elan edib.
DİM-dən APA-ya verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin
qəbulu 2017-ci il martın 14-dən aprelin 4-dək internet vasitəsilə aparılır.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi
kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan
istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə
(eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi"
formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak
ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə
tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər
haqqında" Azərbaycan prezidentinin sərəncamına əsasən orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət
edən Azərbaycan vətəndaşlarının cari ildə keçirilən imtahanda iştirakı dövlət
büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək
(etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər
və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki
hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti
hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat
"Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim
olunur.
Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində
cari ildə bitirən abituriyentlər müsabiqədə ana dili (Azərbaycan dili və ya rus
dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə
etdikləri nəticələr əsasında iştirak edirlər. Cari ilin məzunları üçün
buraxılış imtahanlarının birinci mərhələsi respublikada iki istiqamət üzrə
martın 5-də və 12‑də keçirilmiş, sonuncu-üçüncü istiqamət üzrə imtahanlar
martın 18-də keçiriləcək. Buraxılış imtahanının ikinci mərhələsi isə iyun
ayında keçiriləcək.
Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil
haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycanın
hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər isə
müsabiqədə iştirak etmək üçün ana dili (Azərbaycan dili və ya rus dili) və
riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanının birinci mərhələsi
aprelin 16-da, ikinci mərhələsi isə iyul ayında keçiriləcək.
Qəbul imtahanının birinci mərhələsində şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən
oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni
cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə
olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab
variantlarından doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test
tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq
tipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının
cavablandırılmasına ümumilikdə 2 saat vaxt ayrılır.
İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə
hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim edilir.
Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 1 saat 30 dəqiqə vaxt
ayrılır.
İxtisas seçimi buraxılış (qəbul) imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan
sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 40-dan və hər bir fənn üzrə
balı 20-dən az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil
müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək
ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların
ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və
abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanında topladığı ümumi bal əsasında
aparılır.
Ulu Yol Xəbər portalı » Cəmiyyət » Kolleclərə tələbə qəbulu elan edilib
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/