Sosial şəbəkə istifadəçiləri akademikin türklər əleyhinə söylədiklərinə təpki verir

 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin azərbaycanlıların türk olmadığı, türklərin tamam başqa millət olması barədə fikirləri cəmiyyətdə ciddi rezonans doğurub. Sosial şəbəkələr və mətbuatda, ictimaiyyət daxilində deputatın ünvanına sərt tənqidlər səslənməsinə paralel olaraq onun fikirlərini müdafiə edənlər də yox deyil. Milli Elmlər Akademiyasının (AMEA) alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacarın türklərin azərbaycanlılara qarşı düşmən olduğunu iddia etməsi ilə məsələ daha da böyüyüb. Akademik "Publika.az” saytına müsahibəsində Azərbaycanın ən böyük düşməninin türklər olduğunu bildirib.

 

"Şərq” qəzeti ictimai sahədə tanınan bir neçə sosial şəbəkə istifadəçisinin sözügedən müzakirələrlə bağlı feysbuk paylaşımlarını yaydıq ki, internetə çıxışı olmayan oxucularımız ictimaiyyət üzvlərinin düşüncələri ilə tanış olsunlar!

 

XXI əsrin birinci qərinəsinin bitmək üzrə olduğunu vurğulayan filologiya elmləri namizədi Yadigar Cəfərli hesab edir ki, türk-azərbaycanlı söhbəti Azərbaycanda çoxdan bağlanmış mövzu sayılmalıdır: 

 

"Neçə ildən sonra indi belə həssas məsələləri təkrar-təkrar gündəmə gətirməyin adı nədir?!

Çingiz Qacar böyük elmi nailiyyətləri olan görkəmli Azərbaycan fizikidir. Tarixçi deyil, etnoqraf deyil, milli məsələlər üzrə mütəxəssis deyil.

 

Bir tarixçinin mikrodalğalı spektroskopiya sahəsində açıqlamaları nə qədər elmi sayıla bilərsə, bir fizikin tarixi mövzularla bağlı mövqeyi də polemika üçün o qədər mötəbər hesab edilər. Hər kəsin istədiyini danışmaq hüququ var amma, medianın da hər danışılandan cəmiyyətdə gərginlik yaratmamaq məsuliyyəti var. Bir fizikin belə tarixi-ideoloji məsələlər haqqında səthi yanaşmaları nədən ictimai müzakirə üçün əsas olsun ki?!

 

Bəyəm yazmağa, yaymağa mövzu qəhətdi?! Yaşlı alimləri belə durumlara gətirib təhqir ünvanına çevirməyin. Sosial mediada bu cür mövzularla zarafat etməyin. Etməyin, eləməyin...”

Akademikin türkləri pisləməsi millət vəkili Fazil Mustafanı da hiddətləndirib. Azərbaycanlı deputat sosial şəbəkədə bu məsələylə bağlı geniş status yazıb: - Akademik Çingiz Qacar müsahibəsində deyir: "Ümumiyyətlə, mən "türk” sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə "tatar”, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib. Hətta, ruslardan da çox ziyan vurub. Misal üçün, türklərə görə Azərbaycan musiqisi yox olub. Bizim çox gözəl təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar. Bütün alver də türklərin əlindədir. Marketlərdə hər şey türkcə yazılır. Biz tarixi mahnılarla yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm ki, hər şey sırf Azərbaycan dilində olsun. Ona görə də keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub”.

Bu akademik adlanan məxluqun 15 cümlədən ibarət mətnində bircə cümlə belə əlahəzrət məntiqin qaydalarına uyğun formada işlənməyib. Rusdilli ola bilər, ancaq təfəkkürün ifadəsinin rusdilli olmağa nə dəxli? Deyir ki, "mən türk sözünün əleyhinəyəm”. Təsəvvür edin ki, mən deyirəm ki, "ABŞ sözünün əleyhinəyəm,” Nə olsun? Mən əleyhinə olsam "ABŞ” sözü olmayacaq? Deyir mənim üçün ən əziz dil Azərbaycan dilidir. Adamdan soruşarlar ki, bu dil sənə bu qədər əzizdirsə, işlətdiyin 15 cümlədə nədən bu dilin anasını bu sayaq ağlatmısan? Sonra deyir ki, "gürcü bizə tatar, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib”. Akademik titulu daşıyan bu şəxsin ard-arda düzdüyü bu iki cümlənin biri-biri ilə məna əlaqəsini tapana həqiqətən böyük mükafat düşür. Gürcünün bizə tatar, rusun da ayrı söz deməsinə görə türklərin bizə gətirdiyi çox ziyan görəsən nədən ibarətdir? Yaxud da "Misal üçün, türklərə görə Azərbaycan musiqisi yoxa çıxıb”. Allah-Allah, bu boyda fars gəlib işğal edib, rus gəlib işğal edib Azərbaycan musiqisi əsrlərdir yaşayıb, özü də təpədən-dırnağa, özbəöz türk musiqisinin özüdür, əcaba hansı türk musiqisidir ki, bizim Qarabağ şikəstəsini və ya Qaytağını məhv edib?

 

İndi təsəvvür edin ki, Azərbaycanı təmsil edən bu akademik bir erməni akademiki ilə üz-üzə gəlir, debat aparır, müzakirələrə qoşulur. Ermənilərə uduzduğumuz nöqtəni dağda, təpədə, çöllüklərdə axtarmayın, akademik səviyyənin fərqində axtarın, təfəkkürdə, zəkada axtarın!

 

"Keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub!” Bunu söyləyən bir erməni akademik deyil, türkün qurduğu dövlətin titullarını daşıyan və türkə nifrət bəsləyən bir Azərbaycan akademiki olan Çingiz Qacar deyir. Və bu keçmiş tarix deyəndə həm də 1918-ci ili nəzərdə tutur. Məhz həmin ildə Azərbaycanı erməni-rus-ingilis işğalından qurtarmış, minlərlə qətlə yetirilmiş, təcavüzə uğramış soydaşımızın qisasın almış türk əsgərini düşmən kimi görür. Və bir gerçəyi unudur ki, o nifrətlə andığın türklər Azərbaycanı ermənilərdən təmizləməsəydi, ən azı siz düşüncədə olanların bu ölkənin akademiki adını daşımaq şansı olmayacaqdı...

 

Adamın müsahibəsində açıqca milli hisslərimizi təhqir etməsini hələ bir tərəfə buraxıram, ən çox üzüldüyüm isə bir Azərbaycan akademikinin bəsit, səviyyəsiz, nadan mühakimə tərzi oldu.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də şəxsi feysbuk hesabında ölkə gündəmini zəbt edən bu məsələyə toxunub və belə yazıb:

 

"Azərbaycançılıq türkçülüyü, türkçülük isə azərbaycançılığı inkar etmir. Bunlar iç-içə olan anlayışlardır. "Biz türk deyilik, azərbaycanlıyıq” kimi yanlış bir iddianı azərbaycançılığın inkarı kimi qələmə vermək arqumentsizliyin bariz nümunəsidir. Azərbaycançılıq Azərbaycan vətəndaşlarını ortaq Vətən-ortaq Dövlət, vahid Vətən-vahid Dövlət çətiri altında birləşdirən məfkurədir. Azərbaycançılıq milli kimliyin, milli identikliyin inkarı demək deyil, əksinə milli kimliyin dərk olunması, dövlətin birliyinə, bütövlüyünə və təhlükəsizliyinə təminat verən mühüm bir missiyanın həyata keçirilməsidir”.

 

 

"Yeni Müsavat” qəzetinin baş redaktorunun 1-ci müavini Azər Ayxan: 

 

"Türk deyiliksə, bəs bayrağımızdakı o masmavi rəng nədir? "Biz türk deyilik, azərbaycanlıyıq” iddiasından sonra gərək bayrağımızdakı rəngləri də redaktə edək. Azərbaycanlılığı simvolizə edən rəng hansıdı?”

 

Tarix İnstitutunun əməkdaşı, tarixçi-alim Dilavər Əzimli isə tarixi bilməyənlərin tarixdən danışanda dövlətçiliyə ziyan vurduqlarını qeyd edib. Çingiz Qacara hörmətinin tamamilə yoxa çıxdığını vurğulayan tarixçi-alim belə yazıb: "İnsan da bu qədər rus qafalı olarmış... Bunda Türkiyəyə qarşı nə böyük nifrət vardır. Vay halımıza ki, belə akademiklərimiz var. Görün, Azərbaycan elmini kimlər təmsil edir. Bunlar xaricdə bu cür danışırlarsa, onlarla bir erməninin və ya rusun, farsın fərqi yoxdur. Onlar erməni dəyirmanına su tökürlər. Bir az qalsa deyəcəklər ki, Bakıda yaşayan ermənilərdən sarı darıxırıq. Bu millətə nə qədər asi olanlar vardır. Mərhum Heydər Əliyev deyirdi ki, Türkiyə ilə biz bir millət, iki dövlətik. İlham Əliyev Türkiyənin ən ağır durumunda Rusiyaya səfərini təxirə salıb, Türkiyəyə getdi. Xarici görüşlərin birində Ərdoğan olmayanda daşnak Sarkisyanın Türkiyəyə qarşı hücumuna cavab verərək bildirdi ki, Ərdoğan burada yoxdur, mən burdayam. Bununla demək istəyirəm ki, dövlət başçısı bu cür münasibət bildirdiyi halda, bir də görürsən ki, ya Milli Məclis nümayəndəsi, ya da ki, hansısa bir akademik Türkiyəni, türklüyü aşağılayır. Bunlara cavab verməkdən də adam bezir. Fikrimizcə, bu cür insanlara qarşı hansısa addımlar atılmalı, onlar haqqında çalışdıqları təşkilatlarda ictimai qınaq olmalıdır. 

 

Yəni, xəbərdarlıq edilməlidir. Bütün erməni saytları Arif Rəhimzadənin "qəhrəman”lığından yazır. İndi də Çingiz Qacarı "qəhrəman” edəcəklər. Sabah başqa bir deputat çıxacaq, birisi gün də başqa bir akademik... Bu nədir? Bunlar kimə xidmət edir? Bu qədər də rus qafalı olmaq olarmı? Bunlar siqnalı yenə də dənizdən gözləyirlər. Allah bizləri bunlardan qorusun! Tarix hər zaman yenidən yazılan elmdir. Bizim tariximizi çox zaman güclü və qalib dövlətlər öz maraqlarına uyğun olaraq yazıb. Bizim insanlar da onların yazdıqlarını oxuyub, nəticə çıxarıblar. Çingiz Qacarın çıxardığı nəticələr də məhz buna söykənir. İmperialist dövlətlər türk dövlətlərini biri-birindən ayırmaq üçün daim bu kimi addımlara əl atıblar”.

 

Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacarın türklər haqda dediyi fikirlərə öz münasibətini bildirib: "Bu adam özünə elm adamı deyir, amma heç bir fakta əsaslanmadan fikir söyləyir. Deyir, ermənilər, ruslar belə bizə türklər qədər pislik etməyib. İnsan bu qədərmi yaddaşsız olar? İftiranın bu dərəcəsi yoxdur”.

T.Rüstəmxanlının sözlərinə görə, Ç.Qacar özünə akademik deyir, amma yazdığı 15 cümlənin hamısı qüsurludur: 

 

"Onun dedikləri heç bir fakta söykənmir. Ortaya sual çıxır: Qubadakı toplu məzarlığı türklər törədib, yoxsa ermənilərlə ruslar? Ulu öndər Heydər Əliyev 31 mart tarixini soyqırım günü elan edib. Bu soyqırımları türklər həyata keçirib, yoxsa ermənilərlə ruslar? Azərbaycan türklərini Sibirə sürgün edən, 37-ci il repressiyalarını törədən türklər idi, yoxsa ruslarla ermənilər? 20 Yanvar faciəsini törədən kimlər idi? Qarabağı ermənilərlə ruslar işğal etməyibmi? Xocalı soyqırımını ermənilər həyata keçirməyibmi? Bu adam deyir ki, ermənilərlə ruslar belə türklər qədər bizə zərbə vurmayıb. Özünün Qacar nəslindən olduğunu deyir. Elə onun öz nəslindən üç önəmli şəxsi ermənilər güllələrinə qıymayıb, diri-diri doğrayıblar. Bu məsələni Sabir bəy (həyat yoldaşı-red) daha yaxşı bilir və bununla bağlı geniş cavab yazısı yayımlayıb. Yəni deməyim odur ki, insan bu qədərmi yaddaşsız olar?”

 

Azərbaycanda milli münaqişə olmadığını vurğulayan Tənzilə xanım qeyd edib ki, münaqişə düşənə qədər ermənilər Bakıda ən gözəl yerlərdə yaşayıblar, ən yüksək dövlət strukturlarında işləyiblər: 

 

"Qonşularımız ermənilər idi. Halbuki, XX əsrin əvvəllərində bizə qarşı soyqırımlar həyata keçirmişdilər. Biz bu acılarımıza damğa basıb onlarla bir yerdə yaşadıq. Bu dövləti quran, üçrəngli bayrağı qaldıran, müstəqilliyimizi qazandıran türksoylu toplum olub. Kimsə "biz azərbaycanlıyıq” deyirsə, bu, onun öz işidir. Məgər, azərbaycançılıq ideyasına kimsə qarşı çıxırmı? Məgər, bizlər bu ideya üçün döyüşmürükmü? Amma türksoylu olduğumuzu heç kim dana bilməz. Heç kim milli duyğularımıza tüpürə bilməz. O, akademik heç olmasa, öz keçmişini öyrənsin. Osmanlı tarixini bilmir, amma danışır. 500 il öncəki tarixdən danışınca, indi ruslarla ermənilərin bizə qarşı etdiklərindən danış”.

 

Şəymən, sherq.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300