Bir müddət əvvəl mediada QHT-lərə Dövlət Dəstəyi
Şurasının faliyyətinə dair tənqidi materiallar dərc edildi. AFN olaraq bir sıra
məsələlərdə qaranlıq məqamlar gördüyümüz üçün araşdırma aparmaq qərarına gəldik.
Lakin araşdırma aparmaq üçün Şuranın saytında müvafiq məlumatları tapa bilmədik.
Buna görə qurumun rəhbəri Azay Quliyevin adına rəsmi sorğu ünvanladıq. Həmin
sorğudan iki gün sonra bizim üçün qaranlıq olan məsələlərlə bağlı araşdırma
aparmamıza yardımçı ola biləcək məlumatlar Şuranın saytında yerləşdirildi.
Bununla belə, sorğu ünvanladığımız üçün qurumun mətbuat xidməti tərəfindən, demək
olar ki, ittihamlarla üzləşdik və qərəzdə suçlandıq.
Bu barədə bir neçə gün öncə ayrıca yazı da dərc etmişik. Həmin yazı ilə
aşağıdakı linkdən tanış ola bilərsiz:QHT Şurasının
sorğu fobiyası
Beləliklə, sorğumuz nəticəsində Şuranın saytında yerləşdirilən məlumatlar əsasında
apardığımız araşdırmanı təqdim edirik. Onu da qeyd edək ki, araşdırmalar zamanı
da bir sıra suallar yarandı, lakin Şuranın mətbuat xidməti tərəfindən sorğular
qərəzlə qarşılandığı üçün yaranmış suallarımızı QHT Şurasının sədri, hörmətli
deputat Azay Quliyevə açıq formada ünvanlamaq qərarına gəldik. Həmin suallarla
yazının sonunda tanış olacaqsız.
"Sair xərclər” müəmması, yaxud 3,5 milyon vəsait nəyə xərclənib...
Dövlət büdcəsindən QHT-lərə Dövlət Dəstəyi Şurasına 2011-ci ildə 2 milyon 766
min 324 manat, 2012-ci ildə 3 milyon 812 min 160 manat, 2013-cü ildə 3 milyon
210 min 240 manat, 2014-cü ildə 4 milyon 12 min 800 manat, 2015-ci ildə 6
milyon 619 min 200 manat, 2016-cı ildə 6 milyon 619 min 200 manat vəsait
ayrılıb. Bu il isə Şuranın pulu azaldılaraq 5 milyon 16 min manata endirilib.
2011-ci ildə Şura tərəfindən elan edilən 4 müsabiqə çərçivəsində 338 layihəyə 2
milyon 45 min 416 manat ayrılıb. 2012-ci ildə 2 müsabiqə çərçivəsində 348 layihəyə
2 milyon 31 min manat, 2013-cü ildə 2 müsabiqə çərçivəsində 474 layihəyə 3
milyon 414 min 632 manat, 2014-cü ildə 2 müsabiqə çərçivəsində 386 layihəyə 2
milyon 928 min 292 manat ayrılıb, 2015-ci ildə 2 müsabiqə çərçivəsində 513
layihəyə 4 milyon 750 min 664 manat ayrılıb. Bundan əlavə, xarici QHT-lərin 7
layihəsinə 504 679,0 manat ayrılıb.
Şura 2016-cı ildə 3 qrant müsabiqəsi üzrə 483 layihəyə 4 541 000 manat vəsait
ayırıb. Şuranın hesabatında qeyd olunur: "Bu təşkilatlardan 6-sı Şuraya müraciət
edərək müxtəlif səbəblərə görə layihəni icra edə bilməyəcəklərini bildirmişlər.
Şura bu müraciətləri nəzərə alaraq ümumi dəyəri 57 000,0 manat olan 6 QHT layihəsi
ilə bağlı qəbul etdiyi qərarı ləğv etmişdir.”
Şuranın qrant olaraq QHT-lərə ayırdığı bu vəsaitlər, bu sahədə vəziyyət, qeydə
alınan problemlərlə bağlı araşdırmalarımız davam edir. Hələliksə diqqəti
Şuranın və Katibliyinin fəaliyyəti ilə bağlı xərclərə yönəltmək istəyirik.
İlk öncə qeyd edək ki, hər il Nazirlər Kabinetinin müvafiq qərarı ilə Şura
Katibliyinin illik smetası təsdiqlənir. Bu qərarlardan aydın olur ki, Katibliyə
ayrılan vəsaitlərin əsas hissəsi "sair xərclər” adı altında qeyd olunur . Belə
ki, 2011-ci ildə Katibliyin 719 min manatlıq büdcəsinin 596 min 805 manatı,
2012-ci ildə 1 milyon 846 min 189 manatın 1 milyon 647 min 17 manatı, 2013-cü
ildə 1 milyon 440 min manatın 1 milyon 92 min 107 manatı, 2014-cü ildə 1 milyon
340 min manatın 896 min 188 manatı, 2015-2016-cı illərin hər birində 1 milyon
156 min 188 manatı "Sair xərclər”ə aid edilib. Bu sair xərclərinsə ən yaxşı
halda 50 faizinin açıqlaması, o da ümumi formada Nazirlər Kabinetinin qərarında
əksini tapır.
Şuranın xərclər smetasına nəzər yetirdikdə, görmək olur ki, 2012-ci ildə "Sair
xərclər” bölməsi üzrə nəzərdə tutulan vəsaitlər 3 dəfə artıb – 2011-ci ildəki
596 min 805 manatdan 1 milyon 647 min 17 manata. Və bu məbləğin yalnız 276 min
manatının ümumi açması var - Şuranın mətbu nəşrlərinin təsis olunması, xüsusi
bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil
edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, işin
təşkili ilə əlaqədar xidmət haqlarının, ekspertlərin qonorar xərclərinin ödənilməsi
və fəaliyyəti ilə bağlı digər xərclər adı ilə. 2013-cü ildə bu xərclərə 338 min
manat, 2014-cü ildə 343 min 500 manat, 2015-2016-cı illərin hər birində 362 min
manat ayrılıb. Bu vəsaitlərin hansı hissəsinin məsələn, bülleten buraxılışına,
yaxud konfrans təşkilinə, və ya xidməti ezamiyyəyə sərf olunduğuna dair Şuranın
illik hesabatlarında hər hansı məlumat verilmir. Bu məlumatlara Şuranın
İnternet saytında da rast gəlmədik.
Eyni zamanda "sair xərclər” bölməsi üzrə yerdə qalan çox böyük məbləğlərin də xərc
istiqamətləri demək olar ki, tamamən ictimaiyyət üçün qaranlıq olaraq
qalmaqdadır: 2011-ci ildə bu məbləğ 386 min 805 manat, 2012-ci ildə 1 milyon
371 min 17 manat, 2013-cü ildə 754 min 107 manat, 2014-cü ildə 552 min 688
manat, 2015-2016-cı illərin hər birində 794 min 188 manat, qeyd olunan 6 ildə
ümumilikdə isə 3 milyon 419 min 93 manat təşkil edib.
Şübhəli tender əməliyyatları QHT Şurasından da yan keçməyib...
Şuranın xərclərinin kiçik bir hissəsi tender yolu ilə aparılır, yaxud tenderlərin
rəsmi qeydiyyat sistemində qeydə alınır. Belə ki, araşdırmamız zamanı məlum
oldu ki, tenderlərin qeydiyyatı sistemində 2011-ci ildə bu qurumun qeydə alınan
alqı-satqılarının sayı 7 olub. Ümumi məbləği isə cəmi 63 508 manat təşkil edib.
2012-ci ildə Şuranın rəsmi qeydə alınan 6 alqı-satqısının dəyəri 128 914 manat
olub. 2013-cü ildə qeydə alınan alqı-satqıların məbləği 158 211,56 manat təşkil
edib. Bu alqı-satqılarda diqqətimizi cəlb edən 2 məsələ oldu. Belə ki, 2013-cü
ildə Şura 10 000 manatı Online ekspertiza proqram təminatının və elektron
modulların hazırlanması xidmətlərinin, 48 000 manatı isə Ofis üçün mərkəzi
havalandırma və soyuducu sistemin quraşdırılması xidmətlərinin satın alınması
üçün "Bakı İnvest LTD" MMC-yə verib. Bir MMC-nin iki tamamilə fərqli
xidməti təmin etməsi diqqətçəkicidir. Daha maraqlısı budur ki, 2014-cü ildə bu
MMC Şuraya 18 min 550 manatlıq mebel də tədarük edib. Digər tərəfdən, 2013-cü
ilin fevralında dövlət qeydiyyatına alınan bu şirkətə elə həmin il 2 işi həvalə
etmək üçün yəqin ki, Şura rəhbərliyinin xüsusi əsasları olub. Eyni sözləri
"Servis-C.H.” MMC barədə də söyləmək olar – nə halətdirsə, bu MMC də 2013-cü
ilin fevralında qeydiyyata alınıb, elə həmin il də Şuraya 14563,56 manatlıq
mebel sata bilib.
Şuranın 2013-cü ildəki alqı-satqıları arasında ən maraqlısı isə Elektrik
avadanlıqlarının satın alınmasıdır. Bu işi Şura üçün 6249 manat müqabilində
fiziki şəxs Qurbanov Fərasət Şəkur oğlu həyata keçirib(?!) Düzü, tenderlərin
reyestrində bu adı oxuyanda söhbətin məhz Şura Katibliyinin rəhbəri olan
F.Qurbanovdan getdiyini güman etmədik. Lakin Şuranın saytında Fərasət müəllimin
ata adının Şəkur olduğunu oxuyanda xeyli təəccübləndik: bir qurumun keçirdiyi
tenderdə birbaşa elə həmin qurumun rəhbərinin qalib çıxması təcrübəsinə yəqin
ki, Azərbaycanda belə rast gəlmək mümkün deyil. Əlbəttə, indiyədək rəhbərlərin
müxtəlif qohum-qardaşların şirkətləri vasitəsilə tenderlərə qatılıb qalib
ayrılması halları yüz dəfələrlə qarşımıza çıxıb. Amma beləsini, sözün düzünü
desək, nə eşitmişik, nə da şahidi olmuşuq...
2014-cü ildə Şuranın rəsmi reyestrdə qeydə alınan 2 alqı-satqısının ümumi məbləği
cəmi 23 min 800 manat olub.
Maraqlıdır ki, 2015-ci ildə Şuranın heç bir alqı-satqısı rəsmi qeydiyyat
siyahısında əksini tapmayıb. Həmin il üzrə Şuranın xərcləri barədə sədr Azay
Quliyevin QHT-lərin Ümumrespublika Forumunda çıxış edərkən verdiyi bir açıqlama
var. Həmin açıqlamadan məlum olur ki, "QHT-lərə maliyyə yardımı fondundan,
eyni zamanda şura və katibliyin saxlanılması xərclərindən 360 min manat vəsaitə
qənaət olunub və bu vəsaitin dövlət büdcəsinə qaytarılması nəzərdə tutulur”.
Qeyd edək ki, Şuranın 2015-ci il üzrə hesabatında həmin Forumda Şura katibliyi
rəhbərinin çıxışına istinadən məlumat verilir ki, "Şuranın Katibliyi müqavilə
öhdəliyini pozan QHT-lərə qarşı sərt tədbirlər görmüş və onlar haqqında müxtəlif
qərarlar qəbul etmişdir. Belə ki, 89 yerli və xarici QHT-dən 135 843 manat vəsait
tutulmuşdur. 2015-ci ilin sonuna qədər bu istiqamətdə intizam tədbirləri davam
etdiriləcək.”
A.Quliyev isə Forumda qeyd edib ki, 2016-cı il üçün Şura xarici QHT-lərin layihələrinin
maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılması üçün müraciət etməyib:
"2013-2014-cü illərdə xarici QHT-lərin layihələrinin maliyyələşdirilməsi məqsədi
ilə ayrılan vəsaitə qənaət edilib və 1 milyon 927 min 788 manat növbəti illərdə
istifadə olunması üçün Şuranın hesabında saxlanılıb. Buna görə də 2016-cı ildə
də Şura xarici QHT-lərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən vəsait
ayrılmasın istəməyəcək və dövlət büdcəsində bu məqsədlə vəsait ayrılmayacaq”.
Şuranın yenilənmiş saytında "Tenderlər” bölməsində yalnız 2016-cı il üzrə
alqı-satqılar barədə məlumat yerləşdirilib. Ola bilər ki, bu yazıdan sonra digər
illər üzrə alqı-satqılar da yerləşdirilsin, çünki yazının girişində də qeyd
etdiyimiz kimi, materialı hazırlamağa başlayanda bir çox məlumatlar saytda yox
idi. Sorğu ilə müraciətimizdən 2 gün sonra yerləşdirildi, üstəlik, biz özümüzə əziyyət
verib sayta baxmamaqda ittiham olunduq.
2 ay əvvəl yaranan MMC 95 min manatlıq tenderi udur...
2016-cı ildəki alqı-satqılara gəlincə, onların bir neçəsi barədə Şuranın
saytında elan və nəticəyə dair bildiriş yerləşdirilsə də, məbləğlər
açıqlanmayıb. Yalnız sentyabrda 3 lot üzrə elan olunmuş tenderin 2 lotunun nəticələri
rəsmi reyestrdə qeydə alınıb. Belə ki, "L Standart” MMC 2016-cı ilin iyununda
qeydiyyatdan keçirilib, hüquqi təmsilçisi Əliyeva Lalə Eldar qızıdır.
Sentyabrda isə bu MMC "Lot-3:Şuranın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı
müvafiq istiqamətlər üzrə tədbirlərin təşkilinin satın alınması” işini Şuradan
ala bilib - 95 780 manat dəyərində.
Həmin tenderdə "Lot-2: Şuranın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı
müvafiq istiqamətlər üzrə təlimlərin təşkilinin satın alınması” işini isə
"Satman” MMC əldə edib - 55 805 manatlıq. 2008-ci ildə qeydiyyata alınmış bu
MMC-nin hüquqi ünvanı Zaqatala şəhəri Ş.Qurbanov, ev 5, mənzil 16-dir.
Maraqlıdır ki, Şuradan 2016-cı ildə Konfransın təşkili işini əldə edən "Azlut”
MMC də eyni hüquqi ünvanda, eyni ildə qeydiyyatdan keçib. Bu MMC Şuranın
sentyabrda elan etdiyi tenderin "Lot-1: Şuranın elektron resurslarının təkmilləşdirilməsi
və yeni sahələr üzrə proqram təminatının yaradılmasının satın alınması” hissəsi
üzrə də qalib elan edilib. Lakin oktyabrın 26-da Tender komissiyasının verdiyi
bu qərarı Katiblik noyabrın 3-də ləğv edib. Şuranın saytında bununla bağlı yerləşdirilən
bildirişdə tender nəticəsinin nədən ləğv olunduğu isə açıqlanmır. Qeyd edək ki,
Şuranın İnternet saytında Tender komissiyası adından elan və bildirişlər yerləşdirilsə
də, komissiyanın tərkibi barədə də heç bir məlumat açıqlanmır.
Bəzi fiziki şəxslərə "sədaqət” hardan qaynaqlanır?
Şuranın keçirdiyi və rəsmi reyestrdə qeydə alınan tenderlərdə 3 fiziki şəxs
davamlı olaraq bir neçə ildir sifarişlər əldə edirlər. Bunlardan biri Fiziki şəxs
Əsgərov Eldar Tohid oğludur. O, Şuradan 2011-ci ildə kompüter və ofis
avadanlığının alınması üçün 15 924 manat, 2012-ci ildə Ofis texnikası,
kompüter, printer, faks, kseroks və digərlərinə texniki-təmir xidmətlərinin
satın alınması üçün 17 100 manat, 2013-cü ildə Ofis texnikası, kompüter,
printer, fask, kseroks və digərlərinə texniki-təmir xidmətlərinin və Şuranın
internet səhifəsinə texniki xidmətlərin satın alınması üçün 18100 manat alıb.
2016-cı ildə isə Komputer avadanlıqlarına texniki xidmət işini əldə edib, amma
məbləğ açıqlanmayıb.
Fiziki şəxs Əliyev Orxan Novruz oğlu Şuradan 2012-ci ildə Mətbəə xidmətlərinin
satın alınması üçün 17 000 manat, Dəftərxana ləvazimatlarının satın alınması
üçün 18 376 manat, 2013-cü ildə Dəftərxana ləvazimatlarının satın alınması üçün
18382 manatlıq sifariş alıb. 2016-cı ildə fevralda dəftərxana mallarının
alınması üçün keçirilən 2 günlük sorğudan qalib ayrılıb, amma məbləğ
açıqlanmayıb.
Fiziki şəxs Səmədov Nişat Nazim oğlu Şuranın ən "uzunömürlü” tədarükçüsüdür.
Belə ki, o, 2011-c ildə mebel avadanlığının satın alınmasına 3850 manat, dəftərxana
mallarını almaq üçün 13 334 manat, mətbəə xidmətləri üçün 16 200 manat, 2012-ci
ildə Kompüter avadanlıqlarının satın alınması üçün 42 408 manat, 2013-cü ildə
Kompüter avadanlıqlarının satın alınması üçün 5250 manat alıb.
Maraqlıdır ki, 2016-cı ildə Bakı şəhərində və regionlarda tədbirlərin təşkili
işi "Mühasibat NS” adlı MMC-yə həvalə olunub. Və bu MMC-nin hüquqi təmsilçisi də
məhz Səmədov Nişat Nazim oğludur. Təəssüf ki, Şuranın saytında alqı-satqının dəyəri
açıqlanmayıb.
"QHT Nəşriyyatı”na ayrılan vəsaitlərin qaranlıq taleyi
Şuranın 2012-ci il xərclərinin bir hissəsini mətbəənin yaradılması xərcləri təşkil
edir. Düzdür, mətbəənin yaradılmasına nə qədər vəsait xərcləndiyinə dair nə
tenderlərin reyestrində, nə də Şuranın İnternet saytında məlumat verilməyib.
Amma İnternetdə axtarış verərkən Şuranın saytında yerləşdirilmiş 17 mart 2012-ci
il tarixli elan diqqətimizi cəlb etdi. Həmin elanda 1 lot üzrə tenderə dəvət
yer alıb ki, bu da Mətbəə avadanlığının (Xüsusi sifarişlə yığılmış adakontrol
idarə sisteminə, CP3 proqram təminatına malik 4 rəngli yüksək keyfiyyətli və 1
saatda 10000 A2 format çap məhsulu istehsal etmək gücünə malik müasir
standartlara cavab verən çap maşını, kəsim bıçağı (Perfecta), rəng ayırma
avadanlıqları, 1 ədəd 4 rəngli A3 çap maşını, 2 ədəd kompyuter, 1 ədəd faks, 4 ədəd
printer, 1 ədəd surətçıxarma aparatı, 1 ədəd biqovka və perferasiya, 1 ədəd
rens (təqvim deşiklərini açan), 1 ədəd laminator, 2 ədəd xüsusi kağız stolu, 1 ədəd
kəsim bıçağı) tədarükü ilə bağlıdır. Tender reyestrində və Şuranın saytında
tenderin nəticələrinə dair hər hansı məlumata rast gəlməsək də, bildiyimiz odur
ki, Şura "QHT Nəşriyyatı” adlanan mətbəəsini yaradıb. Vergilər Nazirliyinin
hüquqi şəxslərin qeydiyyat bazasındakı məlumatdan aydın olur ki, "QHT Nəşriyyatı”
MMC 2012-ci il sentyabrın 9-da qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı şəhəri,
Sabunçu rayonu, Telman küçəsi 6, mənzil 1-də yerləşir. MMC-nin nizamnamə
kapitalı 975700.00 AZN-dir, hüquqi təmsilçisi isə Rafiq Hüseynovdur. Şuranın bəzi
rüblük hesabat iclaslarına dair məlumatlarda nəşriyyat rəhbərinin hesabatının
dinlənildiyi bildirilsə də, bu MMC-nin maliyyə fəaliyyətinə dair hər hansı məlumat
açıqlanmır. Şuranın illik hesabatlarında da bu məlumatlara rast gəlmək mümkün
deyil. Halbuki Şura layihə ayırdığı QHT-ləri faktiki olaraq məcbur edir ki,
layihələr çərçivəsində nəzərdə tutulan bütün nəşr işlərini bu mətbəədə həyata
keçirsinlər.
Şura QHT-ləri məcbur edir ki...
Şura Katibliyinin rəhbəri F.Qurbanovun 2013-cü ildə "Azadinform” İnformasiya
Agentliyinə müsahibəsi də aydın göstərir ki, Şura QHT-ləri öz mətbəəsindən
istifadəyə məcbur edir. Müsahibədən bir hissəni təqdim edirik: "Bildiyiniz
kimi, artıq Şuranın "QHT Nəşriyyatı” adı altında poliqrafik mərkəzi fəaliyyət
göstərir. Bu nəşriyyatın yaradılmasında məqsəd Şuranın, eləcə də QHT nəşrlərinin
həyata keçirilməsi, QHT nəşrlərinin keyfiyyətinin yüksəldilməsi, QHT-lərə bu
sahədə xidmətin təşkilindən və bu xidmətdən əldə olunan gəlirin yenidən QHT-lərə
qrant şəklində verilməsindən ibarətdir. Hər ilin sonunda Şura tərəfindən maliyyələşdirilən
layihə xərclərinin təsnifatını apardıqda orta hesabla 400 minə yaxın vəsaitin
müxtəlif nəşrlərə sərf edildiyini görürük. Deməli, dövlətin vətəndaş cəmiyyətinə
ayırdığı vəsaitin 400-minə yaxını hər il kommersiya qurumlarının hesabına
köçürülür. Bu gün həmin kommersiya qurumları QHT-lərə hansısa bir dəstək verirmi
və yaxud onlar QHT-lərə hansısa bir güzəştlər tətbiq edirlərmi? Əlbəttə, yox.
Bunu nəzərə alaraq, Şura xüsusi olaraq QHT nəşriyyatının yaradılması təşəbbüsü
ilə çıxış etmiş və bu təşəbbüs də yüksək qiymətləndirilərək, belə bir nəşriyyatın
yaradılmasına dövlət tərəfindən Şuraya vəsait ayrılmışdır. Artıq nəşriyyatın
işi təşkil edilmiş və nəşriyyat istənilən materialın çapını yüksək keyfiyyətlə
həyata keçirə bilir.”
F.Qurbanovun dedikləri həqiqətdirsə, aşağıdakı bir neçə suala böyük məmnuniyyətlə
cavab almaq istərdik:
1. Mətbəənin fəaliyyətindən ildə nə qədər gəlir əldə olunur? Nəzərə aldıqda ki,
hər il ayrılan qrantların orta hesabla 400 min manatı nəşrlərə yönəldilir, bu
halda gəlirlərin elə də az olmadığını söyləmək olar.
2. Bu gəlirlərin nə qədəri qrant şəklində QHT-lərə qaytarılır?
F.Qurbanovun qeyd olunan müsahibəsindən daha bir hissə: "Şuranın 2013-cü il
birinci maliyyə yardımı müsabiqəsinin qalibi olmuş və layihəsində kitab,
buklet, broşur və digər nəşrlərin olduğu QHT-lərə, bu nəşrlərin Şuranın mətbəəsində
çap olunması tövsiyə edilmişdir. Həmin təşkilatların bəziləri bu tövsiyəni nəzərə
almaq əvəzinə hər vəchlə öz nəşrlərini başqa mətbəədə çap etməyə çalışırlar. Bəzi
təşkilatlar isə layihənin büdcəsində olan nəşr xərclərini ümumiyyətlə
çıxarırlar.
Kommersiya qurumlarından heç bir dəstək almayan bəzi QHT-lərin bu hərəkətləri
başa düşülən deyil. Niyə dövlətimizin QHT-lərə ayırdığı bu vəsaitdən daha çox
kommersiya qurumları faydalanmalıdır, niyə bu QHT-lər Şuranın öz əli ilə
verdiyi vəsaiti başqa qurumlara verməlidir?
Şura digər mətbəələrdə çap işlərini həyata keçirən bu təşkilatların layihələrini
ciddi nəzarətdə saxlayacaq. Həmin təşkilatların çap etdiyi məhsulların sayı və
keyfiyyəti Şura tərəfindən yoxlanılmadan bu nəşrlər paylana bilməz. Bu
qaydaları pozan QHT-lərə müqavilə üzrə nəzərdə tutulan ikinci ödəniş həyata
keçirilməyəcək.
Bir məsələ də bizdə çox ciddi narahatlıq doğurur. Belə ki, bir qayda olaraq
layihənin büdcəsindən çıxarılan nəşr xərcləri təlim və seminarların təşkilinə,
yemək, çay-kofe, tədbir üçün zalın icarəsi, mobil rabitə, tədbir üçün dəftərxana
xərclərinə yönəldilir. Bununla əlaqədar həmin QHT-lərə xəbərdarlıq edirəm. Şura
katibliyinin müvafiq əməkdaşının razılığı olmadan heç bir təlim, seminar və digər
tədbir keçirilə bilməz. Təlim keçən QHT-lərin təlim materialı, təlim
iştirakçılarının siyahısı, digər paylanma materialları, təlimçinin kimliyi, təlim
iştirakçılarına nahar və digər iaşə xidmətlərinin təşkili kimi məsələlər mütləq
şəkildə Şura katibliyi ilə razılaşdırılmalıdır. Əks təqdirdə, bu layihələr üzrə
verilən hesabatlar qəbul edilməyəcək və həmin təşkilatlara müqavilə üzrə nəzərdə
tutulan ikinci hissə ödənişlər verilməyəcəkdir. Eyni məsələ seminar, dəyirmi
masa və digər tərdirlərə də aiddir.”
Bizim isə Şura rəhbərliyinə başqa suallarımız var:
1. Niyə QHT-lər özəl biznes qurumlarına nəşr işini sifariş verə bilməzlər?
2. Özəl biznesə bu, yumşaq desək, barışmaz münasibətiniz nədən qaynaqlanır?
3. Sizcə, bu yanaşmanız ölkə rəhbərliyinin sahibkarlığa dəstək sahəsində həyata
keçirdiyi davamlı siyasətə nə qədər uyğundur?
4. Siz QHT-ləri nəşr işi ilə bağlı seçim imkanından məhrum edirsiniz. Bu, sizin
öz mövqeyinizdən istifadə edərək monopoliya yaratdığınızı göstərmirmi?
Qeyd edək ki, Şuranın bu ilki qrant elanında bir istiqamət "İctimai aktuallıq kəsb
edən məsələlərlə bağlı video çarxların və sənədli filmlərin hazırlanması”
adlanır. Nəşriyyat "təcrübəsini” nəzərə alsaq, yaxın aylarda Şuranın öz
prodakşn şirkətini də yaradacağını gözləmək olar.
P.S. Araşdırmamızın növbəti hissəsi Şuranın qrant siyasəti ilə bağlı olacaq. Bu
istiqamətdə çox maraqlı məlumatlar əldə etməkdəyik. Tezliklə araşdırmanın nəticələrini
diqqətinizə təqdim edəcəyik.(afn.az)
Xatırdaq ki, dünən axşam saatlarında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurası (QHT DDŞ) bir sıra saytlarla bağlı baş prokuror Zakir Qaralov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə müraciət edib.Həmin saytlar www.obyektivinfo.az , www.azerinews.org, www.nia.az, www.hakimiyyet.az, www.korrupsiya.az və www.uluyol.info saytlarıdır.
Bu kimi hallarda qarşı tərəf redaksiyaya təkzib məktubu göndərməli, məhkəməyə müraciət etməlidir.Görünən odur ki, barəsində xoşagəlməz halların sayı artan QHT rəhbərliyi işə bir dəfəlik xitam vermək niyyətinə düşüb və ölkə üzrə iki məsul yerə-Baş prokurorluq və DTX-ya müraciət edib.
Maraqlı məqamlardan biri də yuxarıda qeyd olunan altı saytda deyil, internet resusrları üzərindən axtarış edəcəyimiz halda onlarla saytlarda dərc olunduğu görünəcək.Elə onlarla saytlarda silinməsidə...
Dünən gecə saatlarında isə AFN.az tərəfindən yuxarıdakı araşdırma dərc olundu. Bəli, uluyol.info olaraq bizdə saytımızda dərc olunmuş yazının (QHT sektorunun "Xaç atası” Azay Quliyevin qrantpaylama MAXINASIYASI)müraciət etdikləri qurumlar tərəfindən araşdırılmasının tərəfdarıq.
Uluyol.info