emblemMüsavat Partiyası seçki platformasının sonuncu variantını yayımlayıb. "ULUYOL.İNFO " platformanın tam mətnini sizlərə təqdim edir:                       

                          Müsavat Partiyasının seçki platforması

Azad İnsan Azad dövlət!

Müsavat Partiyası 2015-ci ilin parlament seçkilərinə qatılmaqla, demoktatiya uğrunda prinsipial mübarizəsini davam etdirməkdə qərarlıdır. Bu günə qədər Müsavat konstitusiya islahatlarına, iqtisadi və sosial islahatlara dair çoxsaylı proqramlar işləyib hazırlayıb. Bu platforma həmin proqramlarda təsbit edilən əsas ideya və yanaşmaları əks etdirir.

Mövcud rejimin 22 illik hakimiyyəti dövründə Azərbaycan – əsrlər boyu əvvəlki nəsillərin fədakar mübarizəsi, şəhidlərimizin axan qanı bahasına qurulmuş dövlətimiz Dünya Birliyində öz layiqli yerini tuta bilmir. Ölkəmiz "Müstəqillik Haqqında Konstitusuya Akti”nda, Konstitusiyada nəzərdə tutulan strateji istiqamətlərdən, demoktatik prinsiplərdən uzaqlaşdırılır. Bu günki Azərbaycan sələfi olduğumuzu bəyan etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin " İnsanlara hürriyyət, millətlərə istiqlal” devizi ilə idarə olunmur. Çoxpartiyalı siyası sistemin qurulması, real hakimiyyət bölgüsünün aparılması, azad və ədalətli seçkilərin keçirilməsi əvəzinə ölkədə bir ailə tərəfindən feodal qaydaları ilə idarə olunan sistem yaratmaq istiqamətində fəaliyyət davam edir. Hakimiyyətin bu siyasəti, həmçinin korrupsiyaya, rüşvətxorluğa, sahələr üzrə monopoliyaya əsaslanan iqtisadi münasibətlərin qurulması vətənimizi uçuruma aparır. Sürətli təbəqələşmə davam edir. İnsanlar iki növə bölünüb. Ölkəni ələ keçirmiş pul və hakimiyyət hərisləri və böyük əksəriyyəti təşkil edən bizlər. Onlar ölkəni talamağa, vətəndaşları alçaltmağa davam edir. Niyyətləri bizi kölə etmək, övladlarımızı isə öz övladlarının köləsinə çevirməkdir. İndi Azərbaycan "Birinə meydan, birinə zindan” olan ölkədir.

Onlar hesab edirlər ki, bizim haqsızlığa etiraz edəcək iradəmiz yoxdur, ona görə də kölə kimi yaşamalı, buna da şükür etməliyik; iddia edirlər ki, qurduqları "ölü sabitlik” rejimində xalqımız özünü xoşbəxt hiss edir və deyirlər ki, xalqımız azad, demokratik cəmiyyət qurmaq iqtidarında deyil.

Son bir neçə ildə bu rejim xalqımızı və beynəlxalq ictimaiyyəti inandırmaq istəyirdi ki, demokratik islahatlar həyata keçirəcək – ədalət gətirəcək, insanları ağ günə çıxaracaq. Bu hakimiyyətin demokratik islahatlar aparmayacağı əvvəlcədən məlum idi. Çünki demokratik cəmiyyətdə belə hakimiyyətin olması mümkün deyil.
Bu rejim korrupsiyanı aradan qaldıra bilməz, çünki idarəçilik sistemi korrupsiyaya əsaslanır. Biz hamımız son 22 ildə buna əmin olduq. Bu dövrdə xalqımızın əksəriyyəti ikinci növ insan kimi yaşadı. Və onlar istəyirlər ki, bu vəziyyət əbədi davam etsin...
Biz hamımız birlikdə bu milli faciəyə son qoymalıyıq. Rejim ona qarşı çıxan ləyaqətli və vicdanlı insanları həbs edir. Ona təslim olmayan insanların qohum-əqrəbalarını incidir, işdən çıxarır, bir parça çörəyə möhtac qoyur. Azərbaycan xalqının məruz qaldığı bu basqılar beynəlxalq ictimaiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Bütün bunlar milli qürurumuz üçün təhqirdir. Biz insanların ləyaqətini qorumaq, onların tapdanmış haqlarını özlərinə qaytarmaq və dövlətimizin beynəlxalq nüfuzunun bərpasına nail olmaq üçün bütünləşməliyik. Biz xalqımızın birliyini bərpa etmək istəyirik. Bu birlik hamı üçün bərabər imkanlara və ədalətə əsaslanacaq.

Dünya tarixi sübut edir ki, azadlıq olmayan yerdə inkişaf yoxdur! Zorakılığa arxalanan dövlət tənəzzülə məhkumdur!

22 illik acı təcrübə göstərir ki, yalnız yaxşı qanunların qəbul edilməsi ölkədə ədalətin bərqərar olunmasına gətirib çıxarmır. Qanunlarımız o zaman işləyəcək ki, ölkədə real hakimiyyət bölgüsü həyata keçirilsin. İcra hakimiyyəti üzərində parlamentin nəzarəti təmin edilsin. Məhkəmə hakimiyyəti tam müstəqil fəaliyyət göstərə bilsin.Ona görə də biz istəyirik ki, 1918-ci ildə Cümhuriyyətimiz qurulanda olduğu kimi, dövlətimiz parlamentli respublikaolsun. Biz istəyirik ki, vətənimiz Bəşər Əsəd Suriyasının xarabalıqlarına yox, parlament tərəfindən idarə olunan demokratik Avropa ölkələrinə bənzəsin.

Uzun illərdir ki, ölkəmizin aydın xarici siyasət kursu müəyyən olunmayıb. Çünki rejim başa düşür ki, demokratikləşmə onun iflasına gətirib çıxaracaq, ona görə də dövlətimizin inkişafı və xalqımıızın rifahı üçün geniş imkanlar açan Avrointeqrasiya kursundan yayınaraq, Azərbaycanı yenidən Rusiyanın köləliyinə qaytarmağa hazırlaşır. Müstəqil dövlətimizi, uğrunda şəhidlər verdiyimiz azadlığımıızı üçüncü rus işğalına dogru sürükləyir. Biz isə hesab edirik ki, yubanmadan Avroatlantik məkana həqiqi siyasi, iqtisadi və hərbi-strateji inteqrasiya prosesi başlamalıdır. Ölkəmizin təhlükəsizliyinin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün təminatı mütərəqqi dünyaya inteqrasiyadadır.

Biz qonşularımız Rusiya və İranla yaxşı münasibətlərin tərəfdarıyıq, lakin hesab edirik ki, bu münasibətlər bərabərhüquqlu qonşuluq münasibətləri olmalıdır. Biz demokratiya yoluna inamla qədəm qoymuş Gürcüstanla əlaqələri genişləndirmək istəyirik.

Biz istəyirik ki, qardaş Türkiyə ilə həqiqi dostluq əlaqələri quraq.
Biz inkişaf etmiş Avropa ölkələriylə yaxın siyasi-iqtisadi əlaqələr qurmaq, xalqımızın rifahının yüksəlməsinə, insanımızın varlanmasına nail olmaq istəyirik.
Biz istəyirik ki, xalqımız ermənilər, ruslar, belaruslar, suriyalılar, liviyalılar kimi qorxu və ehtiyac içində yox, almanlar, fransızlar, ingilislər kimi azad və firavan yaşasın.
Biz inanırıq ki, xalqımız demokratik cəmiyyət qurmağa layiq və qadirdir. Bütün bu arzuların gerçəkləşməsi üçün vətənizimizdə demokratiyanı bərpa etmək uğrunda fədakarlığa hazır olmalıyıq. Demokratiya olmadan inkişaf yoxdur. Demokratiyanın bərqərar olması üçün mübarizənin alternativi yoxdur!

Biz əbədi prezident istəmirik!

Biz geniş konstitusiya islahatları aparılmasını istəyirik.

Biz hakimiyyətin yox, dövlətin və cəmiyyətin güclü olnasını istəyirik!

Hakimiyyət qolları arasında səlahiyyət bölgüsü parlamentli Respublika formasiyasına uyğun şəkildə yenidən bölünməlidir. Parlamentin səlahiyyətləri genişləndirilməli, ona hökumətin fəaliyyəti və büdcənin xərclənməsi üzərində nəzarət etmək hüquqları verilməlidir.Müstəqil və ədalətli məhkəmə sistemi qurulmalıdır. Çünki ədalətli məhkəmə olmadan nə iqtisadi-siyasi proqramlar, nə insan haqları sahəsində imzalanmış beynəlxalq öhdəliklər, nə də sonsuz nəsihətlər milli inkişafı təmin edə bilər.
Biz geniş yerli özünü idarəetmə tərəfdarıyıq. Bələdiyyələrimiz Avropa Yerli Özünü İdarəetmə Xartiyasına uyğun olaraq mülkiyyət və səlahiyyət sahibi olmalıdır. Yerli icra hakimiyyəti başçıları da rayon sakinləri tərəfindən seçilməli və təyin edən rəhbərə deyil, onu seçən sakinlərə xidmət etməlidirlər! Bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da paytaxtın və iri şəhərlərin meri olmalı və o, vətəndaşlar tərəfindən seçilməlidir. Paytaxtımızda məmur oliqarxiyasının apardığı sistemsiz inşaat "əməliyyat”ları Bakının görkəmini eybəcərləşdirir, klassik arxitekturanı məhv edir, sakinlərin mülkiyyət hüquqlarını tapdayır. Bu özbaşınalığa son qoyulmalıdır.

Qarabağ probleminin həlli – Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi başlıca amalımızdır. Müsavat illər öncə cəmiyyətə təqdim etdiyi "Uğur Paketi”ndə Qarabagla baglı qəti mövqeyini bəyan edib. Əliyev rejimi isə 22 ildir "lazım gəlsə, torpaqları azad edərik” bəyanatlarını versə də, bu istiqamətdə konkret addımlar atmır. Tayfa maraqlarına xidmət edən hakimiyyətin bu istiqamətdəki xarici siyasəti iflasa uğrayıb. Qarabağı azad etmək üçün ilk növbədə işğalçıya qarşı cəmiyyətin bütünləşməsinə nail olmalı, ordunu və iqtisadiyyatımızı gücləndirilməliyik. Bununla yanaşı, biz dövlətimizin beynəlxalq imicinin yaxşılaşmasına da nail olmalıyıq. Əks təqdirdə nə dipomatik, nə də hərbi uğurlar qazana bilərik. Ölkənin beynəlxalq nüfuzu insan haqlarının təminatından və demokratiyaya keçiddən asılıdır. Azərbaycanlıların hüquqlarını ayaqlar altına alan monarxiya davam etdikcə, beynəlxalq ictimaiyyət Qarabağı azad etməyimizə dəstək olmayacaq. Azərbaycan demokratik ölkə olmayınca, müzakirə olunan sülh planları səmərə verməyəcək. Özümüz azad olmasaq, Qarabağı da azad edə bilməyəcəyik!

Qarabag müharibəsi iştirakçılarının sosial müdafiəsi gücləndirilməlidir. Hakimiyyət cüzi miqdarda kompensasiya qarşılığında, əvvəllər mövcud olmuş bütün sosial təminat hüquqlarını ləğv edib. Bu insanlar hətta güzəştli təhsil hüququ, güzəştli ipoteka hüququndan məhrum ediliblər. Vətən uğrunda döyüşmüş bu dəyərli insanlara verilən kompensasiyanın məbləği, əslində onları təhqir etməkdir. Biz hesab edirik ki, bütün döyüşçülər dövlətin qayğısı ilə əhatələnməlidir. Hər bir döyüşçü dövlətin hesabına evlə təmin edilməli, bütün güzəşt hüquqları bərpa edilməli, kompensasiyanın məbləği  yüksək həddə müəyyən edilməlidir.

Tarixin növbəti mərhələsində neftimiz problemlərimizi həll etmək əvəzinə xalqımızın bəlasına çevrilib. Bu ümummilli sərvətimizin xeyli hissəsini oğurlayan hakimiyyət büdcə təşkilatları işçilərinə "dilənçi payı” verərək hökmranlığını əbədiləşdirmək istəyir. Neft pullarını dövlətimizin yox, hakimiyyətin qorunmasına sərf olunur.

Neft qurtarandan sonra millətimiz bərbad iqtisadiyyat və rüşvətxor dövlət aparatı ilə başbaşa qalacaq. Getdikcə yaxınlaşan bu labüd təhlükə hər kəsi düşündürməlidir. Biz öz vətəndaşlarını vahimədə saxlayan yox, onlara qayğı göstərən hakimiyyət qurmalıyıq. Ölkənin inkişafı iqtisadi azadlıqların, azad cəmiyyətin mövcudluğundan asılıdır. Azad olmayan ölkədə iqtisadi inkişaf olmur! Ölkədə azad rəqabət, bərabər imkanlar, təşəbbüskarlıq prinsiplərinə əsaslanan iqtisadi münasibətlər yoxdur. Bu gün bütün gəlir sahələri rejim tərəfindən yaradılmış monopoliyaların nəzarətindədir.

Süni qiymət artımına qarşı ciddi tədbirlər görülməli; inkişafı stimullaşdırmaq üçün yeni vergi və kredit siyasəti tədbiq edilməli; sosial vergi mənfəət vergisindən az olmalı, əmlaka və irsi mülkiyyətə adekvat differensial vergi qoyulmalı; Əlavə Dəyər Vergisinin dərəcəsi endirilməlidir.

Neft və digər enerji daşıyıcılarının gəlirləri yalnız büdcə kəsirlərinin ört-basdır edilməsinə yox, ilk mərhələdə maliyyə dəstəyinə ehtiyacı olan liberal iqtisadi islahatların keçirilməsinə yönəldilməlidir.

Əhalinin ağır sosial vəziyyəti nəzərə alınaraq, 5 min manatadək olan kredit borcları, 10 min manatadək olan kredit borclarının faizləri ləğv edilməlidir.

İstehsalın inkişafına, vətəndaşın öz evinin inşasına və övladlarının təhsilinə xərclədiyi vəsait vergidən azad edilməlidir.

Ölkəmiz tezliklə Dünya Ticarət Təşkilatına daxil olmalıdır.

Bu islahatları dəstəkləyən beynəlxalq qurumlarla əməkdaşlıq səviyyəsi yüksəldilməlidir.

Ölkənin təhsil sistemi acınaqlı durumdadır. Həm orta ümumtəhsil, həm ali təhsil sisteminin keyfiyyəti ildən-ilə geriləyir. Mövcud rejimin 22 ilik hakimiyyəti dövründə ölkəmizdə yenidən 100 il əvvəl olduğu kimi savadsızlıq problemi yaranıb. Uşaqların bir qismi orta təhsil almaq imkanından belə məhrum olub. Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də rüşvətxorluq və korrupsiya idarəetmənin əsasını təşkil edir. Elə bir vəziyyət yaranıb ki, heç kəs orta təhsil sistemindən kənar, repetitor yanında hazırlıq keçməsə, ali məktəblərə daxil ola bilməz. Əgər biz qarşısını almasaq bu rejim və belə vəziyyətdə yetişən təhsilsiz nəsil cəmiyyətimizi cəhalətin girdabına sürükləyəcək. Biz bu vəziyyəti dəyişməliyik və Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun müasir təhsil sisteminin prinsiplərinə uyğun qurulması, rəqabət qabiliyyətliliyinin, təşəbbüskarlığının və elmiliyinin təmin edilməsi, qlobal iqtisadiyyatın inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi zəruridir. Habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasını reallaşdırmalıyıq. Azərbaycanda təhsil islahatlarının genişləndirilməsi və dünya standartlarına uyğunlaşdırılması siyasətini həyata keçirmək üçün yeni qanunvericilik bazası formalaşdırılmalı və vicdanla icra edilməlidir.

Səhiyyə sistemi elə bir hala salınıb ki, ölkənin müalicə müəssisələrinə, ən dəbdəbəli xəstəxanalarına belə vətəndaşlar müalicə üçün müraciət etməkdən çəkinir. Ən adi xəstəliklərinin müalicəsi üçün qonşu ölkələrə üz tutmağa məcbur olur. Şaxələnmiş korrupsiya sisteminin məhsulu olan səhiyyədə keyfiyyətsizlik və bahalılıq yerli tibbə olan etimadı tamamilə aradan qaldırıb. Səhiyyə sistemi işçilərinin əmək haqları azı iki dəfə artırılmalıdır. Biz ölkədə Tibbi Sığorta Sisteminin dərhal tətbiq edilməsini tələb edirik. Qurulacaq Tibbi Sığorta Sisteminə əsasən tibbi sığorta haqqını əmək qabiliyyətli və işləyən şəxslər üçün işverənlər, pensiyaçılar, işləməyən vətəndaşlar və sosial yardım alanlar üçün isə dövlət ödəməlidir

Kəndlilərimiz kolxoz sistemi dağılandan sonra işsizliyə, çarəsizliyə məhkum ediliblər və dövlətdən heç bir kömək almırlar. Əksinə, rejim tərəfindən himayə olunan aqrar monopoliyalar alış qiymətlərini azaldaraq, onsuz da zəif olan fermer təsərrüfatlarını boğur. Dövlət kəndliyə sahib durmalıdır. Biz hesab edirik ki, dövlət vətəndaşların təkbaşına həll edə bilmədikləri problemləri çözməyə borcludur. Dövlət kəndlinin məhsulunun dünya bazarlarına çıxarılmasına yardım etməlidir. Rejimi tərənnüm edən plakatlar, heykəllər üçün, o cümlədən dəbdəbəli idman yarışları adı ilə göyə sovrulan milyardların az bir hissəsiylə bu problemi həll etmək olar.

Biz bu vəziyyəti dəyişəcək, azad bazar iqtisadiyyatı quracağıq.

Biz kütləvi yoxsulluğun və işsizliyin aradan qaldırılması; rejim tərəfindən mövcudluğuna son qoyulmuş orta təbəqənin bərpası uğrunda mübarizə aparacağıq.

Əziz həmvətənlər!

Mövcud rejim ictimai həyatın bütün sahələrini total nəzarədə saxlamağa can atır. Hakimiyyətin son bir ildə tətbiq etdiyi total repressiya siyasəti vətəndaş cəmiyyətini tamamilə sıradan çıxardıb. Tanınmış hüquq müdafiəçilərinin əksəriyyəti uzun müddətə həbsə atılıb. Az bir qismi mühacirət edərək, əsassız cəzadan qurtula bilib. Siyasi partiyaların rəhbərlərini, fəallarını, gənclər təşkilatlarının nümayəndələrini, jurnalistləri həbs edən rejim ölkəmizi böyük həbsxanaya çevirib. Müsavat Partiyası başqanının üç müavini - Tofiq Yaqublu, Yadigar Sadıqlı və Fərəc Kərimli rejimin girovu kimi 2 ildən artıqdır həbsdədirlər. Bu gün Azərbaycanda 80-dən artıq siyasi məhbus rejimin repressiya qurbanıdır. Onların 30-dan çoxu beynəlxalq təşkilatlar tərəfindən "vicdan məhbusu” elan edilib. Vətənimizdə demokratik institutların siradan çıxarılması prosesi durmadan davam edir. Biz birləşib onlara mane olmasaq, ölkəmiz tezliklə Orta Asiya diktaturalarına bənzəyəcək. Bu zaman artıq özbaşınalıq və ədalətsizliklə qarşılaşan sadə vətəndaş heç kimdən kömək ala bilməyəcək.

Biz birləşib Azərbaycanın demokratik gələcəyinin əsasını qurmalıyıq!

Biz sizi ömrünün ən gözəl illərini vətənimizin müstəqilliyinə həsr etmiş və bu gün də haqsızlığa qarşı mübarizə aparan insanlarla – müsavatçılarla, dövlətimizi quran, 104 illik tarixini Azərbaycan istiqlalına həsr edən MÜSAVATla birlikdə olmağa çağırırıq!
Biz sizi monarxiyaya qarşı cümhuriyyətə səs verməyə çağırırıq!

Yaşasın cümhuriyyət!

Yaşasın azadlıq!

Yaşasın Müsavat!

Tanrı Azərbaycanı qorusun!

Azərbaycana nicat,

XALQla birgə MÜSAVAT!

 ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300