Azərbaycan Qol Güləşi Federasiyasının mühasibi vəzifəsində
çalışmış Məhərrəmova Türkan Yusif qızı tərəfindən redaksiyamıza şikayət məktubu
ünvanlanıb.Türkan Məhərrəmova federasiyanın prezidenti Cəsarət
Əhmədovun ona qarşı qərəzli mövqedən çıxış edərək, onu şantaj etdiyini deyib.
Türkan Məhərrəmova 2015-ci ilin avqust ayının 1-də "Tahir” işədüzəltmə
agentliyinin vasitəsilə Azərbaycan Qol Güləşi Federasiyasına işə düzəlib. O, Cəsarət
Əhmədovun özü ilə şəxsən görüşüb və işə qəbul olunub. Federasiyada onu bir
aylıq sınaq müddətindən sonra rəsmi qaydada ştat vahidi üzrə işə götürəcəklərini
deyiblər. Bir ay sınaq müddəti bitdikdən sonra T. Məhərrəmova müraciət edib ki,
rəsmi qeydiyyata düşsün:
"Mənə dedilər ki, sənədlərini hazırla. Federasiyada işləyənlərin sayının çox
olmasına baxmayaraq, işçilərin heç birinin əmək müqaviləsi yox idi. Mənə sənədlərimi
hazırlayıb və Səbayel rayon Dövlət Sosial Müdafiə Fondunda işləyən Nahid
Qasımova verməyimi tapşırdılar. Cəsarət Əhmədovun göstərişi ilə işçilərin sənədlərini
hazırladım. Bundan sonra həmin ilin oktyabr ayında da rüblük hesabatların vaxtı
idi. Mənə kodları verdilər ki, hesabatları verim. Mən də hesabat verəndə orada
dövriyyə göstərdim. Çünki əgər müəssisə işləyirsə, orada dövriyyə də göstərilməlidir.
Bundan sonra Cəsarət Əhmədov mənə dedi ki, "Sənə kim icazə verib, hesabatda
dövriyyə göstərəsən? Sənin buna nə haqqın var? Səlim Müslümov, Fazil Məmmədov mənim
adamlarımdır. Mən vergiyə hesabat vermirəm. Hesabatı dəyiş”.
Türkan Məhərrəmova bundan sonra hesabatı dəyişdiyini və hadisədən sonra
kodların əlindən alındığını deyir. Bundan iki ay sonra o işçilərin rəsmi
qeydiyyata salınmağı barədə məlumat verilməsini tələb edib. Şikayətçi dəfələrlə
bununla bağlı Nahid Qasımova zəng etdiyini, sənədlərin və işçilərin maaşının
onda olduğunu deyib. Nahid Qasımov hər dəfə bir bəhanə gətirib. Türkan Məhərrəmova
məsələ ilə bağlı Cəsarət Əhmədova müraciət edib. O isə öz növbəsində "Nahid
yaxşı insandır. O hər şeyi özü həll edəcək” deyə heç bir reaksiya verməyib.
"Daha sonra biz Nizami rayon polis idarəsində cinayət işi qaldırdıq və Nahid
Qasımov tutuldu. Burada bizim Nahidlə üzləşməmiz oldu. Nahid boynuna aldı ki,
bizi tanış edən Cəsarət Əhmədov olub və işçilərin pulunu da mən ona vermişəm.
Bundan sonra Cəsarət Əhmədov mənə heç bir rəsmi sənədlə işləməyə icazə vermədi.
Təsəvvür edin ki, 2009-cu ildən təsis olunan federasiya bir neçə obyektlə fəaliyyət
göstərməsinə baxmayaraq bu illər ərzində heç bir hesabat verilməyib. Mart
ayında Cəsarət Əhmədov federasiyanın yanında özünə market açdı və mənim də
market işindən başım çıxdığı üçün ona bu işlərdə kömək etdim”.
Türkan Məhərrəmova marketin işə düşməsindən sonra kassadan Cəsarət Əhmədovun
imzası ilə pullar çıxmağa başladığını deyir. May ayının 16-da Türkan Məhərrəmova
Cəsarət Əhmədovla federasiyanın gəlir və xərclərini tutuşdurub və bütün xərclərin
ödəndiyini və borc olmadığını yazaraq Cəsarət Əhmədova imzalatdırıb. Heç bir rəsmi
sənəddən istifadə etmədiklərini deyən T. Məhərrəmova bunun üçün də özünə bir əlavə
dəftər tutduğunu və bütün qeydləri orada apardığını deyir:
"Cəsarət Əhmədov 2016-cı ilin mart ayında Naxçıvana getməzdən əvvəl mənə bir
sıra şəxsi təkliflər etməyə başlamışdı. Bu təkliflər aprel ayında da davam etdi
və may ayının 16-da federasiyanın xərclərini tutuşdurduqdan sonra o
Bolqarıstana yarışa gedəcəkdi. Həmin günü məndən axırıncı fikrimi soruşdu və mən
də federasiyadan ayrılacağımı dedim. Protokolda da göstərildiyi kimi 2016-cı
ilin may ayının 18-də mən rəsmi olaraq işdən çıxmışam. Mən işdən ayrıldıqdan sonra
Cəsarət Əhmədov ,"Sənin başına oyun açacam. Səni polisə verəcəm. Evdən çölə
çıxa bilməyəcəksən deyərək”, məni hədələməyə başladı. Mən əvvəlcə onun sözlərinə
fikir vermədim. Cəsarət Əhmədov yarışa gedib qayıtdıqdan sonra məni Nizami
rayonu 24-cü polis bölməsinə çağırdılar. Burada Sahib adlı təhqiqatçı mənə "Əvvəlcə
onu deyim ki, başındakına (hicaba) hörmət edirəm. Boynuna al ki, sən kişinin
pulunu götürmüsən”, dedi. Bölmədə olarkən mən 7 min manat pulu oğurlamaqda
ittiham olunduğumu öyrəndim. Təhqiqatçı mənə heç bir sənəd, sübut göstərmədi və
haqqımda 48 saatlıq həbs çıxarıldığını bildim. Mən heç bir pul götürmədiyimi və
heç nəyi də boynuma almayacağımı dedikdən sonra təhqiqatçının da mənə sözləri
"Sənin başına oyun açaram, səni saçından tutub burada sürüyərəm” oldu. 4 saat
polis bölməsində dindirildikdən sonra izahatım belə alınmadan buraxıldım”.
Türkan Məhərrəmova daha sonra təklif edib ki, əgər həqiqətən deyildiyi kimi, bu
məbləği mənimsəyibsə, o zaman audit yoxlaması keçirilsin. Audit yoxlaması keçirilsə
də yoxlamaya gələnlər Cəsarət Əhmədovun öz adamları; yəni Çingiz Abbasov və
başqa bir nəfər olub. Həmin şəxslər audit yoxlamasına dair akt tərtib edib və
aktda federasiyada heç kimin işləmədiyi qeyd olunub və ümumiyyətlə fəaliyyətsiz
boş bir yer kimi göstərilib. Aktda 20900 manat federasiyanın büdcəsindən, 3500
isə marketin malından çatışmazlıq olduğu yazılıb. Türkan Məhərrəmova aktın
obyektiv olmadığını deyərək, akta imza atmaqdan imtina edib:
"Bundan sonra məni Nizami rayon prokurorluğuna çağırdılar. Burada məni müstəntiq
Orxan Məmmədov qarşıladı. Burada izahatımı verdikdən bir həftə sonra mənim
işimi müstəntiq Nəzər Fərzəliyeva verdilər. Burada da Cəsarət Əhmədovla üzləşməmiz
oldu. O kassadan 19900 ABŞ dolları miqdarında pulu götürdüyünü boynuna almadı.
Ancaq bu faktı təsdiqləyən səs yazısını mən prokurorluğa təqdim etdikdən sonra
Bakı Şəhər Prokurorluğunda o pulu götürdüyünü etiraf etdi. Cəsarət Əhmədov daha
sonra bu işlərdən bir şey çıxmayacağını görüb, üç nəfəri mənim əleyhimə
şahidlik etməyə məcbur etdi. Azad Qurbanov, Həbibullah Dursunov və Ləman
Qaraşova Cəsarət Əhmadovun mart ayının onunda onların yanında 6400 manat məbləğində
pulu mənə verdiyinə şahidlik etdilər. Mən də həmin tarixdə Həbibullah Dursunovu
tanımadığımı onu ancaq may ayının 19-da birinci dəfə gördüyümü dedim. Bu üç şəxs
Cəsarət Əhmədovun pulu onların şahidliyi ilə, üçünün də bir yerdə olduğu zaman
verdiyinə şahidlik etdilər”.
Türkan Məhərrəmov Azad Qurbanovla qarşılaşması zamanı onun da o audit
yoxlamasında saxtakarlığa yol verildiyini etiraf etdiyini deyib. O, prokurorluq
qarşısında Həbibullah Dursunovun araşdırılması üçün vəsatət qaldırıb. Amma
prokurorluq onun vəsatətimi təmin etməyib. Bundan başqa, dövlət ekspertizası da
Cəsarət Əhmədovun gətirdiyi auditə dair rəyi təsdiqləyib:
"Bundan sonra mən audit yoxlamasına öz etirazımı bildirdim və Bakı Şəhər
Prokurorluğuna Fərhad adında general gəlib bizim işimizə obyektiv baxılmasına nəzarət
edərək audit yoxlamasını ləğv etdi və təzədən audit yoxlamasının keçirilməsini
təmin etdi. Yoxlama zaman nə qədər rəqəmlərin qeyd olunmadığı üzə çıxdı. Bundan
sonra Cəsarət Əhmədovun audit yoxlamasını keçirən şəxsləri tapmaq mümkün
olmadı. Mən bütün bunları müstəntiq Nəzər Fərzəliyeva bildirdim və o mənə "Məhkəmədə
gedib bəraətini alarsan”, deyə qarşılıq verdi”.
Türkan Məhərrəmova əlində Cəsarət Əhmədovun, işə baxan təhqiqatçıların və müstəntiqlərin
səs yazılarının olduğunu və federasiya prezidentinin ona qarşı qərəzli mövqe
nümayiş etdirdiyini deyir.(avropa.info)
Yazıda qeyd olunan məsələlərlə bağlı qarşı tərəfin də mövqeyini dərc
etməyə hazırıq.
Uluyol.info