Fikrət Yusifov: "Kimsə zəhmətə qatlaşmağı sevir, kimisi də daha asan qazanc dalınca qaçır”


Natiq Cəfərov: "Ölkədə işsizlik əsas problemlərdən biridir”


Azərbaycanda illərdir ki, vətəndaşlar işsizlikdən şikayətlənirlər. Xüsusilə də gənclər ixtisaslarına uyğun olaraq iş tapmadıqlarını söyləyir, narazılıqlarını bildirirlər. Sosial şəbəkələrdə, mediada bu məsələ xeyli müzakirələrə səbəb olub. Bir qrup işsizlikdən şikayətlənsə də, digər qrup bildirir ki, işləmək istəyənə həmişə iş tapılar.

Hətta bəzi deputatlar da bildiriblər ki, insanlar istəsələr kəndə qayıdıb, əkinçiliklə məşğul olub, dolana bilərlər. Lakin onlar asan qazanc dalınca qaçdıqları üçün bunu etmirlər.

Onu da qeyd edək ki, bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2016-cı ildə 56 631 nəfərin məşğulluğunun təmin edildiyini bildirib. Bunun 2015-ci illə müqayisədə iki dəfədən çox olduğunu deyən nazir bildirib ki, bu gün Azərbaycanda işsizlik səviyyəsi əksər ölkələrlə, eləcə də ayrı-ayrı inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır: "Belə ki, işsizlik səviyyəsi İspaniyada 19,6 faiz, Fransada 9,9 faiz, Xorvatiyada 12,8 faiz, Portuqaliyada 11,2 faiz, Slovakiyada 9,7 faiz, Sloveniyada 7,9 faiz, Niderlandda 6 faiz təşkil etdiyi halda, Azərbaycanda 5 faiz həddindədir”.

S. Müslümov Azərbaycanın dünya üzrə ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deyib.
Mövzu ilə bağlı iqtisadçı ekspertlərin də fikirləri müxtəlifdir. İqtisadçı ekspert Fikrət Yusifov "Yeni Müsavat”a bildirib ki, hazırda ölkədə işləmək istəyən insan üçün iş tapılır: "Xüsusilə də əkinçilik sahəsində insanlar çalışıb, qazanc əldə edə bilərlər. Hazırda şərait yaradılıb və müəyyən imkanlar da var ki, insanlar kəndə qayıdıb, heyvandarlıqla, əkinçiliklə məşğul olsunlar. Bunun üçün həm Kənd Təsərrüfatı Nazirliyinin tərkibində kreditlərin ayrılması ilə bağlı xüsusi struktur fəaliyyət göstərir, həm də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu sahə ilə məşğul olmaq istəyən insanlara yardım edilir. İnsanlar vəsaitlər əldə edib, müəyyən işlər görə bilərlər. İstək olsa, onlar iş tapa bilərlər. Hazırda yüzlərlə insan işləyib, məhsullarını bazara çıxarırlar. Burada belə bir məqam var ki, kimsə zəhmətə qatlaşmağı sevir, kimisi də daha asan qazanc dalınca qaçır. Zəhmətə qatlaşmaq lazımdır. Əkinçilik, heyvandarlıqla məşğul olmaq, həm də zəhmət tələb edir”.

İqtisadçı Natiq Cəfərli isə fərqli düşünür. Belə ki, ekspert "Yeni Müsavat”a açıqlamasında bildirib ki, ölkədə işsizlik əsas problemlərdən biridir:
"Ölkədə təqribən 5 milyona qədər iş qabiliyyəti olan insan yaşayır. Rəsmi rəqəmlərə görə qeydiyyata düşmüş işçilərin sayı təqribən 1.5 milyondur. Bunun 900 minə yaxını dövlət sektorunda, 600 minə yaxını isə özəl sektorda çalışır. Buradan da görünür ki, iş qabiliyyətli insanların sayı ilə rəsmi işi olan işçilərin sayında kəskin fərq var. Artıq bunun özü belə fikir yürütmək üçün əsas yaradır. Digər tərəfdən Azərbaycanda torpaq sahəsi olan 800 minə yaxın insan var ki, onları da işsiz kimi qeydiyyata almırlar. Bu şəxslər formal da olsa, fermer kimi qəbul olunur. Bunun özü də doğru yanaşma deyil. Eyni zamanda rəsmi rəqəmlərə diqqət etsək görərik ki, Bank sektorunda 4 mindən çox insan iş yerini itirib. Hətta rəsmi rəqəmlərin özü belə ölkədə işsizliklə bağlı ciddi problemlərin olduğunu göstərir. Sadəcə olaraq, Azərbaycanda işsizliyin hesablama qaydaları kifayət qədər problemlidir. Yalnız Məşğulluq İdarəsinə müraciət edən və oradan rəsmi qeydiyyatdan keçənlərə bir müddət sonra çox az maaşı olan və ya uyğun olmayan işlər təklif olunur. Onlar bundan imtina etdikdə isə statistika yenilənir və həmin şəxslər siyahıdan çıxarılır. Yəni qeydiyyatın aparılması kifayət qədər problemlidir. İşsizliklə bağlı problemlər olmasaydı, ölkədən xaricə iş dalınca gedənlərin sayı bu qədər olmazdı. Ətrafımızda işsiz insanların sayı kifayət qədərdir. Ona görə də hökumətin bu məsələyə yanaşması, doğru deyil. Problemi görməzdən gəlməklə, onu qəbul etmək arasında ciddi fərq var”.

Ekspert bildirib ki, hər hansı bir formada iş yerlərinin açılması baş versə də nədənsə, qapadılan iş yerlərinin statistikası açıqlanmır:
"Bunu biz, mütəxəssislər olaraq, dolayı yollarla hesablaya bilirik. Bu yaxınlarda Mərkəzi Bankın hesabatı açıqlandı. Bu hesabatdan, ötən il ərzində hüquqi və fiziki şəxslərin banklarda hesablarının azalmasını müşahidə etdik. Hüquqi şəxslərin hesablarında təqribən 36 faiz, fiziki şəxslərdə isə 10 faiz azalma müşahidə olundu. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, hesabı olmayan hüquqi və fiziki şəxs vergilərdən qeydiyyatdan keçə bilmir. Vergilərdən qeydiyyatdan keçmirsə, demək ki, fəaliyyət göstərmir. Dolayı rəqəmlər də sübut edir ki, ötən il işsizliklə əlaqədar problemlər yaşanıb. Bunu hökumət inkar etməkdənsə, səbəblərini araşdırmalıdır. Ciddi analiz aparılıb, diaqnoz qoyulduqdan sonra məsələnin həlli ilə bağlı işlər görülməlidir”.


Əli Rais, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300