Azərbaycan Ordusunun erməni təxribatının
qarşısını alarkən şəhid olan hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Əhmədov
Elvin Süleyman oğlu Tovuz rayonunda dəfn edilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Yanıqlı kənd qəbiristanlığında
keçirilən dəfn mərasimində rayon İcra Hakimiyyəti aparatının əməkdaşları,
ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhid hərbçinin xidmət etdiyi hərbi
hissənin təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
əməkdaşları iştirak edib.
Çıxış edənlər şəhid Elvin Əhmədovun döyüş tapşırıqlarını layiqincə yerinə
yetirdiyini deyiblər. Bildirilib ki, şəhid Elvin Əhmədov örnək olacaq bir hərbçi
olub.
Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan
bayrağı atasına təqdim edilib.