Kəmalə Səlim Müslümqızının hekayəsini Xocalı faciəsindən sağ çıxıb bu gün aramızda olan insanlara ithaf edirik:
Unutmadıq, Unutmayacağıq, Unutdurmayacağıq!!
XOCALI UŞAQLARI
Həkim
O gecə beş yaşım var idi.Yadımda qalanlarsa bunlar oldu. Atamın ayağından axan qan, göz yaşları, bir də dəhşətli qışqırıq səsləri.Anamın dediklərinə görə atam o qədər də ağır yaralı deyilmiş. Bəlkə də o zaman vaxtında tibbi yardım göstərilsəydi, xilas etmək olarmış...Uşaqlığım, yeniyetməliyim nigarançılıqla keçdi. Elə bilirdim atam bir gün qayıdacaq,” mənim əziz balam deyib” bağrına basacaq məni. Mən də atasızlıq sıxıntısından qurtulacağam. Elə ki böyüdüm, hər şeyi dərk etməyə başladım. Böyüklərin ciddicəhdlə məndən gizlətməyə çalışdıqları hər şeyi.Əvvəl dedilər ki, atam elə oradaca dünyasını dəyişib. Daha sonra onun yaralı olaraq əsir düşdüyünü və qanqren nəticəsində ayaqlarının kəsildiyini eşitdik. Beləcə də onun gah Ermənistan ərazisində, gah da işğal altında olan torpaqlarda əsir saxlanıldığını eşidirdik. Axtarışlarımız heç bir nəticə vermirdi. İndiyənə qədər onun sağ olub olmadığını bilmirəm. Faciəmiz nə qədər ağırdır,deyilmi?
Atam sağdır, bəs hanı? Dünyasını dəyişibsə məzarı hardadır? Diridirsə necə yas tutaq ona ? Yox əgər sağ deyilsə harda axtaraq məzarını? Dünya, ədalətziliyinin sonu yoxmu?!.
Şikəst insanları görəndə təəssüfqarışıq bir qibtə hissi keçirirəm. Kaş ki mənim də atam yanımda olaydı.Razıyam, əlil arabasında oturaydı, amma sevincli günlərimin şahidi olaydı. Çətin günlərimdə məsləhət verəydi mənə...
Qəlbimdə bir hiss " sən həkim olmalısan " deyirdi.Ehtiyacı olan hər bir kəsin köməyinə çatmalısan deyirdi. Bir qətrə qanın belə tökülməsinə razı ola bilmərəm. Hədər yerə axmasına yol verə bilmərəm. Dadina çatdığım hər bir xəstə, həyatını xilas etdiyim hər bir kəs acımı bir az da olsa dindirir,həsrətlə yanan qəlbimə sanki su çiləyir.
Bu, mənim borcum, yazılmamış qanunum, ən şərəfli missiyamdır.
XOCALI UŞAQLARI - QAN YADDAŞI!!

MÜƏLLİM
Altı yaşım vardı. Məktəbə gedəcəyim günü səbirsizliklə gözləyirdim . Günləri, həftələri saya-saya fevral ayına çatdım. Çatmamış olaydım, saymamış olaydım...
Əvvələr elə bilirdim ki,ev-eşiyimizdən didərgin düşməyimizə mən səbəbkaram. Çünki, elə hey deyinirdim. Bəs deyirsiniz fevral ən qısa aydır , bəs niyə qurtarmır, niyə başa çatmır bu ay? Qurtardı ,özu də bir dəfəlik...
O faciəni yaşayan insanları çox dinləmisiniz. Mən o günlərə xəyalən belə dönmək, səfər etmək istəmirəm. Lakin gözlərimin önündən silinməyən bir səhnə var. Çadır düşərgəsindəki məktəbimiz. Həsir kisələrindən divarı, neft lampasından işığı, torpaqdan döşəməsi, sınıq-salxaq şifer,dəmir parçalarından tavanı olan məktəbimiz. Lövhəni yuxumuzda görər, partaları xəyal edərdik. Səliqəli sinif otaqları olan işıqlı məktəb bizim ən böyük, ən əlçatmaz arzularımız idi. Rəngarəng qələmlər, şəkilli jurnallar, nəfis tərtibatlı kitablar şirin yuxularımın qonağı olardı.Televizor isə bizim üçün Marsdan gələn mehman idi ...
Mən qarşısı alınmaz bir qüvvə ilə oxuyurdum . Əlimə keçən hər şeyi-qəzet parçalarını,yardım yeşiklərinin üstünü, kitablardan qopmuş səhifələri, hər şeyi, dönə-dönə oxuyurdum. Acgözlüklə, sanki əlimdən alacaqlarmış kimi oxuyurdum... Bu gün müstəqil Azərbaycan Respublikasının müəllimi kimi şərəfli bir adı daşıyıram. Bütün bildiklərimi şagirdlərimə aşılamaq həyatımın mənasıdır. Çünki, biz bu müharibəni ağlın gücü, elmin köməyi,intellekt zəfərinin təntənəsi hesabına qazanacağıq.
XOCALI UŞAQLARI - QAN YADDAŞI!!

SƏRHƏDÇİ
4 yaşım vardı.Yadımda qalansa yanğnlar, bir də silahlar oldu. Böyüyürdüm , hər şeyi dərk edirdim. Xatirimdə qalan yanğın və silahlar da mənimlə birgə böyüyürdü . Kim olacağıma verəcəyim qərarın təməli qəlbimdə həmin gecə baş qaldırdı. Mən sərhədçi oldum. Xain düşmənlərimiz torpaqlarımıza yaxın dura bilməsinlər deyə. Vətənim bir daha tapdaq altında qalmasın deyə.Xalqım öz torpağında hürr yaşasın deyə.
Bu gün Azərbaycan alınmaz qaladır. Onun quru , hava və su sərhəddini qoruyan rəşadətli ordusu var. Mən fəxr edirəm ki, Azərbaycan ordusunun zabitiyəm.
XOCALI UŞAQLARI - QAN YADDAŞI!!

MEMAR
İkinci sinifdə oxuyurdum. Ailə üzvlərimizdən dördü uçmuş evimizin qaıqları altında qalmışdı. Kiçik bacı-qardaşlarımın səsi indiyənədək qulağımdadır. Ən məşhur söz ustaları belə bu mənzərəni təsvir etməkdə acizdir. Dünyaşöhrətli Rembrand bu acını, bu kədəri tablosuna yerləşdirə bilərmi? Şekspir bu faciəni "Kral Lir” in yanına qoya bilərmi? Hüqo məndən qoy incisin. "Səfillər” belə bu faciəni anlatmaqda acizdir.Bunu mən bilirəm. Yalın ayaqları qardan donan, bir parça çörəyə möhtac olan Xocalı uşağı. Qorxusu kədərinə,acısı zillətinə qarışan Xocalı uşağı.Heç vaxt uşaqlığını yaşamayan, bir gecədə böyüyən, birbaşa ömrün qürub çağına qədəm qoyan Xocalı uşağı...
Mən memaram.Özülü poladdan olan evlər tikmək üçün. Heç bir düşmən ordusunun yıxa bilməyəcəyi istinadgahlar ucaltmaq üçün, vətənin alınmaz qala olması üçün.
XOCALI UŞAQLARI - QAN YADDAŞI!!

Övlad
Mənə düz danışmağı öyrədiblər. Desəm hadisələri gözümlə görmüşəm ,düz olmaz.Desəm görməmişəm, yenə də düz olmaz.Mən həmin gün anamın bətnindəydim.Mənə həyat verən , ömrünü balasına bağışlayan qadının. Şahidlərin dediyinə görə anam üç gün meşədə,qarın içiylə yol qət edib.Canını dişinə sıxaraq ağrılarına qalib gəlib,amma nə məni, nə də yanındakıları düşmənə təslim etməyib. Ağdama yarıhuşsuz vəziyyətdə çatan anam "balamı xilas edin,o, ailəmizin yeganə sağ qalan yadigarıdır” deyibmiş...
Məni möcüzə uşaq adlandırıblar. Çünki sağ qalacağıma heç bir ümid yox imiş.Əgər mən sağ qalmasaydım tamamilə məhv edilmiş doqquzuncu ailə biz ola bilərikmişik...Böyük bir ailənin yadigarı olmaq,heç vaxt tanımadığın insanları sevmək,onlar üçün darıxmaq, bəzən ağlamaq, hər zaman adlarına layiq olmağa çalışmaq nə deməkdir, anlatmaqda acizəm.
Uşaq evində böyüdüm, sıxıntı çəkmədən, ehtiyac bilmədən. Yayda istidən, qışda soyuqdan qorunmadan. Müəllimlərdən, dayələrdən hər zaman yaxşı münasibət gördüm. Amma ana həsrəti məni bir an da olsa tərk etmədi.Məni ağlamayan uşaq adlandırırlar. Bəli, mən heç vaxt ağlamırdım. Heç kim göz yaşlarımı görmürdü. Çünki onlar hər zaman ürəyimə axırdı... Anamın şəkli də qalmayıb.Deyirlər mən eynən ona oxşayıram. Səsini eşitmək üçün nələr verməzdim. Görəsən necə danışırmış,necə gülümsünürmüş? Nəyə hirslənirmiş? Yanımda olsaydı həyatım necə dəyişərdi? Gəray Fəzli analı uşaqlar üçün nə gözəl yazıb :
Gözüm yaşla dolanda
Mən anamın qucağına atılıram bir anda.
Onu görcək ağrımayır başım da
İsti ana qucağında quruyur göz yaşım da.
Ana sığalı necə olur görəsən? Nəyə bənzəyir ana öyüdü? Danlağı başqalarından nəylə fərqlənir? Ey analı uşaqlar, necə bir sərvətə malik olduğunuzu anlayırsınızmı? Necə qiymətli bir inciyə aid olduğunuzu dərk edirsinizmi?
İstəmirəm sarayları bir sığala dəymirsə!İstəmirəm ləl-cəvahiri bir nəvazişi əvəz etmirsə!İstəmirəm heç nəyi bir ananı mənə qaytaramayacaqsa...
Lənət olsun müharibə adlı iblisə. Lənət olsun anaları balasız, balaları anasız qoyan şər qüvvələrə!Lənət olsun ocaqları kor qoyan, yurdları viran edən balalar dünyaya gətirən analara!.. Bu misralar heç yadımdan çıxmır:
41-45 arasında
Tək bir ana günahkardır
Anaların qarşısında
O, Hitlerin anasıdır
41-45 arasında.
Düşünürəm ki, müharibəni başlayan yox onun anası günahkardır.Düzgün övlad tərbiyə etmədiyi üçün.Mən üzümü analara tutub səslənirəm. Uşaqlarınızı elə böyüdün ki, heç kimin balasını yetim qoymasınlar.
SON

20 FEVRAL 2017
Kəmalə Səlim Müslümqızı

Teref.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300