DEVAMM Hacı Sərdar Hacıhəsənlinin
həbsini insan haqlarının pozulması kimi qiymətləndirir
DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) və İçərişəhər
"Cümə” məscidi dini icması tanınmış ilahiyyatçı, Azərbaycan Ruhanilər Məclisinin
üzvü, Maide.az saytının baş redaktoru Hacı Sərdar Hacıhəsənlinin (Hacı Sərdar
Babayevin) həbsini pisləyən bəyanat qəbul edib.
DEVAMM-ın sədri, İçərişəhər "Cümə” məscidinin imam-camaatı Hacı İlqar
İbrahimoğlunun yaydığıl bəyanatda bildirilir: "Verilən xəbərlərə görə, hörmətli
ruhani Hacı Sərdar Hacıhəsənli barəsində Masallı rayon məhkəməsi tərəfindən həbs
qəti-imkan tədbirinin seçilməsi barərə qərar çıxarılmışdır.
Əvvəla, onu qeyd etməliyik ki, Hacı Sərdar Hacıhəsənli ölkənin ən dəyərli, ən
nüfuzlu ruhanilərindəndir. Onun etiqadlı, təqvalı bir şəxsiyyət olması dostlara
da, bədxahlara da bəllidir. Eyni zamanda, Hacı Sərdar təmkinli, dəqiq mövqeli
bir insandır. Belə bir insanı cümə namazı qılmasına görə həbs etmək (maddə
168-1.3. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan
Respublikasının vətəndaşı tərəfindən aparılması – təkrar edildikdə) – absurd
bir haldır.
Ən acısı budur ki, Hacı Sərdar Hacıhəsənlinin ruhaniliyinə hörmət qoymayaraq,
onu istintaq müddətində həbs etdilər. Halbuki, o, heç bir vəchlə istintaqdan
yayınmamışdır və həbs üçün əsas verməmişdir. Bu, onun fonunda baş verir ki,
yaxın günlərdə prosessual və cəza sisteminin liberallaşması ilə bağlı ölkə səviyyəsində
konseptual xüsusi sərəncam da qəbul edilmişdir.
İttihamın özünə gəldikdə, Hacı Sərdar Hacıhəsənlinin heç bir günahının olmaması
hamıya, o cümlədən, istintaq orqanlarına da bəllidir. Belə ki:
1. Hacı Sərdar Hacıhəsənli ilkin dini təhsilini Azərbaycanda alıb;
2. Hacı Sərdar xaricdə dini təhsil almağa hələ Sovet vaxtı gedib;
3. Hər bir halda, qanunun geriyə qüvvəsi yoxdur;
4. Hacı Sərdar Hacıhəsənli heç bir kəsin hüququna qəsd etməyib, ictimai asayişi
pozmayıb;
5. Masallıda cümə namazı qılmağa bölgənin rəsmi qazisi tərəfindən dəvət olunub;
6. Hər bir halda, Hacı Sərdar Hacıhəsənli cümə namazını professional fəaliyyət
kimi həyata keçirməyib, dini ayinləri kollektiv surətdə həyata keçirmək barədə
konstitusion hüququnun realizəsi kimi yerinə yetirib. Və buna görə insanı təqib
etmək – yolverilməzdir və haqların pozulmasıdır.
7. Konstitusiyanın:
48.II maddəsinə görə, hər kəsin dinə təkbaşına və ya başqaları ilə birlikdə
etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ
vardır.
71.II maddəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata
keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
71.IV maddəsinə görə, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini
açıqlamağa görə təqsirləndirilə bilməz.
71.V maddəsinə görə, Konstitusiyanın heç bir müddəası insan və vətəndaş
hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə
bilməz.
Bundan əlavə, Azərbaycan hökumətinin qoşulduğu BMT-nin Mülki və Siyasi Hüquqlar
haqqında Paktında (maddə 18), BMT-nin İnsan Haqları Ümumi Bəyannaməsində (maddə
18), İnsan Haqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa
Konvensiyasında (maddə 9) birmənalı olaraq, dini etiqad azadlığı, o cümlədən
kollektiv ibadət hüququ birmənalı surətdə təsdiqlənir.
Beləliklə, Hacı Sərdar Hacıhəsənlinin təqibinin heç bir qanuni və huquqi əsasının olmadığını bəyan edirik.
Bunları nəzərə alaraq, Hacı Sərdar Hacıhəsənlinin həbsini insan haqlarının və əsas
azadlıqlarının pozulması kimi qiymətləndirir, ona qarşı edilən hərəkətləri təqib
kimi dəyərləndiririk.
Əlaqədar orqanlara, Hacı Sərdar Hacıhəsənlini dərhal azadlığa buraxmaqla bağlı
çağırış edirik".