Tovuz özünümüdafiə batalyonunun komandir müavini olmuş Xaliq İsgəndərov vətən müharibəsi, ermənilərlə savaş haqda danışır

Bütün sərhədlər insan ömrünün qara çəpərləridir. Tarixə baxsaq, dünya dövlətlərinin hamısı bir-biri ilə vuruşub, qan töküb, sonradan barışıb qardaş olublar. Səbəbi isə sadədir: Savaşlar bitdikdən sonra, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyıb və zamanla qardaşlaşıb, hətta aradakı sərhədləri qaldırıblar. Bizdə isə bu, baş vermədi. Səbəb isə düşmənimizin, döyüşdüyümüz "dövlətin” dövlət olmaması, heç doğru-dürüst düşmən ola bilməməsidir. Onun üçün də erməni nə düşmən, nə də dostdur.

Bu gün 25 il əvvəl əsir düşmüş uşaqlarımız Kəlbəcərin qızıl mədənlərində kölə kimi işlədilir, bu gün 25 il əvvəl əsir düşmüş qocalarımızın sümükləri düşmən tapdağı altındakı torpaqlarda inləyir. Bu gün 25 illik ağaclar belə kökündən quruyub qopmaq üzrədir. Bu gün bir də 25 il əvvəlki müharibədə yarı canını, sağlamlığını itirmiş qazilərimiz var. Bax, tək təsəllimiz yarı canı ilə bu gün də "döyüşə hazıram” deyən qazilərimizdir. Onlardan biri də Xaliq bəydir.


Ticarətdən savaşa

Xaliq İsrayıl oğlu İsgəndərov 1962-ci ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 1982-ci ildə Sovet ordusunda hərbi xidmət keçdikdən sonra ticarətlə məşğul olub. 1988-ci ildə ermənilərin Qarabağda fəallaşdığını Moskvada olarkən, təsadüfən televiziyadan eşidib. Dostu Tariyel Qurbanov ilə birlikdə vətənə qayıdıb. Kəndlərində sakitlik olsa da, Ağdam kəndində gərginlik olduğunu görüb. Xaliq bəyin atası da polis şöbəsində işləyib və həmin vaxtlar sərhədi polislər qoruduğu üçün o da sərhəddə kəndlərini müdafiə edirmiş. Xaliq hər gün atası və onun silahdaşlarına yemək aparırmış.

Kənd uşaqları ordu yaradır

Bir gün kənd ağsaqqalları ilə gənclərin yığıncağı olur və orada qərara gəlinir ki, hər evdən bir nəfər gənc olmaqla könüllü dəstə yaradılsın, sərhəddəki yaşlı və 17 yaşını keçməyən gəncləri könüllülər əvəzləsin.

Xaliq bəy o illəri belə xatırlayır:

- Bizim kənd nümayəndəliyi qərar çıxardı ki, yuxarı Hacallı və aşağı Hacallı kəndinin ön tərəfində, Mircilər, Əlibəylinin mərkəzində, Qışlaqda və Unverəndə bir post qurulsun. Bunu etmək üçünsə Bakıya, eləcə də digər rayonların ağsaqqallarına və gənclərinə müraciət etməli idik. Beləcə, paytaxta yollandıq. Dayım Vəli Süleymanov Bakıda yaşayırdı. Onun yanına getdim. Vəziyyəti izah etdim. Köməyə ehtiyacımız olduğunu söylədim. İlk yardımı da bizə o etdi. Eyni zamanda mənə məsləhət verdi. Dedi ki, bu görəcəkləriniz məsuliyyətli və ciddi işlərdir. Pulu aldıqdan sonra beşaçılanlar aldıq. Kəndimizdə də çox az sayda olsa da, silah var idi.

33 yoldaş olub, yola düzəldik...

İlk dəfə posta bu igidlərlə qalxdıq: Etibar Əmiraslanov, Ədalət Xankişioğlu, qardaşı Həmid, Xaliq İsgəndərov, rayondan Eldar bəy (ağsaqqal), Öysüzlüdən Elman Bayramoğlu, Çingiz Bəşiroğlu, Elçin Heydəroğlu, Sahib Şəmistanoğlu , Ədalət Əbülfətoğlu (Xoxan), Çingiz Alıisgəndəroğlu, Kamal Paşaoğlu, Tariyel Qurbanov, Fazil Məhəmmədoğlu, Şahniyar Məhəmmədoğlu və bir çoxları... 33 nəfər Milli Ordunun əsgərləri olmuşuq.

Ruslar neytralda, erməninin yanında

Bizdə neytral ərazidə ruslar dayanmışdı. Və təbii ki, onlar ermənilərin tərəfində idilər. Bunu bilirdik. Yəni qarşı tərəf sükutu pozduqda bizim silahımız onlara çatmırdı. Kifayət qədər silah olsaydı, onların qarşısını alardıq.

Məqsəd isə qarışıqlıq olan zaman kənd sakinlərinin vəziyyətdən tez xəbər tutması idi... Hər evdən bir nəfəri növbəyə yazdılar. Hardasa 26 yaşım olardı. Həmyaşıdlarımla qərara gəldik ki, elə kəndimizi biz özümüz qoruyaq. Beləliklə, sərhədə qalxdıq. Həmin an orada bizə ehtiyac olduğunu başa düşdük. Məqsəd isə silahlanmaq və kəndi qorumaq idi. Müxtəlif kəndlərdən gənclər vardı. Həmin illərdə evli olmağım kəndimi qorumağım üçün məni daha cəsarətləndirdi. Düşünün, nəsil-nəcabətin, ailənin və gələcək övladlarının yaşayacağı torpaqda erməninin mövcudluğuna razı olan bir insan niyə yaşamalıdır ki? Ondansa gedib özünü assın da. Ya da ən qürurverici variant torpağını qorumaqdı ki, mən və dostlarım da bunu etdik. Etibar Əmraslanovu batalyon komandiri seçdik, mən isə onun müavini oldum. Bilirsiz, ən əsası nəydi o vaxt? Biz bir-birimizə çox güvənirdik. Hər birimiz səngərə bağlı idik. Vətən sevgisi başqa olur, Nihat bəy. Bunu sizə deyəndə belə kövrəlir, qürur duyuram.

İlk əməliyyat

Axşam saat 6-da ermənilərin kəndlərinə kəşfiyyata getdik. Axşamdan lazım olan tədbirləri görmüşdük. Yəni daha tez getsəydik, əməliyyat uğursuz olardı. Axşam saat 6-dan səhər 6-ya qədər onların kazarmasının qarşısında olduq. Saat 12-yə qədər döyüşdük. Artıq əmin olduq ki, yüksəklik bizdədir. Bizə korpusdan kömək gəlməli idi. Lakin gəlmədi. Çox çətin vaxtlar idi. Əvvəlcədən razılaşmışdıq ki, posta daxil olaq. Məqsəd isə kəndləri almaq idi. Ermənilər gördülər ki, artıq bizimlə döyüşmək mümkün deyil, əlavə köməkçi dəstələr çağırdılar.

Hiss etdim ki, yaxınlığıma snayper gəldi. Döyüş yoldaşlarıma söylədim ki, səngərdən çıxmalıyıq, işimizi görmüşük. Əsgər Bəxtiyara dedim, birinci sən çıx. Sonra Hamlet, Ceyhun çıxsın, ən sonuncu mən çıxaram. Üçümüz qalmışıq kazarmanın qabağında. Mən başımı səngərdən çıxarsaydım, onlar məni həmin dəqiqə vuracaqdılar. Ona görə ordan elə çıxmalı idim ki, məni görməsinlər. Sakitcə səngərin üstündən çıxdım. Gördüm, ermənilər bizə yaxınlaşıblar. Sürünə-sürünə gəlirlər. Silahı götürdüm, dərhal bir nəfəri nişan aldım, eyni vaxtda o da məni nişan aldı, ancaq mən daha cəld tərpənərək onu vurdum. Təbii ki, o da mənə atəş açdı. Gülləm onun alnından dəydi, onun atdığı güllə isə ayağımdakı boşluğa girdi. Qan itirsəm də, əsgərlərim ruhdan düşməsin, təşviş yaranmasın deyə, yaralandığımı onlardan gizlədim.

Mən həmin yerdən uzaqlaşandan sonra Ceyhun çıxdı. Hamlet qaldı. Döyüş yoldaşlarıma göstəriş verərkən o qədər qışqırmışdım ki, səsim batmışdı. Hamletə çıxmaq vaxtı olduğunu dedim. Hamlet mənə bir erməninin yaralı olduğunu və onu vuracağını söylədi. Ancaq elə bu anda Hamleti başından vurdular. Əlimərdanlı kəndindən Məzahir Quliyev adlı döyüşçü yoldaşımız var idi, ona Hamleti təcili çıxarmağı tapşırdım.

Yaxınlığımızda daha bir yüksəklik var idi. Ermənilər oradan hücuma keçdilər. Ceyhun pulemyotunu yerdə rahatlayıb, qarşı tərəfə cavab atəşi açdı. Düşmən tərəf al-qana boyandı. Təəssüf ki, Ceyhun snayperdən açılan atəş nəticəsində ürəyindən vurularaq dünyasını dəyişdi. İki şəhid verdik, mən isə yaralı idim...

Erməni başını səngərdən çıxarmır, gözləmə mövqeyi tutur, dayanmadan səngəri müşahidə edirdi. (Döyüşdə səbir qalib gəlir, deyiblər.) Səbirlə qarşı tərəfi gözlətməyə nail oldum. Onlar artıq səngərə doğru irəlilədilər. Elə anındaca gülləni qabaqdan gələn erməniyə tuşladım, onu yerindəcə alnından vurdum. Sonra isə oradan çıxdım, yoldaşlarımın yanına qədər - haradasa 500 metr süründüm. Avtomatı və o biri silahları qoluma doladım. Onlar vasitəsilə səs küy edirəm ki, düşmən sakitlik olduğunu düşünməsin. Yoldaşlarımın yanına az qalmış pusquya (tara) düşdüm. Arxaya baxdım, uşaqların məni gözlədiyini gördüm. Asiflə Rasim mənə yaxınlaşdı. Yaralandığımı gördülər. Köməkləşib məni təpəyə çıxardılar. Təəssüf ki, şəhidlərimizi oradan çıxara bilmədik. Onları götürmək qeyri-mümkün oldu. Bərələrdə olan yoldaşlar bir yerə toplaşdı. Geri çəkildik...

Qazaxlı Aliklə məsləhətləşdim ki...

Bir şeyi qeyd edim ki, biz əsirlərimizin bircə gün belə olsun, qarşı tərəfdə qalmağına imkan verməmişik. Bir dəfə ermənilər bizim Hacallı kəndindən quzu otaran uşaqlardan birini aparmışdılar. Fikirləşdim ki, harada boşluq varsa, oradan hücuma keçməliyik. Ağlıma gəldi ki, onlar bizim o uşağın əvəzində əsir götürəcəyimizi bilirlər. Ona görə də Qazax istiqamətində bu işi həyata keçirməyi qərara aldım və o istiqamətdə hərəkət etdik. Qazaxlı Aliklə məsləhətləşdim ki, istiqamət versin, harada boşluq varsa, oradan erməni gətirəcəyik. Kamal, Çingiz Bəşiroğlu, Elçin Heydəroğlu ilə bu işi həyata keçirməyi qərarlaşdırdım. Maşına əyləşdik və təbii ki, 4 nəfər də qazaxlılardan - Alik, Maarif, Natiq və Rövşən getdik Bala Cəfərli kəndinə. Orada bizim neytral zona var idi. Gürcülər həmin istiqamətdən Ermənistana işləyirdilər. Orada ermənilərin elektrik stansiyaları vardı. Ermənilər həm də daim özləri üçün geniş ərazilərdə obyektlər tikirdilər ki, camaat oraya axın etsin. Orada saat 6-da iş vaxtı yekunlaşırdı. Əməliyyatım belə idi ki, iki ermənini əsir aparıb öz əsirlərimiz ilə dəyişək. Beləliklə, əməliyyat başladı. Çingiz, Kamal və Alik bir istiqamətdə irəlilədi, biz isə Ermənistan ərazisinə keçdik. Əvvəlcə maşının kapotunu qaldırdım, digər avtomobillər mənim dayandığım istiqamətdən keçəcəkdilər. Bir avtobus da erməni gəldi. Çingiz Bəşiroğlu saxladı avtobusu və içindəkilərdən sənəd soruşdu. Əslində adamlardan öz ərazilərində sənəd soruşmaq düzgün deyildi, şübhə yaradar və onlardakı silahlılarla atışma olar, beləliklə, əməliyyatımız uğursuz olardı. Ona görə də Çingizə bunun yanlış olduğunu dedim. Əgər birində silah olsaydı, qarışıqlıq yaranardı. Başqa taktika seçib, iki ermənini və maşınlarını girov götürdük... Tovuz rəhbərliyi danışıqlar aparmalı idi. Artıq aidiyyatı orqanların rəhbərlərinə 2 ermənini əsir götürdüyümüzü bildirdim... Əməliyyatımız uğurlu olmuşdu deyə, posta qayıtdım. Bundan sonrası isə rayon rəhbərliyinin işi idi. Uşaqlar erməniləri Çingiz Bəşiroğlugilə gətirdi (sən demə, girov götürdüyümüz erməninin biri Çingizin atası ilə dost imiş). Bizimlə eyni vaxtda başqa kəşfiyyatçılarımız isə ermənilərin çobanını əsir götürüb, qoyunlarını da gətirmişdi...

Unudulmaz ölümlər...

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər biri mənim üçün dəyərlidi. Biz onların qədrini şəhid olandan sonra daha yaxşı bildik. Onları biri-birindən ayıra bilmərəm. Onlar bizim həm silahdaşımız, həm də qardaşımız idi... Əməliyyatların birində ilk şəhidimizi verdik – Farizin ölümü məni heç vaxt rahat buraxmır. Hamletin son sözü sadəcə "Məni başımdan vurdular” oldu. Ceyhun isə ürəyindən vurulduğu üçün bir kəlmə də deyə bilmədi...

Ağdərəyə gedən yol

1992-ci ilin fevral ayında Ağdərə istiqamətinə getmişəm. Göstəriş gəlmişdi ki, bu istiqamətdə vəziyyət çətinləşib. Kömək getməlidir. Bizim batalyondan və digər batalyonlardan əsgərlər yığıldı. Etibar batalyon komandiri kimi ora getdi. Xeyli sayda silah-sursat apardı. Ancaq müəyyən vaxt keçdikdən sonra Etibar bəyi və yanındakı dostları kimsə əvəzləməli idi. Bizdə kimin onları əvəz edəcəyi sualı ortaya çıxanda mən heç tərəddüd etmədən bunu edəcəyimi dedim və etdim. Sabah oldu, yola düşdük, Tərtərdən qalxdıq Ağdərə rayonuna, Sərsəng su anbarı istiqamətində. Mən ora gedəndə axşamüstü idi. Axşamı qaldıq. İlk dəfə oralara getmiş bir döyüşçü kimi səhərəcən yata bilmədim. Əsgərlərimizə istirahət verdim və bizim keşik çəkəcəyimizi söylədim. Səhər açıldı. Ərazi ilə tanış oldum, baxdım orada neçə batalyonuq. Eşitdim ki, Mingəçevir batalyonu məhv edilib. Tərtər batalyonunun komandiri Vəzir ilə tanış oldum. Ağstafadan Musaxan Həsənov, Qazax kəşfiyyat rəisi Aydın Məmmədov, Tovuzdan da mən ordaydıq. O istiqamətlərdə döyüşlər davam edirdi... Biz öz xidmətimizi layiqincə yerinə yetirirdik. Ancaq bu vaxt bizə başqa batalyonların gələcəyini dedilər. Və təbii ki, itkilərimiz də vardı. Yuxarı Öysüzlüdən ilk şəhidimiz Əliyev Müşfiq oldu. Tofiq isə yaralandı. Deməli, 1988-ci ildən başladım könüllü döyüşə, 1995-ci ilin mayında tərxis oldum... Müxtəlif təkliflər gəlsə də, təqaüdə çıxdım və evə qayıtdım. Təsərrüfatla məşğul oldum...

İki qardaş, iki bacıyıq. Qardaşım Dünyamalı da döyüşürdü. 4 övladım, 8 nəvəm var. Xoşbəxtəm ki, həm döyüşmüşəm, həm də indi ailəmin yanındayam. Atam o vaxt mənə bir bunu demişdi ki, sən İsrayıl kişinin oğlu olmaqdan daha çox elin oğlu ol və şərəfinlə yaşa ömrünü. Belə də oldu. Mən elimin oğluyam, elimlə birlikdə yaşayıram. Düzü, bu günəcən kimsəyə müsahibə verməmişəm - səbəb isə sadədir: Kim müsahibə istəyibsə, qarşıma şərt qoymağa çalışıb ki, müsahibəni siyasiləşdirib yazsın, mən isə buna görə müsahibədən vaz keçmişəm. Siz isə başqalarından fərqli olaraq, bu qapıya doğmam kimi gəlmisiz. Qapım həmişə səmimi, işini, elini sevənlərə açıqdır.
Onu da deyim ki, nə qədər nəfəsim var, hər dəqiqə, hər saniyə döyüşməyə hazıram.

Nihat Cəbrayıl, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300