Yanımda əyləşən oğlan qalxıb yer verəndə onu fərq etdim. Qız oturmadı. Qəfildən əlini uzadıb dilənməyə başladı. Kimsədən fərqlənmirdi. Səliqəli geyimdə, saçları daranmış, özü susqun idi. Sanki xəyalı haralardasa uçuşurdu. Yerini ona verən oğlan da mənim kimi donub qalmışdı. Sağlam adam niyə dilənsin axı? Ətrafda əyləşənlər hərəsi bir söz dedi, biri heyfslənib başını buladı, digəri, sağlam qızsan, get işlə də, kimi sözlərlə deyinməyə başladı... Kənardan bütün bunları söyləmək necə də asandır. Savadlı insanların işsiz qaldığı bir ölkədə, bu xanım hardan iş tapacaqdı? Əslində bilmirəm, təhsili var idi ya yox, amma kənardan demək asan göründüyünə görə mənə də elə gəldi ki, avam biridi. Bəlkə də gülərək deyəcəksiniz ki, onların elə evləri var, belə villaları var. Sadəcə bu onların işidi. Dilənmədən dayana bilmirlər... 

Sözümün canı əslində bu deyil...

Deyirik ki, boşanmaların sayı get-gedə artır, insanlar bir-birini anlamır. Səbəbin çoxu isə işsizlik üzərində dayanır. Ər pul qazana bilmir, özü-özünə nifrət edir, onun bu zəifliyindən, deyingənliyindən qadın bezir, daha sonra təkrar-təkrar... 
Gənc ailələr maddi problemlər ucbatından dağılır. Rayonlarda işsizlik boğaza çatıb, boğmaq üzrədir, deyərdim boğub da artıq. Arvad-uşağını qoyub bir tikə çörək arxasınca Rusiyaya qaçır kişilər, sonra ya uğursuzluqla geri qayıdır, ya da bir rus qadınına ilişib arvad-uşağını da burda yaddan çıxarır. Rayon yerlərində dolanmağa nə var axı iş olandan sonra. Sosial problemlər ucbatından ali təhsil belə ala bilməyən gənclərimiz var. Bakıya gəlib öz dərdinə əlac tapmaq üçün belə yol pulu tapa bilmirlər. Hələ bunun kirayəsi var, sonra ailəsini öz yanına gətirmək var. Yazıq uşaqlar min dənə məktəb dəyişir. Sonra deyirik ki, Bakıya gəlib yerləşənlər şəhərin düzənini pozur. Rayon yerlərində açılan zavodlar, sexlər ancaq öz tanışını işə düzəltmək üçün açılır? Bu millətin dərdinə əlac olan, bir əncam çəkən olacaq ya yox?
Maddi problemlər ucbatından ailəiçi münaqişələrdən ən çox əziyyət çəkən uşaqlar olur, psixologiyaları pozulur, özünə qapanır, həyatdan küsür. Bununla da gələcəyimiz dediyimiz övladlarımız gələcək gəlmədən bu gündən həyatın ən acı tərəflərini görür, bəzən bütün çətinliklərə sinə gərir, çox vaxt isə özündən başqa kimsəni düşünməz olur. Əslində elə xarakterimiz də yaşadığımız mühitdən öz təsirini alır. 
Bu günümüz, gələcəyimiz olan uşaqlarımız üçün atdığımız hər addımın hesabını öncədən etməliyik. Bunu hamımız bilirik, amma edə bilmirik. Nə üçün? Gənc ailələrdə heç 1 ay keçmədən münaqişələr başlayır, maddi problemlər arada olan bütün münasibətlərin yıpranmasına gətirib çıxarır. Təhsildən uzaq düşür, yaşananlar üzündən zəif xarakterimiz ucbatından məktəbdə imkanlı bir uşağın sənə aşağıdan yuxarı baxmaması üçün hər səhər məktəbə həvəssiz gedir, komplekslərimiz başlayır. Artıq özümüzü kənar hiss etməyə başlayırıq. 
Həyatda baş verən bütün hadisələr bir-biriylə zəncirvari bağlıdır. Heç nə elə-belə baş vermir həyatda. Heç bir cinayət, heç bir intihar səbəbsiz olmur. Bədbəxtlik, xoşbəxtlik insan alnına doğulan andan yazılmır. Ailəmiz, yaşadığımız mühit, məktəb, universitet, iş yerimiz... Ən böyük inciklik isə xəyal qırıqlığı olur. Sevdiyimiz, güvəndiyimiz insandan zərbə görən kimi qarşımıza qoyduğumuz bütün məqsədlərə "yox” deyirik, hər şeydən uzaqlaşıb, çıxıb getmək istəyirik. Ancaq anlamaqda çətinlik çəkirik ki, sonucda özümüz özümüzə qəsd edirik. 
Bizi özünə inandıranlar, güvən hissi aşılayanlar yox, məhz əziyyət çəkən biz özümüz oluruq. İnsan ola bilmək, şəxsiyyət olmaq tək özümüzdən asılı olmur. Hərə öz üzərinə düşəni yerinə yetirə bilsə, ayağı başdan, başı ayaqdan ayıra bilsə, bəlkə zamanla nələrəsə nail ola bilərik. Bu gündən, bu saatdan başlayaq.

Təəssüflə vurğulayım ki, bu gün mediamız regionların problemlərinə çox az yer verir.

Ucqar rayonlarımız bir kənarda, kəndlərimiz gözdən-könüldən uzaq düşüb. Mətbuatımız bölgələrin sosial-iqtisadi həyatı, təhsilimizin səviyyəsi, sakinlərin yaşayış tərzini işıqlandırmalıdır. Hamımız şahidik ki, dərc olunan xəbərlər siyasi, şou-biznes qalmaqalları, kim-kimi öldürdü, bıçaqladı və s. və i. a. Anlamırıq ki, bütün bunlaın səbəbi elə insanların sosial problemlərindən, təhsilin səviyyəsinin aşağı olmasından, cahillikdən ortaya çıxan problemlərdir. Özü də ciddi problemlər. Xüsusən də cəbhə bölgəsində yerləşən ərazilərə xüsusi diqqət ayrılmalıdır.
Müharibədən qalan fəsadlar, problemlər hələ də yerli əhalinin yaşayışına mənfi təsir edir. Sosial şəbəkələr vasitəsilə çalışırıq sözümüzü çatdıraq, problemləri çılpaqlığıyla əks etdirək. Axı o insanlar bu ölkənin vətəndaşıdır. 
Gündə bir dəfə ayna qarşısına keçərkən nələri etdik, nə üçün çalışdıq, özümüzə hesabat verək... Etdiyimiz səhvləri, düzü bir-birindən ayıra bilsək, bu gün həyatda şikayət etdiyimiz bütün hadisələrdən zərərli deyil, xeyir götürərək çıxarıq.
Problemləri səsləndirməkdən qorxduqca, problemlər altında əziləndə nə haqqı ayıra biləcəyik, nə də nahaqqı...

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300