Bir qrup Bakı sakini AFN-ə müraciət edərək "qara
rieltor”un qurbanı olmaları, icra məmurları tərəfindən haqsızlıqla üzləşmələri
haqda bildiriblər. Müraciətlərdə Rəşidov Rövşən Baba oğlu tərəfindən
aldadıldıqlarını iddia edən sakinlər adıçəkilən şəxsin faizə pul verərək qazanc
götürdüyünü, bunu isə qanunsuz edərək külli miqdarda vəsaiti vergidən
yayındırdığını bildirirlər. Eyni zamanda şikayətçilər R.Rəşidovun hansısa gözəgörünməz
qüvvə tərəfinfən himayə edildiyini, onunla bağlı hüquq-mühafizə orqanlarına
edilən müraciətlərin araşdırılmadığını, hətta məhkəmələrdə belə onun mənafeyinə
uyğun qərarlar çıxarıldığını iddia edirlər.
Bir surəti ölkə prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə şikayətçi
Sofiyev Elçin bildirir ki, Bakı sakini Rəşidov Rövşən Baba oğlu qanunsuz olaraq
vətəndaşları özündən aslı vəziyyətə salır, onların evlərini əllərindən alır.
Bunu isə "qara rieltor”luqla məşğul olaraq (faizə pul verməklə) edir: "Onun bu
qanunsuz hərəkətlərinin qurbanı biz də olmuşuq. Ondan faizə pul götürmüşük,
ikiqat artıqlaması ilə qaytarmışıq, lakin o, faiz üstə faiz yükləyərək bizi
özünə borclu çıxarıb. Belə ki, biz R.Rəşidovdan götürdüyümüz puldan iki dəfə
artıq faiz ödəmişik, o isə bizim hələ də ona götürdüyümüzdən də çox faiz
borcumuzun olduğunu deyir. Vaxtilə pul müqabilində bağladığımız alqı-satqı
müqaviləsini əsas tutaraq, bizi məhkəməyə verib ona olan borcumuzdan dəfələrlə
baha olan evimizi əlimizdən alıb. Bu ev 50 il Bakı dövlət universitetində tarix
fakultəsində kafedra müdiri işləmiş atam Sofiyev Məhəd Mahmud oğlunun evidir.
Ümumilli lider təhsildə göstərdiyi nailiyyətlərə görə atamı sağlığında "Tərəqqi”
ordeni ilə təltif etmişdi.
Bizə haqlı olduğumuz və əlimizdəki mötəbər sübutlara əsasən kömək etməyinizi
xahiş edirik. Prokurorluq heç bir araşdırma aparmadan Rəşidov Rövşən Baba
oğlunun saxta müqavilələrlə vətəndaşların evlərini adına keçirməsi, həmin evləri
sataraq qanunsuz gəlir əldə etməsi, vergidən yayınması faktlarını nəzərə almaq
istəmir. Bu azmış kimi, həyat yoldaşımın Ali Məhkəməyə etdiyi müraciət baxılma
mərhələsində olsa da, Yasamal rayon icra şöbəsi əvvəlki instansiyanın qərarını
icra etdi Bu gün biz evdə olmadığımız halda icra məmurları gələrək qapımızı
sındırıb icranı reallaşdırdılar. İcra zamanı evdə heç kim yox idi, heç
qonşulardan şahid də çağırılmadı”.
Digər şikayətçi Kərimov Məmməd Abdulla oğlu da R.Rəşidovun dələduz əməlləri ilə
üzləşdiyini yazır: "Rəşidov Rövşən Baba oğlundan sələmə pul qötürmüşdüm və
aldığı pulun təminatı olaraq mənə məxsus olan mənzili müvəqqəti olaraq Rövşənin
təşəbbüsü və tələbi ilə onun adına rəsmiləşdirmişdim. Dələduz Rövşən Rəşidov mənə
söz verərək bildirmişdi ki, öz adına çıxarış almayacaq. Lakin o, mənə məxsus
olan evi mənimsəyərək öz adına çıxarış alıb.
Qeyd etmək istəyirəm ki, Rövşən Rəşidovdan götürdüyüm pulun uzun illərdir ki,
külli miqdarda faizini vermişəm. Bu səbəbdən də, Rövşən tərəfindən 2016-cı ilə
qədər mənim və ailə üzvlərimin həmin mənzildən çıxarılmamız barədə tələbləri
olmayıb. Mən ona ödəməli olduğum əsas və faiz borcumu qaytarmağı və mənzilin tərkrar
mənə alqı-satqı yolu ilə qaytarılmasını təklif etdikdə o, buna razılaşmadı. Mənzili
tam olaraq əldə etmək üçün mənə qarşı istifadə hüququnun itirilməsi və mənzildən
çıxarılma barədə məhkəmədə iddia qaldırdı və mənim ona qarşı iddia tələbimdən
sonra onun tərəfindən qaldırılmış mülki işin icraatı dayandırıldı.
Mübahisəli mənzilin alqı-satqı müqaviləsinin formal xarakter daşımasını həm
alqı-satqı zamanı həmin mənzilin həmin dövr üçün real bazar qiymətindən dəfələrlə
aşağı göstərilməsi, həm də mənim həmin mənzildən istifadəmdə heç bir məhdudiyyət
qoyulmaması və s. kimi hallar təstiq edir. Mənə sonradan məlum olub ki, Rəşidov
Rövşən Baba oğlu eyni üsullarla digər şəxsləri da aldadaraq mənzillərini dələduzluq
yolu ilə ələ keçirib. Bununla bağlı biz kollektiv surətdə hüquq-mühafizə
orqanlarına, millət vəkillərinə müraciət etmək məcburiyyətində qalmışıq”.
Başqa bir şikayətçi Səlimova Nüşabə Adil qızı ona məxsus olan Bakı şəhəri,
Nizami rayonu, E.Süleymanov küçəsi, ev 108, 58 №-li mənzilinin qanunsuz və dələduzluq
yolu ilə R.Rəşidov tərəfindən ələ keçirildiyini deyir: "Belə ki, tənha qadın olduğumdan və qanunları bilmədiyimdən,
mənim etibarımdan sui-istifadə edən Rəşidov Rövşən Baba oğlu "ƏmrahBank”ın VİP
filialında işləyən Sənan adlı şəxslə əlbir olaraq evimi girova salmış və pulumu
mənimsəmişlər. Onlar əlbir olaraq istənilən qanunsuz hərəkətlər edirlər. Mən tək
olduğumdan və həyəcan içində yaşadığımdan tez bir zamanda banka olan borcumu
bağlayacaq və yerdə qalan məbləği isə mənə verəcəkdilər ki, mən həmən pula özümə
mənzil alım. Bu prosesslərin bir gün içində necə baş verdiyini mən hələ də
anlaya bilmirəm. "ƏmrahBankın” əməkdaşı Ceyhun və sonradan tanıdığım Rəşidov
Rövşən Baba oğlunun anası bizim evə gələrək evi boşaltağımı tələb etdilər:
"Notariusda alqı-satqı müqaviləsini imza edərkən mənə onu oxumağıma imkan verməmişdilər.
Ceyhun və Rəşidov Rövşən Baba oğlu bildirdilər ki, bu, formal bir müqavilədir.
Həmçinin qeyd etmək istəyirəm ki, mən 4 ildir, kirayələrdə yaşayıram və dələduz
Rəşidov Rövşən Baba oğlunun qurbanlarından birinə çevrilmişəm. Lakin o, dövlət
idarələrini rüşvətlə şirnikləşdirərək insanların ailələrinin dağılmasına,
onların evsiz qalmasına nail olur. Bu məsələ ictimailəşməli və haqqın bərqərar
olması üçün çalışmalıyıq. Ümid edirik ki, şikayətimiz araşdırılmamış
qalmayacaq. Cünki Sizə üz tutan biz ailələr respublikada qanunların işlənməsində
və dələduzların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində vətəndaşların
hüquq və azadlıqlarının qorunmasında Sizin təşəbbüsünüzü hər zaman görmüşük”.
Şikayətçilər həmçinin iddia edilir ki, R.Rəşidov özünün yüksək səviyyədə himayə
edilməsi haqda xəbər yayıb.
Yazıda adları çəkilən şəxslərin mövqeyini verməyə hazırıq.
P.S. AFN-ə R.Rəşidovun Bakı şəhərindəki notariuslarda bağladığı onlarla
alqı-satqı müqaviləsinin surəti təqdim edilib. Həmin müqavilələrin reallığa və
qanunauyğunluğu istiqamətində araşdırmalar aparırıq. Həmçinin müvafiq dövlət
qurumlarına sorğu göndərərək R.Rəşidovun rieltor fəaliyyətinin qanuni
olub-olmamasını aydınlaşdırmağa çalışacağıq.