Bir
müddət əvvəl Milli Məclisin Sosial siyasət komitəsinin ictimai yerlərdə siqaret
çəkilməsini məhdudlaşdırmaqla bağlı qanun layihəsi ilə əlaqadar hazırlanan bir
məlumatda parlamentin iqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət
Quliyevin "EUROPEAN TOBACCO Baku” fabrikinin rəhbərliyindən uzaqlaşdırılması ilə
bağlı məqam getdi.
Səhərisi gün xəbəri dərc edən sayt dərhal düzəliş verdi ki, bəs, məlumat
yanlışdır – R.Quliyev "EUROPEAN TOBACCO Baku”nun rəhbərliyindən
uzaqlaşdırılmayıb, qurumun İdarə Heyətinə sədrliyini davam etdirir. Aydın məsələdir
ki, bu düzəlişin getməsi bilavasitə R.Quliyevin təşəbbüsü ilə baş tutub.
Baxmayaraq ki, Azərbaycan qanunvericiliyi Milli Məclis üzvlərinin bizneslə məşğul
olmasını qadağan edir, cənab Quliyev neçə illərdir həm deputat, həm də ölkənin
inhisarçı siqaret istehsalçısının ali rəhbəri kreslolarını əlində saxlamağı
bacarıb.
Böyük qalmaqallarla Bakı Tütün Kombinatının nəzdində yaradılan və 2000-ci ildən
siqaret istehsalına başlayan "EUROPEAN TOBACCO Baku” ASC Azərbaycanda ən böyük
siqaret istehsalçısıdır – R.Quliyevin öz etirafına görə, bazarın 25-27 faizini
onlar təmin edirlər. Lakin ticarət sektorundakı mənbəmizin dediyinə görə, bu rəqəm
minimum 50 faizin üstündədir: "Xüsusilə son 2 ildə onların orta və aşağı qiymətli
siqaretlərinin satışı dəfələrlə artıb. Lakin bu həcmin yarıdan çoxu rəsmiləşdirilmir.
Əsasən də kiçik və orta satış məntəqələrində satış həcmlərinin uçotu demək olar
ki, aparılmır. Ümumiyyətlə, yalnız siqaretin deyil, əksər məhsulların real
satış həcmi qeydiyyata alınmır”.
Son iki ilin statistikası açıqlanmır
Deputatın rəhbərlik etdiyi şirkətin istehsal göstəricilərinə dair ən son məlumatlar
2 il əvvələ 2014-cü ilə aiddir – ildə 2 milyard ədəd. Hansı ki, R.Quliyev bu həcmin
ümumi bazarın 25-27 faizi olduğunu bildirib(Trend). Bu hesabla götürdükdə, Azərbaycanda
illik siqaret istehlakının 8 milyard ədədə çatmadığı görünür. Lakin istehlakın
hətta 15 milyard ədəd səviyyəsində olduğunu iddia edənlər də var.
Rəsmi rəqəmlərə nəzər yetirdikdə də R.Quliyevin açıqladığı statistikanın
reallığı əks etdirmədiyi aydın olur. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına
görə, 2015-ci ildə respublikaya 1779,04 ton tütün xammalı, ondan əlavə isə 11
milyard 522,84 milyon ədəd (?!) siqar, tütündən və onun əvəzedicilərindən
hazırlanan siqaretlər, həmçinin 1274,07 ton tütün əvəzediciləri, homogenləşdirilmiş
və ya bərpa edilmiş tütün, tütün ekstraktları və essensiyaları gətirilib.
Siqaretdən qat-qat bahalı olan siqarın Azərbaycanda satış həcminin dəfələrlə məhdud
olduğunu nəzərə aldıqda, idxalda adı keçən 11,5 milyard ədəd siqar, tütündən və
onun əvəzedicilərindən hazırlanan siqaretlərin ən azı 9-10 milyardının siqaret
olduğunu söyləmək mümkündür. R.Quliyevin rəhbəri olduğu "Europian Tabacco
Baku”nun istehsal etdiyi 2 milyard siqareti də əlavə etsək, 11-12 milyardlıq
istehlak həcmi olduğunu görərik.
O boyda şirkətin internet saytı da yoxdur
Öz fəaliyyətinə dair heç bir hesabat açıqlamaması, hətta İnternet saytının belə
olmaması rəhbəri deputat olan inhisarçı şirkətin şəffaflıq və açıqlıq prinsiplərindən
nə qədər uzaq olduğunu bir daha sübut edir. Bu gizlilik deputata imkan verir
ki, siqaretin qiymətini istədiyi kimi artırıb, insanların onsuz da kasıb büdcəsindən
maksimum gəlir əldə etsin.
Son 2 ildə R.Quliyevin siqaretin qiymətinin artmasına dair açıqlamaları diqqətçəkicidir.
Məsələn, 2014-cü ildə - ölkədə iqtisadi böhran olmadığı dövrdə R.Quliyev dünya
bazarında tütünün qiymətinin artmasını əsas gətirməklə Azərbaycanda da
siqaretin bahalaşmasını "izah” etməyə çalışırdı. Daha sonra tütünə qarşı
mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı Azərbaycanda
bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə
alınmamaqla) artırılmasını qiymətlərin bahalaşmasının qaçılmazlığını sübut edən
fakt kimi əlində bayraq etdi. Ötən ildən başlanan artımların isə izahı hazırdır
– siqaret istehsalı üçün tütün xammalının az qala hamısı xarici ölkələrdən
dollarla alınır.
Yerli xammal istehsalı niyə diqqətdən kənarda qalıb?
Bu halda ortaya sual çıxır: 16 ildir Azərbaycanda siqaret istehsal etməklə yüz
milyonlarla dollar gəlir əldə edən inhisarçı şirkət nədən yerli xammal
istehsalına diqqət yetirməyib? Axı təkcə 2015-ci il ərzində ölkəyə tütün
xammalı və hazır tütün məmulatlarının idxalına 297 milyon 850 min ABŞ dolları məbləğində
valyuta sərf olunub. Tanzaniya, Bolqarıstan, Braziliya, Gürcüstan, Hindistan,
Xorvatiya, İspaniya, İtaliya, Livan və Macarıstandan xammal daşımaqdansa,
R.Quliyev daxildə tütün istehsalını stimullaşdırıb yerli xammaldan istifadəyə
diqqət ayıra bilməzdimi?
Yalnız ötən il - dövlət başçısı istehsalçılara yerli xammaldan istifadəylə
bağlı çağırış edib, tütün istehsalçılarına subsidiya ayırandan sonra R.Quliyev
ayılıb və Zaqatalaya gedərək tütün istehsalçıları ilə görüşüb. Halbuki bu işə
vaxtında başlansaydı, indi daxili istehsal ölkədə siqaretə olan tələbatı təmin
etməyə imkan verərdi. Və nəinki yüz milyonlarla dollar kənara axardı, əksinə,
xaricə ixrac nəticəsində ölkə iqtisadiyyatının kəskin ehtiyac duyduğu
valyutanın Azərbaycana axını baş tutardı.
"Təxribatçı” səhmdarlar...
Qeyd edək ki, 2015-ci ildə Azərbaycandan kənara tütün və tütün məmulatlarının
ixracı cəmi 9 milyon 425 min ABŞ dolları təşkil edib. İxrac əməliyyatları
Rusiya, Belarus, Gürcüstan, İran və Misirlə aparılıb. 2016-cı ildə isə ixrac həcmi
8 milyon dollara düşüb.
2016-cı ilin rəsmi statistikasına görə, ötən il ölkədə tütün məmulatlarının
istehsalı 13,4 faiz azalıb. Qiymətləri isə 52.1 faiz bahalaşıb.
Maraqlıdır ki, son 2 ildə qiymətlərin kəskin bahalaşması Azərbaycanda siqaret
istehlakını azaltmayıb - Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkəmizdə
siqaret çəkənlər adambaşına 53 qutu siqaret istehlak edirlər. Dünya üzrə orta
göstərici isə adambaşına 40 qutudur. Bu qədər böyük bazarın 90 faizindən
çoxunun idxal xammalı əsasında təmin edilməsinə görə məsuliyyət daşıyanlardan
biri, bəlkə də birincisi R.Quliyevdir. Deputat gəlir azaldıqca işdən çıxardığı
səhmdarları "təxribatçı” adlandırır, onların haqlı etirazlarını zor gücünə
yatırtmağa çalışır. Halbuki ölkədə dollar qıtlığının yaranmasında özünün "rolu”
heç də az deyil.(afn.az)
Uluyol.info