Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov ölkəyə gəlib-gedən
gəmiləri, bu gəmilərdə yük daşıyan sahibkarları incidir.
Bu barədə AFN-in redaksiyasına məlumatlı mənbə bildirib. Onun sözlərinə görə,
T.Ziyadov limana daxil olan gəmilərdən azı 10-15 min manat rüşvət almasa onlara
oturum izni, yaxud müvafiq sənədləri vermir. "Gəminin gömrük ödənişləri bir
yana, Taleh Ziyadovun aldığı pullar da başqa bir "haqdır” deyə mənbəmiz
bildirir. Məlumatda həmçinin qeyd edilir ki, ölkə başçısının ötən ilin martında
imzaladığı Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi
iqtisadi zonanın yaradılması haqqında sərəncam da icra olunmur: "Guya ərazidə
xüsusi iqtisadi zona yaradılmaqdadır, amma oralar səhraya oxşayır, heç real iş
gözə dəymir”.
AFN xatırladır ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
2015-ci ilin martında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə
yaradılıb. Sərəncama əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili
yolu ilə Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin
Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik
olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Cəmiyyət Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisidir və onun bütün
hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Saytımızın araşdırmaları zamanı ortaya bir sıra ciddi faktlar çıxıb. Əvvəla,
ölkənin liman xidmətləri sahəsində olduqca mühüm rol oynayan bir qurumun
elektron saytı yoxdur. Daha doğrusu, axtarış sistemində limanın veb ünvanı
olaraq qeyd edilən bakuseaport.az və bakuport.gov.az saytları işlək vəziyyətdə
deyil. Bu durumda, təbii ki, QSC-nin fəaliyyəti, üzərinə düşən öhdəliklərin
yerinə yetirilməsi ilə bağlı hər hansı məlumat almaq problemə çevrilir. Üstəlik,
T.Ziyadovun fəaliyyətindəki qaranlıq məqamlar təsdiqini tapmış olur. Liman büdcəyə
nə qədər vəsait ödəyir? QSC vasitəsilə ölkəyə nələr gəlir, hansı yüklər və nə qədər
yük daşınır, nə qədər sərnişin daşınır, gündə neçə gəmi qəbul edilir və yola
salınır, dənizlə səfər etmək istəyən insanlar hara müraciət etməlidir? Bütün bu
suallara ölkə qanunvericiliyinə uyğun olaraq, limanın internet resursunda yerləşdirdiyi
statistik məlumatların, hesabatların araşdırılması zamanı aydınlıq gətirmək
olar, o da ki, mövcud olmadığı üçün bu suallar hələ də cavabsızdır. Onu da
xüsusilə vurğulamaq yerinə düşər ki, dövlət orqanlarının internet informasiya
ehtiyatlarının yaradılmasına və idarə edilməsi məsələləri müvafiq qanunlar və
prezident sərəncamları ilə tənzimlənir.
Müşahidələrimiz göstərir ki, T.Ziyadov internet resursu yaratmaq, ictimaiyyət
üçün gərəkli olan və qanunların tələb etdiyi informasiyaları bölüşmək,
hesabatlılığı təmin etmək əvəzinə dövlət vəsaitlərindən istifadə etməklə
özünüreklamla məşğuldur. Bunu AFN-ə daxil olan bir məlumat da təsdiq edir. Belə
ki, məlumata görə, T.Ziyadov bir sıra KİV-lərlə, o cümlədən "ASAN Radio” ilə
qeyri-rəsmi müqavilə bağlayaraq, özü haqda reklam materiallarının yayılmasını təşkil
edir. Onun media ilə qaranlıq münasibətləri haqda geniş danışan mənbənin sözlərini
müəyyən səbəblərdən dərc etmirik.
Redaksiyamıza daxil olan başqa bir məlumatda isə iddia edilir ki, prezidentin sərəncamı
olmasına baxmayaraq, T.Ziyadov azad iqtisadi zonanın yaradılması üçün üzərinə
düşən işi görmür. Belə ki, sərəncama əsasən , "Bakı Beynəlxalq Dəniz Ticarət
Limanı” Qapalı Səhmdar Cəmiyyəti İqtisadiyyat Nazirliyi ilə birlikdə altı ay
müddətində Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi
iqtisadi zonanın yaradılması ilə bağlı təkliflərini müvafiq məlumatlarla
birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli olsa da,
iddialara görə, QSC hələlik bu istiqamətdə bir iş görməyib.
AFN-in araşdırmaları zamanı da aydın olub ki, XTZ-nin yaradılması istiqamətində
əməli tədbir demək olar reallaşdırılmayıb. Reallaşdırılsa da, bu barədə
ictimaiyyətə məlumat verilməyib. Mediada yalnız hansısa hazırlıq, layihələndirmə,
məsləhət və s. bu kimi işlərdən bəhs edən xəbərlər özünə yer alıb. QSC-nin
saytının olmaması bu istiqamətdə işlərin hansı mərhələdə olduğu barədə məlumat
almağa da imkan vermir. Ümid edirik ki, bütün bu qeyd edilənlər liman rəhbərliyi
tərəfindən nəzərə alınacaq.
T.Ziyadovun üzərinə düşən işin öhdəsindən gələ bilməməsi ölkə rəhbərliyinin də
diqqətindədir. Belə ki, yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin
sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev Bakı
Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin gecikməsi ilə bağlı məsələyə
toxundu: "Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il
başa çatmalıdır. Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq,
bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək.
Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər.
İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu
bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət
vəsaiti ayrılmışdır, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu,
dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin
verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət
sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin
payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün
avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər”.
Qeyd etdiyimiz kimi, qurumun vebsaytı və əlaqə vasitələri olmadığı üçün qarşı tərəf
olaraq mövqe almaqda da çətinlik çəkdik. Bu üzdən qarşı tərəfin mövqeyini dərc
edə bilməsək də, buna hazırıq.