Azərbaycan
Respublikası Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin
tələbinə uyğun olaraq 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində dövlət
büdcəsindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (Nazirlik) və
tabeli qurumlara ayrılmış vəsaitlərin istifadəsinə dair auditin nəticələri
haqqında Hesabat müvafiq qaydada təsdiq olunub.
Palatadan BakiPost.az-a verilən məlumata görə, audit tədbiri Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi, 3 film studiyası, C. Cabbarlı
adına Azərbaycanfilm Kinostudiyası və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidmətində həyata keçirilib və 305650,8 min manat məbləğində vəsaiti
əhatə edib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən büdcə vəsaitlərinə olan tələbat barədə
proqnoz layihələri hazırlanarkən nazirliyin və onun tabeliyində olan müəssisələrin
maliyyə təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib, bəzi xərc
maddələri üzrə müvafiq hesablamalar aparılmayıb, əvvəlki illərin icra göstəriciləri
nəzərə alınmayıb, nəticədə bəzi hallarda vəsaitlərin təyinatı dəyişdirilərək xərc
edilib, büdcədə bu məqsədə vəsait nəzərdə tutulmadığı halda müxtəlif qurumlara
dövlət büdcəsindən maliyyə yardımları göstərilib.
Müəyyən edilib ki, nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın
icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi qismən təmin
edilməyib, auditlə əhatə olunan dövrdə qaimə fakturalarla verilməsi rəsmiləşdirilən
avadanlıqlar və qeyri maddi aktivlər uçota alınmayıb.
"Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət
Proqramı”nda xaricdə kino sahəsində təhsil ilə əlaqədar təhsil haqqının ödənilməsi
nəzərdə tutulmadığı halda təhsil haqqı ödənilib, nazirliyin tabeliyində olan təsərrüfat
hesablı kino müəssisələrinə müxtəlif xidmətlərin göstərilməsinə görə ödənilmiş
vəsaitin istifadəsi bəzi hallarda qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməyib,
qonorar məbləğindən sosial sığorta haqqı və gəlir vergisi hesablanılmayıb,
filmlərin istehsalı üzrə yaranmış qənaət məbləği smetada nəzərdə tutulmayan xərclərə
yönəldilib.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli sərəncamına əsasən
"Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci
illər üzrə Dövlət Proqramı"ı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə
tutulmuş bəzi tapşırıqlar auditlə əhatə olunan illərdə tam icra edilməyib.
Auditlə müəyyən edilib ki, respublikada keçirilmiş bəzi tədbirlər üzrə müvafiq
məlumatlar barədə təsdiqedici sənədlər mühasibatlığa tam təqdim edilməyib,
yalnız icraçı müəssisələr tərəfindən ümumi şəkildə təqdim edilmiş təhvil-təslim
aktlarına əsasən vəsaitlər ödənilib, bəzi hallarda bağlanılmış müqavilələrin, qəbul
edilmiş qaimə-fakturaların tarixləri ilə iş və xidmətlərin yerinə-yetirilməsinə
dair tərtib olunmuş aktların tarixləri arasında uyğunsuzluqlar olub.
Keçirilən müsabiqələrdə qaliblərə müəyyən edilmiş mükafatların və rezident şəxslərə
verilən qonorarların ödənişi müvafiq qanunvericiliyə uyğun aparılmayıb, ziyafət
xərclərinin ödənişi zamanı müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən
artıq xərcə yol verilib.
Beynəlxalq turizm sərgilərində istifadə edilən avadanlıqlar müvafiq hesaba mədaxil
olunmadan birbaşa xərcə silinib, turizmin təbliği ilə əlaqədar Nazirlik tərəfindən
alınmış çap məhsulları əsasən eyni müəssisələr tərəfindən hər il təkrar nəşr
edilib və əksər hallarda nəşr olunmuş çap məhsullarının tirajı, formatı, həcmi
və nəşr edildiyi tarix göstərilməyib.
"Turizm məqsədli coğrafi informasiya sistemləri və naviqasiya layihəsi” çərçivəsində
elektron xəritənin daimi yenilənməsi, server və kompüter avadanlığına texniki dəstək
göstərilməsi məqsədilə tərəflər arasında bağlanmış müqavilə şərtləri tam icra
olunmayıb, işin dəyərinin müəyyən edilməsi zamanı texniki xidmət göstəriləcək
avadanlıqların və proqram təminatlarının siyahısı tərtib edilməyib, tətbiqi
proqramların açıqlanması, siyahısı və hər birinə görə görüləcək yenilənmə işlərinin
adı qeyd edilməyib.
Müəyyən edilib ki, auditlə əhatə olunan dövrdə maliyyə vəziyyəti, gəlirlər və xərclər
haqqında statistik hesabatda əks etdirilən bəzi məlumatlar dəqiq olmayıb, xəzinə
üzləşmə aktlarına əsasən mövcud olan debitor borc qalığı maliyyə hesabatında
düzgün əks olunmayıb, dövlət büdcəsindən ayrılan əsaslı vəsait qoyuluşu üzrə Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerinə
yetirilmiş işlərə görə podratçı təşkilatlara ödənilmiş vəsaitin uçotu düzgün
hesablarda aparılmayıb, həmçinin auditin əhatə etdiyi dövr ərzində dövlət büdcəsindən
ayrılan əsaslı vəsait qoyuluşu üzrə debitor və kreditor borclarının məbləği
balans hesabatında əks olunmayıb.
Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit
dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən
edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan
qaldırılması və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi
məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə kollegiya
Qərarının surətinin göndərilməsi qərara alınıb.
Auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim
edilib.
Ulu Yol Xəbər portalı » Araşdırma » Qarayev MİLYONLARI hara xərcləyib? — Nazirlikdə böyük yoxlamalar
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/