<img src="http://www.bizimyol.info/fotobaza/orta/45506.jpg" />
Biznesmenin "tanımıram” dediyi adamla şəkilləri ortaya çıxdı   
İş adamı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimovun ortağı, "Fəqan-1" MMC-nin təsisçisi Rauf Hüseynov ortaya yeni iddialar atıb.

ULU YOL.infonun Bizim Yol.infodan aldığı məlumata görə R.Hüseynov "Bizim Yol" qəzetinə bildirib ki, T.İbrahimov banklara və əhaliyə ödəyə bilmədiyi borclar ucbatından Türkiyəyə sığınıb. Qeyd edim ki, R.Hüseynov və T.İbrahimovun ortaqlığı 2004-cü ilə təsadüf edir. Onların münaqişəsi Həsən Əliyev küçəsi 33 ünvanda tikdikləri 16 mərtəbəli, ikibloklu binada mənzillərin bölüşdürülməsi zamanı ortaya çıxıb. Dediyinə görə, İbrahimov onu ortaqlıqdan uzaqlaşdırıb, alacağı vəsaiti də ödəməyib. Hüseynovun sözlərinə görə, həmin tikintiyə cibindən ümumilikdə 3 milyon 883 min manat vəsait yatırıb. Sərmayəsi çatmayanda dəyəri 2 milyon manat civarında olan mülkünü də girov qoyub, sonradan T.İbrahimov həmin mülkü girovluqdan çıxararaq kürəkəninə bağışlayıb. R.Hüseynovun bildirdiyinə görə tikintiyə qoyulan sərmayənin 100 faizi, ümumi gəlirin isə 50 faizini götürməli imiş. Sonradan aralarında yaranan münaqişə səbəbindən eyni mənzilləri hər ikisi müxtəlif adamlara satıb. Nəticədə 43 ailə bu fırıldağın qurbanı olub. Aldanmış alıcıların şikayətindən sonra onlardan 29-na T.İbrahimovun kürəkəninə məxsus "Qlobal-SF" MMC-nin Yasamalda tikilməkdə olan binasından mənzillə təmin ediləcəyi barədə sənəd verilib, qalanlar taleyin ixtiyarına buraxılıb.

R.Hüseynov iddia edir ki, cənab İbrahimov hazırda Türkiyəyə qaçıb: "Tağı İbrahimov Nikoil Bankdan xeyli kredit götürüb, aldığım məlumata görə, kredit məbləği 12-13 milyon manat civarındadır və pul "Nehrəm Holding" üçün alınıb. Lakin həmin məbləği qaytara bilmədiklərindən binanın tikintisini bank üzərinə götürüb. Bankda yəqin ki, əmlakın mənim olduğunu bilmirlər, ya da onu götürəndə dərindən araşdırmayıblar. Bankın sahibi Vahid Ələkbərova teleqram vurub, şikayət edəcəm. Mən o yerə sərmayə yatırmışam. Tikintisi başa çatan binada hər iki tərəfin də eyni məbləğ qoyduğunu sübut edən müqavilə var, baxmayaraq ki, Tağı İbrahimov bir manat da pul qoymayıb. 0.40 ha ərazidə olan şəxsi evlər də yenə mənim vəsaitimlə alınıb və 11 ailə oradan köçürülüb. Bu işlərə 2.4 milyon manat vəsait xərcləmişəm. Həmin torpaqları sahiblərindən aldığım barədə notariusa 4600 manat ödəniş etmişəm, o yeri öz adıma keçirmişəm. O isə bir qəpik ödəmədən sonradan ortaqlığımızdan istifadə edib, torpağı əyri yollarla ailə şirkətinə ötürüb. Amma notariusda mənim ödəniş etdiyim "görünür", İbrahimovun yox. İndi belə çıxır ki, o evi bank tikəcək. Tikinti başa çatanda da iki tərəf pul götürəcək, mən baxa-baxa qalacam".

T.İbrahimov qəzetimizə müsahibəsində mübahisəli yerlə bağlı sərəncamın "Nehrəm" MTK-nın adına olduğunu, tikintiyə də onun məsuliyyət daşıdığını söyləmişdi. R.Hüseynov: "Məni məhkəməyə verdiyini deyib, onda niyə məni həbs eləmirlər? Əgər günahım olsaydı, məni çoxdan həbs edərdilər. Ona ümumilikdə 1.8 milyon manat borcum olduğunu deyir.

Mənim boynuma qoymağa çalışdığı borcu haradan çıxartdığını bilmirəm, amma onun mənə 3.9 milyon manat borcu var, əlimdə də bunu təsdiqləyən müqavilə mövcuddur. Məni sadəcə müvəqqəti uzaqlaşdırdığını, məsələlər yoluna qoyulandan, adamlara olan borc ödənəndən, şikayətçi olmayandan sonra yenidən işə davam edəcəyimi demişdi. Cavid Qurbanov onunla qısa bir müddətə qohum oldu, lakin sonradan tanıyıb, uzaqlaşdı. Qurbanov kənd yollarının tikintisini tenderdə qudasına vermişdi. Böyük pullar idi, amma işləri axıracan görə bilmədi. Tağının ona borcu ordan yaranıb. Məni ayağının altına alıb, mənə çatacaq mənzilləri götürüb borcunu ödəyib. Komitə sədri qardaşına olan borcunu da başqa adama "bağlayıb". Dislokasiyada adı olan qardaşının tikinti sektorunda dolayısıyla biznesi var. Məsələn, "Avro City"-nin onun olduğunu bilirəm, digərlərinin adını xatırlamıram. Mənə borcu yoxdursa, niyə "Qlobal-SF" MTK-dan 29 mənzili Tağı mənə verir? Əmlakıma həbs qoydurduğunu sizə deyib. Bu da yalandır, hansı əmlakıma həbs qoydurub? Məndə əmlak qoyub ki? Hamısını satdırıb, əlimdən alıb, kürəkəninin adına keçirib, mən kirayədə qalıram".
T.İbrahimovun onu ortaq yox, podratçı kimi qələmə verməsi R.Hüseynovu daha çox "yandırır". Cənab İbrahimov bizə müsahibəsində "mən Raufu cəmi iki dəfə görmüşəm - bir dəfə işi onlara həvalə edəndə, bir dəfə də problemi yarananda onu çağırtdırdım, onda da kömək eləməyim üçün yalvardı, ağladı", demişdi. R.Hüseynovun qızı Təhminə Hüseynova toyunda çəkilmiş şəkilləri redaksiyamıza təqdim edib. Şəkildə R.Hüseynov ağlayana oxşamır, əksinə toy əhval-ruhiyyəsindədir. Birində İbrahimovla eyni stolda əyləşib, necə deyərlər çörək kəsirlər, digərində Hüseynov İbrahimovu fəxri qonaq kimi müşayiət edir.

T.Hüseynova hətta pul siyahısını da bizə göndərib, Tağı müəllim toyda 200 dollar yazılıb. Bir podratçının toyunda yəqin ki, bu qədər pul artıqdır və yaxın olmadığınız adama belə hədiyyə verilməz.

T.Hüseynova: "Tağı İbrahimov atamı tanımadığını deyib. Sizə təqdim etdiyimiz video və şəkillər sübut edir ki, toylarımızda iştirak edib, biz də onların toylarında olmuşuq. ATV kanalının rəhbəri işlədiyi vaxtda bütün tədbirlərə, yeni il şənliklərinə bizi dəvət edirdi.

Arxivdə görüntülərimiz qalmalıdır. Bütün bunlardan sonra o, atamla ailəvi dost olduğunu dana bilməz. Bunları necə unutmaq olar? Atamın gözümün önündə haqsızlığın qurbanı olması və son nəticədə xəstə düşməyinə dözə bilmirəm. Ailəmizin nüfuzu ləkələnib. Borclular qapımızı döyürlər. Atam 2004 -2005 illərdə Tağı dayı ilə şərikli 16 mərtəbəli binanın inşasına başlamışdı. Lakin atamın bir dəfə satdığı, öz payına düşən mənzilləri o, sonra ikinci dəfə adi vətəndaşlara satıb, vəzifəli şəxslərə verib".

Təhminə deyir ki, bütün əmlaklarını satıb, hazırda Bakının Fatmayi kəndində yerləşiblər: "Mən 5 il nişanlı qalmışam, toy edə bilməmişik, olan-qalanımızı satıb camaatın halal pulunu qaytarmışıq. Onlar şəhərin mərkəzi Həsən Əliyev küçəsindən ev almışdılar, atamın xatirinə razılaşıb Yasamalın ucqar yerində "Qlobal" MTK-nın tikdiyi evə köçmək üçün sənəd imzalayıblar. Hansı ki, hələ o bina da heç tikilmir və yaxın perspetktivdə başa çatacağı gözlənilmir. Deyir "qızları ofisimə gəlib, ağladılar, mən də pay mənzil verdim". Əvvəla mən atamın qarşısında ağlamamışam, nəinki Tağı dayının. İkincisi də o, atamızın "heç nəyi olmadığı"nı deyəndə qarşısına sənədlər qoyduq. Onda da 360 kv. m. mənzil verdi ki, "payınıza düşən budur". Halbuki daha öncə bunu da danırdı. Bizim sənədlərimiz, sübutumuz əlimizdədir, lakin kömək edən yoxdur. Atam xəstələnəndə gəlin köçdüyüm zaman mənə alınan qızılları lombarda qoydum, onun müalicə xərclərini zinət əşyalarımın hesabına ödədim. Lombard sənədlərini də sizə təqdim edirəm. Əgər bir evi iki adama satıb pulları yemişiksə, bəs o pullar hanı? Əksinə, atamın vaxtilə qazandıqları Tağı İbrahimovla şəriklikdən sonra əlindən çıxıb. Söhbət min, iki min manatdan getmir, sayəsində milyonlarımızı itirmişik. İndi ac və dinc yaşamaq istəyirik, amma hər səhərin hansı problemlə açılacağını bilmədən yuxudan oyanırıq. Artıq qorxu ilə yaşamaqdan bezmişik. Yazdığımız şikayətlərə də heç bir qurumda baxılmır. Əgər pulları biz mənimsəmişiksə, niyə onlar kimi lyuks həyatımız, mənim onun qızı kimi moda evim, gözəllik, spa salonlarım yoxdur, brend geyinmirəm, "inomarka" sürmürəm? Axı pul oğurlanıbsa, bir yerdə "görünməlidir". Niyə o pullar bizdə yox, onların dəbdəbəli həyatında "görünür"? Məntiqi olan bir düşünsün. Biz hər şeyimizi dəyər-dəyməzinə satıb, camaatın pulunu ödəməyə çalışmışıq. Bir hissəsini ödəmişik, qalanını ödəməyə artıq heç nəyimiz yoxdur. Atamın mənzil satdığı qohumların da üzünə çıxa bilmirik, məclislərdə üz-üzə gəlməyə utanırıq".

Cənab İbrahimov telefonunu bir müddətdir ki, açmır. 211-lə başlayan abonent nömrələri ya məmurlara məxsusdur, ya da iş adamlarına. Adətən bu nömrələr açıq olur, yedək nömrələri bir problem olanda istifadə edirlər. Telefonun qapalı olması üçün ya sahibi xaricdə olmalı, ya da özündə ciddi bir səbəb ehtiva etməlidir. Cənab İbrahimova ona görə zəng eləmişdim ki, R.Hüseynovun iddiaları bunlarla yekunlaşmır. O, "Qlobal-SF" MMC-nin Yasamalda və Nikoil Bankın Həsən Əliyev 33 ünvanda inşa etdiyi evlərin qəzalı olduğunu söyləyir: "İnqilabdakı camaatı Yasamala köçürüb, orda da onları incidir, əlində sənədi olanların da mənzil almaq şansı artıq yoxdur. Belə ki, bina tikinti normalarına zidd inşa olunub. Tağı İbrahimov bütün inşaat işlərini himayəsində olan kürəkəninə həvalə etdi, amma kürəkəni də inşaatçı deyil, onun inşaat işlərini məhv elədi. İnşa etdiyi binaların hamısı da problemlidir, tikilib-qurtarmaq bilmir. Uzun illər insanları H.Əliyevdə olan mənzillər üçün süründürdülər, indi də burada. Söhbəti gedən binanın tikintisi dayandırılıb. O gün kanalların birində gördüm, 60-dan çox sakin ofisin qarşısına yığılıb, mənzil tələb edirdilər.

Etiraz edən sakinlərə, onlara sual verən televiziya müxbirinə də deyirlər ki, "bəzi sənədlər çatışmadığından tikinti dayandırılıb". Əgər hansısa sənəd çatmırdısa, necə olub ki, 10-12 mərtəbə ucalda biliblər? Bina az qalıb tikilib-qurtarsın, bunlar sənəd çatmadığını deyirlər. Yalandır, sənədi olmayan binanı "Baksovet" tikməyə imkan verməz. Binanın heç görkəmi də yoxdur. Tikintini bünövrədən yanlış aparıblar. Kimə təklif edirlər, heç kim o binanı düzəltmək kimi bir işin altına girmir. Onu düzəltmək də mümkün deyil, sökülüb, yenidən tikilməlidir. Həsən Əliyev küçəsində tikilən evdə də beton markası layihələndirmədə yüksək yazılsa da aşağı marka verilib. Məsələn, 350 marka verməliydilər, amma 200 veriblər. Əslində bünövrədə yüksək marka istifadə olunmalıdır. Bu məlumatları o tikintidə işləyənlərdən almışam".

Həsən Əliyev 33 ünvanda tikilən bina ilə "Nikoil Bank"ın bir bağlılığı varmı və varsa da tikili təhvil alınanda onun tikinti normativlərinə uyğun olub-olmadığı yoxlanılıbmı? Bir də ki Bank həmin binanı inşa edirsə, onun tikintisini hansı əsasla aparır - müştərinin borcuna görəmi bankın girovluğunda qalan əmlakdır, yoxsa sadəcə onu hansısa şəkildə alıblar? "Nikoil Banka" keçən həftədən etdiyim şifahi müraciət cavabsız qalmışdı. Nəhayət, dünən Reklam və PR Departamentin direktoru Rəşad Cümşüdovla danışdım. Cənab Cümşüdov dedi ki, təmsil etdiyi qurumun hansısa tikinti işi ilə məşğul olduğundan xəbərsizdir. Odur ki, R.Hüseynovun iddiaları və bu iddialardan yaranan sualları araşdırılması üçün hüquq departamentinə yönləndirdi. Müştəri sirrini yaymamaq şərtilə tezliklə cavab bilinəcək.
                                                     ULU YOL.İNFO -Rəhman
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300