Əhalinin keyfiyyətli məhsula və xidmətə üstünlük
verməsi satış və xidmətlə məşğul olan şirkətlərin yeni yollara əl atmasına
səbəb olub
Məsələn, alıcının keyfiyyətli məhsul və yüksək xidmət
tələbinə tam cavab verə bilməyən bəzi supermarketlər cəlbedici və stimullaşdırıcı
kampaniyalardan istifadə edirlər. Hansısa məhsulların qiymətində yüksək faizli
yalançı endirimlər və hədiyyə əlavələri təqdim etməklə alıcı toplamağa
çalışırlar. Lakin görünən budur ki, bunu da lazımınca icra edə bilmirlər.
Ötən həftə yeni il münasibətilə kampaniya keçirən
"Rahat market”lər şəbəkəsi alıcılara 100 faizli hədiyyə qazancı olan
stimullaşdırıcı lotereya təqdim edirdi. Hər 30 manatlıq alış-verişə 1 lotoreya
ilk baxışdan cəlbedici olsa da, nəticə etibarilə müştərilərin hüquqlarının
pozulması ilə müşahidə edilən bir kampaniya oldu. Belə ki, "Rahat
market”lərə müraciət edən kifayət qədər müştərinin əksəriyyəti bayram bazarlığı
etdiyindən çoxunun alış-veriş məbləği uduşlu kupona düşürdü. Lakin 4-5 kassadan
keçən müştərinin hədiyyəsini almaq üçün yenidən 1 məntəqədə daha uzun bir
növbəyə dayanması heç əziyyətə dəymirdi. Çünki kuponlardakı uduşlar yalnız çay,
qənd, şəkər, xama, makaron və s. bu cür kiçik məbləğli (1,2-1,7 manatlıq) ərzaq
məhsullarından ibarət idi. Lakin alıcıların "buna da şükür” deyib uzun
növbələrdə dayanmasını normal qəbul etmək olardı. Sadəcə problem tək növbə
deyildi. Sən demə "Rahat market”də hədiyyə kimi alıcılara təqdim edilən
məhsulların xeyli hissəsi satılmayan və hər hansı formada keyfiyyətində problem
olan məhsullar olub.
Konkret fakt isə modern.az-ın əməkdaşının rastlaşdığı
haldır. Belə ki, "Rahat market”lər şəbəkəsinin Nərimanov rayonundakı
"Metropark” filialında alış-veriş edərək 4 uduş kuponu əldə edən
əməkdaşımızın kuponlarının hamısına əksər müştərilərdə olduğu kimi, makaron
uduşu düşüb. Təqdim edilən makaron məhsulu tanınmış markadan olmadığı üçün çox
müştəri hədiyyəyə narazılıq etdiyindən mağaza əməkdaşları "humanistlik”
edib onları digər məhsullarla dəyişirmişlər. Nəticədə əməkdaşımız da digər
məhsul kimi "Azərsun Holdinq”in istehsalı olan "Richmond” şəkərini
götürüb. Lakin evdə şəkərdən istifadə edərkən məlum olub ki, məhsul başqa bir
tərkibə malikdir və şirin əvəzinə acılıq dadır. Hətta şirin çay içən azyaşlının
zəhərlənməsi narahatlığı yaşanıb.
Bu barədə mağaza rəhbərliyinə bildirdikdə isə üzr
istəsələr də, məhsulun keyfiyyətinə cavabdehlik daşımadıqlarını, sadəcə bu
barədə "Azərsun” şirkətinə məlumat verə biləcəklərini bildiriblər. Sonra
isə ya özlərini, ya da şirkət nümayəndələrinin məsələ ilə bağlı cavab verməsi
üçün əməkdaşımızın əlaqə nömrəsini götürüblər.
Lakin sonradan problemlə bağlı nə market rəhbərliyi,
nə də şirkət nümayəndələrindən heç bir xəbər cıxmayıb. Bu isə müştəriyə
göstərilən laqeyd münasibətin göstəricisidir.
Yəni hər hansı şirkətin nüfuzu, peşakarlığı, müştəri məmnuniyyəti onun adı ilə deyil, məhz fəaliyyəti ilə bağlı olduğunu nə "Rahat market”lər şəbəkəsi, nə də "Azərsun Holdinq”in məsul şəxsləri dərk edə bilir.