Beynəlxalq
platforma olan Change.org saytında başladılan "Zəngəzuru Azərbaycana qaytarın”
adlı petisiyaya səsvermə davam edir.
Publika.az xəbər verir ki, petisiyada
tarixi Azərbaycan torpağı olan Zəngəzurun da azad olunması, azərbaycanlı
qaçqınların Dağlıq Qarabağ və digər rayonlarla yanaşı, bu bölgəyə də
qayıdışının təmin olunması tələb olunur.
Bu petisiya Zəngəzurun tarixini, o cümlədən XX əsrin əvvəllərində ermənilərin
azərbaycanlılara qarşı törətdikləri soyqırımıları yenidən gündəmə gətirir.
XX əsrin
ilk illəri: soyqırımı başlandı
1905-1907-ci və 1914-1920-ci illərdə erməni silahlı dəstəkləri azərbaycanlılara
qarşı Zəngəzurda, Qarabağda, Şamaxıda, həmçinin, Bakıda soyqırımına başladı.
Məqsəd azərbaycanlıları millət olaraq məhv etmək və "Böyük Ermənistan”
xülyasını həyata keçirmək idi.
Bu qondarma xülyanı ermənilərin beyninə salanların biri də ABŞ –ın həmin vaxt
prezidenti olmuş Vudro Vilson idi. "14 bənd” tezisinin müəllifi "yeni dünya xəritəsində”
Azərbaycana yer ayırmamış, əvəzində Azərbaycan və Türkiyə torpaqları hesabına
"Böyük Ermənistan” "yaratmışdı”. Sevr müqaviləsi baş tutmadı, lakin ermənilərin
soyqırımı siyasəti ayaq tutub yeridi.
"Daşnaksütyunun diktatorluğu dönəmində (1918-1920) qeyri-erməni əhalisinə qarşı
qanunsuzluqlar baş verirdi. Daşnaksütyunun "fikri” erməni torpaqlarında yaşayan
azərbaycanlıları və kürdləri məhv edərək ölkəni "erməniləşdirməkdi”. İki il
yarımlıq hökmranlıqları dövründə daşnaksütyun Ermənistanda yaşayan azərbaycanlıları
öldürüb yağmalayaraq, kənd və qəsəbələrə od vurub yandırdılar.
1918-1919-cu illərdə daşnak hökuməti "dövlətin tələblərini yerinə yetirmədilər”
bəhanəsi ilə azərbaycanlı və kürd kəndlərinin insanlarını bombaladı (həmçinin
erməni kəndlərini də bombaladı). 1920-ci ildə isə ermənilər fəhlə və kəndlilərinin
may qiyamının yatırdılmasından sonra daşnaksütyun "müsəlmanlar bizim düşmənimizdir”
şüarı altında azərbaycanlı və kürd kəndlərini bombalayaraq sadə insanları məhv
etdi.”
(A.A.Lalayan, "Kontrrevolyutsionnaya rol partii daşnaksutyun”, istoriçeskie
Zapiski, N. 2, s. 101, 1928.)
Ermənilərin özləri də azərbaycanlılara qarşı soyqırımını etiraf edirlər.
T.Haçikoğlyanın Sovet Ermənistanı Qızıl Ordu atıcı diviziyasının 10-cu il
dönümü münasibətli ilə Qızıl Ordu tərəfindən nəşr edilən kitabçasında belə
deyilir:
"Şərəfsiz daşnak "cümhuriyyəti”nin qısa dövründə Azərbaycan, Gürcüstan və
Türkiyə ilə aparılan döyüşlərdə daşnakların qanlı əlləri ilə minlərlə türkü məhv
etdikləri, kəndlərini yandırıb külə çevirdikləri Zəngəzur, Şərur, Dərələyəz,
Meğri, Ağbaba, Zəngibasar, Böyük Vedidəki türk kəndlərində yaşanan vəhşiliklər,
qətliamlar, soyğunçuluqlar hələ də yaddaşlardan silinməyib. Əsgərlərdə
yaltaqlıq, keyfiyyətsizlik, çalıb-çapmaq, başqasının hesabına yaşama, günahsız
və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı.
(T.Haçikoğlyan,
10 let Armyanskoy Streklovoy Divizii, s. 4-6, iz datelstvo Polit Uprav. KKA,
Tiflis, 1930).
"Daşnaksütyun” partiyasının təhdidləri də dolayısı ilə soyqırımı faktlarını təsdiq
edir.
Partiyanın orqanı olan "Orizon” qəzetində 1912-ci ildə nəşr edilən məqalədə
deyilir: "Türk dövlətinin səlahiyyətliləri və iqtidar sahibləri bilsinlər ki, nə
bir türk, nə də bir Türk dövləti bundan sonra erməni üçün heç bir dəyər
daşımır. Varlıqlarını qorumaq üçün başqa yollar düşünsünlər…”
("Orizon” N-196, 1912-ci il. Yazan K.N.Karamyan, Polojenie Zapadnıy Armyan,
"Armyanskiy Vopros”i Mejdunarodnaya Diplomatiya v Poslednıy Çetverti XIX veka i
naçala XX veka, s. 81, Yerevanski qosudardtennıy universitet, Erivan, 1972.)
Bu soyqırımının nəticəsi olaraq ermənilər Zəngəzuru, İrəvanı və digər tarixi Azərbaycan
torpaqlarını işğal etdilər.
Zəngəzurun
ermənilərə verilməsi
Erməni soyqırımı nəticəsində təkcə Zəngəzur mahalında 115 müsəlman kəndi yer
üzündən silindi, yarım milyon insan həlak oldu. Bu ərazilər Osmanlı İmperiyası
ilə bağlanan müqaviləyə görə, fevral inqilabından sonra yaranan Ermənistan
Demokratik Respublikası ərazisinə daxil deyildi. Lakin müqaviləni tanımayan
Andraniz Ozanyan bölgəni işğal etdi və qətliamlar törətdi.
Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra
ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar
və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil
idi. Andranik bölgəni tərk etsə də Dronun qoşunları ərazinin bir hissəsini öz nəzarəti
altında saxlaya bildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi
bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara
aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur
dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri,
general-mayor Cavad bəy Şıxlınski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər
istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı.
Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağ və sol dəstələr Dığ
yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən
təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında
saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dəstənin rəisi Şıxlınskinin əmrinə əsasən,
1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla
Sultanlar kəndi, suvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli
və orada döyüşqabağı mövqe tutmalı idi. Hücum zamanı dəstənin sağdan mühafizəsi
Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı. Dığ istiqamətində
aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə
saxlamaq mümkün olmadı.
1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra
bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə
də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan
SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında
Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.
1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin
razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə
qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında
"mübahisəli ərazilər” elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet
hakimiyyətinin qurulduğu elan olundu. Lakin bölgədə daşnaklar fəaliyyətini
dayandırmadılar.
1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərəlyəzdə, İrəvanda, Vedidə –
indiki Ermənistan adlanan torpaqlarda Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar
dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların
son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra,
burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən
dağıdılaraq məhv edilib.
Prezident İlham Əliyev də bildirib ki, nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim
türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. "XX əsrin əvvəllərində
Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk
dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər. Bizim bağlılığımız, təbii
ki, gündən-günə güclənir. Amma coğrafi baxımdan biz bir-birimizdən ayrıyıq…
Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar
indi Ermənistan dövləti üçün torpaq olubdur”.
İrəvanın
verilməsi
Bu gün ermənilərin özlərinə paytaxt etdikləri İrəvanın 1918-ci ilin 11 may-4
iyun tarixlərində imzalanan Batum müqaviləsinə əsasən onlara verildiyi tarixi
faktdır.
AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bu barədə yazır:
"Batum danışıqlarının lap başlanğıcındaca məlum oldu ki, həqiqətən də, Osmanlı
Türkiyəsi "erməni təhlükəsini” özündən uzaqlaşdırmaq üçün gələcək erməni dövlətinin
Azərbaycan ərazisində yaradılması siyasətini yeridir. Bununla bağlı olaraq,
Batum konfransında aparılan danışıqların gedişi barədə danışıqlarda iştirak edən
Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib bəy Usubbəyov Zaqafqaziya seyminin
sabiq üzvlərinin 27 may 1918-ci il tarixli fövqəladə iclasında məlumat verdi.
Batumdan yenicə qayıdan Nəsib bəy Usubbəyov fövqəladə iclas iştirakçılarına
bildirdi ki, "Türkiyə nümayəndə heyətinin fikrinə görə Zaqafqaziyanın tərəqqisi
üçün ən başlıca təminat Zaqafqaziya xalqlarının həmrəyliyi və birliyidir ki,
buna nail olmaq üçün Azərbaycan tərəfi ermənilərə müəyyən qədər ərazi güzəştə
getməlidir”. Onu da qeyd etmək lazımdır ki, Türkiyənin hakim siyasi dairələrində
Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı vardı. Sədrəzəm
Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti
yaradılmasının əleyhinəydilər və bu məsələdə "çibanı kökündən təmizləmək” tərəfdarı
idilər. Bu mümkün olmadıqda "Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir
dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər. Lakin, Tələt paşa və Ənvər
paşadan fərqli olaraq, Batum danışıqlarında Türkiyə nümayəndə heyətinə başçılıq
edən Dövlət Şurasının sədri və Ədliyyə naziri Xəlil bəy Menteşə və Osmanlı
Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan
torpaqları hesabına ermənilərə dövlət yaratmaq tərəfdarı idilər. Onlar güman
edirdilər ki, bununla ermənilər həm Anadoludan uzaqlaşdırılacaq, həm Türkiyə-erməni
münasibətləri biryolluq nizama salınacaq, həm də "erməni məsələsi” ilə bağlı
Türkiyəyə qarşı beynəlxalq qınağa son qoyulacaqdır. Yeri gəlmişkən, Azərbaycan
tərəfi də Tələt paşa və Ənvər paşanın "çibanı kökündən təmizləmək” siyasətinin əleyhinə
idi və "kiçik bir erməni kantonunun” yaradılmasını təklif edirdi. Belə bir təkliflə
Batumda danışıqlar aparan Azərbaycan nümayəndələri M.H.Hacınski və M.Ə.Rəsulzadə
hələ 1918-ci il mayın 23-də Ənvər Paşaya xüsusi müraciətnamə göndərmişdilər. Azərbaycan
tərəfi belə bir təkliflə çıxış edərkən inanırdı ki, bu güzəşt müqabilində, yəni
ermənilərə Azərbaycan torpaqları hesabına "kiçik bir kanton” yaradılacağı halda
ermənilərin Türkiyə ərazilərindən Azərbaycan torpaqlarına, o cümlədən Bakıya
axınının qarşısı alınacaq, ermənilər Azərbaycan xalqına qarşı soyqırımılarını
dayandıracaqlar və bir daha ölkəmizə qarşı ərazi iddiaları irəli sürməyəcəklər.
Azərbaycan tərəfi güman edirdi ki, bu addım, həm də, böyük dövlətlər tərəfindən
rəğbətlə qarşılanacaqdır”.
Bütün
bunların qarşılığında ermənilər üzərlərinə öhdəliklər götürmüşdü.
1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi
Stepan Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin
edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır.
Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası ilə yenicə
yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda
bağlanmış "Sülh və Dostluq” müqaviləsində təsbit olundu. Batum müqaviləsinin
11-ci maddəsinə əsasən Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin
ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini
öhdəsinə götürdü.
2. Erməni tərəfi öhdəsinə götürdü ki, Azərbaycan qəzalarında erməni silahlı
birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınlar
dayandırılacaqdır.
3. Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində
müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil
almaq hüquqlarını təmin etməyi öhdəsinə götürdü.
4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana
qarşı ərazi iddialarından imtina edəcəkdilər.
5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər
Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.
Lakin İrəvanı və digər əraziləri alandan sonra ermənilər öhdəliklərindən imtina
etdilər və Azərbaycan torpaqlarının işğalı prosesini davam etdirdilər.
1918-ci il mayın 29-da 9 min kvadrat kilometrlik Azərbaycan torpağında
yaradılmış Ermənistan dövləti sonradan digər ərazilərin işğalına başladı:
1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə
Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096
desyatin (5832,82 km2) , Naxçıvan MSSR-dən 657 km2, Cəbrayıl qəzasından Nüvədi,
Eynəzir və Tuğut kəndlərini əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə
qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan
torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2-ə çatdırıldı.
Y. Mahmudov qeyd edir ki, ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə
götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozdu, işğalçılıq siyasətini
davam etdirdilər: "Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının
ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı
öz hüquqi qüvvəsini itiribdir. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli
Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi
haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan
xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa
olunmalıdır”.
Ulu Yol Xəbər portalı » Ölkə » İrəvan və Zəngəzur Azərbaycana qaytarıla bilər – Müqavilə hüquqi qüvvəsini itirib
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/