Samir Əliyev: "Devalvasiya ona görə oldu ki, ölkədən çıxan pul, ölkəyə gələn puldan çox oldu”

 


İqtisadçı ekspert Samir Əliyev musavat.com-a 2015-ci ildə ölkədə baş verən iqtisadi hadisələrlə bağlı müsahibə verib. O, həmçinin gələn illə bağlı proqnozlarını da bölüşüb və hökumətin atmalı olduğu addımlardan danışıb. 

- 2015-ci il hansı iqtisadi hadisələrlə yadda qaldı?

- Ümumi şəkildə desək, neftin ucuzlaşması fonunda ölkənin makroiqtisadi sabitliyinin, xüsusən də maliyyə sektorunun dayanıqlığının təhlükə altına düşməsi ilə yadda qaldı. Neft gəlirlərinin azalması, milli valyutanın 2 dəfəyədək ucuzlaşması bir tərəfdən qiymətlərin bahalaşmasına zəmin yaratdı, digər tərəfdən bank sektorunun neftsiz iqtisadiyyata hazır olmadığını göstərdi. İndi isə bir qədər detallara gedək. Məlumdur ki, 2015-ci il dünya maliyyə və əmtəə bazarlarında baş verən gərginliyin əsas səbəbkarı neftin ucuzlaşması və ABŞ valyutası olan dolların bahalaşması oldu. Neftin ucuzlaşması neft ixrac edən ölkələrin iqtisadiyyatını, dolların bahalaşması isə eyni zamanda digər ölkələrin milli valyutasını təzyiq altına saldı. Bütün bu proseslər Azərbaycandan da yan keçmədi. 2014-cü ilin sonlarından başlayan neft ucuzlaşması 2015-ci ildə hökuməti bir sıra planlaşdırmadığı və arzuolunmaz addımlar atmağa məcbur etdi. Əvvəlcə milli valyuta olan manat dollar qarşısında nominal üstünlüyünü itirdi. Hökumət il ərzində 2 dəfə kəskin devalvasiyaya getdi. Manat fevralda 34,6 faiz, dekabrda isə 47,6 faiz dəyərini itirdi. Nəticədə 1 dollar 78 qəpikdən 1,55 manata qədər bahalaşdı. Manat yola saldığımız ildə dollara münasibətdə 97,6 faiz dəyərsizləşdi. 

- Bəs, bank sektorunda nə baş verdi?

- Devalvasiya ölkənin həm bank sektoruna, həm də əmtəə bazarlarına zərbə vurdu. Bank sektoru ağır duruma düşdü. Əsas problem kreditlərin, xüsusən də dollarda olan kreditlərin qaytarılması ilə bağlı yarandı. İlin 10 ayında problemli kreditlərin həcmi 976 milyondan 1,3 milyard manata yüksəldi. Kredit və əmanət qoyuluşu azalmağa başladı. Bank sektorunda dollarlaşma prosesi sürətləndi. Həm kreditlərdə, həm də əmanətlərdə dolların payı kəskin artmağa, manatın payı isə azalmağa başladı. Həm problemli kreditlərin artımı, həm də kreditləşmənin azalması bank sektorunun fəaliyyətini çətinləşdirdi. 

İqtisadçı ekspert Samir Əliyev

- Qiymət artımının davamı olacaqmı? 

- Hökumət manatı qorumaq və devalvasiya təzyiqlərini azaltmaq üçün 2015-ci ilin dövlət büdcəsini ixtisar etməli oldu. Büdcə xərclərinin proqnozu 21 milyardan 17,7 milyard manata endirildi. Əsas zərbə altında qalan Neft Fondundan dövlət büdcəsinə transferi 10,4 milyarddan 8,1 milyard manata endirdi. Devalvasiyanın nəticəsi olaraq qiymətlər, xüsusən də gündəlik istehlak malları bahalaşmağa başladı. Hökumət 1-ci devalvasiyadan sonra qiymət artımını inzibati yolla almağa çalışsa da, tədricən bahalaşma müşahidə edildi. İkinci devalvasiya isə prosesi daha da sürətləndirdi. Hazırda bahalaşma prosesi bitməyib və qiymət artımı yaxın aylarda davam edəcək.

- Devalvasiyadan söz düşmüşkən, bəzi ekspertlər hesab edirlər ki, bundan qaçmaq mümkün idi. Razısınızmı..? 

- Devalvasiya qaçılmaz idi və bu barədə ilboyu durmadan xəbərdarlıq edirdik. Yalnız devalvasiyanın forması sual doğura bilərdi. Azərbaycanda təəssüf ki, hökumət 2008-ci ildə olduğu kimi tədbirlər görmək əvəzinə uzun müddət neftin bahalaşmasını gözlədi. Bu müddətdə ehtiyatlar sürətlə əriməyə başladı. Birinci devalvasiyaya qədər Mərkəzi Bankın ehtiyatları 15 milyardan 11 milyard dollara düşdü. İkinci devalvasiya ərəfəsində isə azalma daha çox oldu. Rəsmi məlumata görə, dekabrın 1-də ehtiyatlarımızın həcmi 6,3 milyard dollara düşüb. Dekabrda yəqin ki, ehtiyatlar daha 1 milyard dollar azalacaq və təxminən 5 milyard dollara yaxın vəsait qalacaq. Bu müddətdə Neft Fondunun ehtiyatları 3,3 milyard dollar azalaraq, 37,1 milyarddan 33,8 milyard dollara düşüb. Azalmağa səbəb əsasən Neft Fondunun xaricdəki aktivlərinin bir hissəsinin ölkəyə gətirilməsi olub. Proses belə dava edərdisə, uzağı gələn ilin yayına kimi Mərkəzi Bankın ehtiyatı qalmazdı. Əslində hökumət fevral devalvasiyasından sonra manatı ucuzlaşdırmaqda davam etməli idi. Manat ətrafında yaradılan süni güc heç kimə lazım deyildi və indi onun əziyyətini hamımız çəkirik. Mərkəzi Bank yumşaq devalvasiyaya start versəydi, nə manat dekabrdakı kimi 48 faiz ucuzlaşardı, nə də Mərkəzi Bank əlavə 5-6 milyard dollar itirərdi. Deməli, devalvasiya ona görə oldu ki, ölkədən çıxan pul ölkəyə gələn puldan çox oldu. Tədiyyə balansında cari əməliyyatlar hesablarında 9 ayda cəmisi 240,5 milyon dollar profisit yaranıb. Halbuki 2014-cü ilin müvafiq dövründə bu rəqəm $9,1 milyard olub. Göründüyü kimi, azalma 38 dəfədir. Əgər idxal tam rəsmiləşdirilsə, onda görünər ki, mənfi saldo mövcuddur. Yəni ölkəyə az dollar gəlir, çox dollar çıxır. Bir sözlə, güclü kapital axını manatı uzun müddət təzyiq altında saxladı. Bu təzyiq hələ də qalmaqdadır. Qeyd edim ki, FED-in qərarı hökumətin qərarını daha da sürətləndirdi. 

- Ancaq devalvasiya təkcə bizdə olmadı. Qonşu ölkələrdən, hətta Çindən də yan keçmədi... 

- Qeyd edim ki, bu il nəinki neft ölkələri, hətta resursdan asılı olmayan ölkələr də milli valyutanın ucuzlaşması təhlükəsi ilə üzləşdi. Buna təkcə neftin ucuzlaşması səbəb olmurdu, həm də ABŞ iqtisadiyyatının güclənməsi fonunda dolların möhkəmlənməsi təkan verirdi. Məsələn, Azərbaycan, Rusiya, Qazaxıstan kimi ölkələrdə devalvasiya neftin ucuzlaşması səbəbindən baş verirdisə, Çin ixracı stimullaşdırmaq üçün bu addımı atdı, Türkiyədə siyasi böhran lirəni ucuzlaşdırdı. Hətta vaxtilə eyni iqtisadiyyatı bölüşdüyümüz keçmiş SSRİ ölkələrinin də valyutaları devalvasiyaya məruz qaldı. Amma deyim ki, yola saldığımız ildə sovet ölkələri arasında ən çox ucuzlaşma manatın payına düşdü. Üzən məzənnəyə keçən Qazaxıstanda ucuzlaşma 91,46 faiz, Belarusda 54,37, siyasi və iqtisadi çətinlik dövrünü yaşayan Ukraynada 49,15 faiz oldu. Sanksiyalarla üz-üzə qalan Rusiyada rublun dəyəri cəmisi 26,7 faiz ucuzlaşdı. Düzdür, onların arasında valyutası cəmisi 1 faiz ucuzlaşan Ermənistan da oldu. Hər bir halda devalvasiya müəyyən dərəcədə hamını vurdu. Qeyd etdiyim kimi, əsas səbəb ucuz neft və güclü dollar oldu. 

- Qonşu ölkələrdə devalvasiyanın bizə təsiri oldumu? Və yaxud bu ölkələrdə devalvasiya olmasaydı, Azərbaycan da qurtula bilərdimi? 

- Əsas səbəb ucuz neft və kapital axını oldu. Ancaq qonşu ölkələrdəki devalvasiya bizə neftdən asılılığımızı azaltmağa mane olurdu. Çünki əsas tiracət tərəfdaşımız olan Rusiya, Türkiyə, Avropa Birliyi ölkələrinin valyutalarının ucuzlaşması bizim onsuz da zəif olan qeyri-neft ixracımızı daha da məhv edirdi. Təsəvvür edin ki, rublun ucuzlaşması bizim ora ixrac etdiyimiz meyvə-tərəvəzin qiymətinin rəqabət qabiliyyətini azaldırdı. Bununla qeyri-neft sektorunu inkişaf etdirə bilmərik. Azərbaycanda qeyri-neft sektorunun inkişafı ancaq ixrac hesabına mümkündür. Çünki daxili bazar çox kiçikdir. Onu deyim ki, təkcə valyuta rejimini yumşaltmaqla, ixracı gecləndirmək olmaz. Bunu fevral devalvasiyasından keçən 9 ayın statistikası da göstərdi. Deməli, ilk növbədə rəqabət qabiliyyətli keyfiyyətə malik məhsul istehsal edilməlidir. Ondan sonra qiymət rəqabətini artırmaq üçün ucuz məzənnə siyasətinə keçmək olar. 

- 2015-ci ildə əhalini narahat edən məsələlərdən biri də bankların vəziyyəti oldu. Banklarda insanların kifayət qədər vəsaitləri yerləşir. Hətta iki bank bağlandı. İxtisarlar barədə məlumatlar dolaşır. Necə olacaq, bundan sonra..? Növbəti devalvasiya bankları çökdürəcəkmi?

- Banklar ilk devalvasiyadan böyük zərbə aldılar. Hələ özlərinə gəlməmiş ikinci, özü də daha yüksək faizlə devalvasiya ilə üzləşdilər. İlk devalvasiya zamanı Mərkəzi Bank banklara müəyyən qədər dəstək verdi. Bu, bir tərəfdən problemli kreditlərin restrukturizasiyasında özünü göstərdi. Digər tərəfdən, ehtiyat normasını 2 faizdən 0,5 faizə endirdi. Kapital adekvatı ilə bağlı qəbul edilən qərar iyun ayından qüvvəyə minməli idi. Bu müddət 2016-cı ilin fevral ayına qədər uzadıldı. Valyuta mövqeyinə qoyulan 10 faizlik limit ilin sonuna kimi aradan qaldırıldı. Bütün bu güzəştlər banklara nəfəs verdi. Amma Mərkəzi Bankın digər addımları bankların vəziyyətini daha da qəlizləşdirdi. Əvvəlcə komissiyon haqları 6-7 faizdən 1 faizə endirildi. Sonra isə kreditlər üzrə faktiki illik faiz dərəcəsi mikrokreditlər üçün 25 faizə, istehlak kreditləri üçünsə 29 faizə endirildi. Sosial baxımdan bu, əhalinin xeyrinə oldu, ancaq  banklar üçün çətinlik yaratdı. Bunun zərəri daha çox bank olmayan təşkilatlara dəydi. Ötən ilin sentyabrından başlayaraq banklarda xərclərin optimallaşdırılması adı altında ixtisarlar başlayıb, filialların birləşdirilməsi, əmək haqlarının azaldılması prosesi gedir. Son devalvasiyadan sonra bu proses daha da güclənəcək. Gələn ildən başlayaraq ixtisarlar daha da geniş vüsət alacaq. Bankların bazarı tərk etməsini müşahidə edəcəyik. Hazırda bankların kapitalı ilə bağlı problemlər mövcuddur. Düşünürəm ki, gələn il həm də bəzi bankların beynəlxalq reytinqlərinin pisləşməsi müşahidə ediləcək.

- Gələn il bizi nə gözləyir? Rəylərdən belə qənaətə gəlmək olar ki, 2016-cı il iqtisadi baxımdan ağır keçəcək. Yəni vəziyyət o qədər ümidsizdir?

- Hər bir halda nikbinliyi əldən vermək lazım deyil. Hərgah ki, buna əsas azdır. Doğrudan da qarşıda bizi çətin il gözləyir. Hökumət bir tərəfdən qeyri-neft sektorunu inkişaf etdirməlidir. Digər tərəfdən inflyasiyanı nəzarətdən çıxmasına imkan verməməlidir və həmçinin manatın məzənnəsini qorumalıdır. Proqnozlar isə neftin qiymətinin ilin birinci yarısında artmayacağını göstərir. Hökumət üzən məzənnəyə keçdiyini elan edib, amma Mərkəzi Bankın ehtiyatı manatı kəskin təzyiqlərdən qoruyacaq. Gələn il hökumət 2 əsas problemlə mübarizə aparmalı olacaq: yüksək inflyasiya və işsizlik... Birinci problemin həllini Mərkəzi Bank hələ ki, nağd pul kütləsini məhdudlaşdırmaqda görür. 2015-ci ilin 11 ayı ərzində pul bazası 11,5 milyarddan 6,7 milyarda qədər azalıb. Mərkəzi Bank intervensiya vasitəsilə bazardan yığdığı manat kütləsini yenidən bazara qaytara bilmir. Səbəb bankların manat kreditlərinin məhdudlaşdırmasıdır. Banklar hazırda dollarla kredit verməyə üstünlük verirlər, manat krediti almaq isə qeyri-mümkündür.  Pul bazasının azalması tələbin məhdudlaşdırılması hesabına inflyasiya təyziqini azaldır. Ancaq eyni zamanda ölkədə iqtisadi aktivliyi aşağı salır. İşsizliyi yaradan sektorlar maliyyə, o cümlədən, bank, tikinti, ticarət, dövlət strukturları olacaq. Bank sektorunda dayanıqlığın təmin olunması da hökumətin əsas vəzifələrində biri olacaq. 

- Mənzil və daşınmaz əmlak bazarında hansı dəyişiklik olacaq? 

- 2015-ci il daşınmaz əmlak bazarı üçün çox sönük keçdi. Qiymətlərin ucuzlaşması baş versə də, satışda canlanma olmadı. Düşünürəm ki, 2016-cı ildə də ciddi canlanma gözlənilmir. Çünki daşınmaz əmlak bazarında tələbəbatı yaradan neftin bahalaşması və Rusiyada iqtisadi vəziyyətin yaxşılaşması gözlənilmir. Bazara nəfəs verə biləcək yeganə mənbə dövlətin ipoteka proqramı ola bilər. Bu istiqamətdə əhəmiyyətli addımlar atılsa, yəni böyük həcmdə maliyyələşmə olsa, bazarda canlanma ola bilər. Əks halda ucuzlaşma davam edəcək. Xüsusilə də dollar ifadəsində ucuzlaşma özünü qabarıq göstərəcək.  

- Gələn il iqtisadiyyatı qorumaq üçün hökumət hansı addımları atmalıdır?

- Hökumət ilk növbədə peşəkarların iştirakı ilə antiböhran proqramı hazırlamalıdır. Bu proqram da 5 illik dövrü əhatə edə bilər. Proqramda hökumətin atacağı addımlar həm ümumi, həm də sektorial olmalıdır. Hər bir halda məsələyə kompleks yanaşılmalıdır və islahatlar aparılmalıdır. İstənilən halda aparılacaq islahatlar iqtisadiyyatın liberallaşdırılmasına, dövlətin rolunun iqtisadyyatda azaldılmasına istiqamətlənməlidir. Büdcə konsolidasiyası və gömrük sisteminin sadələşdirilməsi çox vacibdir. Əsas diqqət kiçik və orta sahibkarlığın inkişafına və onların maliyyələşdirilməsinə yönəldilməlidr.

Röya RƏFİYEVA,
Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300