Uluyol.info
Reportyor.org-a istinadən bildirir ki, oxucular tərəfindən ünvanlanmış bu səpkili
müraciətlər oxuyacağınız reportajın ərsəyə gəlməsinə səbəb oldu.
Şikayətçi Anaxanım Orucova (şərti ad, soyad) Bakının "Şamaxinka"
adlanan ərazisində apteklərdən birində uyuşdurucu tərkibli, satışı qadağan
olunmuş dərman preparatının satıldığını iddia edir.
Qadın oğlunun hər gün borc-xərc edib sözügedən ünvana gedərək həmin
uyuşduruculardan alıb qəbul etdiyini və hər gecə evdə "qan su yerinə
axdığını" bildirir. Aludəçi gəncin valideyni övladının vaxtı ilə tanınmış
zərgər olduğunu və bu yola qurşandıqdan sonra bütün var-dövlətinin əlindən
çıxdığını qeyd etdi.
Ananın söylədiyinə görə, oğlunun ailəsi də bu "zibil" üzündən
dağıldı: "İndi kirayədə qalırıq. Bir oğlumdur, bir də mən. İşləmir! Çörək
pulunu güclə tapdığımız halda o, hər gün bu "zibil"ə borc-xərclə pul
tökür". Şəhərin marketlərinin birində süpürgəçilik etdiyini deyən qadın
oğlunun şalvarının cibindən çıxan sözügedən uyuşdurucunun fotosunu bizə göndərdi.
Müraciətdə göstərilən həmin ünvana - Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 11
A ünvanına yollanırıq (3-cü mikrorayon dairəsinin yaxınlığı). Öncə deyilən ünvanda
yerəşən "Optika" adlı apteki bir qədər kənardan müşahidə etmək qərarı
veririk. Obyektin jalüzü yarıya qədər endirilib və girişində apteklərə xas
olmayan izdiham yaşanır. Adətən belə növbə çox az hallarda paytaxtda pulsuz
keçirilən satış kampaniyalarında müşahidə edilir.
Aptek ola və belə sıxlıq ola, təkcə bu məqam işin içində əmma olduğunu anlamağa
kifayət edir.
Kənardan qısa müşahidəmizdən sonra aptekə daxil oluruq. Müştərilərin əksəriyyəti
gənclərdir. Aralarında orta yaşlı şəxslərə də rast gəlmək olurdu.
Aptekdəki mənzərə detektiv filmlərindəki səhnələri xatırladır. Sadəcə, bu dəfə
belə səhnələri ekran arxasından yox, real həyatda izləyirsən, özün də
iştirakçısına çevrilirsən. Ətrafı diqqətlə süzərək üzərində dayanan baxışlar,
növbəyə duran müştərilərin pıçıltılı danışıqları, ürkək davranışları səni də
ehtiyatlı olmağa sövq edir. Əlbəttə, ifşa olunmaq qorxusu da hakim kəsilir qəlbinə.
Bu səbəbdən də naşı olmadığını nümayiş etdirmək üçün digərləri kimi davranmaq məcburiyyətindəsən.
Alıcıların satıcı xanımlarla (aptekdə iki xanım satıcı xidmət göstərir) ünsiyyətindən
məlum olur ki, gələnlərin əksəriyyəti təkrar müştərilərdir.
Dialoq zamanı tələb olunan "Contramal" preparatının adı çəkilmir, sadəcə
ünsiyyət zamanı "5 dənə ver", "13 dənə ver", "30 dənə
ver" kimi ifadələrdən istifadə edilir.
Müştərilərlə çox yaxşı anlaşan satıcı isə hallanmaq istəyənləri
"uçurmağa" tələsir, sanki. Ağızdan çıxan rəqəmə uyğun olaraq çevik hərəkətlə
masanın altından "Contramal" tabletlərini uzatmaqla.
Dialoq təxminən bu formada qurulur:
- Neçə dənə alırsan?
- 18 dənə.
- Birdən-birə o qədər?
- Tək deyiləm.
Başqa bir dialoq, 22-23 yaşlı gənclə satıcı arasında:
- Mənə kapsulundan ver.
- O birini bəyənmədin?
- Bunu da yoxlamaq istəyirəm.
Qısacası, dövriyyəsi qadağan edilmiş "Contramal" və yalnız həkim
resepti ilə verilməli olan "Tramadol"u adını qeyd etdiyimiz ünvandan
çox asanlıqla əldə etmək mümkündür.
Arayış: "Tramadol" psixotrop dərmandır. "Tramadol" tərkibli
həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik
olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz
satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu preparatdan ancaq güclü
ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın
əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar
eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb
olur. "Tramadol" dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul
edə bilərlər. "Tramadol" güclü narkosərxoşluq və asılılıq yaradan
narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub.
Tibb eləmləri doktoru, professor Adil Qeybulla deyir ki, adları çəkilən
preparatların açıq şəkildə satışı neqativ nəticələrə səbəb ola bilər. Çünki
asılılıq yaradan bu ağrıkəsicilərin orqanizmə ciddi təsirləri mövcuddur.
Onun sözlərinə görə, xarici dövlətlərdən bir çoxunda - Almaniyada, Böyük
Britaniyada ağrıkəsicilər (qeyri-esteroid ağrıkəsicilər) marketlərdə satılır.
"Amma qalan bütün dərmanlar həkim "resept"i ilə apteklərdə
satılır. Söhbət təkcə uyuşduruculardan getmir. Elə qan təziqi qaldıran, endirən
bu tip dərmanlar da yalnız həkim resepti ilə buraxılmalıdır. Sərbəst gedib
kiminsə sözü ilə alıb istifadə etmək düzgün deyil. O ki qaldı psixotrop maddələrə,
narkotik maddələrə, onlar tibbdə istifadə olunur. Sadəcə olaraq, onların
narkomanlar tərəfindən istifadə olunması üçün uçotda, qeydiyyatda olmalıdırlar.
Yəni həkim resepti qeydiyyata alınır və həmin ampula geri qaytarılır. Bu dəqiqə
narkotik analgetiklərdən istifadə edən yoxdur. Bu dəqiqə elə narkotik vasitələr
var ki, onlar unudulub gedib. Lakin həkim resepti əsasında, nəzarət altında
onlardan istifadə mümkündür. O ki qaldı "Tramadol"a, həkim resepti əsasında
apteklərdə o dərmanın buraxılışı mümkündür. "Contramal" da
"Tramadol" kimi eyni tərkibə sahibdir".
Məsələ ilə bağlı Respublika Narkoloji Mərkəzinin mövqeyini də öyrəndik. Mərkəzin
direktor müavini Aytən Səmədova bildirdi ki, "Tramadol"un ancaq 50
mg-na icazə verilib, o da yalnız həkim resepti ilə. "Contramal"ın isə
dövriyyəsi qadağan edilib. Onun sözlərinə görə, bu preparatların açıq satışda
olması ilə bağlı məlumatları yoxdur. Apteklərdə monitorinqlər Nazirliyin
Analitik Ekspertiza şöbəsi tərəfindən aparılır. Əgər belə hallar aşkarlanırsa,
onlar hüquq mühafizə orqanlarına məlumat verirlər.
Məsələ burasındadır ki, dəfələrlə sözügedən ünvanda adlarıçəkilən dərmanların
açıq satışının həyata keçirilməsi ilə bağlı məlumat verilsə də, görünən odur
ki, heç bir tədbir görülməyib.
Səhiyyə Nazirliyi də, hüquq mühafizə orqanları da birmənalı olaraq məsələdən
agahdırlar. Heç bir tədbirin görülməməsi isə bu ağrıkəsicilərin satışının yüksək
səviyyədə himayə olunması ehtimalı yaradır. Nəticədə isə kimlərinsə cibləri
dolur, gənclərin isə ömürləri kəsilir.