Həbsdə olan jurnalist, Jam.az saytının baş redaktoru Fikrət Fəraməzoğlu Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun onu xüsusi ittiham qaydasında məhkəməyə verilməsinə münasibət bildirib.

O qeyd edib ki, həbsdə olduğu zaman icra başçısının belə bir addım atması qərəzli olmaqla yanaşı, həm sifarişlidir, həm də qanunsuzdur. Onun sözlərinə görə, Rafil Hüseynovun qərəzli olması onunla arasında uzunmüddətdən bəri davam edən məhkəmə çəkişmələrindən bəllidir. "Mənim doğulub boya-başa çatdığım rayonun problemləri ilə bağlı mütəmadi yazılar dərc etməyim icra başçısının qəzəbinə səbəb olmuşdur. Elə buna görə də, bir ilin içində icra başçısı tərəfindən dəfələrlə məhkəməyə verilmişəm. Hər dəfə Masallı Məhkəməsinin hakimləri tərəfindən müxtəlif qərəzli qətnamələr çıxarılıb. Sonuncu addımı isə tərəfimdən namərdlik kimi qiymətləndirilir”.

Fəraməz oğlu deyib ki, Masallı Məhkəməsinin hakimi Nemət Musayevin belə bir müraciəti icraata qəbul edilməsi Azərbaycan və dünya hüquq tarixində ilk hadisə olaraq qeydə alınacaq. Ona görə ki, Azərbaycan və dünyada hələ elə jurnalist olmayıb ki, məqaləsində yer verdiyi bir fikrə görə iki dəfə mühakimə olunsun. "Görünür, istər Rafil Hüseynov, istərsə də Nemət Musayev Arximedlik etmək istəyirlər. Və ya özlərindən Amerika kəşf etməyə iddialıdırlar. Çünki həmin iddiada qeyd olunan məqalələrdə dərc olunmuş fikirlərə görə, artıq bir dəfə mühakimə olunmuşam. Və Masallı Məhkəməsi bununla bağlı 16 oktyabr 2015-ci ildə hökm çıxarıb. Həmin hökmün icra müddəti isə 16 oktyabr 2016-cı ildə başa çatıb. Hər halda sənəddə qeyd olunan 1 il müddətinin başa çatmasını hesablamaq üçün heç də dərin savada malik olmaq lazım deyil:

Həbsdə olan jurnalist bildirib ki, hakim Nemət Musayevin belə bir müraciəti icraata qəbul etməsi, həm də ciddi qanun pozuntusu və vətəndaşın hüquqlarını tapdamaqdır. "Nemət Musayev hakimdir, onun qanunları bilməsi şərtdir. Lakin görünən odur ki, adamın qanunlardan belə xəbəri yoxdur. O zaman Masallı Məhkəməsinin hakiminə xatırladıram ki, Azərbaycan Respublikası Cinayət – Prossesual Məcəlləsinin 8.2-ci maddəsində qeyd olunub ki, hər hansı bir şəxs eyni məsələyə görə iki dəfə mühakimə oluna bilməz. Əgər bu şəxs bilərəkdən belə bir addım atarsa, o zaman bu işi şifariş əsasında həyata keçirdiyini birmənalı şəkildə nümayiş etdirir. Yox, əgər bilmirsə və ya qanunlardan xəbəri yoxdursa, hakimlikdə nə işi var? Nemət Musayev yaxşı olar ki, gedib təsərrüfatla məşğul olsun. Beləcə orada daha faydalı biri olmağı bacarar”.

Fikrət Fəraməzoğlu daha sonra deyib ki, indiki məqamda Rafil Hüseynovun bu cür davranışı, həm də onun kimlərinsə sifarişi ilə hərəkət etdiyini göstərir. "Aydın məsələdir ki, mənim həbsimi sifariş edənlər Rafil Hüseynovu da hərəkətə gətiriblər. Və bu "hərəkətverici qüvvənin” vasitəçisinin kim olduğunu da yaxşı bilirəm. Sifarişilər faktiki olaraq biabırçı durumdadır. Onlar mənim məhkəməmdə hansı rəzil günə qalacaqlarından tam əmindirlər. Ona görə də, Rafil Hüseynov kimi zavallı adamları ortalığa atıb, əsl sifətlərini gizlətməyə çalışırlar.

Özlərini çox yormasınlar, çünki sonda biabırçı vəziyyətə özləri düşəcəklər. Onu da qeyd edim ki, yaxın gələcəkdə Rafil Hüseynov kimi daha neçə-neçə adamların əliylə məni məhkəməyə verəcəklərinə də şübhə etmirəm. Atalarımız gözəl buyurublar: Suda batan saman çöpündən yapışar. Bu adamların durumu da məhz atalar məsəlindəki kimidir”.

Jurnalist açıqlamasında vurğulayıb ki, istər onun həbsini sifariş edənlər, istərsə də Masallının icra başçısının bu cəhdləri daha çox hakimiyyət dairələrini çətin vəziyyətdə qoymaq və onları yalançı çıxarmaq üçün çalışmaqdır.

Fikrət Fəraməz oğlu sonda onu da qeyd edib ki, Rafil Hüseynov Masallı İcra Hakimiyyətinə özünün şəxsi obyekti kimi baxır. "Bu adam məhkəməyə öz adından ünvanladığı iddianaməsinin altından icra hakimiyyətinin möhürünü vurub. Masallı İcra Hakimiyyəti və onun möhürü Rafil Hüseynovun şəxsi mülki deyil ki, özünə aid olan məsələlərində istifadə etsin. Bu adam anlamır ki, həmin möhür dövlətə məxsusdur və yalnız dövlət əhəmiyyətli və ya dövlətin adından verilən sənədlərin üzərinə vurula bilər. Şəxsi məqsədlər üçün istifadə olunması isə mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyət yaradır”.//azadliq.info

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300