Bu günlərdə Bakıda tükürpədici və rüsvayçı olay
yaşanıb.
Üç gün əvvəl dünyasını dəyişmiş şəxsin dəfn olunmasına
icazə verilmir. Buna səbəb qəbiristanlıq rəhbərliyinin ölü sahibindən rüşvət
istəməsidir. Nəticədə yuyulmuş və kəfənlənmiş cənazə üç gündür ki, ortalıqda
qalıb. Belə ki, dekabrın 20-də Yasamal rayon sakini, 60 yaşlı Umxanım Məmməd
qızı Babayev onkoloji xəstəlikdən dünyasını dəyişib. Həyatını itirən şəxs II
Alatava 86 ünvanında qeydiyyatındadır. Lakin o, kirayə qaldığı Yasamal rayonu
Mirzə Cavad Məmmədzadə (II Yasamal) 253 ünvanda dünyasını dəyişib. Mərhumu
dekabrın 21-də Yasamal rayon qəbiristanlığında öz həyat yoldaşının yanında dəfn
etmək istəyiblər. Hətta dəfn üçün Yasamal rayon qəbiristanlığı tərəfindən qəbir
qazılıb və hörülüb. Amma cənazənin dəfn edilməsinə qəbiristanlıq rəhbərliyi
tərəfindən imkan verilməyib.
21 yaşlı oğlu Yusif Babayevin verdiyi məlumata görə,
ona anasını torpağa tapşırmağa icazə verilməyib. Qəbiristanlığın rəhbərliyindən
bildirilib ki, qəbrin qazılması və hörülməsi müqabilində mərhumun yaxınları 230
manat pul ödəməlidir.
Umxanım Babayevanın oğlu bu qədər pulun olmadığını
bildirdikdə ondan anasının cənazəsini geri qaytarmaq tələb olunub. Halbuki oğlu
əvvəlcədən qəbirstanlıqda onların ailəsinə məxsus sahənin olduğunu nəzərə
çatdırıb. Şikayətçi deyir ki, dəfn üçün yeni torpaq sahəsi almadıqlarına görə
bu qədər yüksək məbləğin ödənilməsinə də ehtiyac yoxdur. Buna baxmayaraq
Yasamal qəbiristanlığının məsul şəxsləri ölü sahibinə heç bir güzəştə getməyib.
Ona bildirilib ki, anasının cənazəsini aparıb morqa qoysun və vəsaiti ödəmək
imkanı olanda gətirib dəfn edə bilər. Çarəsiz qalan Yusif Babayev Umxanım
Babayevanın yuyulub kəfənlənmiş cənazəsini "Təzə Pir” Məscidinin morquna
yerləşdirmək məcburiyyətində qalıb.
Umxanım Babayevanın vəfat etdiyi və cənazəsinin
götürüldüyü ünvandan aldığımız məlumata görə, hazırda onun nəşi kəfənlənmiş
vəziyyətdə morqda saxlanılır. "Təzə Pir” Məscidinin rəhbərliyi də meyitin
saxlandığı hər gün üçün 20 manat ödəniş istəyir. Anasını itirmiş Yusif Babayev
kimsəsiz vəziyyətdə və maddi imkanı həddindən artıq aşağı olduğundan gündəlik
20 manatı da morqa ödəməkdə çətinlik çəkir. Çox təssüf ki, məscidin ərazisində
yerləşən Qafqaz Müsəlmanları İdarəsi də ağılasığmaz və biabırçı olaya göz
yumub. Bu gün isə Yusif Babayev Yasamal rayon qəbiristanlığı rəhbərliyinə anasının
dəfn olunması üçün vəsaitin 160 manatını ödəyib: "Qəbiristanlığın
girişində qəbir daşları düzəldilən sexin müdiri Məhərrəm Əliyev yerdə qalan 90
manatı gətirməyincə, ölünün basdırılmayacağını bildirib”.
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov cebhe.info-ya açıqlamasında deyib ki, dəfn üçün bu qədər pul istənilməsi düzgün deyil və bu mümkünsüzdür: "Bu söhbətlər yalandır, ola bilməz. Elə şey olmaz axı... Vətəndaş mənə zəng etsin, tapşırım. Məzar qazılması üçün tikinti materiallarını ya alıb gətirsin biz hörək, ya da pulunu versin. Bir də 63 manat rüsum keçirməlidir. Başqa heç bir şey lazım deyil. Qəbirstanlıqda əgər yeri varsa, rüsum pulunu və yenə də tikinti xərcini ödəməlidir”. Sabir Həsənovun sözlərinə görə Yasamal rayon qəbiristanlığı 230 manat məbləğində pul istəyə bilməz: "Yalan söhbətdir. Çünki rüsum və tikinti xərci birlikdə təxminən 150 manat pul tutur. O tikinti materialları alınmalı və qəbirin yanına daşınmalıdır. Qəbir elə yerdədir ki, daşınması üçün heç 50 manat pul tutmaz. O işə biz qarışmırıq. Sadəcə vətəndaşa deyirik ki, 63 manat rüsumla, materialları gətir, biz dəfn edək. Tikinti üçün isə 50 daş, bir kisə sement və qum alınmalı və daşınmalıdır. Yəni qeyd etdiyiniz o məbləq bizim məbləğin içərisində yoxdur”.