Altunay Hacıbəyli

2013-cü ilin avqust ayının sonları idi. Gözəl yay səhərinə oyanmışdıq. Həmin günü əvəzsiz və özəl günlərdən biri kimi xatırlayıram. Çünki səfərə çıxacaqdıq, səfərimiz isə Güney Azərbaycana idi…

İlk dəfə ölkə xaricinə çıxmağın isə qəribə maraq və həyəcanı vardı. Səhər saatlarında Bakıdan Təbrizə sarı yol aldıq. Uzun sürən yolçuluq, yorğunluq, yayın istisi və başqa səbəblərdən bu səfərim sonrakılara nisbətən yaddaqalan olmadı.

İkinci yol gedəndə artıq oktyabr ayı idi. Bu səfəri başqalarıyla müqayisədə daha çox sevmişdim. Həmişəki kimi yolçuluğumuz Təbrizəydi. Həmin gün elə gözəl idi ki, çıxan böyük günəş sanki bizim gəlişimizə sevinmişdi. Uzun və rahat yolların, rəngarəng dağların və coşub-çağlayan çayların əhatəsində yol getmək – sözlərlə təsviri mümkünsüz, necə də gözəl idi…

Səfərim həm də hazırlıq vaxtına təsadüf etmişdi. Tarix fənnini uşaqlıqdan çox sevdiyimə və daha çox Azərbaycan tarixini oxuduğuma görə özümü sanki həmin dövrlərdə hiss edirdim. Ən çox da "Tarix”də dövlət qurulduqdan sonra, "Dövlətin paytaxtı Təbriz oldu” deyə yazılması, belə desəm, mənə ləzzət edirdi. Düşünürdüm ki, necə gözəl torpaqlardır oralar… Vətən qoxan daşında, torpağındakı doğmalıq, nisgil, sanki nə vaxtsa burda olmuşam, yaşamışammış kimi hislər yaradırdı. Təbrizdən xeyli kənarda, ali təhsil ocaqlarının sırayla düzülüşünü heç unutmuram…

Şəhərə çatanda artıq şər qarışmışdı. Bizi təbrizli tanışımız qarşılayıb, gedəcəyimiz ünvana apardı və üç gün müddətində çox böyük sayğıyla qulluğumuzda durdu. Bir görəsiniz, bizi necə sevirlər. Quzey Azərbaycandan gələnlərə "Bakılılar” deyirlər. Yəqin ki, fikirlərini belə daha yaxşı ifadə edə bilirlər. Bizə olan sevgi, hörmət və diqqəti hər addımda, hər davranışda göstərirlər. Həkim növbəsində belə öz yerlərini bizə verməkdən çəkinmirlər. Gücləri çatan qədər kömək etmək istəyirlər. Bir neçə dəfə sürücülərə yol pulunu verməkdə çətinlik çəkdiyimiz də yadımdadır. Vətən həsrətli olduqlarından ürəkləri də kövrəkdir onların… Anadan ayrı düşmüş uşaq kimi…

Geri dönəndə yolüstü dədə-baba torpaqlarımıza, kəndimizə – Ərdəbilin Meşkin mahalının Allı kəndinə baş çəkdik. Kəndə gedən yol meşəlik kimi ərazidən keçir. Girişində şəlalə var idi. Həmin şəlalənin qarşısından məktəblilərin ötdüyünü xatırlayıram. Vaxt azlığından kəndi yalnız bir dəfə dolana bildik. Kəndimiz sanki rayondur. Geniş olmasıyla yanaşı, həm də çoxsaylı tikililəriylə böyük yaşayış məntəqəsini xatırladır. Vaxt olsaydı, daha çox gəzə, çox şey öyrənə bilərdik, lakin tez qayıtmalı olduğumuzdan gördüklərimizlə yetərləndik.

Soyumuzun Ərdəbildən olmasına baxmayaraq, Təbrizə daha çox bağlıyam. Ən böyük arzularımdandır Təbrizdə evimin olması. İnanıram ki, bu arzumu həyata keçirəcəm. Məndəki Təbriz sevgisi hər şeyə qalib gələcək! Təbii ki, bu arzu Azərbaycanın bütöv, paytaxtının isə Təbriz olmasından sonra gəlir! Bizim və soydaşlarımızın sevgisinin gücü nə vaxtsa birləşəcəyimiz günü gətirəcək. Buna inanıram, özü də çox inanıram!

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300