SOCAR-da təmir-bərpa-tikinti işlərinə kim cavabdehdir?

-Vəzifəli şəxslərin tək hüquqi deyil, həm də mənəvi məsuliyyətləri olmalıdır. Hər hansı bir faciəyə görə rəhbər şəxs birbaşa hüquqi məsuliyyət daşımaya bilər, amma söhbət işçilərin həyatından gedirsə, ən azı mənəvi məsuliyyətə görə vəzifə sahibi üzr istyib, istefa verməlidir. Daha neçə neftçi həyatını itirməlidir ki, Rövnəq müəllim mənəvi məsuliyyətini hiss etsin?!

- Xəzərdə itkin düşən 10 nəfərdən 2-si qardaşdır, Analara cavab verin!

- Özünə 335 milyon dollarlıq göydələn ofis tik, fəhlənin ayağının altındakı 50 illik estakadanın təmirinə qara qəpik ayırma. Göydələndən yerə çırpılasısınız...

- SOCAR rəhbəri deyir ki, Türkiyə iqtisadiyyatına sərmayəmiz 18 mlrd. dolları ötəcək və artıq bu məbləğdən 3.7 mlrd. manatı xərclənib.
Olsun, amma bu sərmayədən Azərbaycanın qazancı nə olacaq, həmin sərmayənin faydasını nə zaman görməyə başlayacağıq, bu qədər sərmayənin geri qayıtması, layihənin mənfəətə keçməsi üçün bəlli bir dövr müəyyən edilibmi, varmı belə hesablamalar? Varsa bu məlumatlar niyə ictimailəşdirilmir? Çünki SOCAR şəxsi deyil, rəsmi olaraq xalq mülkiyyətində olan şirkətdir. Onun bütün layihələri üzrə məlumatlar, bu layihələr üzrə gözlənən faydalar, risklərlə bağlı ictimaiyyətə məlumat verilməlidir.

- Rövnəq müəllim, "Atletiko Madrid"in formasına "Azerbaijan - Land of Fire" yazdırmaq üçün xərclənən pullarla bu estakadanı dəyişmək olardımı? Hələ SOCAR-ın 235,4 milyon dollarlıq yeni ofis binasını demirəm.

Bu gün Xəzərdə baş verən daha bir faciəyə - 10 nəfərin ölümü ilə nəticələnən qəzaya müxtəlif reaksiyalar oldu. Hansı ki, onlardan bir neçəsini yuxarıda təqdim etdik. Haqlı olaraq sual edilir: təhlükəsizliyə, təmir-bərpaya niyə pul ayrılmayıb? 

"Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş verən hadisə ilə əlaqədar birliyin rəis müavini Balamirzə Ağarəhimov mətbuat konfransı keçirdi. Bəyan elədi ki, hadisə baş verən estakada 1978-ci ildə tikilib. B.Ağarəhimov onu da bildirdi ki, estakadada sonuncu dəfə bu ilin avqust ayında cari təmir işləri aparılıb. Yəni rəis müavininin çıxışından anlaşılan odur ki, təmir-bərpa, təhlükəsizlik işlərinə vəsait ayrılır. 

Bəs bu vəsaitlər necə ayrılır, bu işləri kim görür və niyə ortada nəticə yoxdur?

SOCAR-ın saytında göstərilir ki, şirkət işçilərinin sağlamlığı və əməyin təhlükəsizliyi üzrə fəaliyyətini "Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi”nin tələblərinə uyğun qurur. Fəaliyyətdə və əməyin mühafizəsinin idarə edilməsində insanların sağlamlığı və təhlükəsizliyi məsələsi birinci yerdə durur.

Əməyin mühafızəsini idarəetmə sistemi üzrə aparılan işlərdə əsas məqsəd istehsalatın səmərəliliyini yüksəltmək, məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq, əmək prosesində işçilərin sağlamlığının və iş qabiliyyətinin mühafizəsini təmin etməkdir. Bu sistem üzrə ARDNŞ-nin fəaliyyəti aşağıdakı məsələlərin həllinə yönəlib: - istehsalatın idarə olunmasının bütün səviyyələrində əməyin mühafızəsi sahəsində işlərin təşkilinin təkmilləşdirilməsi; - işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsi; - istehsalat avadanlıqlarının və istehsalat proseslərinin təhlükəsizliyinin təmin edilməsi; - istehsalat təyinatlı obyektlərin layihələndirilməsi, tikilməsi və istismara verilməsi mərhələlərində əməyin mühafızəsi tələblərinə riayət olunması; - bina və otaqların normal vəziyyətdə saxlanılması; - əmək şəraitinin sanitar-texniki normalaşdırılması; - işçilərin xüsusi geyim, fərdi və kollektiv mühafızə vasitələri ilə təmin edilməsi; - işçilərə sanitar-məişət xidmətlərinin göstərilməsi; - istehsalatda bədbəxt hadisələrin, qəzaların vaxtında və düzgün təhqiq olunması, qeydə alınması, onların başvermə səbəblərinin aradan qaldırılmasının təmini; - əmək və istehsalat intizamının möhkəmləndirilməsi; - işçilərin əməyin təhlükəsizliyi üzrə qaydaların, normaların və təlimatların tələblərinə riayət etmələrinin təmini; - rəhbər və mühəndis-texniki işçilərin əməyin təhlükəsizliyinə görə məsuliyyətinin artırılması.

Təmir-bərpa işlərinə isə "Neftqaztikinti” tresti cavabdehdir. Trest ARDNŞ-nin müəssisə və təşkilatları tərəfindən həyata keçirilən neft-qaz əməliyyatları çərçivəsində dərin, dayaz dəniz neft-qaz yataqlarında və quruda təmir və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi məqsədilə 1949-cu ildə yaradılmış "Azərdənizneftinşaat" və 1979-cu ildə yaradılmış "Xəzərdənizneftqaztikinti" Trestlərinin bazasında yaradılmış və həmin qurumların hüquqi varisidir.
Trestin tərkibinə müxtəlif profilli 8 Tikinti-Quraşdırma İdarəsi, İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi, Yol Tikinti-Təmir İdarəsi, Səyyar Mexanikləşdirilmiş İdarə, Dəmir-Beton Məmulatları Zavodu, Avtonəqliyyat İdarəsi, Xüsusi Texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Gürcüstan Nümayəndəliyi, Abu Dabi Filialı, İqtisadiyyat və Uçot Departamenti, Keyfiyyətə Nəzarət Departamenti və Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi daxildir.

Trest Azərbaycan Respublikasının bütün regionlarında müxtəlif sifarişçi təşkilatlar (o cümlədən ARDNŞ-nin digər təşkilatları) üçün podratçı olaraq aşağıdakı növ işləri və xidmətləri yerinə yetirir:

• Dənizdə (150 m-ə qədər) və quruda müxtəlif diametrli magistral neft-qaz-su boru kəmərlərinin tikintisi;
• Dənizdə və quruda qaz-kompressor stansiyalarının tikintisi;
• Yeraltı qaz saxlama anbarlarının tikintisi;
• Dəniz estakadalarının tikintisi (0-30m);
• Liman və liman qurğularının tikintisi;
• Neftin yığılması, saxlanması, hazırlanması və nəqli məqsədilə dənizdə və quruda neft terminallarının, müxtəlif təyinatlı texnoloji qurğuların tikintisi;
• Dənizin dayaz və dərin hissələrində (10-150m) stasionar özüllərinin tikintisi;
• Yataqların elektrik təchizatı sisteminin qurulması;
• Yüksək gərginlikli sualtı kabel xətlərinin çəkilişi;
• Yüksək gərginlikli kabel və hava elektrik ötürücü xətlərin çəkilişi;
• Metal konstruksiyaların korroziyadan mühafizə işləri;
• Mülki tikinti;
• Dəmir-beton məmulatlarının istehsalı;
• Sualtı boru kəmərlərinin tikintisi üçün tələb olunan müxtəlif diametrli boruların betonlanması; • Metal-konstruksiyaların yığılması;
• Asfalt-beton istehsalı;
• Magistral yolların, küçə və meydançaların tikintisi və asfalt-beton örtüklənməsi;
• Bütün növ tikinti material və avadanlıqlarının təchizatı;
• Qaynaqçıların beynəlxalq səviyyədə sertifikatlaşdırılması;
• Qaynaq tikişlərinin dağılan və dağılmayan üsulla yoxlanılması.

Təmir işləri "Neftqaztikinti”yə sifariş verilib?

Trestin rəhbəri Mirkazım Abasovdur. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, qəza baş verən estakada "Azneft”in balansındadır və sifariş olmasa "Neftqaztikinti” orada təmir-bərpa işləri apara bilməz. AFN xatırladır ki, "Azneft” NQÇİ-nin rəis müavini Balamirzə Ağarəhimov bu gün keçirdiyi mətbuat konfransında estakadada sonuncu dəfə bu ilin avqust ayında cari təmir işləri aparıldığını bildirib. Deməli, ya "Neftqaztikinti” tresti sifarişin öhdəsindən gələ bilməyib, ya da B.Ağarəhimov yalan danışır. MəQəhrəmanlı deyir ki, əslində estakada qəzalı vəziyyətdə olub: " Külək daş budkanı necə apara bilər? Daşdan tikilmiş budka estakadanı uçurub, ya estakada budkanı aparıb? 150 metrlik estakada niyə uçmalıdır? Küləkdən bu yalan yeriməz! Bəlkə tikdiyiniz, pul sildiyiniz sahələrin keyfiyyətinə nəzər salasınız?!” 
Mirvari xanım deyir ki, estakada1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işləri istisna olmaqla heç bir əsaslı təmir işi aparılmayıb: "Balansda da qəzalı və işlək olmayan estakada kimi göstərilirdi. Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki, işçilərin olduğu budka yerləşirdi. Bu işdə tikinti, keyfiyyət yox, birbaşa təhlükəsiz istismar sorğulanmalıdır. Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə budka qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək?” 

Cəzasızlıq mühiti onlarla insanın ölümünə səbəb olub

AFN-in araşdırması zamanı ortaya başqa maraqlı bir məqam da çıxıb. Adının çəkilməsini istəməyən, əvvəllər SOCAR-da vəzifədə çalışmış şəxs bildirir ki, şirkətdə təmir-tikinti işlərinə vitse-prezident Mikayıl İsmayılov baxır: "Trest onun nəzarətindədir. Ümumiyyətlə, şirkətin bütün təmir-bərpa-tikinti məsələlərinə adıçəkilən vitse-prezident məsuldur. SOCAR-ın saytında rəhbər şəxslərin vəzifə bölgüsünə nəzər salsanız bunu açıq-aydın görərsiniz. Digər rəhbər şəxslərin səlahiyyətlərində olan məsələlər yazılıb, təkcə M.İsmayılovun adının qarşısında heç bir qeyd yoxdur və təkcə təmir-bərpa-tikinti işləri heç kimin adının qarşısında qeyd edilməyib. O, vitse-prezident olaraq bütün bu işlərə cavabdeh şəxsdir”.

Qeyd edək ki, bu iddianı M.Qəhrəmanlı da bölüşür. O da bildirir ki, M.İsmayılov qeyd edilən işlərə cavabdeh şəxsdir. 

AFN xatırladır ki, M.İsmayılovun yol verdiyi yeyinti, korrupsiya halları, topladığı varidatla bağlı mediada dəfələrlə yazılar yazılıb. Hətta onun bir neçə şəxsi yaxtasının olması, yaxtalarının təmiri üçün ustaları İsraildən gətirtməsi ilə bağlı məlumatlar da mətbuatda dərc edilib. Görünür vitse-prezidentin başı pul toplamağa qarışdığından üzərinə düşən vəzifənin icrasına vaxt tapmır. Nəticə göz qarşısındadır: onlarla insan həyatından olur, ailələr başsız qalır, qəza qəza dalınca baş verir, dövlətin milyonları havaya sovrulur.

Yeri gəlmişkən, bir faktı da xatırlatmaq yerinə düşər ki, ötən ilin dekabrında "Günəşli” yatağında baş verən qəza nəticəsində 30 nəfərin həyatını itirməsilə bağlı heç bir hüquqi addım atılmadı. Görünür, Mirvari Qəhrəmanlı bütün baş verənlərin arxasında cəzasızlığın dayandığını deməkdə haqlıdır...

Fəridə CƏFƏR , AFN.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300