Bu günlər Ümid Partiyasının İctimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı Güney Azərbaycanda 1945-56 -cı illərdə qurulmuş Milli Hökümətin yaranmasının 71-ci, həmin Milli Hökumətin süqut etməsinin, eləcə də 26 Azər ( 17 dekabr) 1946-cı ildə Güneydə Ana dilimizdə olan kitab və yazılı mənbələrin yandırılmasının 70-ci ildönümü ilə əlaqədar İsveç və Türkiyədəki konfrans və görüşlərə qatılıb. Səfər sonrası R.Muradlı ilə təəsüratlarını bölüşdük.

- Bu səfərin məqsəd və hədəfləri, eləcə də səfər təəsüratlarınızı bölüşərdiniz.

- Əslində harada soydaşımız varsa, doğma insanlarla ünsiyyətdəsənsə ora da vətən hesab oluna bilər. Bu baxımdan istər Stokholmda, istər Goteborgda, istərsə də İstanbulda doğma, əziz insanların əhatəsində idik. Olduqca məhsuldar, eyni zamanda görüşlərlə zəngin bir səfər oldu deyə bilərəm. Biz dekabrın 4-də Goteborgda, dekabrın 9-da isə Stokholmda  1946-cı il Azər ayının 26-da Güney Azərbaycanda Pəhləvi Rejimi və onun himayədarları tərəfindən həyata keçirilən Milli Mədəni soyqırımın 70 illiyinə həsr olunan konfranslara Borçalı Cəmiyyətinin sədri, DAK iH-nin üzvü Zəlimxan Məmmədli ilə birgə məruzəçilər kimi  dəvət olunmuşduq. 

Qeyd etməliyəm ki, tanınmış güneyli siyasi mühacir Abdulla Əmir Haşimi Cavanşirin rəhbərlik etdiyi və mərkəzi İsveçdə yerləşən Güney Azərbaycan Konqresi keçən ilin dekabrında 21 Azər Hərəkatının 70 illiyi ilə bağlı "21 Azər həftəsi"  keçirmişdi. Konqres bu il də öz ənənəsinə sadiq qalaraq hörmətli Zəlimxan bəylə məni Stokholmda gerçəkləşən konfransa dəvət etdi. İsveçdə keçirilən bu ilki anım həftəsində Goteborqda yaşayan tanınmış siyasi mühacir Arif Rəhimoğlunun başçılıq etdiyi Azərbaycan Demokratiya Ocağı da dekabrın 4-də xüsusi mərasim keçirirdi və bizi də həmin tədbirə məruzəçi kimi dəvət etmişdi. Həmin tarixdə Goteborgda soydaşlarımızın iştirakı ilə Güney Azərbaycan həqiqətləri, eləcə də 70 il öncə vətənimizin Güneyində baş verənlər xüsusunda uğurlu bir tədbirimiz oldu. Dekabrın 5-də isə yenidən Stokholma dönüb Zəlimxan Məmmədli və Abdulla Əmir Haşimi ilə bərabər İsveç XİN-də İran Məsələləri üzrə Departamentin rəhbəri cənab Karl Magnus Nilsson ilə görüşdük. İsveçli diplomata Güney Azərbaycan məsələsi, Güneydə son həbslər,  İranda yaşayan soydaşlarımızın son əsrdə yaşadığı assimilyasiya prosesi, 70 il öncə Güney Azərbaycanda baş verən  milli mədəni soyqırım, özəlliklə 26 Azərdə bəşəriyyətdə analoqu az görünən Ana dilində kitabların yandırılması, eləcə də Güneydə yaşayan soydaşlarımızın hazırkı durumu haqda ətraflı məlumat verdik. Görüşdə  Zəlimxan bəy əlavə olaraq İranın Gürcüstandakı soydaşlarımıza və bütünlükdə məntəqə ölkələrinə təsir mexanizmləri, məntəqədə demokratikləşmə prosesinə göstərdiyi əngəllər, habelə Gürcüstanda yaşayan soydaşlarımızın durumu haqda da düşüncələrini paylaşdı. İsveç diplomatı isə toxunduğumuz mövzulara həssas yanaşdığını ifadə edərək həmin məsələlərlə razılaşdığını və bu zəmində əməkdaşlığın vacibliyini vurğuladı.

Dekabrın 7-də ölkəmizin İsveçdəki səfiri Adış Məmmədovla görüşdük. Mühacirətdə yaşayan soydaşlarımızın problemləri və bir sıra başqa məsələlər söhbətimizin əsas mövzusu idi. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə soydaşlarımızın yaşadığı sorunları cənab səfirin diqqətinə çatdırdıq . Diplomatımız qaldırdığımız məsələlərə sayğı ilə yanaşdığını və onların həlli istiqamətində səlahiyyətləri çərçivəsində addımlar atacağını bildirdi.

Nəhayət Dekabrın 9-da Stokholmda Güney Azərbaycan Konqresinin təşəbbüsü və İsveçdəki soydaşlarımızın iştirakı ilə 1946-cı ildə Güney Azərbaycanda millətimizə qarşı həyata keçirilən "Milli mədəni soyqırım- etnosit"ə həsr olunmiş növbəti mərasim keçirildi. Bu mərasimdə də Zəlimxan Məmmədlidən sonra ikinci məruzə ilə mən çıxış etdim. 

Güney Azərbaycanda siyasi mübarizənin hazırkı durumu, İrandakı siyasi vəziyyət, 21 Azər hərəkatının tariximizdəki yeri və 26 Azərdə Pəhləvilərin Təbrizdəki cinayəti  haqda məruzə etdikdən sonra Güney Azərbaycanda həbsdə olan milli fəaların durumunun nigaranedici olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdım. Həmin mərasimdə həm 26 Azər həqiqətlərinin araşdırılması, həm də zindanda aclıq elan edən Güneyli milli fəal Mürtəza Muradpurun vəziyyətinin nigaranedici olması xüsusunda dünya birliyinə müraciət qəbul olundu. İsveçdə olduğumuz 8 gün ərzində bəzi soydaşlarımızla yaxından görüşmək imkanımız da oldu. Hələ fürsət tapıb Finlandiyaya gəmi turuna da çıxa bildik.

- Amma dönərkən İstanbulda da görüşləriniz oldu.

- Doğrudur. İstanbulda gerçək bir Azərbaycan sevdalısı İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elpin təşkilatçılığı ilə bəzi soydaşlarımızla birlikdə 21 Azər Hərəkatına və 26 Azər Milli Mədəni soyqırıma həsr olunan anım mərasiminə yenə məruzəçi kimi  qatıldıq. Elə bu münasibətlə bağlı həm Zəlimxan bəy, həm də mən qardaş Türkiyənin Akit Tv telekanalına da müsahibə verdik. Bundan əlavə 12 dekabr tarixində Kanal34 adlı başqa bir televiziya kanalında canlı proqramımız oldu. Əlbəttə ki, İstanbulda yaşayan can bir qan bir soydaşlarımızla da səmimi və anlamlı, eyni zamanda məhsuldar görüşlərimiz baş tutdu.

-Bu görüş və tədbirlərin məqsədi haqda nə deyə bilərsiniz?

- Əlbəttə ki, bu mərasimlər, konfranslar, ya görüş və televiziya proqramlarının əsas hədəfi bəşəriyyəti tarixi həqiqətlərimizlə tanış etməkdir. Yəni dünya anlamalıdır ki, 70 il öncə vətənimizin güneyində nələr baş vermişdir. Eləcə də, 26 Azər gerçək bir mədəni soyqırımdır. Bununla yanaşı soydaşlarımızla yaxından görüşmək , habelə Avropalı diplomatlara sorunlarımızı çatdırmaq imkanı qazanırıq. Bu baxımdan həm soydaşlarımıza sahib çıxmaq və onların haqq mübarizəsinə dəstək vermək, həm də millətimizin yaşadığı gerçəklikləri Avropa rəsmilərilə müzakirə etmək baxımından bu" səfərlər olduqca təsirli sayıla bilər. Nəzərə alsaq ki, bizim də o toplumdan, onun insan faktoruna verdiyi dəyərdən, demokratik siyasi quruluşundan öyrənəcəyimiz nüanslar az deyil. Düşünürəm ki, mühacirətdə yaşayan soydaşlarımız və onların sorunlarının həlli ilə bağlı dövlətimiz tərəfindən daha təsirli tədbirlərə ehtiyac var. Özəlliklə soydaşlıq məsələsində qanunvericilik bazamızın olduqca qüsurlu olması hər addımda özünü göstərməkdədir. Mühacirətdəki soydaşlarımızın mövcud iqtidarın "50 milyon azərbaycanlının vətəni" deyə iddia etdiyi Azərbaycan Respublikasından bu xüsusda gözləntiləri var və məncə də haqlıdırlar. Fürsətdən istifadə edib bu səfərdə bizimlə olan, bizə bu səfərdə azacıq da olsa qürbət hissini yaşamağa fürsət verməyən Abdulla Əmir Haşimi, Arif Rəhimoğlu, Teymur Eminbəyli, Babək Azad, Eluca Atalı, Vidadi Adgözəlli, Sevda Dadaşova, Kənan Ələkbəroğlu, Meyransa xanım, Rahim Sadıqbəyli, Müxrəddin İsayev , eləcə də Muhərrəm Yıldız, Hikmet Elp, Zərgün Çapan, Necati Deniz, Engin Aybirdi, Mustafa Yıldız, Efraim: Akyüzüm, özəlliklə Hakan, Atilla və Rəsul bəylərə öz təşəkkürümü bildirirəm. Milli məsələlərə göstərdiyi diqqətdən dolayı AkditTv və Kanal34 əməkdaşları Muhəmmet Binici və Adil Koçalana öz minnətdarlığımı bildirirəm.

Uluyol.info
 






 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300