«AZƏRSU» ASC-nin sədri Qorxmaz Hüseynov haqqında mətbu orqanlarda dəfələrlə tənqidi yazılar getməsinə baxmayaraq və eyni zamanda rəhbərlik etdiyi böyük bir təşkilatda saysız-hesabsız qanun pozuntuları davam edir.Cumhuriyyet.az olaraq bu yazımızda isə «AZƏRSU» ASC ilə bağlı daha qaranlıq mövzulara toxunacağıq.
Nizaməddin Rzayevin yenidən
«AZƏRSU» ASC-ya gətirməkdə məqsəd
Ölkə başçısı İlham Əliyevin məlum sərəncamı ilə 14 fevral 2011-ci
ildə işdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifəsindən azad edilən
Nizaməddin Rzayevin yerinə, Prezidentin 16 fevral 2011-ci il tarixli sərəncamı
ilə Qorxmaz Hüseynov təyin olunur.
Məlum məsələdir ki, Dövlət başçısı kimisə nöqsanlarına görə işdən
azad edirsə, deməli, həmin şəxs o işə layiq deyil. Lakin buna baxmayaraq,
Q.Hüseynov təxminən bir il əvvəl Prezidentin sərəncamına qarşı çıxaraq, Nizaməddin
Rzayevi «AZƏRSU» ASC-də sədrin I müavini Teyyub Cabbarova müşavir təyin edib.
Maraqlıdır ki, Teyyub Cabbarov nə qədər ağır və mühüm bir dövlət əhəmiyyətli vəzifə
icra edir ki, hələ ona müşavir də verilir. Nəisə…
Fətullah Gülənlə isti əlaqələr
və MTN-lə bir milyonluq anlaşma
Araşdırmalar zamanı cumhuriyyet.az olaraq daha bir ciddi faktla
rastlaşdıq. Bizə məlum oldu ki, 2012-2013-cü illərdə Qorxmaz Hüseynov dəfələrlə
Türkiyə Cümhuriyyətində fövqəladə dəvətlərdə olmuşdur. Hətta ilk dəfə dəvət
alanda, o, «Lotos» şirkətinə məxsus xüsusi təyyarə ilə Nurçu şəbəkəsinin rəhbəri
ilə getmişdir. Türkiyədə Nurçuların toplantısından xüsusi tapşırıq alan
Q.Hüseynov, Azərbaycana qayıdan kimi Nurçulardan ibarət mühəndis, texniki işçilər
şəbəkəsi yaratmışdır. «AZƏRSU»-da yaranan bu qurumun gələcəkdə Azərbaycana
hansı dəhşətli faciələrə səbəb olacağı, seçkidən sonra Türkiyənin preidenti
R.T.Ərdoğanın Azərbaycana ilk səfəri zamanı məlum oldu. Ərdoğanın səfəri zamanı
Nurçular haqqında siyahısında Q.Hüseynovun və şəbəkəsinin də adı varmış. O
zaman sabiq mili təhlükəsizlik naziri Eldar Mahmudov Qorxmaz Hüseynovu nazirliyə
çağırmış və aralarında bir milyon dollar civarında sövdələşəndən sonra dostlaşıblarmış.
Qohumluğun korrupsiya triosu:
Yusifəli,Məhəmməd və Namiq…
«Azərsu»ya ayrılan vəsaitlərin qohumlar arasında bölüşdürülməsindən
bəhs olunurdu. Bu istiqamətdə cumhuriyyet.az olaraq media üzərindən apardığımız
araşdırmalar zamanı da ilginc faktlar üzə çıxıb və göstərilib ki "Azərsu”
ASC-də Qorxmaz Hüseynovun rəhbərliyi altında aparılan maxinasiya sistemində əsasən
üç şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun ən sevimli adamı olan
bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı Namiqdir.
Həmin araşdırma yazısını diqqətinizə çatdırırıq:
Yusifəlinin boru və qum biznesi
Qeyd edək ki, «Azərsu» ASC-nin prezidenti Qorxmaz Hüseynov
rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni
«qayda»lar tətbiq edib. Həmin «qaydalara» əsasən borular çəkildikdən sonra onun
üzəri mütləq dəniz kənarındakı ağ qumdan örtülməlidir. Və məsələ belə əsaslandırılır
ki, həmin qum növü guya, boruların əyilməsinə və çürüməsinə imkan vermir.
Əslində isə durum tamam fərqlidir. Bu məsələnin gündəmə gəlməsinə
səbəb həmin biznesini bacıoğluya verilməsidir. Belə ki, 2011-ci ildən etibarən
Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib. Məsələn,
Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən
Hacıqabul rayonun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət
göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan
satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən
deyil, başqa bir rayondan daşıdığını yazdırır.
Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox
silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində
guya, gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə
manatın mənimsənilməsi deməkdir. Amma Yusifəlinin qazanc yeri təkcə qum deyil.
Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan
boruların da onun gəlirinə təsiri var. Məlumatlara görə, ASC prezidentinin
bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul
qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə
də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu
aşkarlanar. Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax,
Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya
sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə
həvalə ediblər.
«Sənaye Tikinti-M»in «parlayan
ulduzu»
Araşdırmalar zamanı o da məlum olub ki, Qorxmaz Hüseynovun rəhbəri
olduğu qurumun böyük və pullu işlərini tapşırdığı digər bir şəxs isə elə
qardaşıdır. Məhəmməd Hüseynov öz adına «Sənaye Tikinti-M» adlı MMC yaradıb və
onun sayəsində nəinki «Azərsu»nun tenderlərində, həmçinin rayonlarda təşkil
olunan tikinti işlərində də iştirak edir. Qardaşının şirkəti təkcə 2011-ci ildə
«Azərsu» üçün Korgöz qəsəbəsinə su xəttinin çəkilişi üçün 1,5 milyon manat pul
alıb. Amma bu şirkət rayonlardakı əksər su xətlərinin çəkilişində də pay
sahibidir. Məhəmməd Hüseynovun adı həmçinin dəyəri 15-20 milyon dollar olan
başqa bir layihədə də hallanır. Hətta həmin layihə ilə bağlı qalmaqallı vəziyyətin
yarandığı da bildirilir. Məsələni dəqiqləşdirməyə çalışırıq.
Qayın qardaşdan irəlidir
«Azərsu» prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən
biri də qaynıdır. «Hidro-İnşaat Servis» MMC-nin rəhbəri olan Namiq Cəbrayılov
sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir. Onun
şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri
görmədiyi üçün problemlər yaratdığı «Azərsu»da kimsəyə sirr olmayan məsələdir.
Namiq Cəbrayılovun «udduğu» tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır.
Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Onun kürəkəninin yanına gedərək,
asanlıqla söz deməsi də çətin məsələ sayılmır. Elə buna görədir ki,
«Hidro-İnşaat Servis» MMC-nin rəhbəri «Azərsu» prezidentindən asanlıqla böyük məbləğli
layihələri ala bilir. Namiq Cəbrayılova məxsus "Hidro İnşaat Servis” MMC ilə
bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatlara əsasən bildirək ki,
adıçəkilən şirkətə ASC sədrinin tapşırığı ilə onun ən yaxın adamı Yavər Miriyev
rəhbərlik edir. Bu həmin Yavər Miriyevdir ki, şirkətin Bakı şəhərində həyata
keçirdiyi böyük bir layihədə işçilərin əmək haqqısının yarı hissəsini kəsərək
gündəmə gəlib. Həmin vaxt Yavər Miriyev əmək haqlarının 2 ayının kəsilməsini
başının dərdə olması ilə izah edərək buna görə hüquq-mühafizə orqanlarındakı
yüksək rütbəli şəxslərə 300 min manat rüşvət verdiyini iddia edib. Mənbə
bildirir ki, «Hidro-İnşaat Servis» MMC-nin iştirka etdiyi bütün layihələrdə həyata
keçirilən işlərin qiymətləri ən azı 5 dəfə şişirdilib. Şişirdilən rəqəmlərdən
isə Yavər Miriyevlə ASC sədri Qorxmaz Hüseynov və onun qaynı Namiq Cəbrayılov
külli miqdarda qazanc əldə ediblər. Buna misal olaraq, bir neçə rayonda
yaradılan böyük təsərrüfat sahələrdini və on hektarlarla istixanaları göstərmək
olar. Məhz Yavər Miriyevlə Namiq Cəbrayılov adı çəkilən rayonda özlərinin şəxsi
kənd təsərrüfatı sahələrinə milyonlarla manat vəsait xərcləyiblər.
Məlumatda vurğulanır ki, Yavər Miriyev hər zaman "Azərsu” ASC
sədri Qorxmaz Hüseynov və qaynı Namiq Cəbrayılovla isti yaxın münasibətlərindən
gen bol danışır. Şirkət rəhbəri bir neçə məclisdə Qorxma Hüseynova Quba rayonun
Qəçrəş kəndində möhtəşəm villa tikdirdiyini, həmçinin Türkiyədə ASC sədrinə ev
tikdirməsini dəfələrlə dilinə gətirib. Məlumatlı mənbə cumhuriyyet.az-a adıçəkilən
şirkətin layihələrində istifadə olunan texnikaların əslində bir çoxunun Yavər
Miriyevin qardaşı Şakir Miriyevə məxsus olduğunu və müqavilənin onunla
bağlanaraq ay ərzində külli miqdarda vəsaiti mənimsədiklərini bildirib. Şirkətdə
işçilərə və görülən işlərə nəzarəti isə digər qardaş Rəşid Miriyev həyata
keçirib. İddia olunur ki, Miriyev qardaşlarının "Hidro İnşaat Servis” MMC
-dəki maxinasiyalar vasitəsi qazandıqları çirkli pulun miqdarı ən azı 20 milyon
manatdan çoxdur. Çünki hər üç qardaş həm Bakıda, həm də Hacıkənddə eyni stildə
dəbdəbəli vilalar inşa ediblər. Görəsən, qiyməti milyon manatlarla dəyərində
olan bu villaları Miriyev qardaşları necə əldə ediblər? Bundan başqa, paytaxtın
Səbail rayonu Badamdar qəsəbəsində qardaşlara məxsus bir neçə bina evi və bir
sıra obyektlər var.
Qorxmaz Hüseynovun digər
qardaşının gizli dünyası: icra başçısı ilə "Məxməri” restoranında…
Son günlər "Su Şefi”nin digər qardaşı Faiq Hüseynov barədə
iddialar yayılmaqdadır. Belə ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri
Qorxmaz Hüseynovun qardaşı, ARDNŞ-nin Qazma işləri trestinin rəis müavini vəzifəsində
çalışan Faiq Hüseynovla bağlı cumhuriyyet.az-a yeni faktlar daxil olub. Həmin məlumatlarla
tanış olmazdan öncə isə bəzi xatırlatmaları etmək istərdik. Xatırladaq ki, Faiq
Hüseynov indiki vəzifəsinə qədər ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin rəis
müavini vəzifəsində işləyib.
Məlumatlı mənbənin bildirdiyinə görə, Faiq Hüseynov Bakıda və
respublikanın bir çox yerlərində biznes obyektlərinə və villalara
sahibdir(onlardan bəzilərinin fotolarını aşağıda sizə təqdim edirik). Bu sırada
Şabran rayonunun Zeyvə və Gilavar kəndlərində tikilən, qiyməti milyonlarla
ölçülən imarətlər xüsusilə seçilir. Deyilənə görə, ARDN vitse prezidenti
Mikayıl İsmayılovla yaxın münasibətləri olan F.Hüseynov bu villaların da ona
dostu tərəfindən hədiyyə edildiyi bildirir. Yeri gəlmişkən Faiq Hüseynovun öz həmyerlisi
"Qaçqınkom” rəhbəri Əli Həsənovun da adından "o mənim dayımdır” deyə
bəhrələndiyi gələn məlumatlar arasındadır. Eyni zamanda mənbənin
cumhuriyyet.az-a bildirdiyinə görə F.Hüseynov qardaşının yaxın qohumu olan Bakı
rayonlarından birinin icra başçısı ilə "Məxməri” restoranında tez-tez kef
məclisləri qurmağı sevir.
Elçin Əmirov, Cumhuriyyet.az